AzTehsil.com
EN


Psixoloq
30 may 2016
48 976


Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu



Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu
Əxlaq ictimai şüurun əsas formalarından biri kimi həm fəlsəfi, həm sosioloji, həm psixoloji, həm də pedaqoji ədəbiyyatda geniş şəkildə şərh olunur. Əxlaqın tərbiyəsi çox vaxt xalq içərisində ismətin, namusun tərbiyəsi kimi işlənsə də istər etnopedaqoji, istərdə də elmi-pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi insana məxsus olan mənəvi keyfiyyətlərin və davranış normalarının məcmusu kimi səciyyələndirilir. Əxlaq tərbiyəsinin mahiyyəti və məzmunu"Əxlaq - insanın mənəvi, dərin keyfiyyətləri, cəmiyyətə və başqalarına qarşı münasibətləri müəyyən edən normaları davranış qaydalarını özündə birləşdirir”. Pedaqoji ədəbiyyatda əxlaq tərbiyəsi tərbiyənin forması,  kökü, zəruri şərti, nəticəsi, əksər hallarda tərkib hissələrindən biri kimi izah edilmişdir. Əxlaq tərbiyəsi hərtərəfli şəxsiyyət formalaşdırılması işinin mühüm tərkib hissələrindən biridir. İnsanların əxlaqi keyfiyyətləri təhlil edilərkən «əxlaqlı», «yüksək etikalı», «mədəni əxlaqlı», «əxlaqsız» kimi anlayışlardan istifadə edilir.Əxlaq tərbiyəsi baza kimi «etikaya» istinad edir.
Elmi pedaqogikada "əxlaq tərbiyəsi” ifadəsini ilk dəfə olaraq elmi pedaqogikanın banisi sayılan böyük çex pedaqoqu Yan Amos Komenski (1592-1670) işlətmişdir. O, bir sıra əsərlərində həm "əxlaq qaydaları”, həm də "əxlaq tərbiyəsi” ifadələrini işlətmişdir. Komenskidən təxminən 400 il əvvəl şərqin böyük mütəfəkkiri Nəsirəöddin Tusi "Əxlaqi Nasiri” də əxlaq tərbiyəsinin böyük bir sistemini vermişdir. Keçmiş SSRİ məkanında mövcud olan bütün direktiv və proqram sənədlərdə əxlaq yalnız kommunist əxlaqı kimi verilir. V.İ.Lenin kommunist əxlaqının mahiyyətini şərh edərək göstərir ki, kommunist mənəviyyatının əsası kommunizmi möhkəmlətmək və başa çatdırmaq uğrunda mübarizədən ibarətdir. Tusi pedaqogikasında başlıca amil sayılan əxlaq tərbiyəsi nəzəriyyəsini mütəfəkkir alim 3 mənbədən-özünün ailə tərbiyəsindən, Azərbaycan xalqının tərbiyə ənənələrindən və özünəqədərki nəzəriyyəçilərin tərbiyə haqqındakı fikirlərindən seçdiyi səmərəli toxumların əlaqələndirilməsi, tənqidi təhlil yolu ilə ümumiləşdirilməsi və dərin elmi süzgəcdən keçirilməsi əsasında yaratmışdır. Keçmişin, öz dövrünün təlim-tərbiyə məsələləri üzrə təcrübəsini düzgün dərk etdiyindən, Nəsirəddin Tusi gələcək nəsillərin tərbiyəsinə ağıllı istiqamət vermək imkanına malik olmuşdur.
Nəsirəddin Tusi də bu yolla gedərək milli-mənəvi dəyərlərinizə və qüdrətli söz sahiblərinin fikirlərinə əsaslanaraq həm xalqımız üçün, həm də bütün dünya xalqları üçün səciyyəvi olan əxlaq tərbiyəsi sistemi yaratmışdır. N.Tusi, hər şeydən əvvəl, "əxlaq normaları” müəyyən etməyə cəhd göstərmişdir. Hansı ki, bu əxlaqi normalar uşaqların davranışının, ünsiyyətinin, insanlara, təbiətə, cəmiyyətə olan bütün münasibətlərinin tənzimlənməsinə xidmət edir.
