AzTehsil.com


Xəbərlər
18 aprel 2017
5 209


"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”



"Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”

 

Təshil eksperti Nadir İsrafilov: "Müəllim nüfuzunu aşağı salan hərəkətlərə son qoyulmalıdır”
Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov: "Heç bir kriteriya əsas götürülmür, ənənəvi qaydadır”
 
"Yayılan məlumata görə, Təhsil Nazirliyi orta məktəblərdə işləyən müəllimlərin diplomlarını yığmağa başlayıb. Diplomların yığılmasında məqsəd saxta diplomlarla çalışan müəllimləri aşkarlamaqdır. Qeyd edək ki, təhsil naziri M.Cabbarov 2014-cü ildə orta məktəblərdə 2000-ə yaxın müəllimin saxta diplomla çalışdığını bildirmişdi: "Biz dəqiq sayı bilmirik, amma haradasa 2000 saxta diplomlu şəxs, əsasən  də Azərbaycanın rayonlarındakı orta məktəblərdə dərs deyir. Bu gün biz onların hamısını adbaad bilirik. Hələ ki biz elə "müəllimlər”i dayandıracaq icazəni ala bilməmişik”.
 
Elə isə kim deyə bilər, icazə kimdən alınmalıdır, nə üçün və nəhayət nə vaxt?”
Feysbuk sosial şəbəkəsində təhsil eksperti Nadir İsrafilov belə bir fikir paylaşıb.
 
Saxtakarlığın kriteriyası nədir?
 
Təhsil ekspertinin açıqlamasına görə, müəllimlərin biliyinin qiymətləndirilməsi, diplomunun tanınıb-tanınmaması kimi məsələlərin mətbuatda aktual olması, tez-tez bu mövzuya toxunulması onsuz da ictimaiyyət arasında günbəgün azalan müəllim nüfuzuna bir az da zərbə vurur. Ona görə də müəllimin diplomunun hansı halda saxta olub-olmaması üçün konkret meyarların müəyyənləşməsinə ehtiyac var: "20 ildir ki, müəllimlərin saxta diplomu haqqında söhbət gedir. Saxtakarlıq nədir, bunun kriteriyası niyə hazırlanmır? Təhsil Nazirliyi açıqlasın görək, hansı müəllimin diplomu saxta hesab olunmalıdır? Müəllimlər mənə də müraciət edirlər. Bu söhbətlər müəllimlər arasında böyük gərginlik yaşadır, psxologiyasına mənfi təsir göstərir, iş keyfiyyətlərini aşağı salır. Neftçalada kolleci bitirən müəllimi vaxtilə Misir Mərdanov əmr verib işdən çıxarmışdı. Məhkəmə onu işinə bərpa etdi ki, qərar doğru deyil. Bu adam 15-20 ildir müəllim işləyir. Nazirlik yenidən diplom yoxlayır, o müəllimin diplomunun saxta olduğu meydana çıxsa, belə çıxır ki, nazirlik Appelyasiya Məhkəməsinə müraciət etməli olacaq. Bu məsələ necə həllini tapacaq? Axı bu kimi məsələlər araşdırılmalı və operativ qaydada həll olunmalıdır”.
 

 

"Saxta diplom” söhbəti müəllim nüfuzunu aşağı salır
Nadir İsrafilov dedi ki, bu cür yanaşma daha çox müəllimləri qınaq obyektinə çevirir: "Məgər saxta diplomlular elə yalnız müəllimlər arasında var? Digər peşələr arasında bu yoxdur? Ona görə bu məsələ bir vətəndaş olaraq məni narahat edir. Bir məsələni nə qədər çevirmək olar? Bu müəllimə də mənəvi zərbədir. Bu müəllim haqqında ictimai rəyin aşağılanması deməkdir. Saxta diplomlu müəllimlər haqqında tez-tez danışmaq da müəllimin psixologiyasına mənfi təsir edir. Tez-tez mətbautda səslənir ki, attestasiya keçiriləcək, saxta diplomlular, bu prosesə buraxılmayacaq, yaxud attestasiyadan keçməyənlər ixtisasartırma kursuna göndəriləcək. Yaxud deyilir, attestasiyadan əvvəl sertifikasiya keçiriləcək. Hansı addım atılacaq, nə tədbir görüləcək bu konkretləşib, sonra ictimailəşsin. Müəllimin psixologiyası ilə niyə oynayırlar?! Onsuz da müəllimin nüfuzu düşüb. Mətbuatı, sosial şəbəkəni açmaq mümkün deyil, daha çox müəllim aşağılanır. Belə olmaz”. 
 
