Ruqiyət Murtuzəliyeva 1991-ci ildə Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olub. Orta təhsilini Üçüncü Tala kənd tam orta məktəbdə alıb.
Ruqiyət 2011-ci ildə Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinə qəbul olub. 2015-ci ildə ibtidai sinif müəllimliyi ixtisasından məzun olub. 2016-cı ildə Təhsil Nazirliyinin keçirdiyi müəllimlərin işə qəbulu imtahanında iştirak edərək 54 bal toplayıb və Balakən rayon Qabaqçöl qəsəbə tam orta məktəbdə sinif müəllimi kimi əmək fəaliyyətinə başlayıb.
Uşaq yaşlarından bu peşəyə böyük arzu və həvəs bəsləyən Ruqiyət müəllimə ilə işlədiyi məktəbə gedərək həmsöhbət olduq. O artıq bu ildən məktəbə ilk addımlarını atan balaca şagirdlərlə işləyir. Özünün dediyi kimi, artıq peşəsinə ürəkdən bağlanıb. Ruqiyət müəllim yaxşı bilir ki, tədris prosesi yalnız bilik, bacarıq və vərdişlərin verilməsi prosesi olmayıb, həm də öyrənməyin yollarını şagirdlərə öyrətmək, onları inkişaf etdirmək prosesidir. Bunun üçün hər bir şagirdin fərdi-psixoloji, tədris-idrak xüsusiyyətlərini öyrənir, onların dəyişmə dinamikasını izləyir, bu məlumatları tədris prosesində hər bir uşağa fərdi yanaşmaqla, onlar üçün inkişaflarına, dərketmə səviyyələrinə uyğun tapşırıqlar seçməklə nəzərə alır.
İlk günlər hər dəfə sinfə daxil olanda həyəcan hissi keçirirdim,- deyə, Ruqiyət müəllim söhbətinə davam edir: -"Bu, əslində üzərimə düşən məsuliyyət hissi ilə bağlıdır. Axı, biz müəllimlər vətən üçün layiqli şəxsiyyətlər yetişdirməyə borcluyuq. Bunun təməli isə məhz ibtidai siniflərdən qoyulmalıdır. Mənə görə, müəllim adını daşıyan hər bir kəs çiyninə düşən yükü daim şərəflə daşımalıdır. Müəllim çox səbirli, təmkinli və qayğıkeş olmalıdır. Biz nəzərə almalıyıq ki, kiçik yaşlı məktəblilərlə çalışan müəllim, həm də onlar üçün bir valideyndir”.
Ruqiyət müəllim deyir ki, indi informasiya bolluğu şagirdlərin dünyagörüşünün artması üçün böyük imkanlar açır. Eyni zamanda, bu, şagirdin vətənimizin keçmişi, mədəniyyəti, bu günü və gələcəyi barədə müstəqil nəticə çıxara bilməsi üçün zəmin yaradır. Ruqiyət müəllim kurikulum sistemi barədə düşünür ki, bu sistem şagirdlərə daha sərbəst, yaradıcı, fəal və müstəqil olmağa imkan verir. Belə olan halda kiçik məktəblilər sıxılmır, düşündüklərini ifadə etməyə alışırlar.
Ruqiyət müəllim kollektiv münasibətlərindən söz açaraq bildirdi ki, ilk gündən münasibətləri çox yaxşı olub, üzləşdiyi çətinliklərdə təcrübəli müəllimlər ona çox yardımçı olublar.
Sonda müəllim olmaq istəyənlərə öz tövsiyələrini verən Ruqiyət müəllim dedi ki, mənim tövsiyəm həm müəllim olmaq istəyən şəxslərə, həm də müəllim olacaq şəxslərədir. Belə ki, əgər kimdəsə müəllim olmaq istəyi yoxdursa bu peşəni seçməsin. Çünki, müəllim əgər işini sevməsə bu həm şagird, həm də həmin müəllim üçün çətin olacaq. Hər gün işə gedəndə məqsədimiz bu gün uşaqlara nə öyrədəcəyik və nə öyrənəcəyik haqqında düşünmək olmalıdır. Müəllim təhsil işçisidirsə şagirdlərinin də özü kimi təhsilli olması üçün çalışıb, onlara nümunə olmalıdır.
Vüsalə Bədəlova(Zaqatala-Balakən təhsil şöbəsi, ictimaiyyətlə əlaqələr üzrə məsul şəxs)