AzTehsil.com


Xəbərlər
28 fevral 2017
3 324


Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?



Qəbul imtahanlarının pulsuz olması nə vəd edir?

 Ekspertlərin fikrincə, ölkə başçısının bununla bağlı verdiyi sərəncam ali və orta ixtisas məktəblərinə sənəd qəbulunda iştirak edənlərin sayına müsbət təsir göstərəcək

 
Dövlət İmtahan Mərkəzi (DİM) cari ildə qəbul imtahanlarının təşkili ilə bağlı bəzi məsələlərə - kolleclərə (yaxud ali məktəblərə) qəbul imtahanında iştirak edən abituriyentlərin bu il ali məktəblərə (yaxud kolleclərə) qəbul imtahanlarında ödənişli əsaslarla iştirak edib-etməyəcəyinə aydınlıq gətirib.
 
DİM-in sektor müdiri Xanlar Xanlarzadə Trend-ə bildirib ki, "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Prezidentinin sərəncamına görə, cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək.
 
X.Xanlarzadə qeyd edib ki, orta ixtisas müəssisələrinə qəbul müsabiqəsində bir dəfə iştirak etmiş abituriyent ali məktəblərə qəbul müsabiqəsində də ilk dəfə ödənişsiz iştirak edə biləcək: "Hər bir abituriyent bir dəfə orta ixtisas müəssisəsinə, bir dəfə də ali təhsil müəssisələrinə qəbul müsabiqəsində ödənişsiz iştirak edə bilər. Yəni, hər bir abituriyent dövlət hesabına iki dəfə - bir dəfə kolleclərə, bir dəfə isə ali məktəblərə qəbul olunmaq üçün müsabiqədə istirak şansından yararlana bilər. Bu, yalnız həmin müsabiqələrdə ilk dəfə iştirak edənlərə aiddir. Cari ilin məzunlarının hər biri hər bir müsabiqədə 1 dəfə olmaqla, ümumilikdə 2 dəfə imtahanlarda ödənişsiz iştirak edə bilərlər”.
 
Əvvəlki illərin məzunlarına gəldikdə, X.Xanlarzadə qeyd edib ki, ötən illərdə hər hansı bir təhsil səviyyəsi üzrə, məsələn, kolleclərə qəbul imtahanında iştirak edib, lakin daxil ola bilməyən abituriyent bu il yenidən kolleclərə qəbul üçün sənəd verərsə, bu ilki imtahanda ödənişli əsaslarla iştirak etməlidir. Amma bu il belə abituriyentlərin ali təhsil müəssisələrinə qəbul imtahanlarında pulsuz iştirak etmək şansı var.
 
X.Xanlarzadə əlavə edib ki, rus bölməsinin abituriyentləri qəbul imtahanlarının tərkib hissəsi olan Azərbaycan dili fənni üzrə keçirilən bir imtahanın ödənişindən azaddırlar: "Lakin məzun yenidən Azərbaycan dili fənni üzrə imtahanda iştirak etmək üçün müraciət etdikdə, ödəniş həyata keçirməlidir. Əgər abituriyent rus bölməsinin abituriyentidirsə, o, ilk dəfə olaraq, iştirak edəcəyi Azərbaycan dili fənni üzrə imtahana görə də, seçdiyi ixtisas qrupu üzrə keçirilən qəbul imtahanına görə də vəsait ödəməyəcək, yəni hər 2 imtahanda pulsuz iştirak edəcək”.
 
Qeyd edək ki, "Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ümumi təhsil müəssisələrini cari ildə bitirən Azərbaycanın bütün vətəndaşları və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirmiş, lakin ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət etmiş Azərbaycan vətəndaşları yararlanacaqlar. Bu il keçiriləcək ilk imtahanda əvvəlki illərin məzunları ilə yanaşı, 11-ci sinif şagirdləri də iştirak edə biləcəklər.
 
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, ölkə prezidentinin ilk dəfə qəbul imtahanlarında iştirak edənləri xidmət haqqı məbləğindən azad etməsi ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verən məzun kontingentinə təsirsiz ötüşməyəcək və imtahanda iştirak edənlərin sayının nəzərə çarpacaq dərəcədə artmasına səbəb olacaq: "Bu sərəncamın icrasından ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən Azərbaycan gənclərinin böyük əksəriyyəti faydalanacaq. Çünki Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları"na əsasən, bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir. Müsabiqədə iştirak ödənişlidir. Bir müddət əvvəl Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə belə bir xəbərdarlıq etmişdi ki, müəyyən imtahanlarda dövlət bir şəxsə 25 manat pul xərcləyir. Amma DİM publik şəxsə çevrildiyindən bundan sonra hər bir şəxs imtahanlarda iştirak pulunu özü ödəyəcək. Əlbəttə, DİM sədrinin bu açıqlaması cəmiyyət tərəfindən heç də birmənalı qarşılanmamışdı. Bu mənada ölkə prezidentinin verdiyi sərəncam vimtahanda iştirak edənlərin sayının nəzərə çarpacaq dərəcədə artmasına səbəb olacaq”.
 
Məsələyə münasibət bildirən təhsil üzrə ekspert Kamran Əsədov da bizimlə söhbətində bildirib ki, ölkə prezidenti İlham Əliyevin çoxşaxəli dövlətçilik fəaliyyətində mühüm yer tutan istiqamətlərdən biri də gənclər siyasətidir: "Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti hazırda ölkə başçımızın rəhbərliyi ilə milli maraqlara uyğun şəkildə davam etdirilir.Bir tərəfdən ölkəmizin davamlı sosial iqtisadi tərəqqisi, digər tərəfdən müasir dünyada gedən qloballaşma və informasiya cəmiyyəti quruculuğu prosesləri Azərbaycan cəmiyyətinin ayrı-ayrı sahələrində yüksək peşəkarlıqla işləyə bilən kadr potensialının yetişdirilməsini tələb edir. Bununla bağlı təhsil sahəsində əsaslı dövlət proqramları həyata keçirilir və gənclərin bilik və bacarıqlarının inkişafına, özünütəsdiqinə geniş imkanlar yaradılır. Ölkədə bu istiqamətdə ardıcıl olaraq proqramlar həyata keçirilir. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”, "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə” və sair bu kimi sənədlər ölkənin ayrı-ayrı sahələrinin inkişaf təlabatına və meyillərinə uyğun yüksək hazırlıqlı kadr potensialının formalaşmasına əlverişli imkanlar yaradır. Bu mənada Azərbaycan Respublikasında vətəndaşların müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi dövlətin sosial-iqtisadi siyasətinin prioritetlərindəndir. Təbii ki, təhsil sisteminin insan kapitalının inkişafı çağırışlarına cavab verməsi və ümumi təhsilin keyfiyyət göstəricilərinin Avropa standartlarına uyğunlaşdırılması istiqamətində son illərdə ölkədə bir sıra mühüm addımlar atılıb, normativ hüquqi baza təkmilləşdirilib, təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib. Yəni, Azərbaycan Respublikasının mövcud potensialı müasir və innovativ təhsil sisteminin təkmilləşdirilməsi üçün geniş imkanlar açmaqla, təhsilin iqtisadi inkişafın mühüm amilinə çevrilməsini təmin edib. Bu sərəncamdan sonra isə təxminən 100 min şagird rahat şəkildə ali məktəblərə qəbul imtahanlarda iştirak edəcək. Çünki müəyyən qədər ailələr var idi ki, maddi imkan ucbatından bu imkandan istifadə edə bilmirdi. Bundan başqa bu addım ali məktəbə qəbul zamanı rəqabət qabiliyyətini artıracaq. Məsələn, hər il qəbul imtahanlarında iştirak edən 100 mindən çox abituriyentin hər biri azı 5 manata yaxın məbləğ ödəyirdi. Sözsüz ki, bu məsələnin dövlət büdcəsinin vəsaiti hesabına həll olunması gənclərə böyük stimul verəcək”.
 
Ekspert həmçinin vurgulayıb ki, dünya təcrübəsində heç bir vaxt qəbul imtahanlarının iddiaçı tərəfindən pul ödənilmədən keçrilməsi təcrübəsi yoxdur. Onun sözlərinə görə, yeni qərarla cari ildə qəbul imtahanlarında iştirak etmək üçün ilk dəfə müraciət etmiş şəxslərin ilk imtahanda iştirakına görə ödənişi dövlət, ikinci imtahanda iştirakına görə ödənişi isə abituriyent ödəyəcək: "Təbii ki, abituriyentlər təkrar imtahanda iştirak edəndə bu zaman pul ödəyəcəklər. Eyni zamanda, nəzərə alaq ki, 30 min şəxs imtahanda təkrar olaraq, əvvəlki illərin məzunu kimi iştirak edir. Yəni əvvəlki illərdə məzun olmuş şəxlər imtahan xərcini özləri ödəyəcəklər”.
 
hafta.az



Загрузка...