AzMİU-da Əziz Əliyevin yubileyi qeyd olunub
Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru Rauf Bəylərov da iştirak edib.
Universitetin rektoru, professor Gülşöhrə Məmmədova tədbir iştirakçılarını salamlayaraq görkəmli alim və dövlət xadimi Əziz Əliyevin yubileyinin yüksək səviyyədə keçirilməsi barədə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamı tədbir iştirakçılarının nəzərinə çatdırıb. G.Məmmədova qeyd edib ki, bununla əlaqədar ölkə miqyasında alimin yubiley mərasimlərinin geniş qeyd olunması məqsədilə xüsusi tədbirlər planı işlənib hazırlanıb, bu gün keçirilən tədbir də belə bir məqsəd daşıyır. Onun sözlərinə görə, görkəmli alim və dövlət xadimi işə başlamazdan əvvəl bütöv bir həyat məktəbi keçmiş, kifayət qədər təcrübə əldə etmişdi. "Əziz Əliyev XX əsrin əvvəllərindən ömrünün sonuna qədər dövlət quruculuğu işlərində, eləcə də səhiyyə, tibb elmi və təhsili sahələrində əldə etdiyi elmi bilik və bacarıqlarını dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, Azərbaycan səhiyyəsinin təşəkkül tapıb inkişaf etdirilməsinə, milli tibb kadrlarının hazırlanmasına həsr edib. O, Azərbaycanın inkişafında son dərəcə böyük xidmətlər göstərib, təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da tanınıb”.
ATU-nun prorektoru Rauf Bəylərov Əziz Əliyevin mənalı ömür yolu və Azərbaycanda səhiyyənin inkişafındakı əvəzolunmaz xidmətləri barədə geniş məruzə ilə çıxış edib. O qeyd edib ki, Əziz Əliyev 1897-ci il yanvarın 1-də İrəvan quberniyasının Hamamlı kəndində anadan olub. 1908-ci ildə İrəvandakı gimnaziyaya daxil olub, 1917-ci ildə gimnaziyanı bütün fənlər üzrə əla qiymətlərlə bitirib. Əziz Əliyev uşaqlıqdan həkim peşəsinin vurğunu olub, 1917-ci ildə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin istedadlı və bacarıqlı Azərbaycan gəncinə göstərdiyi maddi yardım sayəsində o, Sankt-Peterburqa gedib və orada dünyanın ən məşhur tibb ocaqlarından sayılan Hərbi Tibb Akademiyasına qəbul edilib. Lakin ailəsinin yaşadığı İrəvan quberniyasında ermənilərin törətdiyi amansız qırğınlardan baş götürüb Azərbaycana üz tutması səbəbindən gənc Əziz Sankt-Peterburqdakı təhsilini yarımçıq qoyub, Naxçıvanın Şərur rayonunda, Cənubi Azərbaycanın Ərəblər kəndində, sonra yenidən Naxçıvanın Şahtaxtı kəndində ağır məcburi köçkünlük həyatı yaşayıb.
Böyük alim 1923-cü ildə ali tibb təhsilini davam etdirə bilmək məqsədilə ailəsini götürüb Naxçıvandan Bakıya köçüb. 1927-ci ildə Bakı Dövlət Universitetinin tibb fakültəsini bitirib və universitetin daxili xəstəliklər kafedrasında saxlanılıb. Əziz Əliyev həmin kafedrada əvvəl ordinator, sonra isə aspirant, assistent və dosent kimi fəaliyyət göstərib. İkinci Dünya Müharibəsindən həm əvvəlki, həm də sonrakı illərdə Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib və onun bu sahədəki əvəzsiz xidmətləri tarixə qızıl hərflərlə həkk olunub. Əziz Əliyev 1941-1942-ci illərdə Azərbaycan KP MK-nın katibi, 1942-1948-ci illərdə isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində çalışaraq özünü bacarıqlı dövlət xadimi kimi göstərə bilib. R.Bəylərov çıxışının sonunda onu da vurğulayıb ki, Əziz Əliyev həm də gözəl ailə başçısı olub, həyat yoldaşı Leyli xanımla birgə vətənə, dövlətə, millətə layiqli, xeyirli övladlar yetişdiriblər, Azərbaycan səhiyyəsinə Zərifə, Cəmil və Tamerlan Əliyevlər kimi alimlər bəxş ediblər.
AzMİU-nun İctimai fənlər kafedrasının dosenti İzzət Musayeva geniş məruzə ilə çıxış edərək görkəmli ictimai xadim Əziz Əliyevin müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyətindən danışıb. Çıxışında Ə.Əliyevin Böyük Vətən müharibəsi dövründə Ordu hərbi şurasının üzvü kimi İrana ezam olunmasına, 1941-1942-ci illərdə orada sovet qoşun hissələrinin siyasi komissarı vəzifəsində çalışmasına toxunan İ.Musayeva görkəmli dövlət xadiminin həyatındakı mühüm dövrlərdən birinin də Dağıstana rəhbərlik etdiyi illər olduğunu diqqətə çatdırıb. "1942-ci ildə Ə.Əliyevin Dağıstan vilayət partiya komitəsinin birinci katibi seçilməsi onun təkcə Azərbaycanda deyil, keçmiş SSRİ-də də böyük nüfuza malik olduğunu sübut edirdi. Altı il bu vəzifədə çalışan Ə.Əliyev Dağıstanın həyatının bütün sahələrində böyük irəliləyişə nail olmuş, Azərbaycan-Dağıstan dostluğunun daha da möhkəmlənməsinə əvəzsiz töhfə vermişdir”.
Məlumat üçün qeyd edək ki, Əziz Əliyevin adının əbədiləşdirilməsi üçün Dağıstanda, Maxaçqalanın mərkəzi küçələrindən birinə onun adı verilib, heykəli uçaldılıb. Həmin abadlıq işlərinin görülməsinə memar kimi cəlb olunan Azərbaycan Memarlar İttifaqının sədri, AzMİU-nun kafedra müdiri Elbay Qasımzadə ötən ilin mayında Dağıstanda gördükləri işlərdən danışıb. Bildirib ki, Əziz Əliyevin adını daşıyan küçədə onun qranitdən 6 metr hündürlükdə heykəli ucaldılıb, heykəli görkəmli heykəltaraş Ömər Eldarov hazırlayıb. E.Qasımzadə onu da vurğulayıb ki, təmir-tikinti işləri zamanı meydanı, 400 metr uzunluqda olan bulvarı, eyni zamanda ətrafdakı yaşayış binalarını, musiqi məktəbini təmir ediblər.