AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn / Direktor / Müəllim
16 noyabr 2017
15 964


Məktəblilərin yaş xüsusiyyətləri- Akselerasiya nədir?



İnsanın fiziki,əqli,anatomik inkişafı yaşla bağlıdır. Hər bir yaş dövrünün özünə xas fiziki,psixi,sosial inkişaf mərhələsi var. Bunlar hər biri ümumidir, lakin insanın inkişafında geriləmə və ya irəliləmə ola bilər.


İnsan öz inkişafında müxtəlif yaş dövrlərindən keçir və hər bir dövr şəxsiyyətin inkişafına müəyyən təsir göstərir. Pedaqogika tarixində insanın yaş dövrləri ilə bağlı müxtəlif mülahizələr irəli sürülmüşdür.


Məsələn: Aristotel, N.Gəncəvi, Y.A.Komenski, C.C.Russo və b. Məsələn, Y.A.Komenski dörd fəslə müvafiq olaraq insan həyatını dörd dövrə bölmüşdü:

 

Həyatın bahar dövrü (uşaqlıq), yay dövrü (gənclik), payız dövrü (orta yaş), qış dövrü (qocalıq). C.C.Russo uşaq və gənclik illərini dörd yaş dövrünə bölmüş və hər dövr üçün səciyyəvi tərbiyə sahəsini göstərmişdir: I — fiziki inkişaf dövrü (0-2 yaş); II — hisslərin inkişafı dövrü (2-12 yaş); III — zehni inkişaf dövrü (12-15 yaş); IV — əxlaqi inkişaf dövrü (15-18 yaş).

 

Yaş dövrlərinin göstərilən bölgüləri elmi bölgü hesab edilə bilməz. Hazırda pedaqoji, psixoloji və herontoloji baxımdan insanın aşağıdakı yaş dövrləri müəyyən edilmişdir: çağalıq və körpəlik dövrü (0-3 yaş); məktəbəqədər dövr (3-6 yaş); kiçik məktəbli dövrü (6-10 yaş); yeniyetməlik dövrü (10-15 yaş); gənclik dövrü (15-30 yaş); yetkinlik dövrü (30-60 yaş); ahıllıq dövrü (60-75 yaş); qocalıq dövrü (75-90 yaş); uzunömürlülük dövrü (90-150 yaş).Hər yaş dövrü özünə məxsus xüsusiyyətlərə malikdir.

 

Tərbiyəçi bu xüsusiyyətlərdən çıxış edərək şəxsiyyətin formalaşmasını düzgün istiqamətləndirə bilər. Yaş dövrü yaş xüsusiyyətlərinin ayrılmasına əsaslanır. İnsan həyatının müəyyən dövrü üçün xas olan anatomik-fizioloji və psixi keyfiyyətlərə yaş xüsusiyyətləri deyilir. Uşağın boyunun inkişafı, çəkisinin artması, süd dişlərinin çıxması daha sonra dəyişməsi, cinsi yetişmə və başqa proseslər yaş dövründə baş verir. Tədrisdə də yaş dövrlərini böyük əhəmiyyəti vardır. Müxtəlif yaş dövrləri vardır ki, onlara hamısına eyni qaydada dərslər tədris edilmir. Hər bir yaş qrupuna görə tədris fərqlənir. Bu psixologiyada öz əksini tapmışdır. Bu yazıda müxtəlif yaş qruplarında dərslərin tədrisi mövzusunda fikirlərimizi sizlərlə bölüşəcəyik. Yaş xüsusiyyətlərini nəzərə alınması əsas pedoqoji prinsiplərdən biridir. Ona əsaslanaraq müəllimlər müxtəlif əmək növləri üzrə tədris yükünü bölürlər. Onlar məşğələlərin əsaslandırılmış həcmini, əlverişli əmək və istirahət rejimini müəyyən edirlər.

 

Elmdə müəyyən olunmuş yaş dövrləri şərtidir, onların arasında dəyişkənlik özünü göstərir. Bunun əsas bütün dünyada geniş yayılmış akselerasiya prosesidir.


Akselerasiya- latınca acceleratio sözündən götürülmüş və mənası sürətlənmə deməkdir. Fərdlərin böyümə və yetişməsinin kəskin tezləşməsi,həmçinin onların ölçüsünün artması deməkdir.İnsan cəmiyyətində akselerasiya onu əhatə edən ətraf mühitin kompleks faktorlarının təzyiqi altında gedir.