Müəllim xaricdə təhsil alıbsa, diplomu tanınmırsa, savadsızdır?
 
Təhsil ekspertinin fikrincə, müəllimlərin diplomunun saxta olmasını sübut edən kriteriyalar müəyyənləşməlidir: "Tutaq ki, möhür, yaxud imza saxtadır və ya bu adda heç bir yerdə universitet yoxdur və sair kimi bəndlərlə, əsaslandırılmalarla bu məsələlər o kriteriayalarda yer almalıdır.
 
Statistika sadalanır, Təhsil Nazirliyi 2 min, Məleykə Abbaszadə 20 min müəllimin diplomunun saxta olduğunu deyir. Məgər TQDK-nın bazasından keçməyənin təhsili saxtadır? Və ya Təhsil Nazirliyi deyir, dövlət nişanı təsdiq olunmayan müəllimin diplomu saxtadır. Məgər dövlət nişanı təsdiq olunmayan müəllim,  xaricdə təhsil alıbsa, bu o deməkdir ki, onun biliyi yoxdur, savadsızdır? Yaxud da deyirlər ki, filan müəllim Zaqatala filialında adını jurnala yazdırıb, getməyib, sonradan diplom alıb. Bunu necə subuta yetirmək olar? Hüquq-mühafizə orqanları bu faktı sübuta yetirməlidir.
 
Xaricdə təhsil alanlar var ki, bir ildi Təhsil Nazirliyinin nostrifikasiya şöbəsində növbədə gözləyir, amma diplomu tanınmır. Ona görə də bunun üçün dəqiq işlək mexanizmi müəyyənləşməlidir.
 
Bu məsələ tam çözülməlidir və araşdırılmalıdır, elan olunmalıdır ki, bu kriteriyalara görə, diplom tanınmır.
Təhsil Nazirliyinin müvafiq şöbələri var, zəhmət çəkib hesablasınlar, müvafiq rəqəmlər ortaya çıxarsınlar”.
 
Nazirlik rəsmisi: "Müəllimlər haqda Təhsil Nazirliyinin bazasına məlumat toplanır”
Təhsil Nazirliyinin QHT və KİV-lərlə iş sektorunun müdiri Cəsarət Valehov isə məsələyə münasibət bildirərək deyib ki, müəllimlərin diplomuyla bağlı məsələ mətbuatda xüsusi bir ajiotaj yaradacaq şəkildə təqdim olunub: "Əslində isə diaqnostik qiymətləndirmədən keçən müəllimlərin sənədləri ilboyu toplanıb və bu hazırda davam edir. O məqsədlə ki, müəllimlər haqqında Təhsil Nazirliyinin müvafiq bazasında məlumat olsun. İndiyədək 100 minə qədər müəllim dianostik qiymətləndirmədən keçib və ölkə üzrə bu müəllimlərin bilik qiymətləndirilməsinin 70 faizini təşkil edir. Aprel-may ayından da bu prosesə balşanır. Digər müəllimlərin diplomu da bu məqsədlə  nəzarətdən keçiriləcək”.
Nazirlik rəsmisi dedi ki, müəllimlərin diplomları ilə bağlı heç bir kriteyiya əsas görülmür: "Həmişə belə olub. Ənənəvi qaydada proses aparılır”.
 
hurriyyet.org



Загрузка...