AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
23 noyabr 2017
6 294


Tərbiyədə əsas rol: Valideyn-uşaq münasibətləri



Bir çox atalar ailədə öz vəzifələrini məhdudlaşdırırlar. Onlar yalnız işləməyi və ailənin maddi rifahının təmin edilməsini özlərinin əsas vəzifəsi hesab edirlər. Öz növbəsində, davranışın bu stereotipinə uyğun olaraq, bir çox analar da evdə öz səylərini hamını yedizdirmək və gündəlik tələblərini ödəmək məsələlərində cəmləşdirirlər. Beləliklə, uşağın mənəvi inkişafının, onun intelektual qabiliyyətlərinin artırılmasının qayğısına qalmaq uşaq bağçasındakı tərbiyəçilərin, ibtidai və orta məktəbdə müəllimlərin üzərinə qoyulur.

Valideynlər səhvən uşaqlarla sıx və dostluq münasibətlərinin böyüklərin statusunu aşağı saldığını düşünürlər. Uşaqların səs-küyü, gülüşü və boş söhbətləri onların qanını qaraldır. Onlar adətən, uşaqlara "bizi rahat buraxın, görmürsüz biz məşğuluq” – deyirlər. Düşüncənin bu cür stereotipi tamamilə səhv, istifadə olunan metodlar isə yararsızdır, çünki ev uşaqlarda yumşaqürəklilik, sağlam emosiyalar və düzgün düşüncə tərbiyə etməkdən ötrü ən yaxşı yerdir, ən ixtisaslaşmış tərbiyəçilər isə atalar və analardır. Uşaq bağçaları və məktəblər öz funkisiyalarını nə qədər yaxşı yerinə yetirsələr də, onlar uşağa evi və valideynləri əvəz edə bilməzlər.


Uşaq bağçalarında və məktəblərin ibtidai siniflərində uşaqlarla məşğuliyyət əksərən elə qurulub ki, tərbiyə məsələlərində və təlim metodlarında bütün uşaqlara eyni cür yanaşmağa məcburdurlar; fərdi cəhətlərində fərqlərə baxmayaraq, uşaqlar üçün təlim-tərbiyə proqramı vahiddir. Hətta uşaq bağçalarında və məktəblərdə təlim-tərbiyə prosesində hər bir uşağın psixoloji cəhətləri, qazanılmış və anadangəlmə xüsusiyyətlərini nəzərə almaq istəsələr belə, bunu praktiki cəhətdən həyata keçirmək mümkün olmazdı.

 

Pedaqogika elminin bu sahədə böyük nailiyyətlər əldə etməsinə baxmayaraq, təlim-tərbiyə prosesində fərdi yanaşma problemi hələ də öz həllini tapmamışdır. Alimlərə, bir qayda olaraq, hər kəsin fərdi cəhət və tələblərini nəzərə almağa imkan verən təlim-tərbiyənin əsas prinsiplərini işləmək hələ də müyəssər olmayıb. Pedaqoji təcrübə göstərir ki, bəzi şagirdlərin bu və ya digər fənni mənimsəyə bilməməsi mütəxəssislər tərəfindən təbii hal kimi qəbul olunur.


Bununla belə biz etiraf etməliyik ki, pedaqogika elmində ailənin uşağın tərbiyəsinə təsirinə çox böyük əhəmiyyət verilir. Tərbiyə məsələlərinin öhdəsindən o analar yaxşı gəlir ki, özləri uşaqlarla məşğul olur, onların maraqlarını, meyllərini, davaranış xüsusiyyətlərini nəzərə alırlar.

 

Uşaqlara qayğı, onları tərbiyələndirməyə canatma, onlara müəyyən bilik və vərdişlər öyrətmək qadının istənilən fəaliyyətindən qat-qat şərəflidir.

Şübhəsiz, əgər valideynlər onlarla sıx qarşılıqlı münasibət yaratmağa çalışır, sədaqətli dost və yoldaş rolunda çıxış edir, onların rəyi ilə hesablaşır və davranışlarındakı qüsurları düzəltməkdə onlara kömək etməyə çalışırlarsa, uşaqların təlim-tərbiyəsi ilə bağlı bir sıra mürəkkəb problemlər ailədə öz həllini tapa bilər. Uşaqlara qarşı bu cür qayğı və diqqətin zəruri və vacib hesab edilidiyi ailələrdə, onlarla söhbət etməkdən ötrü valideynlər xüsusi vaxt ayırırlar. Valideynlər və uşaqlar bir yerdə oturub, ailə həyatında ortaya çıxan müxtəlif məsələləri müzakirə edirlər. Bəzən valideynlər hansısa hadisələri danışır, bəzən isə danışmağı uşaqlara təklif edir. Ailənin məşvərət prosesində aktual və mürəkkəb pedaqoji problemlər öz həllini tapa bilir.

 




Загрузка...