Müəllim - Şagird münasibətləri niyə düzəlmir?
AzTehsil.com xəbər verir ki, son bir neçə ildir ki, orta məktəblərdə bəzi müəllimlərin şagirdlərə əl qaldırması faktlarına tez-tez rast gəlinir. Bu günlərdə Suraxanı rayonu, 316 nömrəli tam orta məktəbdə çalışan müəllimin şagirdlərə qarşı qeyri-etik və zorakı davranışı ilə bağlı məlumat yayılıb. Bu hadisə cəmiyyətdə ciddi müzakirəyə səbəb olub.
Zamanında da oxumayan, dərsdə şuluqluq edən şagirdləri müəllimlər özlərinə məxsus cəza metodları ilə cəzalandırıblar. Çubuqla ələ və başa vurmaq, saçı yolmaq, qulağı çəkmək, küncə qoymaq, tək ayaq üstə saxlamaq və s. ağla gələn və gəlməyən cəza metodları illər öncə bəzi müəllimlər tərəfindən istifadə olunub. Bu gün də bəzi müəllimlər dərsdə dinc dayanmayan, dərsi pozan şagirdləri cəzalandırırlar. Müəllimlərin bu cəza üsulları cəmiyyət tərəfindən bir mənalı qarşılanmır. Bəziləri müəllimləri qınayır, bəziləri isə onlara haqq qazandırırlar.
Təhsil prosesində əsas məqsəd şagirdi maarifləndirmək, tərbiyələndirmək və onu cəmiyyətə yararlı bir fərd kimi yetişdirməkdir. Bu məqsədə çatmaq isə yalnız anlayış, səbirlilik və düzgün pedaqoji yanaşma ilə mümkündür. Təəssüf ki, bəzi müəllimlər tərbiyə adı ilə şagirdə qarşı fiziki və ya psixoloji zorakılığa yol verirlər. Bu hal nə pedaqoji, nə etik, nə də hüquqi baxımdan yolverilən deyil.
Şagirdə əl qaldırmaq onun psixologiyasına dərin zəbə vurur, özünə inamını sarsıdır, məktəbdən və təhsildən uzaqlaşmasına səbəb ola bilər. Müəllim nümunəvi davranış göstərən, şagirdə hörmətlə yanaşan və problemi şiddətsiz şəkildə həll edə bilən şəxs olmalıdır. Unutmaq olmaz ki, şagird sabahın vətəndaşıdır və ona göstərilən münasibət onun şəxsiyyətinin formalaşmasına birbaşa təsir edir.
Qanunvericilik də təhsil müəssisələrində şagirdə qarşı zorakılığı qəti şəkildə qadağan edir. Belə hallarda həm şagirdin hüquqları pozulur, həm də müəllimin etik kodeksi və vəzifə məsuliyyəti ciddi şəkildə tapdanmış olur.Keçmiş məzun Ramin İbadov deyir ki, illər öncə şagird-müəllim münasibətləri indiki kimi deyildi. Müəllim müəllim idi, şagird də şagird. Şagirdlər öz yerlərini bilir və buna uyğun davranırdılar. O dövrdə müəllimin yanında artıq-əskik danışmaq, hərəkət etmək olmazdı. Müəllimlərdən qorxar, çəkinər və ən başlıcası, hörmət edər və sayardılar: “Dərsi bilməyəndə, sinifdə şuluqluq edəndə müəllim bizi danlayar, hətta üzümüzə sillə də vurardı. Biz də günahımıızı bilər və susub başımızı aşağı salardıq. Müəllimin qulağımı çəkməsi, xətkeşlə əllərimin üstünə vurması heç yadımdan çıxmaz. Riyaziyyat müəllimimiz var idi. Çox sərt müəllim idi və bütün sinif ondan qorxardı. Dərsə hazır olmayan uşağı döyərdi. Əli çox ağır olduğu üçün vurduğu şillənin yeri üzümüzdə bir saat qalırdı. 