Kurikulumun nə olduğunu başa düşən var?
2008-2009 - cu tədris ilindən birinci siniflərdə Azərbaycanda kurikulum tətbiqinə başlanılıb. Kurikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürü inkişaf etdirmək, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığını aşılamaqdır. Bəs görəsən valideynlər kurikulum sistemindən razıdırmı?
Təhsil eksperti Kamran Əsədov bildirib ki, kurikulum sistemi dünyanın bir çox ölkəsində tətbiq edilir.
"2009-cu tədris ilindən etibarən Azərbaycan ümumtəhsil məktəbləri yeni təhsil strategiyasına - kurikuluma keçdi. Kurikulumun konsepsiyası ondan ibarətdir ki, buna qədər fakt yönümlü tədris həyata keçirən təhsil müəssisələri, artıq şəxsiyyət yönümlü tədris üzərində iş qurdular. Yəni buna qədər ancaq əzbərçilik üzərinə qurulan tədris praktika üzərinə qurulmalı idi. Təəssüflər olsun ki, geridə qalan müddət ərzində kurikulum standartları nə təhsil müəssisələrimizdə müəllimlərimiz, nə də mütəxəssislərimiz tərəfindən yüksək mənimsənildi. Belə ki, kurikulum əvvəlcə dərsliklər vasitəsi ilə çatdırılmalı idi bizim şagirdlərimizə.
Lakin kurikulum standartlarında verilən dərsliklər standartın tələblərinə cavab vermir. 4530 təhsil müəssisəsində çalışan 150 mindən çox müəllimin çox cüzi faizi kurikulumu öyrənə bildi. Kurikulum dünyada qəbul edilmiş təlim üsullarından biridir, bir çox üstünlükləri var. Şagirdlər təkcə nəzəri biliyə yox, eynilə əldə etdikləri biliklərin praktikada tətbiqini bu vasitə ilə öyrənirlər. Bunun kifayət qədər üstünlükləri var və dünya təhsil sistemində ən uğurlu konsepsiyalardan biridir. Təəssüfləndirici hal ondan ibarətdir ki, bizim cəmiyyətimiz yeniliyi vaxtında qəbul etmir”.
Əməkdar jurnalist Ləman Ələşrəfsızı bildirib ki, kurikulum sistemi Azərbaycana təhsilsizlikdən başqa heç nə vermədi.
"Mənim oğlum birinci sinfə gedəndə kurikulum sistemi tətbiq edilib. Düzdür 1-ci sinifdə yaxşı oxudu, amma sonrakı 3 il ərzində 2 dəfə uşağımın sinfini, 1 dəfə də məktəbini dəyişdim. Axırda gətirdim 9 nömrəli orta məktəbə dəyişdim. Çünki məktəbdəki müəllimə yaşlı idi, özü etiraf etdi ki, özü kurikulum sistemini bilmir.
Mən onda başa düşdüm ki, kurikulum sistemi bizə hazırlıqsız şəkildə gətirilib. Bizim müəlimlərimizi, cəmiyyətimizi buna hazırlamadılar. Kurikulum bizim uşaqlarımızın evini yıxdı. Mən bunu jurnalist kimi yox, valideyn kimi deyirəm. Bu azmış kimi indi də indi də testin ləğvi ilə bağlı məsələlər gündəmə gətirilir. İndi mənim oğlum 10-cu sinfə keçir, mən onun dərdini çəkirəm ki, bu uşağı iki ildən sonra hara yönəldə biləcəyəm? İndi fikirləşirəm ki, uşağı hansı xarici universitetdə oxuda bilərəm. Bunların məqsədi Azərbaycanda savadsız nəsil yetişdirməkdir. Fevral ayında verilən imtahanlar göstərdi ki, Azərbaycanda riyaziyyatdan verilən imtahanların nəticələri sıfır qiymətləndirildi və heç kim bunu səsə salmadı. Təhsil Nazirliyi bunun üstünü örtməyə başladı.
Bu ona görə belə oldu ki, uşaqları 9 ildə qapalı testə öyrədiblər, amma sınaq imtahanında açıq test oldu. Bu uşaqların tamamilə savadsız olduğu ortaya çıxdı. Hamının güvəndiyi təhsil idi, amma indi qalmışıq çarəsiz, görək bu məsələlərin sonu necə olacaq”.