Xüsusi internat məktəbləri üçün müvafiq pəhriz menyuları hazırlanıb
Təhsil Nazirliyinin tabeliyindəki xüsusi internat məktəbləri üçün müvafiq pəhriz qida menyuları hazırlanıb. Çünki həmin məktəblilərin arasında əqli, fiziki qüsurlu, vərəmə yoluxmuş, revmatizmdən əziyyət çəkən uşaqlar da var.
Bu səbəbdən menyulara xəstəliklərin nozoloji formasına, gedişinə, ağırlıq dərəcəsinə, remissiya və ya residiv dövrlərinə uyğun fərdi dəyişikliklər edilib. Bundan əlavə bu təlim-tədris ocaqlarında qidalanma yaş qrupları, uşaq və yeniyetmələrin üzərinə düşən əqli və fiziki yükün xüsusiyyətləri, bu müəssisələrdə dərs və iş rejimi nəzərə alınmaqla təşkil olunur.
Aztəhsil.com xəbər verir ki, bunu Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva azərtac-a müsahibəsində deyib.
Onun sözlərinə görə, qidalanmanın təşkilinin vahid mərkəzdən idarə olunması beynəlxalq və yerli standartların, sanitar-gigiyenik və sanitar-epidemioloji tələblərin yerinə yetirilməsini daim nəzarətdə saxlamaq və hər hansı bir çatışmazlığın operativ şəkildə aradan qaldırılması məqsədlərinə xidmət edir. Rasional və balanslaşdırılmış qidalanma uşaqların sağlamlığını və harmonik inkişafını təmin edən vacib və səmərəli amillərdəndir.
Bundan əlavə, uşaq və yeniyetmələr arasında qidalanmanın düzgün təşkili, yeməkxanaların nəfis dizaynı, süfrə tərtibatı, xidmətin müvafiq qaydalar çərçivəsində aparılması, yemək çeşidlərinin müxtəlifliyi və seçim imkanının yaradılması uşaqlarda yüksək mədəni-estetik zövqün formalaşmasına da təsir göstərir.