AzTehsil.com


Xəbərlər / Ziyalılar
25 mart 2019
2 891


Çox maraqlı və zəngin təhsil yolu.



 

 
Sevinc İlyas Məmmədova, Corc Vaşinqton Universitetinin doktorantı:"Biz uşaqlarımızın bacarıqlı insan olmalarına daha çox çalışmalıyıq, nəinki 700 bal toplamasına”

Azərbaycanlı gənclərin dünyanın nüfuzlu universitetlərində təhsili və yüksək peşəkarlar kimi yetişmələri gələcək uğurlu karyeranın təməli deməkdir. Bu, həm də  ölkəmizin gələcəyinə hesablanmış strateji hədəfdir. Çünki  bu gənclər öz uğur hekayələri ilə ölkəmizin inkişafına töhfələrini verməkdədir. Öz istedad və bacarıqları  ilə elm və təhsil yolunda inamlı addımlarını atan istedadlı gənclərimizdən biri də hazırda ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetində doktorantura təhsili alan Sevinc İlyas Məmmədovadır. Onun təhsil yolu çox maraqlı və zəngindir.

 

- ABŞ-a hansı arzularla gedirdiniz? Özünüzə belə bir hesabat verirdinizmi ki, bu yol sizə uğur gətirəcək?

 

-  Mən artıq 10 ildir ki, Amerikadayam. İlk dəfə birillik mübadilə proqramı əsasında  ABŞ-a bakalavr təhsili almağa getmişdim. Sonra 2 illik magistr proqramını oxumağa yollandım. Ailə həyatı qurduğuma görə Amerikada qalmışam. Həyat yoldaşım 20 ildir ki, ABŞ-da yaşayır, azərbaycanlıdır. Amerikaya gedəndə qarşıma qoyduğum ən böyük məqsəd o idi ki, maksimum dərəcədə yaxşı bacarıqlar öyrənim. Çünki insan  informasiyanı istənilən yerdən öyrənə, kitablar oxuya bilər. Ancaq bacarıqları öyrənmək və inkişaf etdirmək üçün öyrəndiklərini praktikadan keçirmək, müəyyən proqramlardan yararlanmaq lazımdır. Mən düşünürdüm ki, bu bacarıqları əldə etmək üçün Amerika bir nömrəli ölkədir. Şükürlər olsun ki, ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən mübadilə proqramları vardı, mən onun qalibi seçildim.  Bakalavr təhsili dövründə, deyə bilərəm ki, Amerika təhsilinin üstünlüklərini tam dərindən anlamırdım, magistraturada oxuyanda isə bu üstünlükləri daha çox anlamağa başladım. Çünki magistraturada təhsilin idarəedilməsi və liderlik üzrə təhsil alırdım.  Sonra gördüm ki, təhsil elə bir sahədir ki, onu 2-3 ilə öyrənib bitirmək olmur  və mən təhsilin daha dərinliklərinə getmək istədim. Qərara gəldim ki, doktorantura təhsili almaq zamanı gəlib çatıb. Artıq doktorantura təhsilimi yekunlaşdırmaq üzrəyəm. Ondan sonra artıq müdafiəyə hazırlaşacağam.

- Tədqiqatlarınızın mövzusu nə ilə bağlıdır?

- Tədqiqatlarımın mövzusu təhsildə bərabərlik və maliyyə resurslarının bərabər bölüşdürülməsidir. Bildiyiniz kimi, ABŞ-da bir çox ölkələrdən olan millətlərin nümayəndələri yaşayır. Onlar müəyyən qonşuluqlarda toplaşırlar. Bəzən belə hallar yaranır ki, varlı qonşular və kasıb qonşular olur. Ancaq dövlət maliyyəni eyni həcmdə paylayır. Mən düşünürəm ki, bu, yanlışdır. Əgər bir məktəb varlı qonşuluqda yerləşirsə, onun resurslar üçün imkanları varsa, bəlkə də o məktəbə o qədər də maliyyə ayırmağa ehtiyac yoxdur.  Kasıb məktəblərə daha çox maliyyə ayrılmalıdır.  Dissertasiya mövzum bu istiqamətdədir. Tədqiqatım xüsusilə emmiqrantlar üzərində formalaşıb, ola bilər ki, mən özüm də emmiqrantam, emmiqrant ailələrlə daha çox ünsiyyətdəyəm, ondan bu mövzuya marağım sonsuzdur.