XX əsrin 50-60cı illərində akselerasiya meydana gələnə kimi uşaqların və yeniyetmələrin fiziki və mənəvi inkişafı arasında tarazlıq var idi. 70-ci illərin ortalarından akselerasiyanın baş verməsi nəticəsində orqanizmin fizioloji yetişməsi, insanın əqli, psixi,sosial inkişafını qabaqladı. Nəticədə uygunsuzluq yarandı, bədən sürətlə böyüdü,intellektual, sosial,əxlaqi keyfiyyətlərin əsasını təşkil edən psixi funksiyaların yetişməsi isə ləngidi. XX əsrin 80-ci illərinin ortalarından bəri bütün dünyada akselerasiya zəifləməyə, fizioloji inkişafın sürəti bir qədər azalmağa başladı.


Kiçik məktəb yaşlı uşaqların xüsusiyyətləri. Bu yaşda orqanizmin anatomik-fizioloji inkişafı yeni mərhələyə qədəm qoyur: uşaqların boyu ildə orta hesabla 3-4 sm, çəkiləri 2-3 kq artır. Skeletin sümükləşməsi başa çatmadığından onların partada düzgün oturmasına diqqət yetirmək lazımdır.

 

Bu yaşda ürək-damar sistemi zəif inkişaf edir. Buna görə də uşaqların hərəkətdə olmasına ehtiyac duyulur. Kiçik məktəblilərin özlərinə məxsus psixoloji xüsusiyyətləri vardır: bu yaşda qeyri-ixtiyari diqqət, mexaniki hafizə, konkret təfəkkür üstünlük təşkil edir. Onların nitq bacarığı da zəif olur. Çox vaxt şagirdlər mətnləri şer kimi əzbərləyir, mexaniki yadda saxlamağa çalışırlar. Bunun qarşısı alınmasa, onlarda əzbərçilik yarana bilər. Buna görə müəllim şagirdləri mətni öz sözləri ilə danışmağa, plan tutmağa, suallara cavab tapmağa, sərbəst mövzularda kiçik inşalar yazmağa daha çox cəlb etməlidir.

 

Bu yaşda əsas fəaliyyət növü təlimdir: təlimdə uşaq biliklərə yiyələnir, tərbiyə olunur və psixi cəhətdən inkişaf edir. Müəllim şagirdlərə öz təlim əməklərini düzgün təşkil etməyə, öyrənmənin səmərəli yollarını öyrətməyə çalışmalıdır. K.D.Uşinski bunu ibtidai təlimdə bilik verməkdən də vacib vəzifə hesab edirdi. Kiçik məktəblilərlə təlim-tərbiyə işində bu yaşın xüsusiyyətlərini nəzərə almaq mühüm əhəmiyyət kəsb edir. Onlardan başlıcaları aşağıdakılardan ibarətdir:


a) kiçik məktəblilər hər şeyi öyrənməyə can atırlar; bunu nəzərə alıb şagirdlərdə mütaliə tələbatı formalaşdırmaq lazımdır;

b) uşaqlar şən, emosional təbiətə malikdirlər; müəllim və valideynlər bədii əsər və filmlərdən, canlı sözdən istifadə edib onlarda yüksək mənəvi hisslər (vətənə məhəbbət, xeyirxahlıq, qayğıkeşlik, diqqətlilik və s.) aşılamağa çalışmalıdırlar;

c) kiçik məktəblilərdə ünsiyyət tələbatı güclüdür; bunu nəzərə alıb uşaqları kollektiv tədbirlərə, birgə oyuna, əməyə cəlb etmək, onlarda kollektivçilik, yoldaşlıq, dostluq, nəzakətlilik, qızlara qarşı diqqətlilik kimi keyfiyyətlər aşılamaq lazımdır;

ç) uşaqlar təsir altına tez düşür, müəllimə inanır, onun dediklərini sözsüz yerinə yetirirlər. Bundan şagirdlərin düzgün tərbiyəsi üçün istifadə edilməlidir;

d) ibtidai sinif şagirdləri müəllimin tapşırıqlarını böyük həvəs və səylə yerinə yetirirlər. Müəllim və valideynlər müəyyən tapşırıqlar sistemi tətbiq etməklə, uşaqları həvəsləndirməklə onlarda müsbət keyfiyyətlər tərbiyə etməyə nail ola bilərlər.


Yeniyetmə yaşının xüsusiyyətləri. Yeniyetməlik dövründə bir sıra anatomik-fizioloji xüsusiyyətlər özünü göstərir: boy sürətlə (ildə 6-8 sm) artır, ürək-damar sistemi isə zəif inkişaf edir, cinsi yetişmə baş verir.

