Nadir İsrafilov: “İctimaiiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam…”
"İctimaiyyəti yanlış istiqamətə yönəldə biləcək proqnozlar verməkdən uzağam. Tədrislə bağlı suallar bu və ya digər dərəcədə cavablandırılsa da, tam əminlik yaranmır və yarana da bilməz”.
"Məlum olduğu kimi, qlobal xarakter alan və nə vaxt səngiyəcəyi hələ də dəqiq bilinməyən koronovirus təhlükəsi cəmiyyətin bütün sosial-iqtisadi həyatına olduğu kimi təhsilimizə də təsirsiz ötüşməyib. Pandemiyanı mümkün qədər zərərsiz adlatmaq üçün dövlətimiz tərəfindən lazım olan bütün qabaqlayıcı addımlar atılıb, kompleks və məqsədyönlü tədbirlərin həyata keçirilməsi davamlı xarakter alıb, xalqımız da öz növbəsində bu bəşəri bəladan mümkün qədər tez qurtulmaq üçün kifayət qədər lazımi dəstək, həmrəylik, mütəşəkkillik, dözümlülük nümayiş etdirir. Bu gün bizim, bu vaxta qədər göstərdiyimizdən də daha artıq birlik və anlaşıqlıq göstərməyimiz, gələcəyimiz olan təhsilə təkcə ümumdövlət işi deyil, həm də ümumxalq işi, ümummilli məsələ kimi yanaşmağımız qürurverici və təqdirəlayiq haldır”.
"Geniş ictimaiyyəti maraqlandıran və onlarda müəyyən narahatlıq yaradan təbii sayıla biləcək bir sıra suallar meydana çıxır ki, bununla bağlı bir təhsil eksperti, Təhsil Nazirliyi yanında İctimai Şuranın təmsilçisi kimi mənə də xeyli müraciətlər ünvanlanır. Məsələn, "Buraxılan dərslər necə kompensasiya olunacaq?” ; "Şagirdlərin dərs keçmədikləri halda qiymətləndirilməsi necə aparılacaq?”;"İmtahanlar hansı formada keçirələcək?”; "Məsafədən təhsil nə dərəcədə uğurludur?”; "Teledərslər məktəblilərin mövcud proqramdan geri qalmaması üçün nə dərəcədə effektlidir?” və s. və i.a. Əlbəttə ,bu kimi suallar bu və ya digər dərəcədə cavablandırılsa da, tam əminlik yaranmır və yarana da bilməz.
Xeyli texniki imkanların olmasına, internet üzərindən elektron dərs metodlarının tətbiqinə baxmayaraq, təhsilalanların bilavasitə tədris prosesindən kifayət qadər ayrı düşməsi heç şübhəsiz ki, onların bilik, bacarıq və vərdişlərinə təsirsiz ötüşməyəcəyini hamı dərk edir. Dövlət və özəl olmasından asılı olmayaraq bütün təhsil müəssisələri müvəqqəti fasilədən yaranan boşluğu kompensasiya etmək, proqram materiallarındakı geriliyi aradan qaldırmaq üçün hamılıqla ümumi işə səfərbər olunub, müxtəlif təhsilalma formalarının, xüsusilə, distant adlanan məsafədən imkanlarından geniş istifadə edirlər. Bu istiqamətdə artıq istər dövlət, istərsə də ayrı-ayrı özəl təhsil müəssisələrində müəyyən təcrübə əldə edilib və bu istiqamətdə işlər uğurla davam etdirilir”.
"Əlbəttə, belə bir vəziyyətlə ilk dəfə rastlaşdığımızdan konkret proqnoz vermək də xeyli çətinləşir, öncəgörənlik etmək isə, əslində cəmiyyəti yanlış istiqamətə yönəltmək anlamına gəlir. Çünki, hər şey bizim iradəmizdən deyil, hadisələrin sonrakı gedişindən, proseslərin necə davam edəcəyindən asılıdır. Buna görə də bu gün başlıca vəzifə müəllimlər, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə və izahat işlərini davam etdirmək, təhsilalan-təhsilverən əlaqələrini imkan daxilində onlayn müstəvisinə keçirməkdən, video, qrafika, səs və digər multimedia vasitələrinə, elektron resurslara, teledərslərə, vizuallaşdırılmış dərs formalarına, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara, adi telefon bağlantısı və digər bu kimi ehtiyat mexanizmlərinə, mövcud olan bu kimi digər resurslara istinad etməklə, müvəqqəti fasilədən yaranan boşluqlarla əlaqədar passivliyi aradan qaldırmaq, mümkün olan bütün metod və formalardan istifadə etməklə təhsilalanların aktivliyinin qorunub saxlanılmasına nail olmaq, Nazirlər Kabineti yanında Operativ Qərargahın rəsmi məlumatlarına və yaranmış vəziyyətin tənzimlənməsi ilə əlaqədar Təhsil Nazirliyin tövsiyə və təlimatlarına istinad etmək lazımdır”.
"Hesab edirəm ki, ölkə başçısı Azərbaycan xalqına müraciətində gələcək fəaliyyətimizə konkret şəkildə kifayət qədər aydınlıq gətirib: "Ancaq əlbəttə, işlərin gələcək inkişafı göstərəcək ki, bizim sonrakı addımlarımız nədən ibarət olacaq. Hər halda bu ciddi karantin rejimi ayın 20-nə qədər qüvvədə qalacaq. Ondan sonra biz addımlarımızı yaranacaq vəziyyətə uyğun şəkildə atacağıq””-deyə sədr müavini N. İsrafilov sözlərinə əlavə edib.