AzTehsil.com


Xəbərlər
04 may 2017
3 426


"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır



"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

 

Azərbaycanda təhsilin inkişafında ümummilli lider Heydər Əliyevin xidmətləri danılmazdır. Ulu öndərin fəaliyyətində təhsilin inkişafına diqqət və qayğı həmişə mühüm yer tuturdu. Təhsilin cəmiyyətdə rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi şəxsiyyətin dəyərli ideyaları ölkəmizdə bu sahədə islahatların əsas istiqamətlərini müəyyənləşdirmiş, onun tövsiyələri təhsil sisteminin inkişaf proqramına çevrilmişdir. Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində, habelə müstəqilliyimizin ilk illərində təhsil sahəsi ilə bağlı irəli sürdüyü fikir və ideyalarla tanış olarkən onların zamanı necə qabaqladığının bir daha şahidi olursan. Ulu öndərin çıxışlarında, pedaqoji ictimaiyyətlə görüşlərində təhsilin məzmunu, təlim-tərbiyə prosesinin mahiyyəti, cəmiyyətdə müəllimin rolu barədə irəli sürdüyü konseptual müddəalar bu gün də aktualdır.
 
Heydər Əliyev 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qurultayında "Biz bu gün də, gələcəkdə də gənclərimizi təhsilə, biliyə cəlb etməliyik, təhsilin keyfiyyətini artırmalıyıq, təhsil sahəsini daha da mükəmməlləşdirməliyik”, 1997-ci ildə Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdə isə "Müasir həyat və dünyanın gələcəyi insanlardan daha çox bilik tələb edir. Gələcək bilikli, elmli insanların çiyinləri üstündə qurulacaqdır” söyləmişdir. Həmin ildə yeni dərs ilinin başlanması münasibətilə Bakı şəhəri 18 nömrəli məktəbdə keçirilmiş görüşdə "Hər bir xalqın səviyyəsini onun bilik səviyyəsi müəyyən edir. Bilik səviyyəsinə də nail olmaq üçün təhsil daim mövcud olmalıdır və o, ardıcıl surətdə inkişaf etməlidir. Biz gələcəkdə Azərbaycanın təhsilinin daha da təkmilləşməsinə, keyfiyyətinin yüksəlməsinə nail ola biləcəyik” demişdir. 
 
Təhsilin insanın formalaşmasında mühüm rolu və keyfiyyəti barəsində bu uzaqgörən fikirlər hazırda da dünyada əsas inkişaf tendensiyalarından biridir. Təsadüfi deyildir ki, 2016-cı ildə BMT tərəfindən qəbul olunan, dünyanın bütün ölkələrinə tövsiyə edilən və Azərbaycanın da qoşulduğu 17 Dayanıqlı İnkişaf Məqsədindən biri "Ədalətli, keyfiyyətli və hamını əhatə edən təhsilin təmin edilməsi, hamı üçün ömür boyu təhsil alma imkanlarının dəstəklənməsi”dir. Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 29 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilin keyfiyyətinin təminatı sisteminin yaradılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Onu da vurğulamaq istərdim ki, bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində son illərdə ümumi təhsilin keyfiyyət göstəriciləri dinamik şəkildə artmaqdadır. Belə ki, 2012-ci illə müqayisədə bütün imtahan fənlərindən müsbət qiymət almış IX sinif məzunlarının sayı 50,2 faizdən 2016-cı ildə 67,2 faizədək artmış, son 4 ildə imtahan nəticələri 
 
17 faiz yüksəlmişdir. "Əla” qiymət alanların sayı 2015-ci ildəki 7 faizdən 2016-cı ildə 9,2 faizə yüksəlmişdir. XI sinif məzunlarının buraxılış imtahanlarında hər üç fəndən müvafiq qiymət alanların çəkisi 2016-cı ildə 2015-ci ilə nisbətən 
 2 faiz artaraq 65 faiz olmuşdur. Bu siniflərdə hər üç fəndən "əla” qiymət alan şagirdlərin sayı 6,8 faizdən 8,8 faizə yüksəlmişdir.
 
