Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən mayın birində qəbul olunmuş qərara əsasən bu gündən etibarən Azərbaycandakı mövcud sanitar-epidemioloji vəziyyət, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri təhlil edilərək xüsusi karantin rejiminin müddəti 31 may 2020-ci il saat 00:00-dək uzadılıb. Eyni zamanda əhali arasında virusa yoluxma sürəti, xəstələrin sağalma dinamikası nəzərə alınaraq, tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılmasına dair qərar verilib.
Qərara əsasən həmçinin Respublika üzrə bütün təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin dayandırılması 31 may 2020-ci il tarixinədək uzadılır.
Qeyd: Əfəndiyeva Yaqut Akif qızı Bakı şəhəri, Yasamal rayonu 13 N-li orta məktəbi bitirib. Xarici Dillər Universitetində İngilis və Fransız dilləri fakültəsində ali təhsil alıb. Təyinatla Quba rayonu İspik kənd məktəbində ingilis dili müəllimi kimi pedaqoji fəaliyyətə başlayıb. Təyinat müddəti başa çatdıqdan sonra Bakı şəhəri, Nəsimi rayonu, 266 saylı məktəbdə çalışıb. 1987-1996 -cı illərdə Bakı şəhəri, Nəsimi rayonu, Təhsil şöbəsində Kadrlar üzrə inspektor vəzifəsində olub. Sonrakı illərdə Nəsimi rayonu, 164 saylı, Yasamal rayonu 308 saylı tam orta məktəblərdə rəhbər vəzifələrdə işləyib.
İşlədiyi müddətdə Bakı Təhsil İdarəsi və Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən "Pedaqoji mühazirələr " də fərqləndiyinə görə , "Təhsildə keyfiyyət ili" çərçivəsində "Müasir Təlim metodlarının tətbiqi”nə dair müsabiqədə elmi metodiki tövsiyəyə görə, "Təhsilin keyfiyyətinin ən səmərəli qiymətləndirilməsi mexanizmi" layihəsi müsabiqəsində yüksək yaradıcılıq keyfiyyəti nümayiş etdirdiyinə görə, "Təhsil sistemində müasir yanaşmaların təşəkkülü ili” çərçivəsində keçirilən "İlin yaradıcı fəaliyyəti ilə fərqlənən ən yaxşı təlim tərbiyə müəssisəsi” müsabiqəsində xüsusi fərqləndiyinə görə 1-ci dərəcəli Diplomlomlarla təltif edilib.
Respublika Müəllimlər Qurultayının nümayəndəsi, Respublika Qadınlar Qurultayının təşkilat komitəsinin üzvü, Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Avropa Şurasında "Europe from street to street" layihəsi üzrə nümayəndəsi, Amerika Birləşmiş Ştatlarının "Harmoniya” təşkilatının keçirdiyi müsabiqənin qalibi olmuş, bir sıra Beynəlxalq və Respublika miqyaslı Diplom və Sertifikatlara yiyələnib.
2018 – ci ildən Bakı şəhəri, Yasamal rayonu, Milli Qəhrəman A. Məmmədov adına 38 saylı tam orta məktəbin direktorudur.
–Yaqut xanım, öncə tətbiq edilən müəyyən məhdudiyyətlərin yumşaldılması, bəzi qrupa aid işçilərin fəaliyyətinin bərpa edilməsi fonunda, təhsil müəssisələrində tədris prosesinin dayandırılmasının uzadılmasına münasibətinizi öyrənmək istərdik…
-Belə bir qərarın qəbul ediləcəyi bir çoxları kimi bizim üçün də gözlənilən idi. Nəzərə alsaq, təkcə orta ümumtəhsil müəssisələrində 1 milyon 500 mindən artıq şagird, 150 minə yaxın müəllim çalışır və onu da əlavə etsək ki, kiçik yaşlıların məktəbə gətirilib, evə qaytarılmasına xeyli valideyn cəlb olunur, bu kütləvı axına yol verilməsi baxımından xeyli böyük rəqəmdir və virusun ikinci dalğasını şərtləndirən əsas amillərdən birinə çevrilə bilər. Əlbəttə, uşaqların təhlükəsizliyi, valideynlərin marağı kimi bu və digər amillər, bir sıra vacib sayıla biləcək şərtlər nəzərə alınaraq, dərslərin başlanmasının daha bir müddətə təxirə salınmasını zəruri edir. Baxmayaraq ki, Nazirimiz Ceyhun Bayramovun da hamının arzu və iradəsini ifadə etdiyi kimi "təhsil sistemində çalışan hər kəsin arzusu yenidən ənənəvi işinə qayıtmaqdır.