 

Nəticədə yeniyetmələr tez yorulur, bəzən də hövsələsiz və əsəbi olurlar.Bu yaşda psixi inkişafda yeni keyfiyyət dəyişiklikləri baş verir: yeniyetmələrdə məntiqi hafizə, ixtiyari diqqət, mücərrəd təfəkkür, təxəyyül inkişaf edir. Yeniyetmə yaşında bəzi yeni psixoloji törəmələr özünü göstərir. Buraya böyüklük hissi, qızlarla oğlanların dostluğu, kollektivdə yaxşı mövqe tutmaq və məşhurlaşmaq meyli, özünüdərketmə tələbatı və s. daxildir.Yeniyetmələr özlərini böyüklər kimi aparmağa çalışır, özlərinə qarşı böyüklər kimi münasibət tələb edirlər.

 

Bəzən müəllim və valideynlər onların bu "böyüklük hissi" ilə razılaşmır, onlara uşaq kimi yanaşır, hər addımlarına nəzarət edir, yoldaşlarının yanında xoşagəlməz sözlər işlədirlər. Yeniyetmə oğlan və qız çox vaxt bu səbəbdən böyüklərə cavab qaytarır, bəzən mübahisə, hətta kobudluq edir. Onların bir qismi böyükləri yamsılamaqla bəzi neqativ hərəkətlərə (məktəbli formasından imtina etmək, papiros çəkmək, spirtli içki içmək və s.) yol verirlər.Yeniyetmələrdə ünsiyyət və özünütəsdiq tələbatı güclüdür. Buna görə də məktəb və ailə onları birgə tədbirlərə, ictimai-faydalı işlərə, əmək və ünsiyyətə geniş cəlb etməklə bu əsas tələbatın ödənməsinə şərait yaratmalıdır.Yeniyetmələr kollektivdə layiqli mövqe tutmağa can atırlar.

 

Bu, özünütəsdiqin bir vasitəsidir. Yoldaşlarının yanında nüfuzdan düşmək, şərəf və ləyaqətini itirmək - yeniyetmə üçün ən böyük faciədir. Buna görə də yeniyetmə yoldaşlarının yanında deyilən qeyri-taktiki sözlərə, ədalətsizliyə, təhqirə dözmür, onlara kəskin reaksiya verir. Bu zəmində bəzən ciddi münaqişə yaranır.Yeniyetmələrin həyatında kollektivin ictimai rəyi, yoldaşların fikirləri böyük təsirə malikdir. Müəllim onlar üçün əvvəlki yaşlardakı qədər nüfuz sahibi deyildir. Buna görə də tərbiyəçi sağlam kollektiv rəyin yaranmasına, təlim-tərbiyə işində ona istinad etməyə çalışmalıdır. Bu yaşda yoldaşlıq və dostluq hissi güclənir və yeni məna kəsb edir. Yeniyetmələr dostluğa yüksək tələblər verirlər. Qızlarla oğlanların dostluğu baş qaldırır. Bu, böyüklük hissi və başqa cinsi öyrənmək tələbatı ilə bağlıdır. Belə dostluqdan qorxmaq lazım deyil; bu, sevgi yox, əsl dostluqdur, bacı-qardaş münasibətinə bənzəyir. Yeniyetmələrin açıq, kollektiv dostluğuna şərait yaratmaq lazımdır. Qızla oğlanın dostluğunu ələ salmaq, qadağan etmək olmaz.

 

Əks halda o, xəlvəti dostluğa çevrilər və arzuolunmaz nəticələr verə bilər.Yeniyetmələrdə hisslər güclü təzahür edir: onlarda adətən hövsələsizlik, çılğınlıq, tündxasiyyətlilik özünü göstərir. Bəzi yeniyetmələrin özlərini ələ ala bilməməsi, davranış və rəftarlarında kobudluq və kəskinlik, özünənəzarətin zəifliyi bununla bağlıdır. Yeniyetmə neqativizmi çox zaman yorğunluqdan, ədalətsizlikdən, kollektiv və yoldaşlarının mənfi münasibətindən irəli gəlir.

 

Müəllim və valideynlər mənfi emosiyaları aradan qaldırmaqda və müsbət hisslərin möhkəmlənməsində yeniyetməyə kömək göstərməlidirlər. Yeniyetmələrin müəyyən qismində (xüsusən oğlanlarda) təlimə maraq azalır. Bunun qarşısını almaq üçün onlarda təlimə müsbət motivlər, təlimə maraq və tələbat aşılamaq, özünütəsdiq tələbatını ödəmək, xarici və daxili stimulları gücləndirmək, onları özünənəzarətə, kiçik məktəblilərin təliminə köməyə cəlb etmək faydalıdır.Yeniyetmələr arasında bəzən intizamsızlıq, qanunpozma halları müşahidə olunur. Bu isə, adətən, ailələrdə qeyri-normal tərbiyə şəraiti ilə, münaqişələrlə, yeniyetmə nəzarətsizliyi, onların mənfi küçə təsiri altına düşməsi ilə (xuliqanlıq, oğurluq, sərxoşluq, narkomaniya və s.) bağlıdır.