25 ilə yaxındır ki, orta məktəbi bitirmişəm. Ancaq o müəllimin vurduğu silləni hələ də unutmamışam. Ondan qorxduğum üçün riyaziyyat fənninə daha yaxşı hazırlaşırdım, verdiyi bütün tapşırıqları yerinə yetirirdim. Başda mən olmaqla bizim sinfi bitirənlərin demək olar ki, hamısı elə həmin ildə ali məktəblərə daxil oldu. O zamanlar bizim məktəb müəllimləri sərt amma sözün əsl mənasında peşəkar müəllimlər idi. Dərsi elə keçər, mövzunu elə gözəl izah edirdilər ki, bir ömürlük şagirdin yadından çıxmazdı. Müəllimin keçdiyi dərsləri dinləyən, hazırlıqlı, yaxşı oxuyan şagirdin ali məktəbə qəbul olmaq üçün ələvə hazırlığa getməyə ehtiyacı qalmazdı. Bir zamanlar riyaziyyat müəlliminin silləsi hesabına yaxşı oxumağım, qazandığım riyazi biliklər bu gün karıma gəlir. Buna görə də hər dəfə ürəyimdə müəllimimə təşəkkür edirəm. Hesab edirəm ki, oxumayan, şuluqluq edən, ipə-sapa yatmayan şagirdi müəllim cəzalandırmalıdır. Bəzi məqamlarda buna doğurdan da ehtiyac var. Müəllim şagirdlərinə həm tətbiyə həm də bilik verməlidir. Lazım gələndə cəza da”.Şagird Rəsul Quliyev hesab edir ki, müəllim heç vaxt yaxşı şagirdə əl qaldırmaz: “Şagird sinifdə özünü şagird kimi aparmalıdır ki, müəllim də ona əl qaldırmasın. Mənə bu günədək heç bir müəllim əl qaldırmayıb, heç səsini belə yüksəltməyib. Buna mən özüm şərait yaratmamışam. Ancaq bu gün bəzi şagirdlər sinifdə özlərini çox pis aparır, qeyri-etik hərəkətlər edirlər. Müəllim də məcbur qalıb onlara əl qaldırır. Müəllimin şagirdinə əl qaldırmasının əleyhinəyəm. Bu hərəkət müəllim adına yaraşmır, bağışlanmaz. Şagirdi vurmaq, onu təhqir etmək müəllim adına yaraşan bir davranış deyil. Ancaq şagirdlər də özlərini elə aparmalıdırlar ki, sillə, şapalağa ehtiyac qalmasın”.30 illin müəllimi Rasimə Sultanovaya görə, müəllim lazım gələndə şagirdə sərt üzünü də göstərməlidir. Müəllimi təkcə mehriban və qayğıkeş deyil, həm də tələbkar və prinsipial olmalıdır. Müəllim pedaqoji fəaliyyətində bəzən qayda-qanunun qorunması, məsuliyyətin aşılanması və nizam-intizamın təmin olunması üçün sərt və ciddi mövqe nümayiş etdirməlidir. Bu, şagirdin davranışına və təhsilinə müsbət təsir göstərərək onun düzgün formalaşmasına kömək edir. Lakin bu sərtlik heç bir halda kobudluq və ya təhqirə çevrilməməlidir. Əsas məqsəd – şagirdin inkişafına yönəlmiş ədalətli və ölçülü yanaşma nümayiş etdirməkdir. Belə olduqda müəllimin sərtliyi şagirdin gözündə hörmət və etimada çevrilir.Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə görə, bir zamanlar uşaqları ya dərs üstündə, ya da tərbiyə səbəbindən cəzalandırırdılar. Yəni, qorxu, qorxutmaq faktorundan istifadə edirdilər. Biz artıq iyirmi birinci əsrdə yaşayırıq, dövr başqadır və keçmiş təhsil, tədris metodları indi işləmir: “İndi zaman dəyişib və bununla yanaşı, dünyagörüş də dəyişməlidir. Əgər keçmiş dövrdə totalitar düşüncə var idisə, indi demokratik düşüncə var. Demokratik düşüncə onu göstərir ki, müəllim şagirdi döyməli deyil, onu öyrətməlidir. Onu başa salmalı, məsələni direktor və valideynlə müzakirə etməlidir. İndiki şagirdi qulağından çəkməklə öyrətmək olmaz. Belə tərbiyə üsulu indiki zamanda özünü doğrultmur. Müəllim bu istiqamətdə yeni metodlardan istifadə etməlidir”.
