Ümummilli Liderin çoxşaxəli fəaliyyətinin öyrədilməsinə həsr olunmuş "Heydər Əliyev dərsləri”nə maraq günbəgün artır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində məktəb-lisey, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinə tədris olunan silsilə dərslər bunun bariz nümunəsidir.
Mərkəzdə 258 nömrəli tam orta məktəbin tarix müəllimi Elnarə Rüstəmovanın "Ankara məktəbi” məktəb-liseyinin şagirdlərinə "Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsinin təqdimatı oldu. Dərsin əvvəlində Azərbaycanın Dövlət Himni səsləndirildi. Mühazirəçi Heydər Əliyevin ordu quruculuğu sahəsindəki fəaliyyətindən ətraflı bəhs etdi, Ulu Öndərin bu fəaliyyətinin uğurlu nəticəsi kimi dövlətimizin bugünkü etibarlı təhlükəsizliyinin təmin olunmasını xüsusi vurğuladı. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılması müstəqil Azərbaycanın dövlət quruculuğunun əsas nailiyyətlərindəndir. Milli Ordunun yaradılması prosesi əslində ölkəmizin müstəqilliyinin tarixidir. Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələrinin müasir dövrdə qorunub saxlanması və inkişaf etdirilməsində Heydər Əliyevin xüsusi rolu olduğu mühazirəçi tərəfindən qeyd olundu. Haqlı olaraq diqqətə çatdırıldı ki, Ulu Öndərin rəhbərliyi altında Milli Ordu quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır. Heydər Əliyevin müstəsna xidmətlərindən biri hələ 1971-ci ildə uzaqgörənlik nümayiş etdirərək şəxsi təşəbbüsü ilə keçmiş SSRİ rəhbərliyinin müqavimətinə baxmayaraq, Sovet İttifaqının heç bir respublikasında analoqu olmayan Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması, azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəbləri, ölkənin digər hərbi məktəblərinə güzəştli qəbul edilməsinə nail olması idi. Ordu quruculuğu ilə bağlı müxtəlif videoçarxların nümayişi ilə keçirilən dərsin sonunda mühazirəçi şagirdləri maraqlandıran sualları cavablandırdı.
Heydər Əliyev Mərkəzində 34, 202 nömrəli tam orta məktəblərin şagirdlərinə 93 nömrəli tam orta məktəbin müəllimi Günel Həsənovanın "Heydər Əliyev və milli-mədəni irsimiz” mövzusunda dərsi tədris olundu. Mühazirəçi Ulu Öndərin mili-mənəvi dəyərlər, mədəni-tarixi irsin qorunması və inkişafı istiqamətindəki fəaliyyəti, həmçinin dinə olan münasibətindən də söhbət açdı. Heydər Əliyevin 1994-cü ilin iyul ayında müstəqil Azərbaycanın dövlət başçısı kimi Məkkə və Mədinəyə ümrə ziyarəti onun İslam dininə, xalqımızın milli-mənəvi dəyərlərinə hörməti və bağlılığının bariz nümunəsi idi. Millilik amilini daim yüksəkdə tutan, milli ideologiya – azərbaycançılıq ideologiyasını irəli sürən Ulu Öndər milli-mədəni irsi həm milli mövcudluğumuzun, eyni zamanda siyasi varlığımızın vacib atributu kimi qiymətləndirərək bildirirdi: "Biz öz milli dəyərlərimizlə fəxr etməliyik... Milli dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz. Biz heç vaxt öz milli dəyərlərimizi unutmamalıyıq. Onu yaşatmaq, ondan bəhrələnmək, ruhlanmaq həyatımızın əsas istiqaməti, gələcək işlərimizin zəmanətidir”.
Mühazirəçi eyni zamanda Heydər Əliyevin incəsənətə, ədəbiyyata olan qayğı və diqqətindən də bəhs etdi. Ulu Öndərin xüsusi xidmətlərindən biri – 1982-ci ildə Azərbaycan ədəbiyyatında romantizm cərəyanının banisi Hüseyn Cavidin cənazəsinin uzaq Sibirdən gətirilərək doğulduğu Naxçıvanda dəfn etdirməsi, onun təşəbbüsü ilə 1995-ci ildə Cavid məqbərəsinin və ev-muzeyinin yaradılması Azərbaycan ədəbiyyatına, bədii-estetik və ictimai-siyasi fıkir tarixinə böyük töhfə idi. Sonda şagirdlər Ümummili Liderin həyat və fəaliyyəti, milli-mədəni irsimizlə bağlı verilən sualları cavablandırdı.
ADPU-nun Heydər Əliyev Mərkəzində 34, 202 nömrəli tam orta məktəblərin direktorları, tərbiyə işləri üzrə direktor müavinləri, sinif rəhbərlərinin iştirakı ilə keçirilən dərsin sonunda "Heydər Əliyev dərsləri”nin səmərəli təşkil olunmasına şərait yaratdığına görə universitetin rəhbərliyinə minnətdarlıq etdilər.