 

Əsas foksum budur. Təbii ki,  tədqiqat elə bir şeydir ki, proses ərzində dəyişir, yeni fikirlər, suallar üzə çıxır və s.  Ancaq əsas diqqətim bu istiqamətdədir.

 

-  Təhsil sahəsində araşdırmalara cəmiyyət və rəsmi dairələr tərəfindən dəstək varmı?

- Çox böyük dəstək var. Mən sizə deyim ki, tədqiqatlar yalnız dövlət tərəfindən maliyyələşdirilmir, yəni orada şəxsi şirkətlər, ayrı-ayrı təşkilatlar və yaxud tədqiqat agentlikləri var ki, onlar özləri maliyyələşdirir. Bəzən hər hansı bir məktəbin özü bu təhsil ocağı üçün xüsusi problem varsa, hətta fandreyzinq edir, o sahə üzrə tədqiqatlar keçirirlər. Çünki Amerikanın təhsili tədqiqatlardan çox asılıdır.

Tədqiqatlar, onların nəticələri, tövsiyələr və təkliflər ciddi qəbul olunur. Bütün məktəblər, təhsil ocaqları öz qərarlarında tədqiqatların nəticələrinə söykənirlər. Ona görə də Amerikada  tədqiqatlara böyük dəstək var, çalışırlar ki, araşdırmaları hər il, hər ay yeniləsinlər. Adətən 10 il əvvəl olmuş tədqiqatlardan istinad gətirmirlər.

Mən misal üçün, doktoranturada oxuyuram, hər dəfə biz hansısa məqalə yazanda professorlar deyirlər ki, son 2-3 ilin resurslarından istifadə edək. Yəni yeniliklər o qədər tez sürətlə baş verir ki, onlara çatmaq üçün biz yalnız yeni nəşr olunan tədqiqatlara müraciət edirik.  Və bu, artıq rəqabət yaradır. Çalışırlar ki, tədqiqat mərkəzləri bir-biri ilə yarışa girsinlər, yaxşı məqalələr hazırlasınlar ki, onlara istinad olunsun.

 

"Təhsildə olan inkişafa bir az səbirlə yanaşmaq lazımdır”

 

-  Tədqiqatlarınız gedişində Azərbaycanla bağlı layihələriniz olubmu?

-  Bəli, ötən il Təhsil Nazirliyinin dəstəyi ilə bizim çox böyük və gözəl bir layihəmiz oldu. ADA Universiteti, Corc Vaşinqton Universiteti və Amerika səfirliyinin birgə layihəsini reallaşdırdıq. Biz özəl şirkətləri də bu layihədə fəal iştiraka cəlb etməyə çalışdıq. Layihənin həyata keçməsində BP şirkəti çox böyük rol oynadı. Biz böyük bir komanda - 8 nəfərdən, 4 professor, 4 doktorant tələbə Azərbaycana səfər edərək bir neçə gün ərzində ADA Universitetində konfrans keçirdik. Konfransın nəticəsi olaraq  biz tədbirlə bağlı müsahibələrin, görüşlərin nəticələrinin, təkliflərin əks olunduğu məqalə təqdim etdik ki, gələcək strategiyalarda istifadə olunsun. Bu, çox uğurlu layihə oldu və ümid edirəm ki, belə layihələr davam edəcək. Çünki layihənin  məqsədi təhsilin inkişafında tədqiqatların rolunu, yəni araşdırmaların  təhsilin inkişafında nə dərəcədə rol oynadığını göstərmək idi.

- Növbəti  təşəbbüslər nələri əhatə edəcək?

- Bilirsiniz ki, müəllimlərin bacarıqlarının artırılması, məktəb direktorlarının təkmilləşdirilməsi prioritet məsələdir. Azərbaycan artıq PISA-da iştirak edir. Bu tədqiqatın nəticələrinin təhlili və onlardan doğan təkliflərin reallaşdırılması istiqamətində planlarımız var.               

