Abituriyentlər ixtisas seçimində kimə güvənməlidir?-AÇIQLAMA
Bildiyimiz ki, ali təhsil müəssisələrinə və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi günləri müəyyən edilib.
Tehsil.biz xəbər verir ki, abituriyentlər (o cümlədən subbakalavrlar) üçün ixtisas seçimi 16-28 avqust tarixlərində həyata keçiriləcək. Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi isə 8-17 avqust tarixlərində aparılacaq.
Bəs ixtisas seçimi zamanı nələrə diqqət etməliyik? Ali məktəblərə və ya kolleclərə qəbul olmaq üçün keçməli olduğumuz ən vacib proseslərdən biri olan ixtisas seçimi prosesini kimə etibar edə bilərik?
Mövzu ilə bağlı "Tehsil.biz"ə danışan təhsil eksperti, dosent İlham Əhmədov bildirib ki, ölkəmizdə öz işini bilən mütəxəssis çox az saydadır:
İlham Əhmədov
"Elə dövrdə yaşayırıq ki, hər iki adamdan biri özünü ekspert adlandırır. Ona görə bilən də, bilməyən də hər şeyi bildiyini deyir. Bu isə vətəndaşlarda müəyyən qədər çaşqınlıq yaradır. Azərbaycanda öz işini bilən mütəxəssis tapmaq asan məsələ deyil. Məhz bilənlərin az olması, bilməyənlərin çox olmasına gətirib çıxarır. İxtisas seçmək məsələsi belədir ki, bu, ancaq mövsümi bir işdir. Yalnız ərizələr verilən zaman onlara ehtiyac duyulur və buna da tələbat çox olur. Eyni zamanda ərizə verənlərin sayı çoxdur, buna görə də bu boşluğu doldurmaq üçün bilməyən insanlar da bu bazara girib çaşqınlıq yarada bilərlər. Ən azı hər bir ixtisas seçən gənc onun məşğul olduğu repetitor, məktəb müəllimi ilə də məsləhətləşməlidir. Hesab edirəm ki, məktəb müəllimi, repetitorları bu işdə tövsiyə etmək olar, nəinki özünə ekspert deyən adama", - deyə dosent İ.Əhmədov bildirib.
Təhsil eksperti Məzahir Məmmədli isə "Tehsil.biz"ə açıqlamasında bildirib ki, abituriyentlərin ən həlledici anları onların ixtisas seçimi ilə bağlıdır:
"Təəssüflər olsun ki, bu məsələdə vahid bir fikir yoxdur. Dövlət İmtahan Mərkəzi rəsmi şəkildə elan etdi ki, ixtisas seçimi ilə ekspertlərin, bu işlə məşğul olanların imkanlarından istifadə etməyin. Hesab edirəm ki, abituriyent topladığı bala görə təcrübə qazanmayıb, ixtisas seçimində də müəyyən tərəddüdləri var. O ki qaldı valideynlərin müdaxiləsinə, bu, daha pis nəticələrə gətirib çıxara bilər. Çünki valideyn adətən öz maraqlarına uyğun işi qurur və ən nəhayətdə övladını arzulamadığı bir ixtisas seçiminə məcbur edir".
Məzahir Məmmədli
"Amma mütəxəssis rəyi, bu işlə məşğul olan ekspertlərin rəyini almaq abituriyentlər üçün müəyyən qədər üstünlük gətirər. Çünki o artıq valideynlə yox, həmin ekspertlə üz-üzə qalanda müəyyən qədər fikirlərinin sağlam ifadə edə bilir ki, ekspert də artıq onun düşüncəsinə və marağına uyğun istiqamət verib yönləndirir. Buna görə də abituriyentlərin ekspertlərin fikirlərindən yararlanmasında fayda var", - deyə ekspert qeyd edib.
Təhsil üzrə mütəxəssis Nadir İsrafilov "Tehsil.biz"ə bildirib ki, ən etibarlı və güvənli seçim abituriyentin öz seçimidir:
Nadir İsrafilov
"Bir zəruri məqamın nəzərə alınması vacibdir ki, hər özünü ekspert səviyyəsində görən və ya mediada ekspert kimi təqdim olunan “ekspert”in irəli sürdüyü müddəa və verdiyi rəy, təklif, praqnoz heç də “quran ayəsi” olmayıb, gündəmə gəlmək və ya gündəmdə qalmaq məqsədinə xidmət edən taktiki gediş olmaqla yanaşı, həm də özünə ucuz reytinq qazanmağa və geniş ictimaiyyət arasında çaşqınlıq yaratmağa hesablanan açıqlama və bəyanatlardan başqa bir şey deyildir. O ki qaldı abituriyentlərin ixtisas seçimində özünü ekspert qismində təqdim edənlərə bu “status”, yəni seçim üzrə mütəxəssis funksiyasını yerinə yetirmək reklam olunmağa və daha çox “müştəri” cəlb etməyə hesablanan bir gedişdir, necə ki, “Təhsilin idarə olunması üzrə mütəxəssis” kimi. İxtisas seçimində ekspert yanılmalarının da az şahidi olmamışıq", - N.İsrafilov bildirib.
Dövlət İmtahan Mərkəzindən saytımıza verilən məlumata görə, özlərini ekspert kimi təqdim edərək abituriyentlərə ödəniş müqabilində ixtisas seçimi həyata keçirə biləcəklərini deyənlərin müraciətçilərin suallarına verdikləri cavablara diqqət yetirdikdə onların abituriyentləri səhv istiqamətə yönəltdikləri, yanlış cavablar verdikləri məlum olur:
"Abituriyentlər ixtisas seçimi zamanı diqqətli olmalı, bu tip şəxslərin aldadıcı çağırışlarına əhəmiyyət verməməli və ən əsası ixtisas seçimini özləri həyata keçirməlidirlər. Bəzən abitriyentlər bu işi başqalarına həvalə edirlər. Lakin həmin şəxslər bir çox hallarda yanlış seçim edir və ya ixtisas seçimi ərizəsini ümumiyyətlə təsdiq etmirlər. Bu isə arzuolunmaz hallara gətirib çıxarır".
Mərkəzdən həmçinin bildirilib ki, hər il olduğu kimi bu il də Abituriyent Məsləhət Mərkəzləri fəaliyyət göstərir:
"Müsabiqə şərtini ödəyən abituriyentlər müəyyən olunacaq vaxtlarda “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər və s. haqqında ödənişsiz fəaliyyət göstərən “Məsləhət mərkəzləri”nə müraciət edə bilərlər. Məsləhət mərkəzləri Dövlət İmtahan Mərkəzinin Naxçıvan, Göyçay, Şəki, Xaçmaz, Lənkəran, Gəncə, Şirvan, Bərdə və Şəmkir regional bölmələrində, Bakı şəhəri üzrə isə Qərbi Kaspi, Azərbaycan, Avrasiya, Bakı Biznes, Odlar Yurdu, Memarlıq və İnşaat Universitetində fəaliyyət göstərirlər".