UNİVERSİTETLƏRİN POTENSİALI MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİN SƏVİYYƏSİ İLƏ MÜƏYYƏN EDİLİR.
Dos.İlham Əhmədov
Hər bir ölkənin təhsil sisteminin keyfiyyəti bu ölkədəki müəllim ordusunun səviyyəsindən çox asılıdır. Bu fikir həm universitetlərə, həm də orta məktəblərə aiddir. Fasiləsiz təhsil dövründə müəllimlər fasiləsiz təhsilə, ixtisasartırmaya, təkmilləşməyə möhtacdırlar. Müasir dünyanın, eləcə də təhsil sisteminin sürətli inkişaf mərhələsində müəllimlərin buna ehtiyacı daha çoxdur. Əgər bu ölkədə təhsil islahatları aparılırsa, islahatın məqsəd və vəzifələri, icra mexanizmi, reallaşan layihələr barədə müəllimlər mütəmadi məlumatlanmalıdırlar. Əks halda islahatdan xəbərsiz müəllimlər ordusu bu prosesdə fəal iştirak edə bilməz, beləliklə islahatın səmərəsi xeyli azalar.
Sovet dönəmində respublikada ali və orta məktəb müəllimləri üçün o dövrün tələblərinə cavab verən fasiləsiz təhsil sistemi mövcud idi. Müstəqillik illərində bu sistem zəifləməyə başladı. 2001-ci ildə isə mövcud sistem tam ləğv edildi, onun bazasında (yəni, Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutu bazasında) ölkədə müəllim kadrlarına heç bir ehtiyac olmadığı halda, bakalavr hazırlığını həyata keçirən Azərbaycan Müəllimlər İnstitutu yaradıldı. Bu addım müstəqillik illərində təhsil sahəsində buraxılan ən ciddi səhvlərdən biri idi. Düzdür, 15 ildən sonra bu səhv qismən də olsa aradan qaldırıldı, amma müəllimlərin təkmilləşdirmə sistemi artıq 20 ildir ki, mövcud deyil. Bu iş təhsilə aidiyyatı olmayan bəzi şirkətlərə həvalə edildi, lakin heç bir peşəkarlıq, keyfiyyət və sistemlilik olmadığı üçün iş səmərəsiz oldu. Biz son 10 ildə dəfələrlə bu problemi qabartmışıq. İndi ali məktəblər bu işin əhəmiyyətini tədricən qiymətləndirməyə başlayıbar.
Pandemiya dövründə onlayn təhsilin populyarlaşması, milli universitetlərimizin distant təhsil texnologiyaları ilə ilkin tanışlığı, xarici (əsasən Türkiyə) ölkə universitetləri ilə şəbəkə əlaqələrinin qurulmasına, o cümlədən müəllimlərin həmən universitetlərlə birgə təlimlərə cəlb edilməsinə imkan verdi.
Son dövrlər UNEC-də müəllimlərin potensialının artırılması məqsədilə "MÜƏLLİM TƏLİM MƏRKƏZİ” yaradılmışdır. Bir il ərzində 1300-dən çox UNEC müəllimi 160-a yaxın fərqli təlimlərə cəlb ediləcəkdir. Artıq bu işin xeyli hissəsi reallaşdırılıbdır.
Bu çox yaxşı təşəbbüsdür. Bu gün bir sıra MDB ölkələrində artıq 20 ildir ki, ali və orta təhsili sistemində müəllimlərinin fasiləsiz ixtisasartırma işi distant texnologiyalar əsasında reallaşır.
Artıq bilməliyik ki, universitetin əsas siması bahalı təmirli və ya yeni tikilən kampuslar deyil. Belə kampusların auditoriyaları bütün dünyada 2 ildir ki, boşdur, nə vaxt dolacağı da məlum deyil.
Universitetlərin siması savadlı müəllimlər və tələbələrdir.
İnformasiya cəmiyyətində təhsilin inkişafına qoyulan investisiyaların çox hissəsi (bəlkə də 90%) insan resurslarının inkişafına, texnologiyalara, tədris laboratoriyalarına, elmi araşdırma, təhsil yönümlü və texnoloji innovasiyaların yaradılmasına, onların tətbiqinə, rəqəmsal təhsilin inkişafına yönəlməli, qalan az hissə isə təmir-tikintiyə yönələ bilər. Təəssüf ki, bizdə son 25 ildə təhsilə dövlət investisiyası dedikdə yalnız təmit-tikinti nəzərdə tutulub. İndi 4000-ə yaxın yeni tikilən və sinifləri boş qalan məktəblərdə distant təhsili qurmağa pul tapılmır.
Ölkədə təhsil islahatlarına, insan kapitalının yaradılmasına məhz müəllimlərin potensialının yüksəldilməsi ilə başlamaq lazım idi.
Yaxşı olardı, digər universitetlərimizdə də MÜƏLLİM TƏLİM MƏRKƏZLƏRİ fəaliyyətə başlasın. Habelə ölkə səviyyəsində TN-nin nəznində daha böyük imkana malik belə bir mərkəz yaradılsın. Müəllimlərimiz belə beynəlxalq təlimlərə cəlb edildikcə, bizim nə dərəcədə geri qaldığımızı hiss edəcəklər. Heç olmamaqdansa, buna da şükür.