Digər bir layihəmiz də var ki, onun Azərbaycan universitetləri və özəl şirkətlərlə həyata keçirilməsi planlaşdırılır. Bu da təhsildə sahibkarlığın inkişafı ilə bağlıdır. Bəzən təhsilə, belə deyək, cəmiyyət tərəfindən yalnız Təhsil Nazirliyinin məsuliyyəti kimi baxılır, ancaq nəinki Amerikada, dünyanın bütün inkişaf etmiş ölkələrində ali təhsildə özəl və dövlət tərəfdaşlığı var, bu, çox vacibdir. Biz istəyirik ki, bu istiqamətdə də böyük bir konfrans  keçirək, nəinki gəncləri, professorları, müəllimləri, eləcə də cəmiyyət üzvlərini məlumatlandıraq ki, təhsilin inkişafında yalnız təhsil ocaqları deyil, bütün cəmiyyətin iştirakı çox aktiv və böyük olmalıdır.

- Təhsil strategiyalarının hazırlanması bütün ölkələrə xasdır. Sizcə, qloballaşma dövründə strategiyalarda ana xətt nə olmalıdır?

- Mən həmişə qeyd edirəm ki, istənilən ölkədə - istər ABŞ, Sinqapur, Finlandiya,    istərsə də Azərbaycan olsun, təhsildə olan dəyişikliklər çox ləng gedir. Ona görə də təhsildə dəyişiklikləri görmək üçün illərlə gözləmək lazımdır. Çünki birinci sinifdə tətbiq olunan dəyişikliklər öz nəticələrini 11-12 il sonra göstərə bilər. Ona görə təhsildə olan inkişafa bir az səbirlə yanaşmaq lazımdır. Təhsil strategiyası hazırlanarkən kritik məqam ondan ibarət olmalıdır ki, biz yalnız formal təhsili düşünməməliyik, biz qeyri-formal təhsilə də diqqəti artırmalıyıq. Yəni, dəyərlərə əsaslanan təhsil rəqəmlərə əsaslanan təhsildən daha güclü olur. Biz uşaqlarımızın yalnız yüksək bal yığmasına deyil, gözəl insan, vətənini sevən, bacarıqlı insan olmalarına daha çox çalışmalıyıq, nəinki 700 bal toplamasına. Mən həmişə təhsil strategiyalarının yazılmasında iştirak edərkən bunu vurğulayıram ki, dəyərlərə əsaslanan təhsil öndə olmalıdır. Yəni ki, təhsil strategiyasında bu məqam təmin edilirsə, onda təhsildə müsbət dəyişiklikləri görmək olar. Yenə də deyirəm, istənilən ölkədə olduğu kimi, Azərbaycanda da bu dəyişikliklər ləng gedir, ancaq bu, anlaşılandır. Ümid edirəm ki, 10 ildən sonra biz daha böyük dəyişikliklər görəcəyik.

 

"Onlar çox nadir hallarda müəllimləri testdən keçirir”

 

- Siz Amerikada ali təhsil almısınız, bu ölkənin təhsil sisteminə bələdsiniz. ABŞ, Sinqapur və ya Finlandiya təhsil sistemlərindən hansını həm innovasiyalar, həm də mütərəqqi inkişaf baxımından özümüzə model sistem kimi görə bilərik?

- Amerikalıların yaxşı bir sözü var: bir ölçü hər insana gedə bilməz. Təhsil  strategiyasının yazılması ərəfəsində mən Finlandiyada, Sinqapurda və eləcə də bir çox Avropa ölkələrində olmuşam. Sinqapurun və digər inkişaf etmiş ölkələrin özünəməxsus özəllikləri var. Məsələn, Şanxay reytinqində həmişə texniki fənlərə görə ilk yerləri tutur. Onlar rəqəmsal elmlərə daha çox fikir verirlər, riyaziyyat, informatikada yüksək nəticələr göstərirlər. Ancaq Finlandiyada bunun əksinədir. Finlandiya test üsuluna üstünlük vermir. Finlandiyanın etibara, inama, dəyərlərə söykənən təhsil sistemi var. Onlar çox nadir hallarda müəllimləri testdən keçirir, uşaqlara çox nadir hallarda test təklif edirlər. Düşünürlər ki, əgər insanın özünün öyrənməyə həvəsi varsa, o, öyrənəcək, onu testlə yoxlayıb nəticələrini analiz etməyə ehtiyac yoxdur.