-Təhsil müəssisələrində tədris, təlim tərbiyə prosesinin 31 may tarixinədək dayandırılması yəqin məktəb qayğılarınızı bir az azaltmış olar…
-Əksinə, nəinki qayğılarımız, məsuliyyət və cavabdehliyimiz də bir qədər də artıb. Dövlətimizin qabaqlayıcı və davamlı tədbirlərinin öz bəhrəsini verməsinə baxmayaraq, vəziyyət tam sabitləşənədək, mövcud durum hər birimizdən olduqca həssas və ciddi yanaşma tələb edir. Çoxları, xüsusilə də təhsil sahəsidə rəhbər vəzifələrdə işləyənlər bilməmiş deyillər ki, direktor bütün konkret iş sahələri əhatə olunmaqla, məktəbin fəaliyyət istiqamətlərini müəyyənləşdirir, görüləcək işləri planlaşdırır, Nümunəvi Nizamnamə ilə müəyyən edilən vəzifələrin həyata keçirilməsinə nəzarət edir, ümumi təhsilin inkişafı ilə bağlı dövlət qərarlarından irəli gələn vəzifələrin yerinə yetirilməsinə məsuliyyət daşıyır. Kollektivə, müəllimlərimizə inam və güvənimiz nə qədər yüksək olsa belə, təkcə təhsillə bağlı qəbul olunan son qərarların, Nazirlik və İdarənin tövsiyyə və təlimatlarının gündəlik olaraq, ayrılıqda bir-bir onların hər birinə çatdırılmasına, müavinlər və sinif rəhbərləri vasitəsilə valideynlərlə müntəzəm əlaqə saxlanılmasına kifayət qədər vaxt ayırmalı oluruq.
-Gördüyünüz işlərin, həyata keçirdiyiniz tədbirlərin səmərəsini necə qiymətləndirirsiz, ümumiyyətlə məsafədən təhsilin nəticələri sizi qane edirmi?
-Bu gün, hər hansı bir nəticəni qiymətləndirmək, səmərəliliyi mübahisələndirmək, zənnimcə tələskənlik və yanlışlıq baxımından düzgün olmazdı. Bütün ölkədə olduğu kimi, rəhbərliyi mənə həvalə edilən kollektivimizin də vəzifəsi yaranmış vəziyyətin ən qısa müddətdə sabitləşdirilməsi istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən ardıcıl və məqsədyönlü kursu dəstəkləmək, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlara müvafiq olaraq öz işimizi qurmaq, epidimioloji vəziyyətin mənfi təsirlərinin aradan qaldırılmasında, yaranmış boşluğun doldurulmasında bütün qüvələrimizi səfərbər etmək, təhsilin fasiləsizliyinin təmin edilməsi üçün mövcud olan fəaliyyətin onlayn müsabiqələr, virtual sərgilər də daxil olmaqla, bütün mümkün mexanizmlərdən istifadə etməklə şagirdlərimizin aktivlıyini qoruyub saxlamaq, valideynlərimizin hər hansı bir narahatlıq keçirəcəyinə yol verməməkdir. Vəziyyətin nəzarətdə saxlanması üçün istifadəmizdə hər cür imkanlar, müvafiq dəstəkləyici resurslar – video, qrafika, səs və digər multimedia vasitələri, elektron mənbələr, vizuallaşdırılmış dərs formaları, xüsusilə də teledərslər kimi hamıya əlçatan olan bir vasitə var.
