Tarixi mənbələr göstərir ki, Azərbaycanda ibtidai savad təlimi verən ilk məktəblərin yaranması yeni eranın əvvəllərinə təsadüf edir. VII əsrdə artıq təhsil sistemi formalaşmaqda idi.
Daha sonralar inkişaf elə bir səviyyəyə çatmışdı ki, X-XIII əsrlərdə Azərbaycanın bir çox şəhərləri, o cümlədən Təbriz, Marağa, Gəncə, Naxçıvan, Şamaxı, Ərdəbil Şərq aləmində elm, təhsil, incəsənət və mədəniyyət mərkəzləri kimi tanınırdı.
Eramızın XIII-XIV əsrlərində təhsil və elm sahəsindəki canlanma və inkişaf, bir sıra tanınmış təhsil ocaqlarının fəaliyyəti diqqəti cəlb edir. Onlardan Təbrizdə "Qazaniyyə", "Fələkiyyə", "Şeyx Kəmaləddin Xocəndi", "Dəməşqiyyə", "Qazi Şeyx Əli", "Məqsudiyyə", "Müzəffəriyyə", "Nəsriyyə" mədrəsələri geniş fəaliyyət göstərmişlər. Şənbi-Qazanda "Şəfeiyyə" və "Hənəfiyyə" mədrəsələri olmuşdur. Bakıda "Şah məscidi" yanında mədrəsə, Seyid Yəhya mədrəsəsi, Ərdəbildə Şeyx Səfi məqbərəsi nəzdindəki "Darül-irşad", Dərbənddə məhəllə məscidi yanındakı mədrəsənin fəaliyyəti daha qabarıq şəkildə özünü büruzə verirdi.
İçərişəhərdə mədrəsə
Bu dövrdə orta təhsillə yanaşı, geniş ərazidə tanınmış ali təhsil müəssisələrinin də fəaliyyət göstərdiyi xəbər verilir. Təbrizdə "Rəbi-Rəşididə" darülfünunu Yaxın və Orta Şərqin ən böyük təhsil ocağı idi. Bu ali məktəbdə 7 min tələbə təhsil alırdı. Burada Çin, Hindistan, Misir və Suriyadan dəvət olunmuş 500 nəfər alim tədris işilə yanaşı, həm də əhalinin müalicəsilə məşğul olmuşlar. Darülfünunda təbiətşünaslıq, fəlsəfə, tarix, təbabət, nücum, məntiq, ilahiyyat şöbələri fəaliyyət göstərirdi. Bu müəssisə həm də zəngin kitabxanası ilə də sayılır, seçilirdi. Tədris ərəb, fars və Azərbaycan dillərində aparılırdı.
Parisdə təhsil alan azərbaycanlı tələbələr, 1920-ci il
XVI-XVII əsrlərdə elmlə yanaşı təhsil də inkişaf etmiş, bir sıra yeniliklər baş vermişdir. Keçən əsrlərdə olduğu kimi, bu dövrdə də təlim-təhsil məsələlərinə din xadimləri rəhbərlik edirdi. Tələbələr yenə də məscidlərdə, şəxsi evlərdə təşkil edilən məktəb və mədrəsələrdə təhsil alırdılar. Uşaqlar əvvəlcə ana dilində, yuxarı siniflərdə isə ərəb və fars dillərində təhsillərini davam etdirirdilər. Əlifbanı tamam- kamal öyrəndikdən sonra "Quran"ı əzbərləyirdilər. Təhsil ocaqlarında ilahiyyat dərsi geniş tədris edilsə də, ictimai və təbiət elmləri də keçilirdi. Eyni zamanda astronomiya və riyaziyyat elmlərinin tədris edilməsi barədə də xəbər verilir XVIII əsrdə Təbrizdə 600 məhəllə məktəbi və 47 mədrəsə, Şamaxıda 40-a qədər məktəb və 7 mədrəsə, Ərdəbildə Şeyx Səfi məqbərəsində xüsusi mədrəsə fəaliyyət göstərmişdir.
XVIII əsrdə olduğu kimi, XIX əsrin əvvəllərində də təhsil müsəlman ruhanilərinin təsir dairəsində idi. Məscidlərin və digər dini ocaqların nəzdində məktəb və mədrəsələr yetərincə fəaliyyət göstərirdi. Çoxillik ənənəvi təhsil öz işini, inkişafını davam etdirirdi. Lakin zamanın tələbinə uyğun olaraq qabaqcıl və daha mütərəqqi təhsilə böyük ehtiyac duyulurdu. 1829-cu ildə təqdim olunan təhsil nizamnaməsi bu vacib məsələni bir qədər də tezləşdirdi. Tədricən Gəncə, Şəki, Şuşa, Naxçıvan, Ordubad, Şamaxı, Bakı, Quba, Lənkəran və digər qəza məktəbləri yarandı və fəaliyyətə başladı. Bu ikisinifli məktəblərdə şəriət, qiraət, hüsnxət, hesab, rus və Azərbaycan dili tədris edilirdi.