ABŞ təhsil sistemi isə tamamilə fərqlidir, yəni hər iki sistemi özündə birləşdirən bir təhsil sistemidir. Görürsünüz, bu üç ölkənin 3-ü də müxtəlifdir, hər birinin uğurlu  təhsil sistemi var. Bu, onu göstərir ki, bizə fərdi yanaşmaq lazımdır.

Misal üçün,  Azərbaycana Sinqapurun sistemini tətbiq edə bilmərik, çünki Sinqapurun mədəniyyəti, adət-ənənələri fərqlidir. Eləcə də Finlandiyanın da. Məncə, təhsil strategiyalarının ən başlıca maddələrini, bəndlərini götürüb tətbiq etməliyik. Və mən deyərdim ki, Azərbaycanda yazılan təhsil strategiyası kifayət qədər mükəmməl hazırlanmış təhsil strategiyasıdır.

Çətinliklər onun icrası, həyata keçirilməsi ilə bağlı ola bilər. Bizim strategiyamız var, sadəcə gücümüzü verməliyik onun həyata keçirilməsinə. Yaddan çıxarmamalıyıq ki, bu istiqamətdə hər iki tərəfin üzərinə böyük məsuliyyət düşür - həm dövlətin, həm də valideynlərin. Hər iki tərəfin gücü ilə yüksək nəticələr əldə etmək olar.

- Sualımı bir qədər fərqli qoymaq istərdim. Sizin övladlarınız ABŞ-da təhsil alır.  ABŞ-da yaşayan bir azərbaycanlı valideyn olaraq necə düşünürsünüz, ABŞ təhsil sistemi uşaqlarınıza istədiyiniz bilikləri verirmi?

- Mənim 2 övladım var. Oğlumun 7 yaşı var, ikinci sinifdə oxuyur, qızım isə hələ məktəbəqədər təhsildədir. Ola bilər, mən təhsil sahəsindəyəm, xoşbəxtlikdən məktəb sisteminə çox yaxından cəlb oluna bilirəm. Bizim yaşadığımız ərazidə yaxşı məktəblər var. Mən tez-tez direktorla, müəllimlərlə görüşürəm,  çalışıram ki, ayda bir dəfə təkcə müəllimlə deyil, rəhbərliklə də görüşüm. Məktəbin inkişafında direktor əsas rol oynayır. Ən yaxşı xüsusiyyət ondan ibarətdir ki, mən ürəyimdə rahatam ki, uşaqlarıma istədiyim təhsili verə bilirəm. Tutaq ki, müəllim bu gün oxu və ya riyaziyyatdan nəsə keçirsə, onu çox yaxşı kommunikasiya edir və valideynlərə ötürür.  Və  biz evdə onun davamı olaraq keçilən dərsin üzərində birlikdə işləyirik.

Biz bir ay Azərbaycanda olduq. Amma orada təhsil o səviyyədə strukturlaşıb, sistemə salınıb ki, mən Bakıda hər gün müəllimlə əlaqədəydim. O, dərsdə nə keçirdi, mən də evdə uşaqlarıma keçilən dərsləri çatdırırdım. Mənə elə gəlir ki, o bilikləri uşaqlarıma ötürə, müəyyən dərəcədə təhsillə təmin edə bilirəm. Amerikada da elə ailələr var ki,  çox əziyyət çəkirlər, uşaqları yaxşı oxumurlar  və ya test nəticələri o qədər də yaxşı deyil. Yenə də məsuliyyət müəllimin üzərinə düşmür, çünki müəllim sinifdə hər bir şagirdə dərs deyir, ola bilər ki, uşaqlara fərdi yanaşır, ancaq valideyn evdə məşğul  olmursa, artıq böyük çətinliklər əmələ gəlir.

- Uşaqlarınız Azərbaycan dilini bilirlər?

