Bu istiqamətdə əldə olunan nəticələri uğurlu saymaq olarmı?
Hazırda Azərbaycanda 76 ölkədən 4 971 əcnəbi tələbə təhsil alır ki, bu da ötən tədris ilinə nisbətən 14,4 faiz artıqdır. Qeyd edək ki, bu barədə Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda deyilir. Sənəddə vurğulanır ki, hesabat dövründə ali təhsil müəssisələrinin beynəlxalq proqramlarda iştirakı və beynəlxalq əlaqələri daha da genişlənib: "Avropa İttifaqının "Ali təhsil sahəsində potensialın gücləndirilməsi” komponenti üzrə ölkəmizin universitetləri tərəfindən 30-dan artıq layihə təqdim edilib, ilkin mərhələdə 11 layihə seçilib. Ötən il Azərbaycan ali təhsil müəssisələri ilə xarici ölkələrin ali təhsil müəssisələri arasında əməkdaşlıq haqında bir sıra sazişlər və memorandumlar imzalanıb”.
Məlumat üçün bildirək ki, Azərbaycanda təhsil sahəsində beynəlxalq əməkdaşlıq əsasən, ölkələrarası müqavilələrə uyğun olaraq təhsillə bağlı birgə tədbirlərin həyata keçirilməsini, təhsil sahəsində beynəlxalq proqram və layihələrin reallaşdırılması prosesində beynəlxalq təşkilatlarla əməkdaşlığını, təhsil müəssisələri arasında birbaşa əlaqələr, şagird, tələbə mübadiləsi, müəllimlərin ixtisasının artırılması, stajkeçməsini, müxtəlif təhsil mübadilə proqramlarını həyata keçirən təşkilat və digər donor qurumların təqaüdləri hesabına xaricdə təhsili, dövlət xətti ilə, yəni təhsil sahəsində əməkdaşlıq haqqında ikitərəfli razılaşmalar əsasında Azərbaycan vətəndaşları üçün ayrılan təqaüdlər hesabına həyata keçirilən xaricdə təhsili, əcnəbi tələbələrin Azərbaycanın ali məktəblərində təhsilini əhatə edir. Təbii ki, bu əlaqələr digər ölkələrlə təcrübə mübadiləsinə və ümumilikdə ölkədə təhsilin inkişafına, dünya təcrübəsində istifadə olunan yeni texnologiyaların, təlim strategiyalarının, innovasiyaların tətbiqinə şərait yaradır. Eyni zamanda, beynəlxalq proqram və layihələrin Azərbaycanda reallaşdırılmasına, eləcə də təhsil sektoruna investisiya cəlbinə, insan potensialının inkişafına, kadrların davamlı təkmilləşdirilməsinə, beynəlxalq təlim təcrübələrinin tətbiqinə geniş imkanlar açır. Bununla yanaşı, tələbə, müəllim mübadiləsinə şərait yaradır, ölkədə təhsilin keyfiyyət səviyyəsinin digər inkişaf etmiş ölkələrlə müqayisəsinə imkan verir və Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına uğurlu inteqrasiyasına, rəqabətqabiliyyətli təhsil sisteminin formalaşmasına gətirib çıxarır.
Yeri gəlmişkən, müasir dövrümüzdə beynəlxalq əlaqələrin vacib istiqamətlərindən biri ali məktəblərə əcnəbi tələbələrin cəlbidir. Təsadüfi deyildir ki, universitetlərin reytinqi müəyyənləşdirilərkən əsas göstəricilərdən biri orada təhsil alan əcnəbi tələbələrin sayıdır. Əcnəbi tələbələr əlavə maliyyə mənbəyi olmaqla yanaşı, universitetlərdə mədəniyyətlərin rəngarəngliyi ilə fərqlənən intellektual mühitin yaranmasına yardım göstərir. Bu isə bütün dünyada inkişaf, yaradıcı və yenilikçi fəaliyyətin əsasını təşkil edir. Eyni zamanda bu prosesdə ölkələr arasında əlaqələr, o cümlədən təhsil əlaqələri formalaşır. Təhlillər göstərir ki, dünyanın ən yaxşı universitetlərinin reytinq cədvəlində ön yerləri tutan ali təhsil müəssisələrində tələbələrin böyük əksəriyyətini məhz əcnəbi tələbələr təşkil edir.
Azərbaycanın təhsil sahəsində beynəlxalq əməkdaşlıq etdiyi istiqamətlərə nəzər yetirsək görərik ki, ölkəmizin kifayət qədər nüfuzlu təşkilatlarla geniş əlaqələri mövcuddur. Məsələn, Azərbaycanın təhsil müəssisələri YUNESKO, YUNİSEF, İSESKO, Avropa Təhsil Fondu, Avropa Şurası və Avropa İttifaqı kimi nüfuzlu beynəlxalq təşkilatların təhsil problemləri ilə məşğul olan qurumlarının işində fəal iştirak edir. Beynəlxalq təşkilatlarla aparılan səmərəli əməkdaşlığın nəticələrındən biri kimi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən TEMPUS/TASİS proqramına Azərbaycanın ali məktəblərinin fəal cəlb olunmasını vurğulaya bilərik. Bu proqram əsasında tələbə mübadiləsi, mütəxəssis hazırlığı, müəllimlərin xaricdə staj keçməsinin təşkilı, ali təhsil müəssisələrinin müasir informasiya texnologiyaları və tədris avadanlıqları ilə təchizatı üzrə bir sıra tədbirlər həyata keçirilib. Belə ki, bu proqramın malıyyə-texniki yardımı ilə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Dillər Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, o cümlədən "Qərb", "Xəzər" və "Təfəkkür" kimi özəl ali məktəblərdə bir sıra məqsədyönlü işlər görülüb.
