Uşaqlara, yeniyetmə və gənclərə fərdi xüsusiyyətlərinə uyğun yanaşılmalıdır
Müasir dövrdə təhsilimizin qarşısında duran əsas vəzifələrdən biri hərtərəfli inkişaf etmiş, dünyagörüşlü, yüksək intellektə, bilik və bacarıqlara sahib olan kadrların yetişdirilməsidir. Bu işdə müəllimlərin üzərinə böyük vəzifə düşür. Uşaqlarla, yeniyetmələrlə və gənclərlə işləyən hər bir müəllim onlara yaş və fərdi xüsusiyyətlərinə uyğun yanaşmalı və davranmalıdır.
Müəllim şagirdin orqan və orqanlar sisteminin quruluşu, funksiyaları, yaş xüsusiyyətlərini bilməli, onun normal əqli və fiziki fəaliyyəti üçün lazım olan sağlam psixoloji mühiti təşkil etməlidir. Sanitar-gigiyena qaydalarına əməl olunmaqla uşaqlara təbliğ edilməli, fövqəladə və təxirəsalınmaz hallarda ilk tibbi yardım qaydalarını tətbiq etmək bacarığı onlara aşılanmalıdır. Bütün bunlar müəllimdən müəyyən səviyyədə tibbi-bioloji biliklərin olmasını tələb edir.
Tibbi-bioloji elmlərin əsasını anatomiya, fiziologiya və gigiyena təşkil edir. Müasir anatomiya, fiziologiya və gigiyena müxtəlif yaş dövrlərində insan orqanizmində baş verən dəyişiklikləri və prosesləri öyrənir.
İnsan embriogenezinin, eyni zamanda uşaqların müxtəlif yaş dövrlərinin anatomik-fizioloji xüsusiyyətlərinin öyrənilməsi pedaqoqlar, psixoloqlar və tərbiyəçilər üçün mühüm material verir. Təlim- tərbiyənin effektivliyi, nəticəsi uşaq və yeniyetmələrin anatomik-fizioloji yaş xüsusiyyətlərinin nəzərə alınması ilə sıx əlaqədardır. Yaş anatomik-fizioloji xüsusiyyətlərini bilmək fiziki tərbiyədə də effektiv təlim metodlarını seçməkdə müstəsna əhəmiyyətə malikdir.
Peşə standartına uyğun olaraq müəllim şagirdlərin psixoloji-fiziki inkişaf xüsusiyyətlərini və sağlamlıq vəziyyətini nəzərə almalıdır. Bundan əlavə hər bir müəllim yaşla əlaqəli inkişaf qanunauyğunluqlarını, inkişaf mərhələlərini , orqanizmin yaş xüsusiyyətlərini nəzərə almaq üçün müəyyən biliklərə malik olmalıdır.
Müəllimlərin uşaq orqanizminin fəaliyyətinin yaşla əlaqəli xüsusiyyətlərini bilmələri zərurəti görkəmli elm adamları tərəfindən dəfələrlə vurğulanmışdır. Hələ 1807-ci ildə K.D.Uşinski demişdir: "Əgər müəllim insanı hər cəhətdən tərbiyələndirmək istəyirsə, ilk növbədə öz orqanizmini tanımalıdır”. O, müəllimin uşaq orqanizmi ilə bağlı bilikləri öyrənməsi zərurətindən bəhs etmiş, müəllim və tərbiyəçilərin uşaq anatomiyası, fiziologiyası və psixologiyasının əsaslarını bilməli olduğunu və yalnız bu biliklərə sahib olduqları halda uşaqların zehni və fiziki qabiliyyətlərini məqsədyönlü şəkildə tərbiyə edə biləcəklərini söyləmişdir.
Böyük rus fizioloqu Pavlov da bütün təhsil və təlim prinsiplərinin fizioloji qanunlara söykəndiyini yazır və qeyd edirdi ki, müəllim təlim və tərbiyə işini uşaqların yaşına uyğun şəkildə düzgün təşkil etmək üçün fiziologiya ilə bağlı biliklərini uğurla tətbiq edə bilər.
Beləliklə, insan bədəninin quruluşunu və yaş xüsusiyyətlərini bilmək bütün təlim prosesinin, əməyin və gündəlik həyatın düzgün təşkili üçün vacibdir.
