"Azərbaycanlı tələbələr üçün itirilmiş imkanlar"
Erasmus+ proqramının dayandırılması-"Azərbaycanlı tələbələr üçün itirilmiş imkanlar"
AzTehsil.com xəbər verir ki, Azərbaycanlı gənclərin Avropada beynəlxalq təhsil və mədəni mübadilə imkanlarına qapı açan Erasmus+ proqramının dayandırılması, onların akademik və peşəkar inkişaf perspektivlərini ciddi şəkildə məhdudlaşdırır.
Mövzu ilə bağlı təhsil eksperti Elçin Əfəndi "informator.az"a açıqlamasında bildirib ki, Erasmus Plus proqramı yəqin ki, bir müddətdən sonra bəlkə də bərpa olunacaq. Amma hazırda ləğvinin xoşagələn bir hal olmadığını vurğulayıb:
"Çünki biz daha çox istəyirik ki, Azərbaycan Respublikası vətəndaşları xarici ölkələrdə, xüsusilə də Avropa ölkələrində təhsil ala bilsinlər. Bir çox ali təhsil müəssisəmiz Erasmus Plus proqramına qoşulub və hal-hazırda da qoşulanlar var. Lakin məhz məhdudiyyətin tətbiqi və qəbulun aparılmaması həmin ali təhsil müəssisələrinə, orada təhsil alan tələbələrin xaricə çıxış imkanlarını məhdudlaşdırır. Məsələn, əvvəllər birinci kursda oxuyan tələbələr ikinci kursdan Erasmus proqramı çərçivəsində xaricə gedə bilirdilər. Ola bilsin, bir illik təhsil alıb geri dönürdülər və yaxud da hansısa xarici ölkəyə köçürülə bilirdilər. Təəssüf ki, bu imkanlar artıq mövcud olmayacaq".
Ekspertin sözlərinə görə, təhlükəsizlik məsələləri baxımından düşünürüksə, nəzərinizə çatdırım ki, dövlət tərəfindən ölkəmizə qarşı hər hansı əks-təbliğat aparılırsa, fərqi yoxdur, bu Erasmus proqramıdır, yaxud da Beynəlxalq Qızıl Xaçdır – əgər belə hallar varsa, təbii ki, onlara qarşı müəyyən tədbirlər görülür:
"Ola bilər ki, Erasmus çərçivəsində hər hansı neqativ hallar aşkarlanıb, kimsə bu proqram vasitəsilə hansısa ölkənin kəşfiyyat orqanına məlumat ötürüb. Bu barədə dəqiq məlumatım olmasa da, düşünmürəm ki, buna görə birbaşa ləğv edilsin. Lakin bu cür hallar digər beynəlxalq təşkilatlarda da aşkarlandığı üçün məsələyə ehtiyatla yanaşılır".
Müsahib qeyd edib ki, konkret olaraq Erasmus Plus proqramının tam ləğvi təhlükəsi barədə sual verirsinizsə, əlbəttə ki, başqa bir proqramın gəlmə ehtimalı var:
"Ola bilər ki, başqa bir beynəlxalq təhsil proqramına qoşulaq. Yəni Erasmus-un olmaması təhsil üçün mütləq şəkildə təhlükə yaratmır. Daha yaxşı bir proqram da yaradıla bilər. Bundan əlavə, dövlət xaricdə təhsil almaq istəyən tələbələr üçün müəyyən imkanlar yaradıb. Hər il 2000 nəfər həm bakalavr, həm də magistratura təhsili üçün xaricə göndərilir. Sonuncu dövlət qərarına əsasən, təhsil qrantları genişləndirilib və daha çox tələbəyə xaricdə təhsil almaq imkanı yaradılır".