-Fəaliyyətin məsafədən təşkili, məktəb rəhbərləri ilə əlaqənin onlayn resurslardan istifadə etməklə qurulması barədə nə deyə bilərsiz?
-Bununla bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ümumi işimizə göstərdiyi köməklik xüsusi qeyd edilməlidir.
Təhsil Nazirliyi tərəfindən reallaşdırılan "Virtual məktəb” layihəsi çərçivəsində daha genişmiqyaslı distant təhsilin tətbiqi üçün müvafiq işlər həyata keçirilməsində idarənin dəstəyini xüsusilə hiss edirik. Artıq şagird və müəllimlərin böyük əksəriyyəti layihə üzrə qeydiyyatdan keçib. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə təhsil müəssisələrində aparılan dezinfeksiya tədbirlərini də müəllim və şagirdlərin sağlamlığının qorunmasına yönəlmiş addım kimi qeyd etməlyik. Mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən fəaliyyətin əsasən məsafədən təşkili, məktəb rəhbərləri ilə əlaqənin onlayn resurslardan istifadə etməklə qurulması bizi də kollektivlə müzakirələri məsafədən təşkil etməyə sövq edir. Həmçinin Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan onlayn sərgi və müsabiqələr müəllim və şagirdləri bu dövrdə də fəal olmağa, sağlam rəqabətə, işə yaradıcı yanaşmağa istiqamətləndirir.
-Gələcək planlarınız barədə qısaca da olsa bəzi fikirlərinizi bilmək maraqlı olardı…
-Əlbəttə növbəti ildə görəcəyimiz işlər, nəzərdə tutacağımız tədbirlər vəziyyətə uyğun olaraq, məktəbin "Fəaliyyət planı”nda öz əksini tapacaq. Məlum olduğu kimi insanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Müəllim-valideyn münasibətlərini doğru istiqamətə yönəltməkdə məktəbin, pedaqoji kollektivin rolu danılmazdır. Müəllimlərin kollektivlə, rəhbərliklə münasibətləri qanunlara əsaslandığı kimi, onların valideyn və qanuni nümayəndələrlə münasibəti də etik davranış qaydalarına söykənir. Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş "Müəllimlərin etik davranış qaydaları”na görə, müəllim valideyn və qanuni nümayəndələrin hüquqlarını bilməli, mütəmadi olaraq onlara təhsilalanlarla bağlı tövsiyələr verməli, valideyn və uşaqlar arasında yaranan münaqişələrin həllində yardımçı olmalıdır. Təkcə onu deyə bilərəm ki, növbəti ildə ümdə vəzifələrimizdən biri də müəllim-şagird-valideyn münasibətlərini yeni müstəviyə keçirməkdən ibarət olacaqdır.
-Məhz belə bir qənaətə gəlməyiniz bilavasitə nə ilə əlaqədardır?
-Əvvəla bu məsələ bütün pedaqoji fəaliyyətim boyu diqqət mərkəzimdə olub. Digər tərəfdən karantin rejimi dövründə bu məsələnin nə qədər vacib və zəruri olduğunun bir daha şahidi olduq. Valideynlərlə müntəzəm təmas və qarşılıqlı əlaqələr yaratdıq, onların suallarını cavablandırdıq. Bu arada isə, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinə layihə qəbulu müddətinin aprel ayının 18-dək uzadılması barədə xəbər aldıq. Yaranan fürsəti boşa verməməyi düşündük və müsabiqəyə layihəmizi təqdim etdik. Artıq, layihə ilə bağlı müraciətimizin texniki mərhələdən uğurla keçməsi və ekspertiza mərhələsində olması barədə məlumat almışıq. Layihənin uğur qazanıb qaliblər sırasında olub-olmayacağından asılı olmayaraq bu istıqamətdə işlərimizin davam etdiriləcəyində israrlıyıq…
-Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
-Çox sağ olun(AzEdu.az )