Bu üsul şagird və abituriyentlərin düşünmə qabiliyyətini zəiflədir
AzTehsil.com - Hazırda sosial şəbəkələrdə dərsliklərə və test tapşırıqlarına aid düzgün cavablar geniş şəkildə müəllimlər tərəfindən paylaşılır. Bu hal isə şagird və abituriyentlərin mövzu üzərində düşünmədən, sadəcə yayımlanan cavablardan istifadə edərək tapşırıqları köçürməsi ilə nəticələnir. Bu kimi hallar cəmiyyətdə birmənalı qarşılanmır və valideynlərin narazılığına səbəb olur.
Bəs, doğrudanmı sosial şəbəkələrdə cavabların və ya izahların paylaşılmasına ehtiyac var?
Mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev (Əfəndi) bu prosesin qarşısını almağın hazırkı dövrdə asan olmadığını bildirib:
Cavabların kütləvi yayımı şagirdlərin düşünmə qabiliyyətini zəiflədir
“Hər hansı bir dərslikdə verilmiş tapşırıqların cavablarının kütləvi şəkildə açıqlanması arzuolunmaz haldır. Çünki bu zaman şagirdlər sualların cavablarını birbaşa əzbərləyirlər və mövzu ilə bağlı dərin və əsaslı biliyə yiyələnmirlər. Bu cür yanaşma öz mənfi nəticəsini daha çox imtahan zamanı göstərir. Təəssüf ki, bu prosesin qarşısını almaq müasir dövrdə çox çətindir. Çünki azyaşlı şagirdlərdən tutmuş tələbələrə qədər hər kəsin müxtəlif platformalardan istifadə etmək imkanı var. Belə olan halda müəllif hüquqlarının qorunması daha da ön plana çıxır. Məzmun müəllifləri tərəfindən hazırlanan məlumatlarda cavabların yayılmasının qarşısının alınması vacibdir”.
Ekspert həmçinin əlavə edib ki, cavabları sosial şəbəkələrdə yayan şəxslərlə bağlı müəyyən tədbirlərin görülməsi mümkündür:
“Məsələn, DİM imtahandan sonra sualların izahını təqdim edir. Bu təqdirəlayiqdir, çünki söhbət imtahan mövzularından gedir. Lakin DİM-in hazırladığı hər hansı bir sinif testində yer alan sualların cavablarının sosial mediada paylaşılması yolverilməzdir. İmtahana hazırlaşan şagird özü tapşırığı yerinə yetirmədən həmin sualların cavablarını sosial şəbəkələrdən götürüb köçürür. Bu zaman şagird yalnız özünü deyil, valideynini və müəllimini də aldadır”.