- Çox yaxşı bilirlər. Azərbaycan, türk,  rus, ingilis dillərində təmiz danışırlar. Oğlum Çin və Koreya dilini də öyrənməyə başlayıb. Bağçada isə ispan dilini öyrənir. Bir neçə dildən istifadə edə bilir, ancaq səlis olaraq 4 dildə danışa bilir.

-  Bəzən deyirlər, təhsil sisteminin səviyyəsi müəllimin səviyyəsindən yüksək ola bilməz. Burada əsas məsələ müəllim hazırlığından gedir. Siz müəllim hazırlığında hansı vacib məqamları qeyd edə bilərsiniz?

- Bilirsiniz, biz bayaqdan Finlandiya təhsil sistemindən danışdıq.  Finlandiya təhsil sistemi ona görə güclüdür kü, bu ölkədə müəllim olmaq asan deyil. Ona görə də müəllimlər o qədər güclü hazırlanır ki, artıq onların istehsal etdikləri şagirdlər də güclü şagirdlər olurlar. Ümumiyyətlə, müəllim hazırlığı, müəllim fəaliyyətinin təşkili təhsilin özəyidir. Ən böyük resurslar onlara sərf edilməlidir. Ona görə də müəllim hazırlığının təşkili strateji şəkildə və çox yaxşı düşünülmüş olmalıdır ki, müəllim bir gündə 5 müxtəlif sinfə girə bilsin. Bu, o deməkdir ki, 5 dəfə strategiyasını dəyişə bilər. Bir sinifdə 20 şagird ola bilər, bu, o deməkdir ki, 20 yanaşma ilə sinfə girməlidir müəllim. Müəllim hazır olmalıdır ki, hər bir şagirdin, belə deyək, tələbinə cavab versin.

- Amerikada müəllim hazırlığına hansı aspektdən yanaşmalar var?

- Amerikada müəllim hazırlığına çox ciddi yanaşılır. Yəni müəllimlər xüsusi dərəcə aldıqdan sonra əlavə lisenziya almalıdırlar. Hər ştatın öz lisenziyası var və bu, o deməkdir ki, təhsilə fərdi yanaşma var. Yəni bir lisenziya bütün ştatlarda keçərli deyil. Bu, o deməkdir ki, hər müəllim öz yaşadığı mühitə uyğun olaraq uşaqlara təhsil verə bilməlidir. Amerikada da müəllim olmaq çətindir. Yəni bir neçə il tələb olunur ki,  dərəcə alıb, imtahanlar, hazırlıq kurslarından keçib müəllimliyə başlaya bilsinlər.

- Finlandiyalı professor Pasi Salberqin "Fin dərsləri” adlı artıq bestsellərə çevrilmiş bir kitabı var. Orada diqqətimi cəlb edən bir məqam var. Salberq qeyd edir ki, son 30 il ərzində Finlandiya istedadlı gəncləri təhsilə cəlb edə bildi  və nəticədə fin təhsilində uğurlu inkişaf  baş verdi. Bizdə də gənclər arasında müəllimliyə üstünlük verənlərin sayı artıb. Təhsilimizdə "fin möcüzəsi” baş verə bilərmi?

- Mən kitabın Azərbaycan dilinə tərcüməsində iştirak etmişəm. Pasi Salberqlə də şəxsən görüşmüşəm. Yenə də qeyd etmək istəyirəm ki, Finlandiyada müəllim olmaq çox çətindir. Müəllim olana qədər bir neçə mərhələdən keçmək lazımdır. Yəni prestij o qədər yüksəkdir ki,  müəllimlik sənətinə ancaq bacarığı və istedadı olanlar gedir. Ona görə də müəllimə böyük hörmət var. Müəllim olmaq böyük bir şərəfdir. Müəllimə o qədər hörmətlə yanaşırlar ki, artıq şagird bilir ki, bu müəllimin qarşısında oturmaq, ondan öyrənmək böyük bir şərəfdir. Çünki o müəllim illərlə hazırlaşıb, təhsil alıb ki, onlara dərs öyrətsin. Finlandiyada müəllimliyə yiyələnmək üçün 5-6 il vaxt keçir. Əlbəttə ki, ölkəmizdə də gənclərin müəllimliyə gəlməsi sevindirici haldır.  Məncə, bu, özü də çox gözəl strategiyadır.