Tusiyə görə insanın mənəvi ehtiyacları, mənəvi qüvvələri, kamalı, fəzilətli şərafətli fakir, əql, şüur və iradə vasitəsilə təmin və idarə edilir. Insanın xoşbəxlik və bədbəxtlik açarı, kamillik və naqislik sükanı onun ağıl və iradəsinin ixtiyarına verilmişdir, əgər insan düzgün, ardıcıl, məqsədəuyğun xətlə hərəkət etsə, tədricən elm, mədəniyyət, bilik və hikmətə yiyələnsə, təkamülə qadir olan fitri istedadı hədləri aşaraq, onu bir mərtəbədən başqa bir mərtəbəyə, bir dərəcədən o biri dərəcəyə yüksəldər, dübbədüz gətirib arzu elədiyi məqsədə, ali məqama çatdırar. Lakin yaradıldığı fitri dərəcədə oturub qalsa, cilovu öz nəfsinin ixtiyarına versə, nəfsi onun aşağıya, heyvani mərtəbəyə sövq edər, yuxarıdan aşağıya yuvarladılan daş kimi az bir müddət ərzində onu rəzalət çirkabının ən dərin yerinə salar. Odur ki, deyiblər: "Nəfs elə bir şeydir ki, onu öz başına buraxsan alçaqlığa meyl göstərib bataqlığa batan, cilovlayıb istiqamət verən, fəzilət yüksəkliyini fəth edib kamala çatar”
Filosof Aristotel özünün "Əxlaq” və "Məqulat” əsərlərində demişdir ki, pis adamlar təlim və tərbiyə əsasında yaxşılaşa bilərlər, lakin bunun qəti və həmişə belə olacağını demək çətindir. Hər halda nəsihət, məsləhət, təlim, tərbiyə ardıcıl olsa və ədalətli tənbehlə əlaqələndirilsə, nəticəsiz qalmaz. Bəziləri var ki, çox tez tərbiyələnirlər və fəzilətin təsiri dərhal, vaxt gözləmədən özünü göstərir. Elələri də var ki, onların fəzilə doğru hərəkətləri, tərbiyəyə doğru sürətləri yavaş və ləng olur.
Əxlaq tərbiyəsi tərbiyəçinin rəhbərliyi ilə böyüyən nəsldə, ümumiyyətlə insanlarda cəmiyyətin müəyyən etdiyi əxlaq normaları və davranış qaydaları formalaşdırmaqla cəmiyyət üçün yaralı, öz hərəkət və münasibətlərini şüurlu sürətdə idarə edən şəxsiyyətlər formalaşdırma prosesidir. Onun məqsədi cəmiyyətin əxlaqi–ictimai tələblərinə javab verən insanlar, vətəndaşlar yetirməkdən ibarətdir. Əxlaq tərbiyəsi düzgün əxlaqi anlayışlar yaratmaq, bu anlayışlara müvafiq adətlər, rəftarlar formalaşdırmaq kimi vəzifələri yerinə yetirir.