Təhsil Nazirliyinin çox sıx və səmərəli əməkdaşlıq etdiyi beynəlxalq təşkilatlardan biri də YUNİSEF-dir. Azərbaycan hökuməti ilə YUNİSEF arasında imzalanmış Əməkdaşlıq Proqramı çərçivəsində "Erkən uşaqlıq dövründə inkişaf və daha yaxşı valideynlik taşəbbüsü", "Fəal təlim və məktəb rəhbərliyi", "İnkişaf üçün təhsil və Usaq Hüquqları Konvensiyası (UHK)", "Təhsil sistemində məlumatların və təkliflərin təkmilləşdirilməsi", "Gənclərin saglamlığı və inkişafı" kimi layihələr üzrə müvəffəqiyyətlə iş aparılıb.
Bunlarla yanaşı, Təhsil Nazirliyi ABŞ, Fransa, Böyük Britaniya, Qazaxıstan, Almaniya, Rusiya, Çin, Yaponiya, İsrail, Cənubi Koreya, Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, İran, Misir, Hindistan, Ukrayna, Gürcüstan, Moldova, Çexiya, Slovakiya, Özbəkistan və Polşa, Macarıstan kimi ölkələrlə birbaşa təhsil əlaqələri yaradıb və bu əməkdaşlıq uğurla davam etməkdədir.
Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən təhsil sahəsi üzrə ekspert Nadir İsrafilov deyib ki, 90-cı illərin əvvəllərindən etibarən Azərbaycanın müstəqillik əldə etməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyası ilə əlaqədar ölkəmizin ali məktəblərinin beynəlxalq əməkdaşlıq sahəsində nəzərəçarpacaq irəliləyiışi danılmazdır: "Nazirliyin digər struktur qurumları və tədris müəssisələri ilə birlikdə ümumi orta təhsil, ali və orta ixtisas təhsili sahələrində habelə ali məktəblərin elmi fəaliyyəti sahəsində beynəlxalq əməkdaşlığın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, onların yerinə yetirilməsinə nəzarət edilməsi məqsədi ilə Təhsil Nazirliyində "Beynəlxalq əməkdaşlıq şöbəsi”nin yaradılması xarici ölkələr, beynəlxalq təşkilatlar və xarici qeyri-hökumət təşkilatları ilə təhsil sahəsində beynəlxalq əməkdaşlığın həyata keçirilməsinin təmin olunmasında yeni mərhələdir. Bir çox sahələrdə olduğu kimi , o cümlədən də təhsil sahəsində beynəlxalq əməkdaşlıq dünyanın ən son yeniliklərinin, xüsusilə yeni texnologiyaların öyrənilməsi, ölkəmizin təhsil sistemində yerinin və rolunun müəyyənləşdirilməsi, və ən müasir təcrübədə beynəlxalq standartların tətbiqi ilə yanaşı həm də bir növ daxili və xarici rəqabətə təkan vermiş olur.Məsələn, qısa zaman kəsiyində Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), xarici ölkə universitetləri ilə ikitərəfli əməkdaşlıq, beynəlxalq təhsil proqramlarında iştirak, əcnəbi tələbələrin cəlb olunması, müvafiq beynəlxalq təşkilatlarla işbirliyi və digər istiqamətləri əhatə etməsi sahəsində müəyyən təcrübə əldə edib. Bildiyim qədər UNEC dünyanın 32 ölkəsinin 92 universiteti ilə ikitərəfli əməkdaşlıq müqaviləsi imzalamışdır. Xəzər Universitetinin beynəlxalq əməkdaşlıq ənənələri uzun illərdir ki, davam edir. Beynəlxalq əlaqələr və ikitərəfli əməkdaşlıq istiqamətdə ATU, ADU, ADAU və bir sıra digər Universitetlərdə də müvafiq işlərin görülməsinin bilavasitə şahidiyik”.
Ekspert həmçinin vurğulayıb ki, əslində 2005-ci il mayın 19-da Azərbaycanın Boloniya bəyannaməsinə qoşulması beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar açmalı idi: "Təəsüf ki, bu prosesin bir çox şərtlərinə ikitərəfli qaydada əməl olunmasında müəyyən obyektiv və subyektiv problemlər ortalığa çıxdı. Diplomların qarşılıqlı tanınması, təhsil ilə elmi tədqiqat şərtlərinin birləşdirilməsi, elmi tədqiqatın beynəlxalqlaşdırılması, fakültələrin, institutların, departamentlərin və şəxslərin beynəlxalq əməkdaşlığı, tələbələrin təhsildə qərarların qəbul edilməsində yaxından iştirakı, tələbə və müəllim mübadiləsinin həyata keçirilməsi, ortaq yay məktəblərinin və ikili diplom proqramlarının reallaşdırılması, birgə elmi konfransların və seminarların təşkili, qarşılıqlı faydalı təcrübə mübadiləsinin aparılması sahəsində görüləcək işlər genişləndirilməlidir”.
hafta.az