Şahlar Əsgərov deyir ki, inkişaf etmiş ölkələrdə təhsil dərk edilən həqiqətdir. Yəni, məktəbdə həm müəllim, həm də şagird dərsə şüurla yanaşırlar. Hər kəs başa düşür ki, uşaq məktəbə oxumağa yox, öyrənməyə, başa düşməyə yox, mənimsəməyə gedir. Uşağa pulla qiymət yazdırmaq heç kəsin ağlına gəlmir: “Heç kəs övladını pulla ali məktəblərə yerləşdirmir. Gənclər elm, sənət öyrənmənin hikmətini dərindən dərk edirlər. Gənclər ürəkləri istədiyi müəllimləri, sinifləri, fənləri seçdiklərinə görə, həvəslə dərsə gedirlər, öyrənirlər və dərsdən yayınmırlar. "Qulaqburma” metoduna, zora ehtiyac qalmır. II dünya ölkələrində bəzi müəllim, şagird və valideyn üçün təhsil dərk edilməmiş həqiqətdir. Məktəbdə münaqişə o zaman baş verir ki, müəllim öz məsuliyyətini anlayır, şagird isə anlamır. İnanıram ki, biz də I dünya ölkəsinə çevriləndə, nəinki məktəbdə şagirdlərə qulaqburması verməyəcəyik, heç sahibsiz itləri belə güllələməyəcək və ovdan da imtina edəcəyik”.Təhsil eksperti Nadir İsrafilov hesab edir ki, şagirdlərin döyülməsi mənəvi dəyərlərin dəyişməsindən irəli gəlir: “SSRİ dövründə vəziyyət tam fərqli idi. O dövrlər əxlaq kodeksi, ədəb qaydaları bütün məktəblərin foye və dəhlizlərinin başlıca atributları idi. Şagirdlərin bilikləri ilə yanaşı onların əxlaq və davranışları da qiymətləndirilirdi. Orta məktəbləri bitirənlərə attestatla yanaşı davranışına görə xasiyyətnamə də verilirdi”. Ekspertin dediyinə görə, qanunvericiliyə əsasən şagirdlərin toxunulmazlıq hüququ var və onların təzyiqə məruz qalması qanunla qadağandır. “Uşaqlarla qəddar rəftara yol verilməsi, psixi və fiziki zorakılıq tətbiq edilməsi mövcud qanunvericiliyə görə inzibati, hətta cinayət məsuliyyəti daşıyır”.Hüquqşünas Çingiz Əliyev bildirib ki, cəzanın təyin edilməsi faktın təsdiqini tapmasından asılıdır: “Ümumən müəllimin şagirdi döyməsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir. Burada əsas olan hüquq-mühafizə orqanlarının araşdırması və faktın təsdiqini tapmasıdır. Şəxsin döyülmə nəticəsində yüngül xəsarətlər alması təsdiqini taparsa, hadisənin kim tərəfindən törədilməsi fərq etmir və cinayət məsuliyyətinə səbəb olur. Bu, əmək qabiliyyətinin cüzi itirilməsi və sağlamlığın qısa müddətli pozulmasıdır. Belə olduğu halda şəxs 1 il müddətinə azadlıqdan məhrum edilə bilər. Ancaq xəsarətin dərəcəsini müəyyən etmək mümkün deyilsə, barışıq əsasında icraata xitam verilə bilər. Müəllim və daha yüksək vəzifəli təhsil işçilərinin şagirdlə kobud davranması mənəvi məsələdir. Onlar daha nəzakətlə davranmalıdırlar”.Təhsil eksperti Etibar Əliyevin fikrincə, bu gün müəllim tərbiyə etmək funksiyasını öz üzərindən atmamalıdır: “Bütün dünyada məktəbin qorunması üçün ciddi işlər aparılır. Keyfiyyətli təhsil mühiti anlayışı həm də şagird-müəllim, müəllim-valideyn münasibətlərini özündə ehtiva edir. Məktəblərdə psixoloji gərginliyin azaldılmasında direktorların rolu böyükdür. Məktəb psixoloqlarının hazırlanmasına ciddi diqqət yetirmək lazımdır. Məktəblərdə nizam-intizam qaydalarının pozulmasında şagirdlərin mobil telefonlara ifrat dərəcədə aludə olmalarının da rolu az deyil. Şagirdlər biliklərə yiyələnməli, fiziki hazırlığa cəlb olunmalı və tərbiyə almalıdır. Tərbiyə konsepsiyasına yenidən baxılmalıdr. Müəllim şagirdinə öz övladı kimi yanaşmalıdır. Valideyn-müəllim münasibətləri sivil formada tənzimlənməli, şagird ayrıseçkiliyinə yol verilməməlidir. Məktəbə mütəmadi olaraq alimlər, yazıçılar dəvət olunmalıdırlar. Pandemiya ilə əlaqədar məktəblərdə maarifçilik işləri bir qədər səngidi. Hər halda müəllim tərbiyə etmək funksiyasını öz üzərindən atmamalıdır. Şagird davranışlarındakı neqativ halları hiss edirik. Təsadüfi deyil ki, klassik pedaqoqlar tərbiyə faktorunu təhsildən önə çəkirdilər".Məktəb icbari təhsil pilləsinin şagirdlərinin davranışını xüsusi olaraq diqqətdə saxlamalıdr. Peşə təhsili təşviq olunmalıdır. Hər bir valideynin məktəbdən gözləntisi var. Məktəblə cəmiyyət arasında qarşıdurmanın yaranmasına meyilli insanlar da az deyil. Bunun səbəbləri araşdırılmalıdır. Sosial şəbəkələr şagirdlərin fənn olimpiadalarındakı uğurlarını işıqlandırmır. Lakin məktəbdə hər hansı xoşagəlməz hadisələri manipulyasiya edirlər. Hər halda neqativ halların baş verməməsi üçün qabaqlayıcı tədbirlər görülməlidir. Şagirdlərin dərsdən yayınması hallarının qarşısı alınmalıdr. Valideynlər uşaqlarının dərsdən sonrakı davranışları ilə maraqlanmalıdırlar. İndiki dövrdə müəllimin tənbeh olunmasının tərəfdarı deyiləm. Baş verən hadisənin səbəblərini araşdırmaq lazımdır. Müəllimin gözdən salınması yaxşı hal deyil. O, şagirdləri arasında nüfuzunu itirir. Bütün dövrlərdə cəmiyyət həmişə müəllimin tərəfində olub. Ancaq müəllimlər də ehtiyatı əldən verməməli, emosiyalarını cilovlamalıdırlar. Ötən əsrin məktəbi ilə indinin məktəbi eyni deyil.Təhsil eksperti Elçin Əfəndi qeyd edib ki, istənilən halda müəllimin şagirdə zor tətbiq edirsə bu Azərbaycan cəmiyyəti üçün xoşagəlməz bir haldır: “Çünki hər hansı bir təhsil müəssisəsində belə halların baş verməsi təhsil adına yaraşmır. Mövcud situasiyada isə qismən müəllimin, daha çox isə məktəb rəhbərliyi və valideynlərin günahı var. Çünki yaşadığımız 21-ci informasiya texnologiya əsrində sinif otaqlarının kamera sistemi ilə təmin edilməməsi doğru deyil. Belə bir problem olduqda kamera görüntülərinə əsasən məktəb rəhbərliyi dərhal hadisəyə müdaxilə etməlidir. Görünən odur ki, prosesdə hər kəs öz vəzifəsinə məsuliyyətlə yanaşmır. Valideyn övladını düzgün tərbiyə edə, müəllim auditoriyanı ələ ala bilsə, məktəb rəhbərliyi təhsilalan və təhsilverənlərə yetərincə diqqət göstərsə və məsuliyyətini, vəzifələrini onlara aşılasa, belə hallar baş verməz. Müəllimin başlıca vəzifəsi sinifə girdiyi andan auditoriyanı ələ almaqdır. Belə olduqda şagirdlər artıq davranışlardan çəkinərlər. Əgər müəllim uşaqlara əl qaldırmağa başlayıbsa, demək ki, onun artıq sözü keçmir və idarəetmə qabiliyyətini itirib, və ya dərsin gedişatı şagirdlərə maraqlı deyil. Belə hadisələr hər gün məktəblərdə baş verir. Aiddiyyatı qurumlar artıq bu istiqamətdə ciddi addımlar atmalıdır. Çünki təhsil cəmiyyətin