Müşahidələr və aparılan tədqiqatlar göstərmişdir ki, əxlaqı nöqsana səbəb çox
vaxt onun mahiyyəti haqqında düzgün məlumatın olmamasıdır. Ona görə də əxlaq tərbiyəvi tərbiyə olunanlarda əxlaqi biliklər, məlumatlar və bu biliklərə istinad edən əxlaqi şür formalaşdırmasından başlandıqda daha səmərəli nəticə verir. Şüurlu sürətdə dərk edilmiş əxlaq norma və qaydaları insanları hər zaman və hər yerdə şüurlu sürətdə hərəkət etməyə məcbur edir. Şüurlu qavranılmış əxlaq insan davranışının tənzimləyicisinə çevrilir. Formalaşmış düzgün əxlaqi istiqamətlər insana həm özünü həm də başqalarının hərəkətlərini, davranışını təhlil edərək obyektiv qiymət vermə imkanı yaradır. Düzgün əxlaqi münasibətlər insanlara müxtəlif situasiya və vəziyyətlərdə vicdanla, etik normalara uyğun şüurlu seçim imkanı verir. Əxlaqi ideal əxlaqın şüurluluğunun xüsusi forması vacib tərkib hissəsi kimi təzahür edir. İdeal hər kəsin arzu etdiyi əxlaqi keyfiyyətlərə malik insan obrazlarıdır. Daha doğrusu şəxsin özünün olmaq istədiyi insan nümunəsidir. Yəni hər adam idealında gördüyü müsbət əxlaqi keyfəyyətləri özündə də yaratmağa, formalaşdırmağa çılışır. Əxlaqi anlayışlar aşılanması tərbiyənin ilk mərhələsindən başlanır, müxtəlif fəaliyyət sahələrində davam etdirilir. Belə ki, sistemli təlim və tərbiyə müəssisələrində çəmiyyətdə mövcud ümumi əxlaq normaları və onlara riayət etmənin zərurliyi aşılanır, izah edilir. Müxtəlif fəaliyyət sahələrində isə həmin fəaliyyət üçün zəruri olan əxlaqi keyfiyyətlər, hərəkətlər haqqında anlayışlar yaradılır. Məsələn istehsal əxlaqı, pedaqoqa verilən (həm orta həm də ali məktəb pedaqoqları) əxlaqi tələblər, tələbələrə verilən əxlaqi tələblər, diplomatiya əxlaqi, biznes əxlaqı, mədəni fəaliyyət əxlaqı və s. Bunlar isə müvafiq təhsil və fəaliyyət müəssisələrində köməkçi tərbiyəvi fəaliyyət vasitəsilə həyata keçirilir. Məsələn istehsalat əxlaqı istehsalat müəssisələrindəki mədəniyyət müəssisələrində keçirilən tərbiyə tədbirləri (əxlaqi söhbət, disput, ədəbi –bədii gecələr və s.) vasitəsilə çatdırılır və s.
Əxlaq tərbiyəsinin məzmununa ümumbəşəri dəyərlərlə yanaşı cəmiyyətdə mövcud olan birgə yaşayış qaydaları, yeni sosial və məişət münasibətləri də daxildir. Əxlaq ictimai şüur forması olduğuna görə onun məzmunu da cəmiyyətlə bərabər dəyişir, hər cəmiyyət özünün iqtisadi-ictimai tələblərinə uyğun əxlaq normaları, qaydaları müəyyən edir. Bu qaydalar bütün cəmiyyət üzvləri üçün zəruri-məcburi, hamı üçün
məqbul hesab edilən qaydalardır. Bu norma və qaydaların əksi, ona zidd hərəkətlər isə cəmiyyət üçün qeyriməqbul, hərəkətlər hesab olunub nə cəmiyyət, nə də ki, digər cəmiyyət üzvləri tərəfindən qəbul edilmir.
Əxlaq tərbiyəsinin məzmununa vətənpərvərlik, dostluq və yoldaşlıq, qarşılıqlı yardım, beynəlmiləlçilik, fəaliyyətə şüurlu münasibət, intizam, məsuliyyət, düzlük, doğruçuluq, sadəlik tövazökarlıq insanlara humanist münasibət, onu əhatə edən mühitə – təbiətə qayğılı münasibət və s. daxildir.
Vətənpərvərlik – öz doğma vətəninə, ölkəsinə, diyarına məhəbbət, onun düşmənlərinə qarşı barışmazlıq ifadə olunan əxlaqı keyfiyyətlərdir. Bu aparıcı əxlaqi keyfiyyət olub digər əxlaqi keyfiyyətlərin əsasını qoyur. Belə ki hər bir müsbət əxlaqi keyfiyyətin əsasını öz millətinə, vətəninə, xalqına, doğma, kiçik kəndinə məhəbbət təşkil edir. Bütün müsbət keyfiyyətləri insanlara, vətəninə olan müsbət münasibətlər stimullaşdırır. Vətənpərvərlik tarixi anlayışdır. Xalqın, insanların vətənpərliyinin əsasını onların yaşadığı, fəaliyyət göstərdiyi vətənə, onları qoruyan, müdafiə edən, maddi vəziyyətini yaxşılaşdırmağa, fəaliyyətinin mədəni səviyyəsini yüksəltməyə çalışan dövlətə, ictimai quruluşa məhəbbət, müsbət münasibət təşkil edir.