Heydər Əliyev həmişə müəllim əməyinə və müəllim peşəsinə böyük qiymət vermişdir. 1996-cı ildə Bakı şəhərinin Nərimanov rayonunda yeni ümumtəhsil məktəbinin açılışı mərasimində demişdir: "Azərbaycan xalqı yüksək elmə, yüksək biliyə, savada malik olan bir xalqdır. Bunlar hamısı Azərbaycan müəllimlərinin gərgin fəaliyyətinin nəticəsidir”. 1998-ci ildə 1970-1987-ci illərdə Azərbaycandan kənarda ali təhsil almış mütəxəssislərlə ümumrespublika toplantısında müəllim adını və şərəfini ən yüksək zirvəyə qaldıraraq bəyan etmişdir: "Müəllim adı dünyada ən yüksək addır. Məsələn, şəxsən mən Yer üzündə müəllimdən yüksək ad tanımıram. Çünki hər birimizə təhsil, bilik verən, bu səviyyəyə qaldıran məktəbdir və məktəbdə təhsil verən də müəllimdir. Orta məktəb olsun, yaxud ali məktəb, fərqi yoxdur, hamısında təhsil verən müəllimdir. Ona görə həyatımda ən çox sevdiyim adamlar mənim müəllimlərim olubdur. Mənə ilk təhsil verən, birinci sinifdən başlayaraq təhsil verən müəllimlərin hamısını böyük minnətdarlıqla xatırlayıram və bu fürsətdən istifadə edib müəllim peşəsinə bir daha yüksək hörmət-ehtiramımı bildirirəm. Sizə tövsiyə edirəm ki, müəllim adını həmişə yüksək tutasınız”. 
 
Bu gün də Azərbaycanda müəllimə diqqət dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Müəllimlik peşəsinin ictimai nüfuzunun yüksəldilməsi, bilikli və hazırlıqlı insanların bu peşəni seçməsinə stimulun yaradılması istiqamətində "Müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” ölkə Prezidentinin sərəncamına əsasən son 2 ildə diaqnostik qiymətləndirmədən keçən 100 min müəllimin (bütün müəllimlərin 70 faizi) əməkhaqqında əhəmiyyətli artım təmin edilmişdir. Təkcə 2016-cı ildə ölkə Prezidentinin sərəncamlarına əsasən təhsilin inkişafında xüsusi xidmətlərinə görə 175 nəfər müəllim yüksək dövlət təltiflərinə layiq görülmüş, o cümlədən 1 nəfərə "Şərəf” ordeni, 2 nəfərə "Şöhrət” ordeni, 1 nəfərə "3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni, 1 nəfərə "Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, 76 nəfərə "Tərəqqi” medalı verilmiş, 3 nəfər "Əməkdar elm xadimi”, 93 nəfər "Əməkdar müəllim”, 2 nəfər "Əməkdar jurnalist”, 1 nəfər "Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adları almışdır.
 
Heydər Əliyevin 1997-ci ildə keçirilmiş Azərbaycan və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşdə gənclərə "XXI əsr Sizin əsriniz, Sizin dövrünüz olacaqdır. Siz və sizin kimi Azərbaycan gəncləri, yeniyetmələri, yüksək təhsilli insanları həmin əsrdə müstəqil, azad respublikamızı yaşadacaqsınız, inkişaf etdirəcəksiniz” müraciəti ölkəmizin gələcək inkişafı və tərəqqisinin gənclərdən asılı olduğuna inamı ifadə edirdi. Məhz bu ideyadan çıxış edərək Heydər Əliyev 1970-80-ci illərdə Azərbaycandan kənarda ölkə üçün ehtiyac duyulan ixtisaslar üzrə 15 mindən artıq gəncin ali təhsil almasına, yüksək ixtisaslı mütəxəssislər kimi hazırlanmasına imkan və şərait yaratmışdı. 
 