Müəllim uşaq orqanizminin yaş xüsusiyyətlərini bildiyi təqdirdə uşağın zehni və fiziki qabiliyyətlərini ən yaxşı şəkildə inkişaf etdirə bilər. Uşaqların və yeniyetmələrin anatomik-fizioloji xüsusiyyətlərinin nəzərə alınmasının pedaqoji cəhətdən təlim və tərbiyə prosesində böyük rolu var.
Yaş fiziologiyası uşağın psixologiyasının yaş xüsusiyyətlərini anlamaq üçün böyük əhəmiyyətə malikdir. Sinir fəaliyyəti mexanizmlərinin formalaşması, daxili sekresiya vəzilərinin inkişafı qanunauyğunluqlarının öyrənilməsi ontogenezin müxtəlif mərhələlərində əqli və psixofizioloji funksiyaların həyata keçirilməsinin xüsusiyyətlərini müəyyənləşdirməyə imkan verir. Uşaq və yeniyetmələrin tədrisi və tərbiyəsi üçün diqqət, düşüncə, yaddaş, dözümlülük, iradə, məlumat qavrayışının inkişaf dinamikasını müəyyənləşdirmək xüsusilə vacibdir.
Məktəb gigiyenası şagird orqanizminin ətraf mühitlə qarşılıqlı təsirini öyrənir. Buna əsasən uşaqlar və yeniyetmələrin funksional imkanlarının ahəngdar inkişafı və aydınlaşdırılması, təlim prosesinin rasionallığı və xəstəliklərin qarşısının alınmasına yönəlmiş gigiyenik standartlar, qaydalar və tələblər müəyyən olunur.
Uşaq orqanizminin ətraf mühit amillərinə həssaslığı və reaktivliyi yaşlı insan orqanizmi ilə eyni deyil. Buna görə də məktəblilər üçün gigiyenik qaydalar müəyyən edilərkən orqan və sistemlərin morfoloji və funksional cəhətdən yaş xüsusiyyətləri nəzərə alınmalıdır. Bu zaman uşaqların məşğulluq və istirahət saatları, iqlim şəraiti də nəzərdən qaçmamalıdır.
Hər bir müəllim uşaq orqanizminin anatomik və fizioloji xüsusiyyətlərini, gigiyenik tələblərini və bunlarla bağlı yaş xüsusiyyətlərini bilməli, gündəlik pedaqoji fəaliyyətdə sağlamlığın möhkəmləndirilməsi ilə bağlı tədbir komplekslərindən istifadə etməlidir. Çünki uşaq və yeniyetmələrin sağlamlığının qorunması və möhkəmləndirilməsi bundan çox asılıdır. Uşaq gigiyenası müəllimlərə tədris prosesinin təşkili, şagirdlərin gün və istirahət rejimi, qidalanma şərtləri üçün elmi əsaslandırılmış gigiyenik normaları təqdim edir. Məktəb gigiyenası zərərli ətraf mühit amillərinin aradan qaldırılması, uşaq və yeniyetmələrin yaşayış şəraitinin yaxşılaşdırılması işini də həyata keçirir.
Müəllimlərin anatomiya, fiziologiya və məktəb gigiyenası üzrə müvafiq biliklərə malik olması uşaqların sağlamlığının qorunması, böyüməsi və inkişafı üçün optimal şəraitin yaradılmasına töhfəsini verir.
Beləliklə, insan anatomiyası və fiziologiyası xüsusi pedaqogikanın təbii-elmi əsasının qoyulmasına xidmət, məktəbəqədər və məktəbyaşlı uşaqların təlim-tərbiyə prosesi ilə bağlı məsələlərin həllinə produktiv yanaşmanı təmin edir. Müasir şəraitdə pedaqoq, tərbiyəçi və loqopedlərin müəyyən həcmdə tibbi-bioloji biliklərə malik olması təlim-tərbiyə problemlərinin həllinə dair müasir tibbi-pedaqoji yanaşmanın həyata keçirilməsində müstəsna əhəmiyyətə malikdir.
Günel SƏMƏDOVA,
biologiya üzrə fəlsəfə doktoru