Müəllim şagirdlərinin görüntülərini çəkib bu cür istifadə edə bilərmi?
Son zamanlar sosial şəbəkə və elektron mediada şagirdləri ilə selfi çəkən, foto və video paylaşan müəllimlər artıb. Əlimizə keçən videodakı görüntülər isə ötən gün ermənilərlə barışmağı şagirdlərinə aşılayan ingilis dili müəllimi Rövşən Əzizovun çəkdikləri haqda düşünməyə vadar edir. Videolarda qız uşaqlarının əyninə "Qalatasaray” futbol klubunun köynəyini geyindirib danışdırır, oynadır. Bu kimi videolar adıçəkilən şəxsin "YouTube” kanalında çoxdur.
Bəs, bir müəllimin şagirdi olan azyaşlının görüntülərini çəkib sosial şəbəkələrdə paylaşmasına kim icazə verir? Rəhbərlik, direktor, valideynlər buna necə icazə verir, etibar edir? Ümumiyyətlə, qanunla bu necə tənzimlənir?
Tanınmış hüquqşunas Tahir Əlirzayev son zamanlar müəllimlərin yaydıqları görüntüləri birmanəalı şəkildə pisləyib:
"Məsələyə ümumi yanaşsaq, sözsüz ki, arzuolunan hal deyil. Bizim dövrümüzdə müəllim ən hörmətli, ən yaxşı yaşayan, ən nüfuzlu şəxs idi. İstər tələbələrin, istər şagirdlərin, istərsə də cəmiyyətin gözündə müəllim çox hörmətli sayılırdı. Amma hazırkı kapitalizm quruluşunda müəllim həmin titullarından məhrum olunub. Müqayisə aparsaq, görərik ki, o dövrdə təminatlı olan müəllim, bu gün ehtiyac içində yaşayır. Yəni müəllim nə müəllimliyi haqqında fikirləşə bilir, nə də onun nüfuzu ilə bağlı…
Müəllim dərsdə gülüb oynamaz, çünki məktəbdə müəllimin proqramı var. Müəllim o proqramdan kənara çıxmamalıdır. Yəni müəllim 45 dəqiqə ərzində o qədər sürətlə proqramı şagirdlərinə mənimsədir ki, oturub hələ bir onlarla deyib-gülür, rəqs eləyir?! Deməli, o, müəllim yerində deyil.
Qanunla azyaşlıların görüntülərinin sosial şəbəkələrdə yayılmasına gəldikdə, ümumiyyətlə, konstitutsiyaya görə, kimsənin xəbəri olmadan kimsə haqqında gizlin video, foto və digər görüntüləri çəkib şəxsin razılığı olmadan yaymaq konstitutsiyada qadağandır. Eyni zamanda, bu, Cinayət Məcəlləsində də şəxs barəsində məlumatların toplanması, yayılması qadağan edilir. Amma azyaşlıların iştirakı və istəyi ilə çəkilirsə, burda zərərçəkən və zərərvuran axtarmağa ehtiyac qalmır. Çünki bunlar bir-birinin qarşılıqlı razılığı ilə həyata keçirilən bir prosesdir”.