"Min illərdi ki, bəşəriyyət xoşbəxt gələcəyə doğru yol gedir. Bu yolda təhsil müstəsna əhəmiyyət kəsb edir. Yaxşını pisdən, dostu düşməndən, düzü əyridən, yalanı əyidən, şirini acıdan ayırmaq üçün təhsil əvəzsizdir. İnkişafın bu məntiqi bəzi milli toplumlar üçün dərk olunmuş həqiqətdir. Bu səbəbdən də belə ölkələrdə təhsilin bütün xərclərini dövlət öz üzərinə götürür. Sadə dillə desək, bu ölkələrdə təhsil "pulsuzdur”. Təhsilə xərclənən pullar, gənc kamil mütəxəssis kimi yetişəndən sonra artıqlaması ilə geriyə qaytarılır. Belə ölkələrdə gənc nəsil bütövlükdə təhsil imkanlarından istifadə edirlər.
Bu dövlətlərdə hər kəs yaxşı bilir ki, nə qədər çox gənc akademik mühitdən keçərsə, əhalinin orta intellektual və mədəni səviyyəsi bir o qədər yüksək olar. Nəticədə, kriminal mühit daralar, mədəni mühit genişlənər və adam başına düşən milli gəlir də artar.
Ancaq təhsilə gəlir mənbəyi kimi baxan ölkələr də az deyildir. Bu baxış gənclərin hamısının təhsillə əhatə olmasını imkan vermir. Çox üzücü haldır ki, bizim orta təhsilli gənclərimizin 100-ündən ancaq 20-si təhsillərini ali səviyyədə davam etdirə bilirlər.
Azərbaycan inkişaf etməkdə olan ölkələr sırasından inkişaf etmiş ölkələr sırasına tərəf irəliləyir. Bu niyyətlə Azərbaycan Prezidenti İlham Əliyev sosial həyatla, xüsusi ilə təhsillə bağlı bir çox zəruri sərəncamlar imzalayıb. Dövlət sifarişi ilə təhsil alan tələbələrin sayı 8000 min artırılaraq, 12 mindən 20 minə qaldırılıbdır. Özəl universitetləri də nəzəra alsaq, bu say 20000 –dən xeyli artıqdır. Bunlar çox sevindiricidir, tək ona görə yox ki, universitetə daxil olan tələbələrin sayı 30000 yaxındır. Bu işin görünən tərəfidir. Ancaq işin görünməyən də əhəmiyyətli tərəfi var.
Məsələ burasındadır ki, bir ictimai – siyasi quruluşdan digərinə keçid, Qarabağ problemi, bazar iqtisadiyyatı burulganlıqları ailələrin, qohumların təmas imkanlarnı xeyli məhdudlaşdırıb. Keçmişdə kompakt yaşayan rayon əhalisi indi pərən – pərəndir. Bu faktorlar gənclərimizin ailə qurma mühitini çox daraldıb. Belə ki, keçmiş nəsillər elin – obanın bütün xeyr-şər məclisindən keçiblər. İndiki gənc nəslin belə imkanı yoxdur. Çünki toylar toyxanalarda təşkil olunur, hər stol "pul” deməkdir. Hüzur yerləri də bunun kimi. Gənclər cəmiyyətin "səhnəsin” -də görünmürlər, qohumlar, yerlilər, dostlar gəncləri lazım olanda ”görmürlər”.
Ali məktəblər, kolleclər gənclərimizin təmasda olduqları tək mühitdir, məkandır. Bu mühit nə qədər geniş olarsa, bir o qədər yaxşıdır. Gənclərimiz həm də bir birlərini yaxından tanıyır, çox vaxt sevib seçərlər. Pifaqor demişkən, xoşbəxlik tək adam işi deyil. Ailə qurma xəyalları məktəblərdə daha gerçəkdir. İslam Şərqindən fərqli olaraq Qərbdə mentalitet fərqlidir. Bakirəlik Qərbdə dəyər sayılmır. Bunu nəzərə almaq lazımdır. Biz öz gənclərimizin gələcəyi planlaşdırma işi haqqda düşünməliyik. Bu niyyətlə tez-tez təkrar etdiyim bir fikri bir daha təkrarlayıram: "universitetlər giriş qapılarını gen, çıxış qapılarını isə dar açmalıdırlar”. Universitetlərdə dövlət sifarışlı yerlər nə qədər çox olarsa, bu problem dolaysı ilə digər problemin (ailə qurma problemini) həllinə yardımçı olar.
P. S. H.Z. Tağıyev gənclərin Avropada təhsillərini maliyələşdirəndə onlardan üç məsələ ilə bağlı öhtəlik alırmış: 1. Vətənə dönmək; 2. azərbaycan qızları ilə ailə qurmaq; 3. Varlananda borcunuzu Fonduma qaytarın ki, gələcəkdə də gəncləri də xaricə göndərə bilim.
Fikrimə Ernest Renan bir kəlamı ilə nöqtə qoymaq istəyirəm: Müasir cəmiyyətlərdə təhsil məsələsi ölüm – dirim məsələsidir. Cəmiyyətin gələcək taleyinin asılı olduğu məsələdir.”