"DİM ləğv olunsa, təhsil sistemində bir sıra ciddi problemlər yarana bilər"
"DİM ləğv olunsa, təhsil sistemində bir sıra ciddi problemlər yarana bilər"
Bir çox insan son zamanlar hesab edir ki, Dövlət İmtahan Mərkəzi (DİM) ləğv olunmalı və ali məktəblərə qəbul buraxılış imtahanlarının nəticələrinə əsasən həyata keçirilməlidir.
Mövzu ilə bağlı filologiya elmləri doktoru, dosent Vüsalə Ağabəyli a bildirdi ki, o birmənalı olaraq, DİM-in ləğv olunması fikri ilə razı deyil:
AzTehsil.com xəbər verir ki, "DİM illərdir ölkəmizdə qəbul prosesinin şəffaf, obyektiv və ədalətli şəkildə həyata keçirilməsinə zəmanət verən bir qurum kimi formalaşıb. Bu sistem sayəsində hər bir abituriyent sosial statusundan, yaşadığı regiondan və ya məktəbinin imkanlarından asılı olmayaraq, yalnız öz biliyi və hazırlığı əsasında ali məktəbə qəbul olmaq şansı qazanır. DİM həm də təhsil sistemində ümumi keyfiyyətin yüksəlməsinə təsir göstərir, çünki o, məktəbləri daha məsuliyyətli və nəticəyönümlü fəaliyyətə sövq edir".
Onun sözlərinə görə, əgər DİM ləğv olunsa, təhsil sistemində bir sıra ciddi problemlər yarana bilər:
"İlk növbədə, obyektivlik və şəffaflıq prinsiplərinə xələl gələr. DİM-in əsas üstünlüyü ondadır ki, qəbul imtahanları vahid standartlara əsaslanır, nəticələr mərkəzləşdirilmiş şəkildə qiymətləndirilir və kənar təsirlərə - tanışlıq, qohumbazlıq, məktəblərarası fərqlər və s. minimum yer qalır.
DİM ləğv edilərsə, qəbul prosesi müxtəlif məktəblərin və ya universitetlərin daxili qiymətləndirməsinə əsaslana bilər. Bu isə sözsüz ki, qeyri-bərabər şərtlər yaradacaq. Paytaxtda və digər böyük şəhərlərdəki məktəblərin tədris səviyyəsi yüksək olduğundan, onların məzunları üstünlük təskiş edə bilər, bu halda regionlarda yaşayan abituriyentlər isə haqsız rəqabətlə üzləşə bilərlər".
Ekspert həmçinin əlavə etdi ki, biliyin qiymətləndirilməsinin keyfiyyəti və etibarlılığı azala bilər.
"DİM-in imtahanları illərlə sınaqdan keçmiş, psixometrik cəhətdən ölçülmüş və elmi əsaslara söykənən testlərdən ibarətdir. Əgər bu sistem aradan qalxsa, qiymətləndirmə birbaşa olaraq subyektivliyə açıq olacaq, nəticədə həm tələbə seçimi, həm də təhsilin keyfiyyəti aşağı düşə bilər. Ən əsası da, ictimai etimad məsələsi var. Cəmiyyət DİM-ə etibar edir, çünki insanlar bilir ki, bu sistemdə nəticəni yalnız bilik müəyyən edir. Onun ləğvi abituriyentlərdə, o cümlədən valideynlərdə də ədalətsizlik anlayışına yola aça bilər və təhsil sahəsinə olan inamı azaldar. DİM-i ləğv etmək deyil, onu daha çevik, müasir və şagird yönümlü bir sistemə çevirmək lazımdır. Sadələşdirilmiş, daha praktik yönümlü, lakin yenə də obyektiv və şəffaf imtahan modeli gənclərimiz üçün ən sağlam yoldur.
Əlbəttə, zamanla hər bir sistem kimi DİM-in də təkmilləşdirilməsinə ehtiyac var.
Məncə, əsas istiqamətlərdən biri imtahanların sadələşdirilməsi, yəni sualların daha çox şagirdin tənqidi düşünmə bacarığını və praktik biliklərini ölçən formada hazırlanması ola bilər. Eyni zamanda, imtahan mərhələlərinin azaldılması və qiymətləndirmə meyarlarının daha çevik olması abituriyentlər üçün həm stresi azalda bilər, həm də daha real nəticələr əldə etməyə imkan verər. Hər zaman deyirəm, biz elmə, təhsilə gələn yolları şəffaflığı təmin etməklə açıq saxlamalıyıq. DİM-i ləğv edərək başqa bir pərakəndəliyə, özbaşınalığa şərait yaratmaqdansa, qəbul imtahanlarını sadələşdirmək, qəbul prosesinin səmərəliliyini artırmaq və potensiallı gənclərin yerli təhsil müəssisələrinə gələn yollarına dəstək olmaq lazımdır. Yəni, problemin həllini DİM-i ləğv etməkdə deyil, onun fəaliyyətini müasirləşdirməkdə və gənclərin maraqlarına daha uyğun hala gətirməkdə görürəm", - deyə Vüsalə Ağabəyli bildirdi.![]()












