Şagirdlər əzbərçiliyə meyillidirlər : Əməkdar müəllim
"Şagirdlər sual verməyi deyil, cavabı əzbərləyirlər".
Universitetə qəbul prosesi ölkəmizdə uzun illərdir ki, “hazırlıq mərhələsi” adı altında tanınan, geniş yayılmış və demək olar ki, məcburiyyətə çevrilmiş bir proses kimi orta məktəb təhsili ilə paralel şəkildə aparılır.
AzTehsil.com xəbər verir ki, Əməkdar müəllim, sabiq deputat Sona Əliyeva AzEdu.az-a açıqlamasında bildirib ki, bu mərhələdə şagirdlərə illərlə eyni mövzular təkrar-təkrar öyrədilir, lakin bu öyrənmə nə qədər effektivdir, sual altındadır."Əgər məqsəd bu biliklərin gələcəkdə istifadəsidirsə, burada ciddi bir boşluq mövcuddur. Yox əgər məqsəd yalnız imtahandan keçməkdirsə, əzbərçilik və nəticə yönümlü yanaşmanın hökm sürdüyü bir təhsil mexanizmiylə qarşı-qarşıyayıq.
Hazırkı hazırlıq sistemi nəticəyə əsaslanır. Şagirdin düşünməsi, anlaması, tətbiq etməsi yox, yalnız test cavablarını düzgün işarələməsi əsas götürülür. Bu isə təhsilin mahiyyətinə ziddir. Hər il minlərlə şagird eyni materialları oxuyur, eyni testləri işləyir, eyni şəkildə “hazırlaşır”. Sonda isə bu biliklər yüklənmiş bir yük kimi atılır. Bunun səbəbi isə artıq həmin biliklərdən istifadə olunmasıdır.
Ən narahatedici məqam isə ondan ibarətdir ki, bu sistem şagirdləri həyati bacarıqlardan uzaqlaşdırır. Onlar analiz etməyi, səbəb-nəticə əlaqəsi qurmağı, yaradıcı və tənqidi düşünməyi deyil, yalnız sualın cavabını yadda saxlamağı öyrənirlər. Bu isə gəncləri düşünən, sual verən və araşdıran fərdlər kimi deyil, əzbərçi və passiv öyrənənlərə çevirir".
Sona Əliyeva hesab edir ki, hazırlıq mərhələsi özü-özlüyündə zərərli deyil:
"Əgər bu mərhələ şagirdə təməl bilikləri dərindən başa salmaq, düşünmə qabiliyyətini inkişaf etdirmək və gələcək ixtisas seçiminə istiqamət vermək məqsədilə qurularsa, o zaman faydalı ola bilər. Amma hazırkı sistem kimi, yalnız test nəticəsinə fokuslanan, yaradıcılıq və anlayışa yer verməyən mexanizm təhsilin ruhuna ziddir.
Mövcud hazırlıq mexanizmi böyük ölçüdə əzbərçilik sistemidir. Və bu sistem dəyişmədikcə, təhsilin insana verdiyi həqiqi dəyərlər - öyrənmək həvəsi, düşünmək bacarığı, problemləri analiz etmə qabiliyyəti arxa planda qalmağa davam edəcək. Təhsil sadəcə imtahan deyil, həyatın özünə hazırlıqdır. Bunu unutmayaq”, - deyə o fikirlərini yekunlaşdırıb.