AzTehsil.com


Xəbərlər
09 fevral 2017
3 904


“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR



“Bu qərar DİM-in qazancına xidmət edir” - ŞƏRHLƏR

 

Dövlət İmtahan Mərkəzinin təklifinə (DİM) əsasən Nazirlər Kabineti tam və ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə, ali təhsil pilləsinin bakalavr, magistratura və rezidentura səviyyələrinə tələbə qəbulu qaydalarını təsdiq edib. 
 
Qərara görə, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında edilən dəyişikliyə əsasən abituriyentlərə seçdikləri ixtisas qrupu üzrə eyni tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak etməyə icazə verilir. 
 
Bu ilin tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. 
 
Aztehsil.com xəbər verir ki, yeni qərarı təhsil ekspertləri Teleqraf.com-a şərh ediblər.
 

Ekspert Nadir İsrafilov deyir ki, qərar abituriyentə ikinci şans verilməsi baxımından müsbət addımdır: "Çünki tələbə ilk imtahanda həyəcanlana bilər, ikinci dəfə isə daha yüksək bal toplamaqla ixtisas seçiminə qatılar. Dünya ölkələri ilə müqayisədə Azərbaycanda adambaşına düşən təhsilin həcmi aşağıdır. Bu problemi həll etmək üçün hər bir şəxsə imkan yaratmaq lazımdır ki, təhsil alsın”.
 
Nadir İsrafilovun fikrincə, bu, təhsilin təkmilləşdirilməsi istiqamətində son dəyişiklik olmayacaq: "Məlumatlar yayılır ki, sözügdən qərar Dövlət İmtahan Mərkəzinin pul qazanmasına xidmət edir. Bütün bunlar keçid dövrünün təzadlarıdır. Təhsil sistemi oturuşana qədər belə davam edəcək. Ümid edirik ki, nəhayət, vahid imtahan qaydaları tətbiq olunacaq”.
 
Ekspert Kamran Əsədovun sözlərinə görə, cəmiyyətdə belə bir fikir var ki, indiyə qədər qəbul imtahanları ödənişsiz əsaslarla keçirilirdi, bundan sonra isə ödənişli olacaq: "Əslində elə də deyil... Buraxılış imtahanları istisna olmaqla, TQDK (DİM) tərəfindən təhsilin istənilən pilləsi üzrə keçirilən qəbul imtahanları ödənişli, yəni pullu olub. Bu imtahanda iştirak edən iddiaçı xidmət haqqı ödədikdən sonra iştirak hüququ əldə edib. 
 
Sadəcə, bu ilə qədər TQDK-ya həm də dövlət büdcəsinin vəsaiti ilə maliyyə dəstəyi göstərilirdi. Bu məbləğ il ərzində beş milyon manat təşkil edirdi. 
 
TQDK ləğv olundu.  Onun bazasında yaradılmış DİM publik şəxsə çevrildikdən sonra bu quruma dövlət tərəfindən verilən vəsait dayandı. Qurumun hazırda yeganə gəlir mənbəyi təhsilin müxtəlif pillələri üzrə sınaq və qəbul imtahanlarını keçirməklə əldə edəcəyi vəsait olacaq.
 
Hesab edirəm ki, məhz bu ildən etibarən qəbul imtahanlarının iki mərhələdə keçrilməsini zəruri edən halların başında bu gəlir. 
 
Nəzərə alsaq ki, hər il bakalavr, magistr və rezidenturaya qəbul imtahanlarında, həmçinin bu pillələr üzrə sınaq imtahanlarında 150 mindən çox insan iştirak edir, məhz bu imtahanları iki dəfə etməklə gəliri xeyli artırmaq mümkündür”.
 
Ekspertin sözlərinə görə, dəyişikliyi zəruri edən daha bir amil odur ki, birinci yerləşmədə plan yerləri dolmurdu: "İxtisas seçiminə buraxılan abituriyentlərin sayı plan yerindən az olduğuna görə nə qədər əlavə qəbul keçirilsə belə, yenə də boş qalacaq. Amma indi iki imtahanda iştirakdan sonra daha çox abituriyent keçid balı toplayıb ixtisas seçiminə buraxılacaq. 
 
Bu o demək deyil ki, əlavə qəbul aparılmayacaq. Əlavə qəbul yenə olacaq. Çünki abituriyentlər ilkin olaraq daha üstün yerləri seçirlər. Bu zaman ən çox bal toplayan yuxarı yerə qəbul olur. 
 
Abituriyentlərin həmişə az seçdiyi ixtisas və universitetlər də var ki, bu da boş yerlərin yaranmasına səbəb olur. Bu boş yerləri abituriyentlər ikinci yerləşdirmədə məcburən seçib qəbul olurlar. Bütün hallarda bu il çoxlu sayda boş plan yerləri qalmayacaq”.
 
Kamra Əsədov qeyd edib ki, imtahanda iştirak həmişə könüllü olacaq: "Abituriyentlər istədikləri imtahanda iştirak edə bilərlər. Hətta birincidə iştirak etmədən ikinciyə qatılmaq da mümkündür. 
 
Abituriyent qəbul imtahanlarında iştirak etmək üçün bir dəfə qeydiyyatdan keçəcək və bu qeydiyyat əsasında hər iki imtahana buraxılış imkanı qazanacaq. Ola bilər, hansısa abituriyent ilk dəfə yüksək nəticə əldə edib, amma özündə arxayınlıq yaranıb, ikincidə zəif iştirak edib. O birinci imtahanın nəticəsi ilə ixtisas seçiminə qatıla bilər. Yəni abituriyent iki imtahandan hansının nəticəsini istəsə, elektron ixtisas seçiminə onunla iştirak edəcək. 
 
Bundan başqa, abituriyentin hər iki imtahanda iştirakı da  məcburi deyil. Hər iki imtahan eyni hüquqi qüvvəyə malikdir. Biri digərindən üstün və aşağı deyil. Yəni abituriyentin iki imtahanda iştirak etmək şansı sadəcə ona üstün bal toplamaq imkanı verəcək”.



Загрузка...