Ənənəvi tədrisin qismən bərpası və Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən növbəti həftələrdən epidemioloji statistik göstəricilərə əsasən müvafiq qərarlar qəbul ediləcəyi barədə gözləntilər kollektiv üzvlərimizin də sevincinə səbəb olmaqla yanaşı məsuliyyətimizi də ikiqat artırıb.
Təhsil prosesi tam bərpa olunduqdan sonra belə, məktəb kollektivi olaraq vəziyyətə görə nə kimi hallarla qarşılaşacağımız baxımından hər hansısa bir arxayınçılığa yol verməmək əsas məqsədlərimizdəndir.
Bu baxımdan rəhbərlik etdiyim təhsil müəssisəsinin kollektivi də yeni tədris mühitində ümumi təhsil müəssisələrində dərslərin təşkili ilə bağlı Nazirlər Kabinetinin müvafiq qərarı, Təhsil Nazirliyi və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrlərinin icrası istiqamətində həyata keçirilən tədbirlərə cavab olaraq, müvafiq sanitar-epidemioloji qaydalara riayət edilməsi, müəyyən fasilədən sonra şagirdlərin əyani tədris mühitinə adaptasiya olunması, müəyyən obyektiv və subyektiv səbəblərdən ayrı-ayrı şagirdlərdə yaranan geriliyin aradan qaldırılması, onların fərdi yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi istiqamətində öz səy və bacarıqlarını əsirgəmir.
Hələ Təhsil Nazirliyinin "2020-2021-ci tədris ilində ümumi təhsillə bağlı aktual məsələlər və hədəflər barədə” əmrindən bilirik ki, məsafədən öyrətmə və öyrənmənin metodikasının geniş təbliği, ümumi təhsil müəssisəsində sosial davranış qaydalarının təşviqi, pandemiya ilə bağlı mövcud vəziyyət və zəruri ehtiyaclar nəzərə alınmaqla bir sıra digər həlli vacib məsələlər öz əksini tapıb. Bu işlərin düzgün təşkilində məktəblərimizdə çalışan müəllimlərin üzərinə çox böyük iş və məsuliyyət düşür. Hər zaman onu da nəzərə alırıq ki, uğurlu qərarlar təcrübədən əldə edilir, uğura gedən yol təcrübədən keçir.
Zənnimcə, belə bir şəraitdə məktəbin başlıca vəzifəsi Təhsil Nazirliyinin tövsiyələrini əsas götürməklə, mövcud tibbi-profilaktik tədbirlərlə bağlı məktəb kollektivi, şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işlərini həyata keçirmək, şagirdlərin proqram materiallarının mənimsənilməsində yaranan boşluqları aradan qaldırmaq, məktəb-valideyn-şagird əlaqələrini imkan daxilində onlayn müstəvisinə keçirmək, video, qrafika, səs və digər multimedia vasitələrinə, elerktron resurslara, teledərslərə, kifayət qədər dərslik, dərs vəsaiti, sinifdən xaric oxu materialları yerləşdirilmiş müvafiq portallara istinad etmək, valideynlərin təhsil ocağı ilə, müəllimlərin valideynlərlə sıx əlaqə saxlaması, məktəbdə və təhsilimizdə gedən proseslərdə bilavasitə iştirakını təmin etməkdən ibarətdir. Biz də məktəb kollektivi olaraq işimizi məhz bu istiqamətdə qurmuşuq.
Danılmaz faktdır ki, insanı yetişdirən, formalaşdıran ilk ocaq ailədən sonra məktəb və pedaqoji mühitdir. Bu baxımdan cəmiyyətin maariflənməsi məsələsi də məktəbin və müəllimin fəalliyyətinin tərkib hissəsi və icra edəcəyi vacib işlərdən biri olmalıdır. Bu gün informasiya cəmiyyətində yaşayırıq və bu cəmiyyətin tələblərinə uyğun müxtəlif platformalarda şagird-müəllim, valideyn–müəllim münasibətlərinin tənzimlənməsi zərurəti ön plana çəkilir.
