AzTehsil.com


Xəbərlər
09 fevral 2017
3 543


“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”



“Təhsildəki yeni qaydalar keyfiyyətə yox, kəmiyyətə hesablanıb”

 

Nadir İsrafilov: "Dəyişikliklər ali təhsil müəssisələrində plan yerlərini doldursa da, kadrların sonradan işlə təminatında ciddi problemlər yaradacaq”
 
Azərbaycanda abituriyentlər ali məktəblərə bir ildə iki dəfə imtahan verə biləcəklər. Bununla bağlı ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul qaydalarında dəyişiklik edilib.Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, cari ilin və əvvəlki illərin məzunları hər iki imtahanda iştirak edə biləcəklər. Abituriyentlər müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özlərini müəyyənləşdirəcəklər.
 
Bəs görəsən bu dəyişikliklər təhsilimizə nə vəd edir?
 
Aztehsil.com xəbər verir ki, İslaminSesinin ünvanladığı sualı təhsil üzrə ekspert Nadir İsrafilov cavablandırıb.  Ekspert  bildirib ki, bu dəyişiklərdə əsas məqsəd ali təhsil alanların sayını artırmaqdır: "Çünki xarici ölkələrlə müqayisədə Azərbaycanda ali təhsillilərin sayı azdır. Ona görə də, təhsil naziri çıxışlarında vurğulayır ki, Azərbaycanda  ali təhsil əlçatan olmalıdır.  Qəbul imtahanlarında abituriyentlərə ikinci dəfə imtahanlarda iştirak etmək şansının verilməsi məhz buna hesablanıb”.
 
Nadir İsrafilovun sözlərinə görə, ali təhsil müəssisələrinə 350 balla qəbul olan tələbələr, orta məktəbdə "3” qiyməti alan tələbələrdir: "Sonradan 350 balın yüksək olduğu və ali təhsil müəssisələrində plan yerlərinin tam dolmadığı əsas gətirilərək ballar aşağı salındı. Bu isə öz növbəsində 100-150  bal toplayan məzunların ali məktəbə qəbul olunması ilə nəticələndi. Yalnız nəzərə alsaq ki, 150 bal, orta məktəbin "2” qiymətinə bərabərdir, o zaman bu çox mənfi qərar idi. Buna görə də, qəbul balı minimum 200-ə qaldırıldı. Lakin məntiqlə düşündükdə görürük ki, dəyişikliklər yalnız kəmiyyətə hesablanıb və keyfiyyət nəzərə alınmayıb”.
 
Təhsil eksperti qeyd edib ki, bu dəyişikliklər  ali təhsil müəssisələrində plan yerlərini doldursa da, kadrların sonradan işlə təminatında ciddi problemlər yaradacaq: " Sovet dönəmində tələb və təklif var idi. Lazım olan ixtisaslar üzrə təhsil alan tələbələr, gənc kadrlar kimi təyinatla işə göndərirdilər. İndi isə Azərbaycanda işlə təminat məsələsi dövlət tərəfindən həyata keçirilmir. İkincisi isə üniversitetlərə qəbulun asanlaşdırılması savadsız abituriyentlərin də təhsil alması ilə nəticələnəcək. Bu isə gələcəkdə savadsız kadrların yetişməsinə gətirib çıxaracaq. Xarici ali təhsil müəssisələrinə qəbul asan olsa da, üniversitetləri bitirib ixtisaslı kadr kimi fəaliyyət göstərmək çətindir. Bizdə isə ali təhsil müəssisələrini müxtəlif yollarla başa vurub, diplom almaq ciddi problem deyil. Ona görə də, yeni qaydalar istər-istəməz savadsız kadrların ortaya çıxması ilə nəticələnəcək”.
 
Nadir İsrafilov bildirib ki, təhsildəki müəyyən çatışmazlıqlar keçid dövrünün problemləridir: " Dəyişiklikləri ümumilikdə müsbət qiymətləndirmək lazımdır. Hər halda mövcud çatışmazlıqları aradan qaldırmaq üçün Təhsil Nazirliyi və Dövlət imtahan Mərkəzi aradan müəyyən işlər görür. Atılan addımların  nə ilə nəticələnəcəyini isə gələcək zaman göstərəcək”.



Загрузка...