Pedaqoji Universitetin Quba filialında V Beynəlxalq Elmi Konfrans keçirilib
Pedaqoji Universitetin Quba filialında V Beynəlxalq Elmi Konfrans keçirilib.
AzTehsil.com xəbər verir ki, Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” çərçivəsində Pedaqoji Universitetin (ADPU) Quba filialında təşkil olunan “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda V Beynəlxalq Elmi Konfrans öz işinə başlamışdır.
Oktyabrın 31-də açılışı olub iki gün davam edəcək Beynəlxalq Elmi Konfransda respublikamızın müxtəlif ali təhsil və elmi müəssisələri ilə yanaşı, Türkiyə, Almaniya, Qazaxıstan, Pakistan və Özbəkistanı təmsil edən nümayəndələr də iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində yerləşən əzəmətli abidəsini ziyarət etmiş, abidə önünə gül-çiçək dəstələri düzmüş, Ulu Öndərin əziz xatirəsinə ehtiram göstərmişlər.
Xarici ölkələrdən gələn qonaqların filialla tanışlığı olmuşdur.
Sonra Şəhid Nuran Mirzəyevin adını daşıyan auditoriya ziyarət olunub.
Əvvəlcə Şəhid Nuran Mirzəyevin xarici dil auditoriyasında yerləşən büstü önünə tər çiçəklər düzülüb. Qəhrəman şəhidin ruhuna ehtiram göstərilib.
Azərbaycan Dövlət Pedaqoji Universitetin Quba filialının direktoru, qabaqcıl təhsil işçisi, fizika üzrə elmlər doktoru, professor Yusif Alıyev Şəhid Nuran Mirzəyevin adını daşıyan bu auditoriyanın təsis olunması, bu müqəddəs məkanın filialın ictimai-ideoloji həyatında oynadığı mənəvi rol, qəhrəman şəhid və qazilərimizə göstərilən ehtiram, onların ailələrinə olan doğma münasibətin gənclərin təlim-tərbiyəsində və tələbələrdə vətənpərvərlik ruhunun yüksəlişində oynadığı rol barədə fikir və mülahizələrini bölüşüb.
Türkiyə, Pakistan, Qazaxıstan və Özbəkistandan çox sayda görkəmli alimin və təhsil işçisinin, habelə Azərbaycanın müxtəlif ali məktəb təmsilçilərinin, həmçinin Quba rayon ictimaiyyətinin görkəmli nümayəndələrinin iştirakı ilə keçirilən konfransın açılışında əvvəlcə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
“Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda V Beynəlxalq Elmi Konfransın məram və məqsədləri, tərəfdaşlar, əvvəlki konfransların qarşıya qoyduğu vəzifələrin icra vəziyyəti, nəşr olunan elmi məqalələrə göstərilən qarşılıq barədə müfəssəl məlumat verilib. Bildirilib ki, V Beynəlxalq Elmi Konfransa Azərbaycandan və xarici ölkələrdən ümumilikdə 100-dən artıq məqalə daxil olub. Redaksiya heyəti tərəfindən təsdiqlənəcək məqalələr toplu şəklində nəşr olunacaq.
Diqqətə çatdırılıb ki, Türkiyənin Qars Qafkas Universiteti, Pakistanın Pəncab Universiteti, Özbəkistan Respublikasının Cizzax Dövlət Pedaqoji Universiteti, Fərqanə Regional Pedaqoji Bacarıqlar Mərkəzi, Andican Regional Pedaqoji Bacarıqlar Mərkəzi, Qırğızıstan Respublikasının Taştan Ermatov adına Bişkek Musiqi-Pedaqoji İnstitutu, UNEC Zaqatala filialı, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutu “Regionlarda ali təhsil: reallıqlar və perspektivlər” mövzusunda V Beynəlxalq Elmi Konfransın təşkilində rəsmi tərəfdaşlardır.