Cənab Nazirin son müsahibələrindən birində dediyi kimi, "Oxumağa həvəs yaratmaq müəllimin əsas fəaliyyətidir”. Müəllim dedikdə, biz daha geniş yanaşmalıyıq. Valideyn də müəllimdir, müəllim də təhsil verəndir, o cümlədən, ətraf mühit də müəllimdir. Sual müəllimlərin tək bilik və bacarığında deyil, məsələyə münasibətindən, dəyərlərindən, davranışından asılıdır.
"Təhsil haqqında Qanun”da bildirilir ki, "Təhsil sistemi müxtəlif pillədən olan ardıcıl təhsil proqramlarının məcmusundan, onları həyata keçirən təhsil müəssisələri şəbəkəsindən, təhsili idarəetmə orqanlarından, təlim-tərbiyə prosesi ilə məşğul olan digər təşkilatlar və müəssisələrdən ibarətdir.” Şagird şəxsiyyətinin formalaşması məsələsində məktəblə valideyn əlaqəsi məktəblər və onun ən aparıcı qüvvəsi olan müəllimlərdən böyük məsuliyyət tələb edir. Hazırda təhsil sahəsində gedən əsas islahatlardan biri də təkmilləşmə, yeniləşmə prosesinə daxil olan müəllim-valideyn münasibətləri istiqamətində məktəbin yenidən qurulmasıdır. Müəllim-valideyn münasibətlərini doğru istiqamətə yönəltmək məktəb rəhbərliyinin peşəkarlığının əsas göstəricilərindən biridir.
Məktəbimiz əsasən əhalinin sıx məskunlaşdığı ərazidə yerləşir. Bir çox müəllimlərimiz də məhz bu ərazinin sakinləridir. Müəllimlərimiz və sinif rəhbərləri tabeliyində olduğumuz Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən göndərilən təlimat xarakterli göstərişləri rəhbər tutaraq, nümunəvi dərs cədvələri əsasında işini qurur, əyani təhsildən kənar qalan şagirdlərlə əlverişsiz halda belə əlaqə qurmağa çalışır, adi telefon bağlantısı vasitəsilə valideynlərə və şagirdlərə öz müvafiq tapşırıq və tövsiyələrini verir, təhsilin fasiləsizliyini təmin etmək üçün mümkün olan bütün imkanlardan istifadə edirlər. Başqa sözlə müəllim-şagird-valideyn əlaqələrinin daha qarşılıqlı və anlaşıqlı müstəviyə keçirilməsi üçün yeni imkanlar açılmasına səy göstərir.
Qeyd etdiyimiz kimi, düzgün qərarlar təcrübə nəticəsində əldə edilir, uğura gedən yol təcrübədən keçir. Hələ pandemiyanın ilk günlərindən onlayn rejiminə keçidlə əlaqədar valideynlər və şagirdlərlə məsafəli əlaqələrimizdən yararlanaraq, belə qərara gəldik ki, məktəbimizdə "Valideyn Resurs və Uşaqlara Dəstək Mərkəzi”ni yaradaq. Bu məqsədlə geniş və əhatəli bir layihə hazırladıq. "Valideynlə birgə işləyək” adlı lahiyəni "Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsi”nə təqdim etdik və qalib olduq. Bu istiqamətdə apardığımız işlərin müsbət nəticələr verməsi bizi daha da ruhlandırır.
Müstəqil ev işi tədris proqramlarının tələblərini, həmçinin məktəblilərin maraq və tələbatlarını, onların inkişaf səviyyəsini nəzərə almaqla qurulur. Sinifdənxaric müstəqil iş şagirdlərin müstəqilliyinə, şüurluluğuna, istedadlarının aşkara çıxarılmasına istinad edir. Dərs prosesi ilə yanaşı, düzgün təşkil edilmiş sinifdənxaric fəaliyyət şagirdlərin inkişafında sinifdəki fəal işdən heç də az əhəmiyyət kəsb etmir, əksinə əldə olunmuş bilik və bacarıqları möhkəmlətmək, proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə yetirmək yolu ilə təfəkkürün müstəqilliyini lazımınca inkişaf etdirir, şagirdlərə tədris materialını mənimsəməkdə əlavə stimul yaradır.
