AzTehsil.com


Kurikulum
13 iyun 2016
23 155


Təhsilin məzmunu



Təhsilin məzmunuTəhsilin məzmunu
Təhsilin məzmunu dedikdə, müəyən tip tədris müəssisələrində öyrənmək üçün seçilmiş biliklər, bacarıqlar sistemi başa düşülür. Təhsilin məzmunu abstrakt deyil. O, sistemin daxili mahiyyətindən ayrılmazdır. Şagirdlərin təfəkkürünü, idraki maraqlarını formalaşdırmaq, hərtərəfli inkişafını təmin etmək və əmək fəaliyyətinə hazırlamaq ümumi təhsilin məzmunun əsasını təşkil edir.Məzmun təhsilin məqsədlərini həyata keçirməyin vasitəsi olmaqla cəmiyyətin və həm də
ayrı-ayrı adamların cari və perspektiv tələbatlarını əks etdirir. Məzmunun formalaşdırılmasını, onun müxtəlif tipli və səviyyəli tədris müəssisələrinin proqramlarına daxil olunmasını daha çox tələbatlar istiqamətləndirir. Başqa sistemlərdən asılı olan, onlardan törəyən məzmun bir sistem kimi çətin formalaşır. Bununla əlaqədar olaraq qeyd etmək lazımdır ki, təhsilin məzmunu kəskin ideoloji mübarizə mövzusu olmuşdur. Qeyd edək ki, həmişə bir-birinə zidd qüvvələr məktəbə və onun vasitəsilə bütün cəmiyyətə təsir etməyə cəhd göstərmişdir. Bu amil daimi xarakter daşıdığından təhsilin məzmunun formalaşmasının qanuna -uyğunluqlarından biri hesab edilir. Təhsilin məzmununun formalaşmasını şərtləndirən sistemlər içərisində qəbul olunmuş məqsədlər, sosial tələbatlar, sosial və elmi nailiyyətlər, şəxsi tələbatlar, pedaqoji imkanlar və s. seçilir.Sosial və şəxsi tələbatlar sistemi məqsədlər sistemi ilə qırılmaz surətdə bağlıdır Təhsil yeni məktəb quruculuğunun indiki mərhələsində demokratik
dövlətin yaradılmasının, onun mədəni və mənəvi intibahının, bazar münasibətlərinin təşəkkülünün, elm və texnikanın inkişafının əsasında durmalıdır.Təhsildə ictimai və şəxsi maraqları necə birləşdirmək problemi həll olunmalıdır,yəni bir tərəfdən ictimai tələbatlar ödənilməli, o biri tərəfdən isə təhsil hər bir insan üçün zəruri və cəlbedici olmalıdır. Məktəb təhsilinin məzmununu formalaşdırmaq üçün ənənəvi olaraq sosial və elmi nailiyyətlər sistemi böyük əhəmiyyət kəsb edir. Təhsilin məzmununda elmi nailiyyətlərin implikasiyası (tətbiqi) sahəsində aparılan tədqiqatlar göstərir ki, yeni elmi kəşf və ya yeni sosial ideyanın meydana
gəlməsi ilə onun məktəbdə sistemli öyrənilməsi arasındakı vaxt müddəti durmadan azalır. Pedaqoji imkanlar sistemi təhsilin məzmununa məlumatların daxil olmasına yol vermək və ya ona qadağa qoymaq rolunu oynayan tənzimləyicidir. Başa düşmək, anlamaq, mənimsəmək üçün müəyyən inkişaf səviyyəsi lazımdır.Orta ümumtəhsil məktəbində təhsilin məzmununa verilən tələblər təhsilin inkişafı üzrə dövlət strategiyası ilə müəyyən olunur. Təhsilin məzmununda iki aspekt gözlənilir: milli və ümum-bəşəri. Məktəb təhsilinin məzmununun müəyyənləşdirilməsinin ümumi əsasları bunlardır: humanistləşdirmə, diferensiallaşdırma, inteqrasiyalaşdırma, yeni informasiya texnologiyalarınıngeniş tətbiqi, yaradıcı şəxsiyyətin formalaşdırılması.Tədris prosesinin məz-munu bir sistem kimi müxtəlif strukturda təqdim edilə bilər. Strukturun elementləri ayrı-ayrı biliklər və ya onların elementləridir. Hazırda təhsilin məzmununun xətti , konsentrik, spiralvari və qarışıq strukturları geniş yayılmışdır. Xətti strukturda tədris
materialının ayrı-ayrı hissələri bir-biri ilə sıx əlaqədə, fasiləsiz ardıcıllıqla, məktəb təlimi dövründə bir dəfə öyrədilir. Bu strukturu əsas götürəndə ardıcıllıq, tarixilik, sistemlilik, müvafiqlik tələblərinə riayət etmək lazımdır. Konsentrik struktur əvvəl öyrənilən biliklərə qayıtmağı nəzərdə tutur. Eyni bir material bir neçə dəfə təkrar olunur, həm də materialın məzmunu yavaş-yavaş genişlənir, yeni məlumatlar, əlaqələr və asılılıqlarla zənginləşir. Təlimin ilk mərhələlərində elementar təsəvvürlər verilir, biliklər və idraki imkanlar artdıqca onlar dərinləşdirilir və genişləndirilir. Spiralvari strukturun xarakterik xüsusiyyəti odur ki, burada şagirdlər başlanğıc problemi diqqətdən kənarda qoymur, onunla bağlı olan biliklərin dairəsini yavaş-yavaş, tədricən genişləndirir və dərinləşdirirlər. Spiralvari strukturda konsentrik və biliklərin bir dəfə öyrənilməsi də baş vermir, onların daha geniş öyrənil-məsi davam edir. Qarışıq strukturun imkanlarından daha çox istifadə olunur. Bu struktur xətti, konsentrik və spiralvari struk-turların kombinasiyasıdır. Bu kombinasiya təhsilin məzmununu təşkil edən zaman manevr etməyə, onun ayrı-ayrı hissələrini müxtəlif yollarla ifadə etməyə kömək edir.