Ümummilli liderin bu ənənələrini davam etdirən Prezident İlham Əliyevin 2007-ci ilin aprelində imzaladığı sərəncamla "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair Dövlət Proqramı”nı təsdiq etməsi ölkəmizin təhsil sahəsində beynəlxalq əlaqələrinin daha da genişlənməsinə hərtərəfli imkanlar açmışdır. Proqram çərçivəsində təhsil almaq hüququ qazanmış tələbələrin sayı 3558 nəfərə çatmış, bu günədək dövlət proqramı çərçivəsində 1470 nəfər məzun olmuşdur. Həmin məzunlar dünyanın ən aparıcı universitetlərində ölkəmiz üçün zəruri olan tibb, mühəndislik, İKT, kənd təsərrüfatı, turizm və digər sahələr üzrə təhsil almışlar. Proqram məzunlarının 95 faizi öz ixtisas istiqaməti üzrə, 5 faizi başqa sahədə fəaliyyətini davam etdirir. Məzunların 60 faizi özəl sektorda, 
 
40 faizi isə dövlət sektorunda çalışır. 
 
Ulu öndərin 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qurultayında "Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzun əməyə hazırdırmı - bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi, bax, bu meyarla müəyyən edilir”, 1999-cu ildə respublika təhsil işçiləri və ali məktəblərə daxil olmuş tələbələrlə görüşdə "İnsan təhsilinin əsasını orta məktəbdə alır... Əgər 11 il müddətində uşaq I sinifdən başlayaraq sona qədər köklü təhsil almasa, yaxşı hazırlaşmasa, o gedib universitetə imtahan verə bilməz. Heç lazım da deyil ki, hər bir orta təhsil alan getsin universitetə imtahan versin. Bu, mümkün də deyildir. Bu, keçmişdə də mümkün olmayıbdır, bu gün də mümkün deyildir - ancaq ola bilər, ondan sonra gedib universitetdə ali təhsil almasa da, həyatda yaşayacaqdır, həyatda fəaliyyət göstərəcəkdir, cəmiyyətdə olacaqdır. Əgər onun fundamental, köklü orta təhsili varsa, o, cəmiyyətdə özünə yer tapacaq, çalışacaq, özünü, ailəsini yaşadacaqdır. Amma ən vacibi də odur ki, cəmiyyətimizin qürurlu üzvü olacaqdır” fikirləri bu gün də ümumi təhsilin məqsəd və vəzifələrini müəyyənləşdirən əsas amillərdir. Bu fikirlərdən çıxış edərək Heydər Əliyev peşə təhsilinin inkişafına böyük diqqət göstərirdi. Respublikada texniki-peşə təhsili şəbəkəsinin inkişaf dinamikasının təhlili göstərir ki, ötən əsrin 80-ci illərində 184 məktəbdə 230 peşə üzrə 110 min şagird təhsil alırdı. 
 
Müstəqillik illərində də ilk peşə-ixtisas təhsilinin inkişafı əsas prioritetlərdən biri kimi müəyyənləşdirilmişdir. İlk peşə-ixtisas təhsili sahəsində peşə hazırlığının səmərəliliyini artırmaq və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-ci il tarixli fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmış və fəaliyyətə başlamışdır. Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 6 dekabr 2016-cı il tarixli fərmanına uyğun olaraq peşə təhsili və təliminin inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyən edilmiş, "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” hazırlanmış və təsdiq edilmişdir. Hazırda əmək bazarının tələbləri nəzərə alınmaqla müasir peşə-tədris mərkəzlərinin yaradılması sahəsində yerli və beynəlxalq təşkilatlarla birgə layihələr həyata keçirilməkdədir. 
 
