Bir dəfə görmək nəsib olmadı ki, təhsillə bağlı atılan islahat, qeyri- islahat addımlarının əsasında sırf bu millətin gələcəyini, xalqın balalarının mənafeyini, parlaq taleyini düşünmə qayğısı dayansın.
Sabah parlamentdə müzakirəyə çıxarılacaq "Təhsil haqqında” qanuna dəyişikliklərin də, milli təhsilin, savadlı kadrların təəssübünü çəkmək məsələsi ilə, əsla bir əlaqəsi yoxdur.
Hərçənd, bəhsə-bəhs dəstək mimikası sezdirənlər, ağızdolusu tərif rəyi verənlər boldur.
Halbuki yanan ürəklə, düşünən ağılla, dərin proqnozla yanaşanda, mərkəzləşdirilmiş qəbul imtahanından kənara çıxıb, ali məktəbləri paralel qəbul strukturu halına gətirmək, prosesi dərəbəylik durumuna təhvil vermək, şəffaf sistemin adını ləkələmək, mahiyyətini öldürmək deməkdir.
Bu dəyişikliklə ali məktəblər öz daxillərində hazırlıq kursları yaradıb, həmin kursları tələbə olmaq istəyənlər üçün tramplinə çevirəcəklər.
Guya 11 il oxuyub, hazırlaşan gənclərin qabiliyyətsizliyini bir illik hazırlıq kursları aradan qaldırıb, onları tələbə olmağa layiq səviyyəyə gətirəcək-gülməli bir məntiq...
Yəni, rəsmi təhsil sənədinə dəyişikliklər qəbul imtahanlarından kəsilən abuturiyentlərə ali məktəblərin daxilində təsəlliverici imkan, rahat şans hazırlayır.
Bu, açıq-aydın tələbə "makulatura”sına yaradılan optimal şəraitdir.
Mənasız bir əsər, oxucusu olmayan, boş laqqirti deyən qəzet məcmuəsi kif iyi verən mətbəələrdə necə makulaturaya çevrilirsə, başıboş tələbələri universitetlərə doldurmaq da tərtəmiz makulatura mənası verir.
Ali məktəblərin auditoriyası, onsuz da ilbəil aşağı salınan ballar ucbatından iki eşşəyin arpasını bölə bilməyən gənclərlə zənginləşib.
Kəmiyyət amili keyfiyyət kriteriyasından dəfələrcə öndə addımlayır.
Hazırlıq kurslarından gələnlər hesabına bu biabırçı kəmiyyət faktorunun hansı həddə çatması görünən dağa heç bir bələdçi istəmir.
Pullu və buna bağlı formal imtahan imkanı savadsızlar ordusunun ali məktəblərə rüsvayçı "səlib yürüşü”nü yaradır.
Təhsildə rəqabətsizlik, 11-ci siniflər üçün çətinlik varkən, keçmiş 11 –cilər üçün zirvəyə rahat yollarla dırmaşmaq ədalət anlayışına ciddi paradoks təşkil edir.
Onsuz da qəbulda kəsilən gənclər böyük rəqəm təşkil edir və ali məktəblər aralarında yaxşısa bölüşə biləcəyi bu "ov”a pusu vəziyyətində olduğunu, məhz bu dəyişikliklə əməlli hiss etdirir.
Adam istəyir, bu islahatbazların ayaqlarına düşüb, gözəl taleyimiz xatirinə yalvarsın ki, nəhayətində bir dəfə də idrak edib, bərbad təhsil siyasəti ilə gələcəyə bataqlıq hazırlamasınlar.
Burada baş verənlər, əslində, tam aydındır.
Qəbul prosesində uzun zamandır, heç bir rol almamaq pul mənbələrinə çıxışı bağlayıb;
Pullu sahəyə nəzarəti itirmək isə ac qalmaq, yaxud kasıb düşmək deməkdir.
Ali məktəblərin gözünü təhsil haqları da doydura bilmir.
Plan yerlərinin dolmaması, yüksək təhsil haqlarını sosial kəsimdən qopara bilməmək, sonda palaz boyda nisyə siyahısı ali məktəbləri əlavə pul mənbələri kəşf etməyə, hətta desən, testin düşməninə çevrilməyə zorlayır.
Bu səbəblərdən Dövlət İmtahan Mərkəzinə sabit bir qısqanclıq var.
Çünki tələbə qəbulu siyasətini rüşvətsiz, sosial kəsimin maraqlarına uyğun həyata keçirməklə, ali məktəblərdən artıq hörmət mərtəbəsini də fəth edə bilib.
Üstəlik, onun başındakı hələlik dəyişməz kadr Məleykə Abbaszadə, bu günlərdə kim bilir, yenə kimlərin hədəfindədir.
Kimlər qısqanclıq edir - bunca eyni postu tutması və qəbul siyasətində kimlərinsə xoşuna getməyən sərtliklərə müəllif olmasına.
Az qalırlar, açıq desinlər ki, Məleykə Abbaszadə salahiyyətindən bir balaca pay qoparıb ali məktəb rəhbərlərinə verməlidir.
Dövlət İmtahan Mərkəzi rəhbərinin bu dəyişikliklər xüsusunda baxışı nədən ibarətdir, zənnimizcə, gerçək düşüncə üzdən deyilən rəyin altında gizli qalacaq.
Ona görə ki, dəyişikliyin mahiyyətində Dövlət İmtahan Mərkəzinin funksiyalarına əl uzatmaq çabaları görünür və intriqal məsələlərdə, nadir hallarda açıq etiraz vurğusu olur.
Burada, eyni zamanda, repititorların çörək ağacına tamah salmaq, o vəsaitə sahiblənmək xətti paralel inkişaf etdirilir. Çünki qəbul imtahanlarında kəsilən gənclik təkrar qəbul üçün yenidən repititorları ünvan seçir.
Qanuna dəyişikliklərin mənası bu ki, ali məktəblərə pul qapısı aralanır.
Adına "imkan qamarlama” ismi vermək mümkün bu dəyişiklik çox pis bir tendensiyasının başlanğıcıdır; nəhayətində test sisteminin mahiyyətinin ölməsinə, rüşvətin qəbulda tədricən, başlıca meyara çevrilməsinə aparıb çıxara bilər.
Ali məktəblərin hazırlıq kursları maqnit cazibəsi ilə kütləvi maraq obyektinə çevrilib, Dövlət İmtahan Mərkəzinin faktiki lazımsız bir qurum olması müzakirələrinin başlanmasına zəmin hazırlada bilər. Nəzərə almaq lazımdır ki, test sisteminin ləğvi ilə bağlı düşüncə və təkliflər ara-sıra gündəmə gətirilir.
Dövlət müstəqilliyinin şirin meyvəsi, onunla birgə doğulan şəffaf qəbul sisteminin hörmətini, qiymətini ali məktəblərin nəfsinə, tamah marağına, təhsilin qayğısına qalmaq səmimiyyətsizliyinə qurban vermək ciddi xəta olardı.
Xətadan qaçmaq üçünsə zaman hələ var...
Vəfa Allahverdiyeva
(modern.az)