 

Belə halların qarşısını almaq üçün yeniyetmələrin asudə vaxtını səmərəli təşkil etmək, onları idmana, incəsənətə, mütaliəyə, ictimai işlərə, sosial ünsiyyətə cəlb etmək lazımdır.Yeniyetmə neqativizmini bəzən yaşın "böhranı" kimi səciyyələndirirlər. Əslində isə, bunu yaşın çətinlikləri kimi izah etmək daha düzgündür. Yeniyetməlik uşaqlıqdan gəncliyə keçid dövrüdür: onlarda həm uşaqlıq, həm də gənclik əlamətləri özünü göstərir. Keçid dövrü müəyyən çətinliklərlə bağlıdır. Əsas çətinlik böyüklərlə yeniyetmələrin münasibətindəki çətinlikdir. Yeniyetmələrin yaş xüsusiyyətlərini nəzərə almaqla, onların tələbatlarını ödəmək üçün şərait yaratmaqla, onlarla düzgün ünsiyyət qurmaqla, onları faydalı işlərə cəlb etməklə bu çətinlikləri aradan qaldırmaq mümkündür.


Erkən gənclik yaşının xüsusiyyətləri. Bu dövrdə (15-18 yaş) orqanizm anatomik-fizioloji cəhətdən sürətlə inkişaf edir, yeniyetməlik dövründə müşahidə olunan qeyri-mütənasib inkişaf normal hala düşür. Boy artımı səngiyir, əzələ gücü qüvvətlənir.Erkən gənclik şəxsiyyətin əsas keyfiyyətlərinin formalaşdığı və ictimai fəallığının artdığı dövrdür. O, vətəndaşlıq və seçib-seçilmək hüququ qazanır. Bu yaşda bir sıra yeni keyfiyyətlər meydana gəlir: özünüdərketmə, özünüqiymətləndirmə və mənlik şüuru inkişaf edir; əxlaqi görüş və əqidənin, dünyagörüşünün formalaşması baş verir; müstəqillik, özünütəsdiq və özünütərbiyə meyli güclənir və s.

 

Məktəbdə və ailədə gənclərin müstəqilliyinin məhdudlaşdırılması çox vaxt münaqişələrə və münasibətlərdə soyuqluğa gətirib çıxarır. Belə hal bəzi gəncləri qeyri-formal, kortəbii küçə qruplarına çəkib aparır. Burada onlar başqaları ilə bərabərhüquqlu ünsiyyətə girir, müstəqillik tələbatını ödəyirlər. Lakin tam yetkinləşməmiş gənclər küçə qruplarının mənfi təsiri altına düşə bilirlər. Bunu nəzərə alaraq, müəllim və valideynlər gənclərin müstəqilliyinə hörmət etməli, normal ünsiyyət mühiti yaratmalı, onları faydalı ictimai işlərə cəlb etməyə çalışmalıdırlar.Böyük məktəblilərdə öz hissləri və fikirləri üzərində düşüncələr, özünüdərketmə tələbatı güclüdür.

 

"Mən kiməm?", "Nəyə qabiləm?", "Həyatın mənası nədir?" kimi suallar onları düşündürür. Bu yaşda əxlaqi məsələlərə də maraq güclənir. Sözü üzə demək, prinsipiallıq, düzlük - gənclər üçün xarakterikdir. Onlar adamlarda düzlüyü, təvazökarlığı, əməksevərliyi, sadəlik və xeyirxahlığı daha yüksək qiymətləndirirlər. Tənqid, özünütənqid gənclər üçün xarakterikdir. Onlar diskussiya, həqiqət axtarışına daha çox meyl göstərirlər.

 

Erkən gənclik yaşında təlimə maraq artır. Bu isə onlarda yeni ictimai motivlərin və özünütəhsil tələbatının yaranması ilə bağlıdır. Fənnə maraq çox vaxt elmə olan marağa çevrilir.Bu yaşda gəncləri özünütərbiyəyə geniş cəlb etmək, tərbiyə işində mənəvi məsələlərə, ailə, məhəbbət və peşəyönümü işinə diqqəti artırmaq lazımdır.




Загрузка...