AzTehsil.com


Xəbərlər / Direktor / Müəllim
23 noyabr 2017
3 792


Azərbaycanda idarəetmə təkamülü



Azərbaycanda idarəetmə təkamülü


Müasir dövr idarəetmənin sahələrindən biri də pedaqoji sahələrin idarə edilməsidir. Dünya dövlətləri sırasında tarixən özünün xüsusi yeri və çəkisi olan Azərbaycanda idarəetmənin tarixi və bu gününə nəzər salaq. Azərbaycanda qədim və orta əsrlər dövründə idarəetmə haqqında elmi fikirlərə rast gəlmək olar. Belə ki, bütün dünyada olduğu kimi Azərbaycanda da idarəetmənin təcrübi tarixi kökləri daha qədimdir. Hələ orta əsrlərdə Əbu Əli ibn Sina, Əbülhəsən Bəhmənyar, Nəsirəddin Tusi kimi Şərqin böyük filosofları idarəetmə haqqında fəlsəfi fikirlər söyləmişlər. İdarəetmə haqqında sistemli şəkildə olmasa da, bu mütəfəkkirlərin müxtəlif əsərlərində fəlsəfi fikirlərə rast gəlinir.

Əbu Əli ibn Sina «Əl-hidayət» (rəhbərlik) əsərində bir filosof kimi idarəetmənin təfəkkürə, məntiqə əsaslannn mahiyyətini açmışdır. Onun tələbəsi olan Əbülhəsən Bəhmənyar isə «Əl-Təhsil» əsərində İbn Sina təlimindən çıxış edərək göstərir ki, insan fitrətən məlumat toplamağa, elm öyrənməyə qabildir.
 
Filosofun fikrincə, şeylər təbii surətdə duyğular vasitəsi ilə, sonra onların nüsxəsi olan təxəyyül vasitəsi ilə dərk edilir.
 
Məhəmməd ibn Həsən əl-Tusi görkəmli filosof kimi bir çox əsərləri ilə dünya şöhrəti qazanmışdır. Onun «Əxlaqi-Nasir» əsərində idarəetmə haqqında, qanun-qaydalar haqqında məlumat verilir. Əsərin üçüncü fəslində «Ölkə (şəhərləri) idarəetmə qaydaları» geniş fəlsəfi anlamda təsvir edilir. Əlbəttə, bütün məlumatlar idarəetmə haqqında hələ əsaslandırılmamış fəlsəfi fikirlərdir. Qədim dövrlərdə, orta əsrlərdə idarəetmə prosesləri ilə bağlı fikirlər dünyanın bütün xalqlarında olduğu kimi, Azərbaycanda da mövcud olmuşdur.

Bütün sahələrdə olduğu kimi, təhsil sahəsində də idarəetmə təcrübi əsasda mövcud idi. 1067-ci ildə Alp Arslanın vəziri Nizamülmülkin təşəbbüsü ilə iri şəhərlərdə «Nizamiyyə» mədrəsələri açıldı. Hakimiyyət bu mədrəsələrin qorunmasına və idarə olunmasına xüsusi fikir verirdi. Burada kənaraçıxmalar, təriqqətçilik ola bilməzdi. Nizamiyyə mədrəsələri məzhəb münaqişələri üçün deyil, elmin inkişfına xidmət etmək üçün yaradılmışdır .

Orta əsrlərdə Azərbaycanda olan məktəblər və onların idarə edilməsi haqqında məlumatlar az tədqiq olunmuşdur. Həmin dövrdə təhsilin idarəolunması haqqında dəqiq məlumat toplamaq imkanı verilməsə də, bir çox səyyah və alimlərin səyahətnamələrinə əsaslanmaqla müəyyən qənaətə gəlmək olar. XVII əsrin məşhur türk alimi Övliya Çələbinin səyahətnaməsindən aydın olur ki, təkcə Şamaxıda XII əsrdən bəri 40 ibtidai məktəb və 7 mədrəsə fəaliyyət göstərirdi.

1636-1637-ci illərdə Azərbaycanda olan məşhur alman alimi və səyyahı Adam Olearinin səyahətnaməsində Şamaxı məktəbləri haqqında məlumat verilir. O, qeyd edir ki, burada ibtidai məktəblər (mollaxanalar), mədrəsələr də vardır. Səyyah Şamaxıda gördüyü bir təhsil ocağı haqqında belə deyir: "Fevralın 5-də bazarın yanında yerləşən böyük bir saraya daxil olduq. Bina gözəl kolleclər kimi bir çox qalereyadan və otaqlardan ibarət idi. Biz orada orta yaşlı xeyli adam gördük. Onların bəziləri əlində kitab gəzirdi, qalanları isə oturmuşdu. Öyrəndik ki, mədrəsə adlandırılan bu bina məktəb və ya kollecdir”.

Bildiyimiz kimi orta əsrlərdə mollaxana və mədrəsələr adətən məscidlərdə yaradılırdı. Elm və yüksək tipli ali təhsil verən universitetlər üçün isə xüsusi binalar olurdu. A.Olearinin qeydlərində aydın olur ki, bu xüsusi binada qalereyalardan, otaqlardan ibarət auditoriyalar alimin təbərincə desək, «akademiya» idi. Burada təhsil alanlar əsasən orta yaşlılardan ibarət idi. A.Oleari yazır:
 
«Onların elmləri və incəsənəti öyrənmək üçün mədrəsə adlandırdıqları kollec və akademiyaları var. Orada tədris ilə məşğul olanları müdərris adlandırırlar».

A.Olearı həmin təhsil müəssisəsində kütləvi mühazirələrin oxunduğunu müşahidə etmişdir. Burada riyaziyyat, astrologiya, əxlaq, poeziya, təbabət, fiqh və fəlsəfənin də tədris olunduğunu qeyd edir. Tərbiyəçilər və müdavimlərlə ərəbcə elmi söhbətlər apardığını da bildirir.

Məşhur şərqşünas Fransua Bernal Şarmua bu tip mədrəsələrin mütərrislərini professora, müdavimlərini isə aspiranta və elmlər namizədinə müvafiq hesab etmişdir. Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda XVII əsrdə belə, təhsil yaxşı inkişaf etmiş və özünun idarəetmə sistemi olmuşdur. 

Sənayeləşmə dövründə Azərbaycanda nə baş verirdi? (ardı var)
 
Ş.Qəribov, İ Əsədova



Загрузка...
Həmçinin oxuyun: