İmtahanların iki dəfə keçirilməsi başlıca səbəbi, "Həm ziyarət, həm ticarət"-Nadir İsrafilov
Tanınmış təhsil eksperti Nadir İsrafilov qəbul imtahanlarının iki dəfə keçirilməsini öz "facebook" profilində təhlil edib.
Nazirlər Kabineti tərəfindən təsdiq edilən qəbul qaydalarına əsasən cari tədris ilində bakalavriat səviyyəsinə qəbul imtahanının iki dəfə keçirilməsi nəzərdə tutulur. Bu ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə bilərlər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəyini özləri müəyyən edəcəklər...
Bunu başa düşdük. Təhsilin hamıya əlçatan olması baxımından məzunlara ali məktəblərə qəbul olunmaq üçün ikinci dəfə əlavə şans verilir.
Digər bir dəyişikliyə əsasən bu ildən başlayaraq, qəbul imtahanını rus dilində verən və Azərbaycan dili fənnindən "məqbul” alan abituriyentlərin imtahan nəticələri ardıcıl iki tədris ili üçün (cari və növbəti) etibarlı sayılacaq, onlar bu nəticə əsasında qəbul kampaniyasında iştirak edə biləcəklər...
Bunu da hardasa başa düşmək olar. Yəni, məzun artıq bir fəndən azad olunmaqla, bütün qüvvəsini digər fənlərə hazırlaşmağa səfərbər etmək imkanı əldə edir. İndi gəlin, əgər belə demək olarsa, 3-cü dəyişikliyi anlamağa çalışaq: "Bu imtahanlar 2, 3 və daha çox ola bilər Bu il ilk dəfə olduğu üçün qəbul imtahanları 2 dəfə keçiriləcək."
İstər-istəməz belə nəticə hasil olur ki, bu "gediş” abituriyentlərin ixtisas seçimi, müsabiqədə iştirak etmək və bütövlükdə ali təhsil almaq imkanlarının genişləndirilməsi məqsədindən daha çox 50-dən artıq universitetin boş qalan plan yerlərini doldurmaq, ən başlıcası isə DİM-in (Dövlət İmtahan Mərkəzi) publik hüquqi şəxs dövlət qeydiyyatına alındıqdan sonra üzləşdiyi maliyyə problemlərinin həllinə yönəlib…Necə deyərlər, "həm ziyarət, həm ticarət”.