Heydər Əliyev biliklərə əsaslanan cəmiyyətin qurulmasını ən aktual vəzifələrdən biri hesab edir, bu prosesdə təhsilin roluna böyük önəm verirdi. 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşündə "Müasir texnikanı, müasir bazar iqtisadiyyatının bütün yollarını mənimsəmək, respublikada tətbiq etmək üçün gələcək nəsli hazırlamaq və keçmiş dövrə nisbətən bir çox yeni ixtisaslar üzrə kadrlar hazırlamaq lazımdır. Şübhəsiz ki, bütün bunlar ali təhsil səviyyəsində olacaqdır. Bunu iqtisadiyyatımızın bugünü və gələcəyi tələb edir”, "Bu günün tələbləri, gələcəyin tələbləri baxımından dünyanın hər yerində, bütün ölkələrdə inkişaf etmiş iqtisadiyyatı, texnologiyanı, texnikanı mənimsəmək, onları respublikada tətbiq etmək, ölkəmizin iqtisadiyyatını, mədəniyyətini, təhsilini, elmini dünya standartları səviyyəsinə qaldırmaq üçün gənclərimizə lazım olan fənlərin tədrisini gərək yaxşı təşkil etsinlər. Beləliklə də bizim gənclərimiz gərək bütün əvvəlki nəsillərə nisbətən daha yüksək təhsil almış olsunlar” deməklə Azərbaycan iqtisadiyyatının gələcək perspektivlərini müəyyənləşdirirdi. 
 
Azərbaycanın müstəqilliyinin ilk illərində Heydər Əliyev tərəfindən irəli sürülən bu konseptual ideyalar məqsədyönlü şəkildə reallaşdırılmaqdadır. Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 6 dekabr tarixli fərmanı ilə 12 istiqamət üzrə strateji yol xəritələri təsdiq edilmişdir. Strateji yol xəritələrində dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə sektorlar üzrə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələr kimi müəyyənləşdirilmişdir.
 
Ümummilli lider öz çıxışlarında ümumtəhsil məktəblərində ayrı-ayrı fənlərin tədrisini, şəxsiyyətin formalaşdırılmasını təmin edən və onlara zəruri həyati bacarıqlar aşılayan mühüm amil kimi dəyərləndirirdi. Onun 1975-ci ildə tələbələrlə görüşdə "Yeniliyi dərindən mənimsəmək, yaradıcılıqla düşünməyi bacarmaq, özünə çalışqanlıq, axtarış bacarığı, tədqiqat məharəti aşılamaq lazımdır” kimi gənclərə ünvanladığı dəyərli tövsiyələr hazırda ümumi təhsilin başlıca məqsədlərindən birinə çevrilmişdir. Ulu öndərin 1978-ci ildə Azərbaycan müəllimlərinin VI qurultayında irəli sürdüyü "Məktəbdə ana dilinin və ədəbiyyatın tədrisi formalarını və metodlarını daim təkmilləşdirmək, uşaqlarda sözə, obrazlı təfəkkürə məhəbbət hissi aşılamaq, onları mədəniyyət nailiyyətləri ilə, dünya və Azərbaycan poeziyası və nəsri klassiklərinin yaradıcılığı ilə, ədəbiyyatın qızıl fonduna daxil olmuş görkəmli əsərlərlə tanış etmək lazımdır. Ana dilini, doğma xalqın ədəbiyyatını, mədəniyyətini dərindən bilmək elmli adam üçün zəruri keyfiyyətdir, vətəndaşın şəxsiyyətinin hərtərəfli inkişafı üçün şərtdir”, "Bizim məktəblər şagirdlərin riyaziyyat, fizika, kimya, biologiya və başqa fundamental fənlər sahəsində möhkəm biliklərə yiyələnməsini təmin etməlidir. Gənclər elmi işçilərin sırasına daha fəal qoşulmalı, elmi-texniki tərəqqinin tətbiq edilməsinin önündə getməlidirlər. Fundamental və texniki fənləri dərindən mənimsəmək, bu fənlərin tədrisi səviyyəsinə daim diqqət yetirmək lüzumu bundan irəli gəlir”, "İctimai fənlərin təlimi keyfiyyətinin böyük əhəmiyyəti vardır. Gənc şəxsiyyətin təşəkkülündə, gənclərin dünyagörüşünün formalaşdırılmasında ictimai fənlərin rolu xüsusilə böyükdür. İctimai fənləri yaxşı bilmək hər bir məktəblidə vətənə məhəbbət hissinin, xalqın rifahı naminə fədakarlıqla çalışmaq əzminin tərbiyə olunmasına və inkişaf etdirilməsinə kömək edir”, 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə dediyi "Azərbaycan dili öz söz ehtiyatına görə, fikri ifadə etmək imkanlarına görə çox zəngindir. Ancaq lazımdır ki, Azərbaycan dilinin bu zənginliyi, bu böyük imkanları orta məktəbdə ilk təhsilə başlayan hər bir gənc tərəfindən mənimsənilə bilsin və gənclərimiz artıq orta məktəbdə öz dilini, ədəbi dilini, mədəni dilini yaxşı mənimsəsin, öz dilində yaxşı danışa bilsin, öz dilində fikrini ifadə edə bilsin”, "Azərbaycan tarixi gərək orta məktəblərimizdə gənclərimizə yaxşı aşılansın. Gənclərimiz öz tarixini, öz tarixi köklərini və öz keçmişini gərək yaxşı bilsinlər. Çünki mənəviyyatımız, gənclərin bu günü və gələcək mənəviyyatı bununla bağlıdır” sözləri indi də həmin fənlərin məqsəd və vəzifələrini aydın ifadə edir. Eyni zamanda ümummilli liderin bu mülahizələri hazırda aparılan məzmun islahatları çərçivəsində ümumi təhsilin standartları və proqramlarının (kurikulumlarının) işlənməsində aparıcı istiqamət kimi nəzərə alınır.
 