Təhsilin məzmununun strukturunu seçən zaman təlimin məqsədi, şagirdlərin oxuma (öyrənmə) səviyyəsinə verilən tələblər, öyrənilən biliklərin xarakteri və xüsusiyyətləri, məzmununun ünvanlandığı şagird qruplarının xüsusiyyətləri nəzərə alınır. Burada daha bir məsələyə diqqət çəkmək istərdik. Təhsilin məzmunun gərəksiz informasiya maksimallığından qorunması çox vacibdir. Beyini həddindən artıq gərəksiz biliklə yükləmək sərbəst düşüncəyə ən böyük zərbədir. Sərbəst düşüncə isə passiv hafizədən fərqli olaraq elmi vəcdlə, yaradıcılıq ehtirası ilə müşayiət olunur. Leonardo da Vinçi demişkən, "elmlə ehtirassız məşğul olmaq
hafizəni zibilləyir”. Çünki, soyuq hafizə gücünə başqasından hazır şəkildə alınmış biliklər əslində cansız biliklərdir və onları "həzm etmək” mümkün deyil. Təsadüfi deyildir ki, B.Franklin də təhsildən danışarkən "bütün yeyilənlərin” yox, ancaq
həzm olunan hissənin faydalı olduğunu yada salırdı. Avropa ölkələrinin təhsil müəssisələrində tədris prosesi, dərslərin məzmunu
və qiymətləndirmə meyarları ilə tanış olduqda məlum olur ki, orada nisbətən az informasiya verildiyi halda, daha çox dərəcədə düşünmək, mühakimə yürütmək və öz fikirlərini müstəqil surətdə şərh etmək qabiliyyəti formalaşdırılır. Səbəbi isə budur ki, onlar "cansız biliyin” inkişafa xidmət etmədiyini çoxdan bilirlər.Canlı bilik, fəaliyyətdə olan bilik iki istiqamətdə fayda verir: ya yeni biliklərin yaranması üçün baza rolunu oynayır, ya da müvafiq əməli fəaliyyət sahələrində tətbiq olunur. Cansız bilik isə başqalarının təfəkkürünün məhsulu olmaqla, ancaq nitq qəlibinə salındıqdan sonra hazır şəkildə qəbul edildiyindən, bir təfəkkür aktı yox, bir hafizə aktı kimi mövcud olur və ancaq informasiya kimi dəyərə malik olur. Biliyin yaradıcı səciyyə daşıması üçün onun elə bil ki, yenidən kəşf olunması – özününküləşdirilməsi lazımdır. Bilik hafizə faktından fikir faktına, canlı düşüncə prosesinin bir ünsürünə çevrildikdə, o özü də canlanır və sonrakı
nəzəri və əməli fəaliyyət üçün təməl olur. Qərb fəlsəfəsi bu fərqin pedaqoji prosesdə də nəzərə alınması üçün əsas rolunu oynamışdır. Başqalarının fikirlərinin hazır şəkildə mənimsənilməsi, insanların başqaları tərəfindən müəyyən edilmiş
qaydalar əsasında yaşamağa vərdiş etməsi, kənardan göstəriş gözləməsi sərbəst düşüncədən qorxmağın, fikir tənbəlliyinin nəticəsidir. L.Kant "Maariflənmə nədir,- sualına cavab” əsərində yazır: "Maariflənmə - insanın qeyri-yetkinlik halından çıxmasıdır ki, o, bu vəziyyətdə öz təqsiri üzündən qalmış olur...Öz təqsiri üzündən qeyri-yetkinliyin səbəbi düşüncənin çatışmazlığı yox, kənardan kimin isə himayəsi olmadan öz düşüncəsindən istifadə etmək üçün qətiyyətin və qeyrətin çatışmazlığıdır”. Bu gün Qərbi Qərb edən, ona sivilizasiyanın önündə getmək imkanı yaradan düşüncənin ətalətdən və passivlikdən xilas olması, hər kəsə öz ağlı ilə çalışmaq imkanının yaradılmasıdır.
Etiraf edək ki, biz uzun illər təcrübəmizdə hansı bilik, nə qədər bilik verilməsi ilə bağlı yanlışlıqlara yol vermişik. Halbuki təhsilin baş məqsədi bilikləri şagirdə hazır şəkildə vermək yox, bilikləri zəruri minimum həcmdə olmaqla onun şəxsi düşüncəsinin məh-suluna çevirmək və sonrakı müstəqil düşüncələr üçün əsas yaratmaqdır.Başqa sözlə, təhsilin məqsədi məhz bu mühiti yaratmaqdır.Həddindən çox informasiyanı şagirdlərə yaradıcı düşüncənin məhsulu olaraq çatdırmaq olmaz. Müəllimin real səviyyəsi, şagirdin imkanları ilə onların üzərinə qoyulan yük arasında uyğunsuzluq olmamalıdır. Tələb olunan zəruri minumum
olmalıdır ki, müəllim şagirdlərin biliklərə yiyələnməsi prosesini fəal, şüurlu, imkan daxilində maksimum müstəqil və yaradıcı proses kimi təşkil etməyi bacarsın. Bu halda bilik praktik fəaliyyətin əsası kimi fəal düşüncə prosesində formalaşar və
şagirdlər həqiqətən bu prosesin iştirakçısına çevrilmiş olarlar.



Загрузка...