- Təhsildə nəsillərin dəyişməsi məsələsinə necə baxırsınız?

- Ümid edirəm ki, gənclərin tədris sahəsinə qoşulmasına veteran müəllimlər qısqanclıqla yanaşmırlar. Çünki onlardan öyrəndiyimiz çox şey var, yəni onların təcrübəsini, keçdiyi yolu biz bəlkə bilmirik. Tədris prosesində gənclərin rolu böyük olmalıdır. Ancaq təhsildə veteran müəllimlərin rolunu heç vaxt azaltmamalıyıq, çünki onlar sistemi bizdən gözəl bilirlər. Onlar gözəl bilirlər ki, məsələn, hansı rayonun,  məktəbin sinfinə necə yanaşmaq lazımdır. İllərlə o mühiti öyrəniblər,  tədbiq ediblər,  ona görə onlarla əməkdaşlıq çox vacibdir. Mentorluq strategiyası, yəni cavan müəllimlərə veteran müəllimlərin dəstəyi təhsil sahəsində çox vacibdir. Biz ortada boşluq yarada bilmərik, çünki gənc müəllimin sinfə girib tədrisə başlaması, mühitə alışması bir neçə il vaxt alır. Təhsil strategiyasını işləyən insanlar, mütəxəssislər bu məqamları nəzərdə saxlamalıdırlar ki, boşluqlar olmasın. Çünki bəzən insanlar düşünür ki, yaşlı nəsil artıq təhsildən ayrılmalı, təqaüdə çıxmalıdır. Lakin onların təhsilə töhfələri bizimkindən də yüksək ola bilər.

 

"Yumşaq bacarıqları heç bir süni intellekt əvəz edə bilməz”

 

- Necə bilirsiniz, süni intellektin müəllim əməyini əvəz edə bilməsi nə dərəcədə realdır?

- Sizinlə razılaşıram ki, indi süni intellektin inkişafı insanlarda həyəcan yaradıb. Ancaq biz bir şeyi yadda saxlamalıyıq ki, yumşaq bacarıqları heç bir süni intellekt əvəz edə bilməz. Ona görə özünə güvənən müəllim, yüksək kompetensiyalara malik olan müəllim heç nədən narahat olmamalıdır. Çünki heç bir süni intellekt canlı insanı, yumşaq bacarıqları yüksək olan insanı əvəz edə bilməz. Təbii ki, bəzi işlər var ki, onlar süni intellekt tələb edir. Ancaq mən inanmıram ki, müəllimliyi hansısa süni intellekt əvəz etsin, çünki qeyd etdiyim kimi, hər bir fərdə fərdi yanaşma olmalıdır. Fərdi yanaşma tələb olunmayanda, bəli, biz onda süni intellekti sinfə sala bilərik. Nəticədə nə ola bilər? Böyük xaos yarana bilər. Ona görə də təhsildə müəllim hazırlığı çox dərin düşünülməli, təşkil olunmalıdır ki, heç bir süni intellekt onları əvəz etməsin.

- Dərslərin onlayn tədrisinə necə baxırsınız?

- Bu sistem dünyanın bir sıra inkişaf etmiş ölkələrində çox məşhurdur, əslində, heç də pis sistem deyil. Mən özüm də doktorantura təhsili dövründə onlayn dərslər almışam, iki dərsim onlayn olub. Onlayn dərslər 12 illik təhsil sistemlərində də var. Bu sistem ABŞ-da, xüsusən də  hərbiçi ailələr arasında çox yayılıb, çünki onlar tez-tez bir ştatdan başqa ştata köçürlər. Bu sistem onlar üçün çox əlverişlidir.  Bundan əlavə, hibrid - onlayn və üzbəüz dərslər də var. Hansı ki, bir həftə onlayn, bir həftə isə üzbəüz olur. Bu dərslər də çox yaxşı dərslərdir. Çünki bəzən elə dərslər olur ki, onları yalnız onlayn etmək olar. Digər həftədə isə müzakirələr olduğuna görə dərslər üzbəüz keçilir. Yəni, bunların dərəcəsi var. Əlbəttə ki, orta dərəcədə edildikdə alqışalayiq bir fikirdir. Mən şəxsən tam onlayn sistemi bəyənmirəm. Çünki özüm ünsiyyətcil olduğum üçün kommunikativ dərsləri xoşlayıram. Ona görə də hibrid dərslərə daha çox üstünlük verirəm.

- İndi tez-tez belə fikirlər səslənir ki, məktəb sistemində şagird və müəllimlər  standartlar çərçivəsindən çıxmalıdır. Bu fikirlərə münasibətiniz necədir?

- Bəli. Məncə, artıq bir çox ölkələrdə buna doğru  gedirlər. Yəni, hər şeyi, təhsil və s.  standart çərçivəyə salmaq bir zamanlar çox məşhur idi. Amma təhsil elə bir sahədir ki, onu standarta salmaq olmaz. Yəni maliyyə sahəsi deyil ki, 2+2=4  olsun. Təhsildə kreativlik, yəni, yaradıcılıq çox vacibdir. Bəzən standartlar onu məhdudlaşdırır, ona görə yeni trendlər artıq başqa strategiyalar diktə edir. İstəyirlər ki, daha da çevikliyə nail olmaq üçün standartlardan bir az uzaqlaşıb, fərqli yanaşsınlar.

- Xaricdə təhsil alan gənclərimizə universitet seçimində hansı məsləhətləriniz var.  Gənclər seçim edərkən nələrə diqqət etməlidirlər?

- Gənclərə tövsiyəm budur ki, top universitetlərdə oxumağın sizin üçün heç bir fərqi yoxdur.  Siz əgər bacarıqlısınızsa, normal bir universiteti bitirib çox yaxşı bacarıqlara yiyələnə bilərsiniz. Top universitetə daxil olub vaxtınızdan səmərəsiz istifadə edirsinizsə, boş-boş dərslər götürürsünüzsə və yaxud  heç bir şey öyrənmirsinizsə, yəni bacarıqlar əldə etmirsinizsə, onda harada oxumağın, Harvard və ya Stenfordu bitirməyin mənası yoxdur. Çünki o sizə yalnız diplom verir.

Universitetlər fakültələrinə görə sıralanır. Bəzən təhsil sahəsində oxumaq istəyən bir gənc maliyyə üzrə məşhur olan ali məktəbə gedir, yəni bu universitet çox məşhurdur, ona görə mən burada təhsil almaq istəyirəm. Ancaq mən sual verirəm, sənin sahən o universitetdə necədir? Professorların profilinə baxıbsanmı? Hansı istiqamətlərdə tədqiqatlar aparırlar? Hansı dərsləri var? Bəzən görürəm ki, gənclərin bu məqamlardan xəbərləri də olmur.

Mən xaricdə təhsil almaq istəyən gəncləri bundan uzaqlaşmağa çağırıram. Əvvəlcə nə etmək istədiyinizi özünüz üçün müəyyənləşdirin,  sonra universitet axtarın. Universitet axtarıb sonra özünüzü  adaptasiya etməyin,  çünki sizin arzunuz  öz arzunuzdursa, o dəyişmir. Siz öz arzunuzdan axıra qədər ayrılmayın. Arzunuzu universitetin reytinqinə görə dəyişməməlisiniz. Universitetlərin reytinqləri hər il dəyişir. Yəni  bu il məşhur olan universitet gələn il, ola bilsin ki, nəyə görəsə reytinqdə aşağı düşə bilər. Ona görə özlərini bu reytinqlərdən asılı vəziyyətə salmasınlar. 

- Prezidentin sərəncamı ilə "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Sizcə, ali məktəblərin mənzərəsini dəyişəcək bu proqram bizi lazımi hədəflərə çatdıra biləcəkmi?