əsas aparıcı istiqamətidir və digər sahələr bir növ təhsildən asılıdır”.Millət vəkili Fazil Mustafanın sözlərinə əsasən, şagirdə şiddət tətbiq etmək, ona əl qaldırmaq, vurmaq, döymək yolverilməz davranışdır: “Sözlə inandırmaqda, davranışla inandırmaqda zəif olanda insan şiddətə əl atır. Sovet dövründə də belə yanlış metodlardan istifadə olunurdu. Müəllimlərin şagirdlərə əl qaldırılması o dövrün ən pis ənənnələrindən biri idi. Uşaqlar psixoloji travma alırdı, müəllimə nifrət edirdi. Məsələn, mən təhsil aldığım dövrdə müəllim mənə heç əl qaldırmayıb. Özümü elə aparmışam ki, mənə əl qaldırılmayıb. Yox əgər əl qaldırsaydılar, döysəydilər mən o müəllimə nifrət edərdim”.Millət vəkili Ceyhun Məmmədovun fikrincə, hazırkı dövrdə ümumtəhsil məktəblərində şagirdlərin cəzalandırılması, onlara zor tətbiq edilməsi yaxşı hal deyil. Bu yolla şagirdi təhsilə cəlb etmək olmaz: “İllər öncə müəllimlər şagirdləri bu yanlış üsulla təhsilə cəlb etməyə çalışırdı. İndi zaman dəyişib, insanların həyata baxışı, düşüncə tərzi başqadır. İndiki dövrün uşaqları da o dövrün şagirdləri ilə eyni deyil. Müasir dövrün şagirdlərini cəzalandırmaq, sıxışdırmaq vəziyyətdən çıxış yolu deyil. Şagirdlərin cəzalandırılması onların əksinə təhsildən uzaqlaşmasına səbəb olur. Onlarla dil tapıb danışmaq, söhbətləşmək, tövsiyələr vermək daha məqsədə uyğundir. Əgər məsələ daha ciddi olarsa, aparılan danışıqlar nəticə verməyəndə bu zaman müəllim həmin şagirdin valideyni ilə kontakt qurmalıdır. Məsələ tərəflər arasında aprılan danışıqlarla yoluna qoyulmalıdır”.
Millət vəkili Aqil Abbas deyib ki, müəllim şagirdi döyməməlidir onu tənbeh edərək başa salmalıdır: “İllər öncə də oxumayan, şuluqluq edən şagirdlərə qarşı bəzi müəllimlər özlərinə xas cəza növləri tətbiq edirdilər. Qulaq burması, küncə qoyma və.s. O zamanın da valideynləri övladlarının döyülməsinə etiraz edirdi. Məktədə gedib həmin müəllimi direktora şikayət edən, dava edənlər də olurdu. Müəllimin şagirdə əl qaldırması hər zaman qınaqla qarşılanıb. Sovet dövründə də indi də. Ancaq bu o demək deyil ki, müəllim şagirdi cəzalandıra bilməz, şagird də bundan istifadə edib məktəbdə, sinifdə ürəyi istəyən hərəkəti etməlidir? Xeyir. Şagird öz yerini bilməli, özünü məktəbdə ədəbli, ərkanlı aparmalı və müəllimə hörmətlə yanaşmalıdır. Müəllim isə döyməklə yox, lazım gələndə şagirdi tənbeh edə bilər”.Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən bildirilib ki, bu gün məktəbdə yaranan münaqişələrin xeyli hissəsi şagirdlərin davranış xüsusiyyətləri ilə bağlıdır. Müəllimlər şagirdlərin qeyri-adekvat davranışlarından narazıdırlar. Amma müəllimlərimiz bir həqiqəti anlamalıdırlar ki, pozitiv davranış vərdişlərini tərbiyə etmək valideynlərlə yanaşı, müəllimlərin də vəzifə borcudur. Tərbiyə etmək, başqa sözlə elə bu deməkdir: uşaqda pozitiv davranış vərdişləri formalaşdırmaq. Pozitiv vərdişlər isə bir-iki gün ərzində yaranmır. Bunun üçün vaxt, səbir və düzgün psixoloji yanaşma lazımdır. İnsan ləyaqətini alçaldan fiziki və emosional zorakılıq isə yolverilməzdir.