Xəbərlər
12 aprel 2017
6 246
Qabaqcıl müəllim Səfər Raziyev-Zaqatala rayonu
Səfər Raziyev 1957-ci ildə Qax rayonunda anadan olub. 1975-ci ildə Qax şəhər 1 nömrəli tam orta məktəbi bitirib və eyni ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə qəbul olub. 1980-ci ildə universiteti bitirərək Azərbaycan Respublikası Kənd Təsərrüfatı Elmi-tədqiqat İnstitutunda baş laborant işləməyə başlayıb. 1982-ci ildə Moskva Dövlət Universitetinin biofizika fakültəsinə qəbul olub. 1986-cı ildə həmin fakültəni bitirib. 1988-ci ildə Moskva Dövlət Universitetində dissertasiya müdafiə edərək, biologiya elmləri namizədi elmi dərəcəsini alıb. 2004-cü ildə isə fizika və riyaziyyatın tədrisi metodikası kafedrası üzrə dosent elmi adını alan Səfər müəllim AMEA-nın Fizika İnstitutunda elmi işçi, Zaqatala Rayon Gənc Texniklər Stansiyasında direktor və AMİ-nin Zaqatala filialının direktoru vəzifələrində çalışıb.
Pedaqoji fəaliyyətə 1989-cu ildə Zaqatala şəhər 3 nömrəli tam orta məktəbdə başlayıb. 2006-cı ildən isə Yuxarı Tala kənd 4 nömrəli tam orta məktəbdə fizika müəllimi işləyir. Səfər müəllimin dərs dediyi şagirdlər olimpiadalarda və müsabiqələrdə daim yüksək nəticə göstəriblər. Bu uğurlarına görə Səfər Raziyev 2008-ci ildə "İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olub.
Elmi fəaliyyətlə məşğul olan Səfər müəllim, Azərbaycan, rus və ingilis dillərində 25 elmi məqalə və 5 kitab müəllifidir.