- Əslində, bu, çox zəruri bir addımdır. Ən yaxşı beyni özünə çəkmək, rəqabət yaratmaq çox gözəl təhsil strategiyasıdır. Bu qərar universitetlər arasında keyfiyyəti də yüksəldə bilər. Doktorantura təhsilinə marağın artırılması məni sevindirir, çünki doktorantura artıq tədqiqatlarla məşğul olmaq deməkdir. Tədqiqatlara söykənən təkliflər hazırlamaq və onların tətbiq olunması, fikirlərin müzakirəsi məni sevindirir. Çünki bu, təhsildə ideyanı, insanların düşüncələrini dəyişdirə bilər. Bir zaman boşluq yaranmışdı, hamı doktorant olmaq istəyirdi, çünki yaxşı adı, gələcəkdə hansısa üstünlükləri var. Ancaq heç kim tədqiqatlardan danışmırdı -  mən təhsil sahəsinə hansı töhfələrimi verə bilərəm? Hansı tədqiqatım var və ya müstəqil sahələrə aid hansı işlərim var? Mən bu qərarı çox bəyənirəm, öz adımdan çox sevinirəm, çünki mən də artıq doktoranturanı bitirirəm. Tədqiqata böyük marağım olduğu üçün bu, məni sevindirir. Yəni artıq tədqiqata dəyər verilir və Azərbaycanda doğrudan da ciddi qəbul olunur.

Ümid  edirəm ki,  biz düzgün istiqamətdəyik. Ali məktəblərimiz, təhsil qurumları aktiv şəkildə bunun həyata keçirilməsinə töhfə verərlərsə, təhsildə böyük çevriliş yarada bilərlər.

 

"Azərbaycan müəllimi” qəzeti



Загрузка...
Həmçinin oxuyun:
Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Evdə təhsil sistemi- Azərbaycanda da mümkünmü?

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Məktəblərə muxtariyyət verilir - Təhsildə niyə işıq görünmür?

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər.Bunun sirri nədir?

Daha az ev tapşırığı yerinə yetirirlər, ancaq yenə də dünyada ən yaxşı nəticələrdən birini göstərirlər.Bunun sirri nədir?

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

"Bİliyi məhsuldar şəkildə istifadə edəcək keyfiyyətli müəllimlərə ehtiyac var"MAGİSTRATURA təhsili olan müəllimlərin əslində fərqli üstünlükləri..

Saxta diplomla işləyən 2000-dən çox müəllim var.

Saxta diplomla işləyən 2000-dən çox müəllim var.

Yaxşı müəllim kimdir?

Yaxşı müəllim kimdir?

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

Müəllimləri hörmətdən salan, el arasında xar edən kimlərdir? - Magistrdan dərs kimi yazı

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

“Olimpiada ruhu uşaqlara erkən yaşlardan aşılanmalıdır”

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Xarici ölkələrdə şagirdlərin zəif qiymət alması uşağın savadsız olması anlamına gəlmir.

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bütün uşaqlar əlaçı olmalıdır? - XEYR– Araşdırma

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? –  Təhsilsizliyin ilk müəllifləri

Bağça müəllimləri işə niyə imtahanla qəbul edilmir? – Təhsilsizliyin ilk müəllifləri

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Müəllimlər ciddi psixoloji sarsıntı keçirir - Əsas səbəblər

Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

Azərbaycanın 26 yaşlı prorektoru - “Yüksək vəzifədə dayım yoxdur”

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müstəqilliyinin əbədi olunmasında təhsilin rolu əvəzsizdir.

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?

Ramiz Məmmədzadə  - MƏKTƏB DİREKTORU

Ramiz Məmmədzadə - MƏKTƏB DİREKTORU

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Dünyanın bütün dillərini öyrənmək istəyən tələbə

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Xaricdə təhsil üzrə dövlət proqramı bərpa oluna bilər

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

Qalmaqallı müsabiqədə yüksək bal toplayan kənd müəllimi hər şeyi açdı - MÜSAHİBƏ

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

“Tədqiqat Universiteti” statusu ali təhsil müəssisələrinə əlavə nə verəcək?

MİQ-in  müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

MİQ-in müsahibə mərhələsinin eksperti: “Burada gördüklərimə mat qalmışam, cəmi bircə müəllim...”

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar

Psixoloqdan müəllim və valideynlər üçün qızıl qaydalar