Ümummilli liderin 1997-ci ildə Azərbaycanın və xarici ölkələrin ali məktəblərinə qəbul olunmuş tələbələrin bir qrupu və onların valideynləri ilə görüşdə dediyi "Lazımdır ki, gənclərimiz orta məktəbi bitirərkən 2-3 xarici dil bilsinlər”, "Gənclərimiz nə qədər çox dil bilsələr, bir o qədər zəngin dünyagörüşə malik olacaqlar. Bu, müasir dünyanın tələbləridir” müddəaları isə ümumi təhsil sahəsində şagirdlərdə formalaşdırılması zəruri olan əsas kompetensiyaları müəyyənləşdirirdi. 
 
Heydər Əliyev milli təhsil sisteminin rəqabətqabiliyyətli olması, dünyada təhsilin inkişaf tendensiyalarının öyrənilməsi və mütərəqqi təcrübələrin tətbiqinin təşəbbüskarı olmuşdur. 1994-cü il avqustun 31-də Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə ümummilli liderin "İndiyə qədər yaranmış təhsil, bilik, elm potensialından, həm də bütün ölkələrlə hazırkı əlaqələrdən istifadə edərək inkişaf etmiş ölkələrin təcrübəsini təhsil sahəsində tətbiq etmək mümkündür”, "İndi bizim təhsil sistemimiz müstəqil Azərbaycanın gələcək inkişafını təmin etməlidir. Bu yolda keçiriləcək islahatlar gərək müstəqil Azərbaycanın milli mənafelərinin inkişafına yönəlsin”, 1999-cu ildə Təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasında "Dünya təcrübəsindən Azərbaycanın milli xüsusiyyətlərinə uyğun olan prinsiplər, qaydalar təhsil sistemimizə tətbiq edilməlidir. Biz dünyanın bütün ölkələrində-Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik” deyərək irəli sürdüyü fikirləri əsas tutaraq hazırda da islahatlar prosesində inkişaf etmiş ölkələrin təcrübəsi öyrənilir və onlara istinad edilir.
 