Məlumdur ki, dərsə verilən müasir tələblərdən biri də, şagirdlərin yaradıcı təfəkkür və tədqiqatçılıq qabiliyyətinin inkişaf etdirilməsidir. O da inkar edilməz faktdır ki, bu vəzifənin yerinə yetirilməsində şagirdlərin müstəqil işlərinin təşkili danılmazdır. Başqa sözlə, müəllim təlim materialını saf-çürük edir, dolaşıq və mübahisəli məsələləri aydınlaşdırır, şagirdləri düzgün variantlara yönəldir. Şagird isə müəllimdən fərqli olaraq, tədqiq olunmuş işləri araşdırır, təlim materialı üzərində düşünür, axtarış aparır, əlverişli variant seçir, öyrədilənləri şüurlu mənimsəyir. Təfəkkürün fəallığı təlim materialının dərk edilməsi prosesini sürətləndirir, mənimənilməni xeyli asanlaşdırır. Bu yolla əldə edilən biliklər möhkəm olur və uzun müddət yadda qalır. Müstəqil ev işi tədris proqramlarının tələblərini, həmçinin məktəblilərin maraq və tələbatlarını, onların inkişaf səviyyəsini nəzərə almaqla qurulur. Sinifdənxaric müstəqil iş şagirdlərin müstəqilliyinə, şüurluluğuna, fəallığına istinad edir. Düzgün təşkil edilmiş sinifdənxaric fəaliyyət şagirdlərin inkişafında sinifdəki fəal işdən heç də az əhəmiyyət kəsb etmir, əksinə əldə olunmuş bilik və bacarıqları möhkəmlətmək, proqram materialı çərçivəsində fərdi tapşırıqları yerinə yetirmək yolu ilə təfəkkürün müstəqilliyini lazımınca inkişaf etdirir, şagirdlərə tədris materialını mənimsəməkdə əlavə yardımçı olur.
Şagirdlərə əvvəlcə məktəbdənkənar öyrənməyi öyrətmək lazımdır. Artıq kitab və dərsliklər əsas bilik mənbəyi deyil, şagirdlər başqa mənbələrdən də bilik ala bilərlər. İnternet saytları, audiokasetlər, kompüterlər, planşetlər və s. də bilik mənbəyi kimi günümüzdə istifadə olunan vasitələrdəndir. Təhsil müəssisəsi təkrar biliklərə yiyələnən şagirdlər yetişdirməməlidir. Onun əsas amalı məktəblilərin innovativ olmasını təmin etmək, şagirlərə müstəqil öyrənməyi sevdirməkdir. Onlar öyrəndiklərini istifadə edə bilməsələr, bunun faydası yoxdur. Uşaqlar daha çox cəmiyyətə fayda verən fərdlər kimi yetişməlidirlər. İlk növbədə, şagirdlərə öyrənməyi öyrətmək lazımdır ki, şagirdlər məktəbi bitirdikdən sonra müstəqil həyata adladıqda özləri sərbəst qərar verməyi bacarsınlar.
Artıq, ənənəvi tədris forması mərhələli şəkildə bərpa olunur. Valideynlər arasında sistemli və davamlı marifləndirmə işlərinin aparılması və qarşılıqlı əməkdaşlığın nəticəsidir ki, istər məsafədən təhsil zamanı, istərsə də özündə klassik və yeni texnologiyaları birləşdirən "Hibrid” təhsil formasının tətbiqi ilə əlaqədar, hər hansısa valideyn tərəfindən narahatçılıq ifadə olunmayıb. Valideynlərimiz anlaşıq göstərərək, vəziyyəti düzgün qiymətləndirir, bizdən asılı olmayan reallıqları obyektiv olaraq dəyərləndirirlər.
Yaqut Əfəndiyeva
Azərbaycanın Milli Qəhrəmanı Aytəkin Məmmədov adına 38 nömrəli tam orta məktəbin direktoru