AzTehsil.com


Xəbərlər
13 aprel 2017
3 089


"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"



"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

 

Nadir İsrafilov: ”25 manata başa gələn imtahanı 50, 60, 100 manata qaldırmağın adı nədir?”
 
Dövlət imtahan Mərkəzi magistraturaya qəbul imtahanının I mərhələsinin nəticələri haqqında statistik göstəricilər açıqlayıb.
 
APA yazır ki, bu il imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən bakalavrların sayı ötən ilə baxanda az olub. Ötən il 24110, bu il isə 13081 bakalavr imtahana müraciət edib: 
 
"İmtahanların ödənişli olması ərizə verənlərin sayının azalmasına səbəb olub. Eyni zamanda, əvvəllər imtahanda iştirak üçün tələb olunan məbləğ 2 manat olduğundan namizədlərin müəyyən hissəsi hazırlıqlı olmasa belə, qeydiyyatdan keçirdi və ya qeydiyyatdan keçib imtahana gəlmirdi. Ötən il 1695 nəfər belə etmişdi. Bu il isə cəmi 109 nəfər gəlməyib imtahana”.
 
DİM 2016-cı və 2017-ci illərdəki imtahan nəticələrini təhlil edib. Aydın olub ki, bu il imtahanda iştirak edən bakalavrların (12972 nəfər) ümumi bilik səviyyəsi yüksək olub (ötən il 22409 bakalavr imtahanda iştirak edib): 
 
"Nəticələrin təhlili göstərir ki, ötən il imtahan iştirakçılarının 25.77 faizi (5774 nəfər) 51 və daha yuxarı bal topladığı halda, bu il həmin göstərici 57.99 faizə (7522 nəfər) bərabər olub. Həmçinin bu il 41 və daha yuxarı bal toplayanların faizi 81.64 olub (10590 nəfər). Ötən il isə müvafiq göstərici 50.44 faiz idi (11303 nəfər). Bu il ümumilikdə 2382 nəfər (18.36 faiz) 40 və daha aşağı bal toplayıb. Ötən il isə bu göstərici 11106 nəfər (49.56 faiz) idi. Buradan bir daha aydın olur ki, bu il imtahanda daha hazırlıqlı bakalavrlar iştirak ediblər və onların ümumi nəticələri daha yüksəkdir”.
 
Təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov deyib ki, imtahanların ödənişli olması haqda rəsmi məlumat yayılanda belə vəziyyətin olacağını gözləyirdi. Azərbaycanda iki dəfə imtahan vermək nəzərdə tutulmayıb, ancaq gələcəkdə 3 dəfə imtahan verməyi müzakirəyə çıxarıblar:
 
"Azərbaycanda ali təhsillilərin sayı dünyanın inkişaf etmiş ölkələri ilə müqayisədə azdır. Hökumət bu amili nəzərə alıb ali təhsillilərin sayını artırmaq kursunu götürüb, təhsili hamı üçün əlçatan etmək istəyir. Bu məqsədlə ikinci dəfə imtahan şansı verilməsi, universitetlərin nəzdində xüsusi hazırlıq kurslarının yaradılması barədə təkliflər var. Kimlərsə keçid balını toplaya bilmirsə, onlar hazırlıq kurslarına gedəcək və onun vasitəsilə ali məktəbə daxil olacaqlar”.
 
Nadir İsrafilov deyir ki, təhsilin əlçatan olmasını pis qiymətləndirmək olmaz. Hamının təhsil alması üçün bu sahənin demokratikləşməsi müsbətdir. Amma ödənişli olması vəziyyəti gərginləşdirir, baxın, hazırlıq kursları ödənişli, təkrar imtahanlar ödənişli olursa, bu, narahatlıq yaradacaq: 
 
"Bir sıra ölkələrin təhsil müəssələrində ödəniş yoxdur, yaxud ödənişin həcmi aşağıdır. Bu mənada bir çox məzunlar ali məktəbi bitirəndən sonra xaricə gedirlər, belə olanda valyuta və beyin axını problemi yaranır. İkinci məqam Dövlət İmtahan Mərkəzi ictimai şəxs elan olunandan sonra qurumun maliyyə imkanları gündəmə gəldi və qeyd olundu ki, onlar pul vəsaitini imtahanlar vasitəsilə əldə edirlər. Məleykə Abbaszadə də imtahanların keçirilməsinin 25 manata başa gəldiyini demişdi. Əvvəl ənənəvi qiyməti 2 manat idi. Əgər 25 manata başa gəlirsə, niyə 30 yox, 50, 60, 100 manata qaldırmaq lazımdır? Onda qazanc məqsədlərinin olması şübhələri yaradır. Təkcə bakalavr deyil, magistratura, rezidentura da var”.
 

"Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır"

 


N.İsrafilov qeyd edir ki, söhbət yalnız imtahanların ödənişli olmasından getmir. Burada başqa bir problem də var. Dövlət ali təhsil müəssisələrində ildən-ilə ödənişli ixtisasların sayı artır. Təsəvvür edin, imtahanın, ali məktəblərdə ödənişin verilməsi, tələbələrin kirayə qalması, tədris vəsaitlərinin əldə olunması ağır sosial durumda olan təbəqəyə təsir edir: 
 
"Statistika da var. Yüksək balla ali məktəbə daxil olan tələbə ödənişə görə oxumaqdan imtina edir. Ona görə Dövlət İmtahan Mərkəzi qiymətlərin endirilməsini gündəmə gətirməlidir. Əgər təhsilin əlçatan olmasını istəyiriksə, maddi tərəfinin də əlçatan olması nəzərə alınmalıdır. Bu istiqamətdə stimullaşdırıcı tədbir həyata keçirilməlidir. Əks təqdirdə, gələcəkdə azalma davam edəcək”.
 
Magistratura imtahanının birinci mərhələsində bakalavrlara məntiqi təfəkkür üzrə 50, xarici dil üzrə 25 və informatika üzrə 25 test tapşırığı təqdim olunur. Hər bir blok üzrə son 5 sual açıq formalı test tapşırıqlarından ibarətdir. İmtahan suallarının cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır. Bakalavrların hər düzgün cavabı bir balla qiymətləndirilir.
 
Magistraturaya qəbul imtahanının II mərhələsi isə iyunun 4-də keçiriləcək və bakalavrların ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.
 
24saat.org



Загрузка...