Konfransın rəsmi hissəsini giriş sözü ilə açan professor Yusif Alıyev iştirakçıları səmimiyyətlə salamlayaraq artıq 5-ci ildir ki, təşkil olunan belə bir beynəlxalq tədbirin əhəmiyyətini, ölkələr arasında elmi əməkdaşlığın daha da möhkəmləndiriliməsində rolunu xüsusi vurğulamışdır. Pedaqoji Universitetin Quba filialı ilə əməkdaşlıq edən xarici təhsil müəssisələrin sayının sürətlə artığını bildirən professor xarici və yerli qonaqları iştirakçılara təqdim edib.
Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən təhsil siyasətinin Prezident İlham Əliyev tərəfindən əzmlə davam etdirildiyini ifadə edən direktor bildirib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə Qəhrəman Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı rəşadətli qələbə Azərbaycanda həyatın bütün sahələri kimi təhsil prosesində də yeni çağırışlar yaradıb. Pedaqoji Universitetin Quba filialının peşəkar kollektivi bu çağırışların bütün istiqamətlərində fəal iştirak edərək Müzəffər Ali Baş Komandanın prinsiplərini tam şəkildə dəstəkləyir.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Səidə Abasova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Qars Qafqaz Universitetinin professoru Hüsnü Kapu, Abay adına Qazax Milli Pedaqoji Universitetinin professor Aygerim Koşerbayeva, Cizzak Dövlət Pedaqoji Universitetinin dosenti Marlen Celyalov, Cənubi Qazaxıstan Janibekov adına Pedaqoji Universitetin dosenti Ardaq Alipbek, Termez Dövlət Universitetinin dosenti Obidon Sofiyev və başqaları çıxışlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında ənənəvi olaraq keçirilən beynəlxalq elmi konfransların təkcə elmi deyil, eyni zamanda, xalqlar arasında qardaşlıq və dostluq əlaqələrinin möhkəmləndirilməsində rolunu yüksək dəyərləndirmişlər.
Çıxışlarda xüsusi olaraq qeyd olunub ki, təhsil sahəsində beynəlxalq əməkdaşlıq ölkələr, xalqlar və dövlətlər arasında münasibətlərin inkişafında və möhkəmlənməsində əsaslı baza yaradır.
Bu möhtəşəm tədbir münasibətilə Pedaqoji Universitetin Quba filialını səmimiyyətlə təbrik edən natiqlər əminliklə ifadə ediblər ki, peşəkar və yüksək potensiallı kollektiv bundan sonra da böyük uğurlar qazanacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialının direktoru, dosent Raqif Qasımov möhtəşəm tədbir münasibəti ilə həmkarı professor Yusif Alıyevi və ADPU-nun Quba filialının kollektivini səmimi qəlbdən təbrik edərək təmsil etdiyi ali məktəbin fəaliyyət istiqamətləri və perspektivdə dayanan məsələlər barədə iştirakçıları məlumatlandırıb.
Rəsmi hissədən sonra maraqlı bədii proqramla tədbir davam edib. Bu hissədə Azərbaycanın gözəlliyinə, Vətənimizin təravətinə, xalqımızın və ordumuzun qəhrəmanlığına həsr olunan şeirlər söylənilib.
Sonra Beynəlxalq Elmi Konfrans iki bölmədə öz işini davam etdirmişdir.
Rəsmi hissə və bölmə iclasları xatirə şəkillərinin çəkilməsi ilə başa çatıb.
Xarici qonaqlar filialın Xatirə kitabına ürək sözlərini yazıblar.
Noyabrın 1-də keçiriləcək konfransın sonuncu bölmə iclası ADPU-nun Quba filialı tərəfindən onlayn formada idarə olunacaq.
Beynəlxalq elmi Konfransın rəsmi hissəsi Pedaqoji Universitetin Quba filialının Beynəlxalq əlaqələr və strateji inkişaf şöbəsinin müdiri Dünya Əhmədovanın moderatorluğu ilə keçirilmişdir.![]()