Ulu öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” 1999-cu il iyunun 15-də təsdiq edilmişdir. Proqramda təhsilin gələcək inkişaf konsepsiyası və strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. İslahat proqramının əsas konseptual ideyasını və təməl prinsiplərini Heydər Əliyevin irəli sürdüyü müddəalar - təhsil sistemində hər bir yeniləşmənin təkamül yolu ilə aparılması, dünyanın inkişaf etmiş ölkələrinin islahat təcrübəsinin nəzərə alınması və islahatların xalqımızın milli-mənəvi dəyərlərinə əsaslanılması təşkil etmişdir. 
 
Dahi Heydər Əliyevin təhsil sahəsində islahatları üzrə konseptual ideyalarının davamı kimi hazırda "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” həyata keçirilməkdədir. Sənədə əsasən beş strateji istiqamətdə islahatlar aparılır: 
1.Səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması.
2.Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması. 
3.Nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik, dövlət-ictimai xarakterli və dövlət-biznes partnyorluğuna əsaslanan təhsildə yeni idarəetmə sisteminin formalaşdırılması. 
4.Müasir tələblərə cavab verən və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılması. 
5.Təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin yaradılması.
 
Ulu öndər 1994-cü ildə Bakı şəhərinin təhsil işçiləri ilə görüşdə "Respublikamız müstəqil dövlət kimi Azərbaycanın öz milli ideologiya konsepsiyasını yaradaraq, inkişaf etdirərək, şübhəsiz ki, təhsil sahəsini də milli məqsədlər, mənafelər əsasında qurmalıdır”, 1997-ci ildə yeni dərs ilinin başlanması münasibətilə Bakı şəhəri 18 nömrəli məktəbdə keçirilmiş görüşdə "Dövlət müstəqilliyinin xalqımıza bəxş etdiyi nemətlərdən biri də budur ki, biz artıq öz təhsil sistemimizi xalqımızın, millətimizin tarixinə, mənəviyyatına, ənənələrinə uyğun qururuq” deyirdi. 
 
Heydər Əliyev tərəfindən müəyyənləşdirilən milli ideoloji konsepsiyanın müstəqil Azərbaycanın gənc nəslinə aşılanması istiqamətində ümumi təhsil sistemində dərsliklərin məzmununun yeniləşdirilməsi, yeni dərslik komplektlərinin hazırlanması sahəsində əhəmiyyətli işlər görülmüşdür. Son illərdə ümumi təhsil sahəsində istifadə edilən bütün dərsliklər məzmunca yeniləşdirilmişdir.
 
Heydər Əliyev daim azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, milli özünüdərkin təmin edilməsi, xalqın tarixi yaddaşının özünə qaytarılması, milli dövlətçilik hisslərinin gücləndirilməsi zərurəti ilə bağlı ideyaları irəli sürmüş və həmin ideyaların reallaşdırılmasını bir vəzifə kimi təhsil işçiləri qarşısında qoymuşdur. Ulu öndər təhsilin milli mənafelər əsasında qurulması zərurətini vurğulamaqla uşaq və gənclərin milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə olunmasını diqqət mərkəzinə çəkirdi. 1998-ci ildə söylədiyi "Xalqımızın milli-mənəvi dəyərləri bizim milli sərvətimizdir. Bizim milli və dini dəyərlərimizin məqsədi insanları saflığa, düzlüyə, paklığa dəvət etməkdən, insanları bu əhvali-ruhiyyədə tərbiyə etməkdən ibarətdir” fikirləri bü gün də təhsil müəssisələrində tərbiyə konsepsiyasının əsasını təşkil edir.
 
Azərbaycan Boloniya Bəyannaməsinə 2005-ci ilin mayında qoşulmuşdur. Lakin çox əlamətdardır ki, ulu öndər bu bəyannamədə təsbit olunmuş əsas məqsədlərin mahiyyətini hələ 1999-cu ildə təhsil sahəsində islahatlar üzrə Dövlət Komissiyasının iclasında bəyan etmiş, "Azərbaycanın təhsil sistemində təhsil alan insanların və xüsusən ali məktəbləri bitirənlərin bilik səviyyəsi və onların biliklərini təsdiq edən sənədlər gərək dünyanın inkişaf etmiş ölkələrinin ali məktəblərinin bilik səviyyəsinə uyğunlaşdırılsın. Onların prinsiplərinə uyğunlaşdırılsın ki, Azərbaycanda təhsil almış və mühəndis diplomu almış bir insan başqa ölkələrdə də həmin diplomla qəbul edilə və fəaliyyət göstərə bilsin” deməklə uzaqgörənliklə ölkəmizin ali təhsil sistemi qarşısında dayanan ən zəruri vəzifəni müəyyənləşdirmişdir.
 
Heydər Əliyev həmişə məktəb tikintisinə, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsinə böyük diqqət yetirmişdir. 1998-ci ildə Azərbaycan müəllimlərinin XI qurultayında bu işin nə qədər vacib olduğunu qeyd edərək demişdir: "Azərbaycanda fəaliyyət göstərən iş adamlarına, şirkətlərə müraciət edirəm ki, onlar bu bu sahədə təşəbbüs göstərsinlər.” Bu çağırışdan sonra ayrı-ayrı yerli və beynəlxalq şirkətlər və iş adamları tərəfindən yeni məktəb binaları tikildi və ya əsaslı təmir edildi. 2002-ci ildə Bakı şəhəri Suraxanı rayonundakı 275 nömrəli məktəbdə olarkən ümummilli lider Heydər Əliyev öz çıxışında "Mən bu gün bəyan edirəm ki, yaxın zamanlarda Azərbaycanda məktəb tikintisi, məktəblərin müasir avadanlıqlarla təmin olunması, təmir edilməsi ilə əlaqədar ciddi tədbirlər haqqında öz təkliflərimi irəli sürəcəyəm” demiş, bu problemin dövlət üçün prioritet məsələ olmasını vurğulamışdı. Həmin çıxışdan qısa müddət keçdikdən sonra ölkə Prezidenti "Azərbaycan Respublikası ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 4 oktyabr 2002-ci il tarixli sərəncam imzalamışdı. Qısa müddətdən sonra isə ölkə Prezidentinin 17 fevral 2003-cü il tarixli 1147 nömrəli Sərəncamı ilə "Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair proqram (2003-2007-ci illər)” təsdiq edilmişdi. Qeyd edilməlidir ki, bu, müstəqillik illərində təhsil sahəsində qəbul edilmiş ilk dövlət proqramı idi. Həmin proqram milli təhsil sisteminin inkişafında mühüm amil olan ümumtəhsil məktəbləri şəbəkəsinin genişləndirilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə etibarlı zəmin yaratdı. Sonrakı illərdə Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi, regionların sosial-iqtisadi inkişaf proqramlarına əsasən məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində son dərəcə əhəmiyyətli işlər görüldü. Azərbaycanda 3 mindən çox yeni məktəb binası tikildi, əsaslı təmir edildi və müasir avadanlıqlarla təchiz olundu. O cümlədən, ulu öndərin adını daşıyan Heydər Əliyev Fondunun təşəbbüsü ilə 400-dən çox məktəb binası tikildi və ya əsaslı təmir edildi. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində atılan əhəmiyyətli addımlar nəticəsində şagirdlərin 80 faizinin təlim şəraiti yaxşılaşdırıldı.
 
Ulu öndər Heydər Əliyevin Azərbaycanda təhsilin inkişafı ilə bağlı şərəfli fəaliyyətinə qısa ekskurs bir daha sübut edir ki, dahi şəxsiyyətin zəngin irsi qiymətli bir xəzinə kimi daim öyrənilməlidir. Zamandan asılı olmayaraq Heydər Əliyev ideyaları daim yaşayacaq və müstəqil Azərbaycanın inkişafı və tərəqqisinə öz töhfəsini verəcəkdir.
 
Təhsil Naziri Mikayıl Cabbarov



Загрузка...