Rüşvətə görə ittiham olunan direktor...- ətraflı
Sosial şəbəkələrdə yayılan iddialara görə, Şərur rayonunun Muğancıq-Mehrab kənd tam orta məktəbində müəllim və valideynlər dərsləri boykot edir. Səbəb kimi iki il əvvəl rüşvət ittihamları ilə işdən çıxarılan direktor Sinduz Cəfərovanın yenidən vəzifəyə qaytarılması göstərilir. Həmçinin bildirilir ki, adıçəkilən şəxs müəllimlərin maaşına müdaxilə edir, şagirdlərə və kollektiv üzvlərinə qarşı kobud davranır. Vurğulanır ki, dekabrın 1-dən dərslər kütləvi şəkildə boykot olunacaq.
Məsələ ilə bağlı Naxçıvan Təhsil Nazirliyi ilə əlaqə saxladıq. AzTehsil.com xəbər verir ki, qurumdan sorğuya cavab olaraq bildirildi ki, məhkəmə Sinduz Cəfərovanın təqsirsiz olması barədə qərar verib:
"Sinduz Cəfərova məhkəmə qərarı ilə işinə bərpa edilib. Müəllim və valideynlərin boykotu ilə əlaqədar bizə hər hansı məlumat daxil olmayıb. Sözügedən məsələ ilə bağlı araşdırma aparılaraq ictimaiyyətə geniş açıqlama veriləcək".