Vətənpərvərlik tərbiyəsi insanın yaşadığı mikro mühitdən, doğma ata yurdunu, kəndini, gücə və şəhərini sevməkdən başlayır. Bu məhəbbət böyük vətənə, onu qoruyan dövlətə yaradılacaq məhəbbətin əsasını təşkil edir.
Milli vətənpərvərlik tərbiyəsi sistemli təlim müəssisələrində təlim və dərsdənkənar tədbirlər vasitəsilə həyata keçirilir. Məsələn tarix dərslərindən xalqın keçdiyi şərəfli tarixi yolu, müharibələrdə qələbə və məğlubiyyətini, onların səbəblərini və s. öyrənərkən öyrənənlərdə doğma vətənlərinə məhəbbət, onun suverenliyi, müstəqilliyi üğründa mübarizlik, düşmənlərinə qarşı nifrət, milli sayıqlıq hissləri tərbiyə olunur. Kimya, biologiya, coğrafiya dərslərində ölkənin malik olduğu təbii sərvətləri öyrənməklə onlarda milli iftixar hissi və s. tərbiyə olunur.
Əməyə və əmək adamlarına şüurlu münasibət də əxlaq tərbiyəsində əsaslı yer tutur. Əmək tərbiyəsinin sosial–ictimai tərəfini insanların əmək fəaliyyətinin əsasını vətənin xeyrinə şüurla çalışması; əməyi birinci və əsaslı yaşayış vasitəsi kimi dərk etməsi; bütün əmək növlərinə məhəbbət və hörmət, şüurlu fəaliyyət növü seçmək və s. təşkil edir. Əvvəlcə evdə, sonra isə məktəbdə müxtəlif fəaliyyət növləri ilə məşqul olan hər bir insan belə bir qənaətə gəlməlidir ki, həyatda hamı hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmalı, xalq təsərrüfatının bu və ya digər sahəsində çalışmalıdır. Bu tələb hər bir insan üçün məcburi həyati tələbdir.
Əməyə şüurlu münasibət tərbiyəsi dedikdə hər kəsin öz əmək fəaliyyətinə vicdanla yanaşması, doğruculuğu, düzlüyü, işində yaradıcılığı nəzərdə tutulur.
İşinə vicdanla yanaşmaq həmçinin hər kəsdən fəaliyyət zamanı ciddi cəhd, dözümlülük, hövsələ tələb edir. Əməyə düzgün münasibətin ictimai – əxlaqi cəhətini düzgün peşə seçmə təşkil edir. Bu isə insanların əməyə şüurlu münasibəti ilə bağlıdır. Müasir xüsusi sahibkarlıq dövründə əməyə belə şüurlu münasibət, imkan, maraq və bacarıqdan asılı olaraq peşə seçmə xüsusilə vacibdir. Tərbiyə olunanların diqqəti özünün fiziki və intelektual səviyyəsinə yönəldilməli, hər kəs özünün malik olduğu fiziki və əqli imkanlarını obyektiv qiymətləndirməsi bacarmalıdır. Peşə seçməyə də məhz bu imkanlar baxımından yanaşılmalıdır. Hər kəs elə peşə seçməlidir ki, həmin peşə ilə həm özünə, həm də cəmiyyətə fayda verə
bilsin. Çünki Sovetlər birliyi dövründə peşə seçmə nisbətən şablon və marağın nəzərə alınmaması şəklində həyata keçirdi. Məsələn, orta ümumtəhsil məktəblərini bitirən hər kəs mütləq ali məktəbə daxil olmalı idi. Bu münasibətə ictimai rəy çox güclü idi. Ona görə də orta məktəbi bitirən hər bir gənc mütləq ali məktəbə daxil
olmağa çalışırdı. Burada ön planda ali məktəbə daxil olma gedirdi. Seçilmiş sahədə faydalı əmək isə arxa plana keçirdi. Bu isə istehsalatda durğunluq yaranmasına, əmək məhsuldarlığının aşağı düşməsinə səbəb olurdu.
Əxlaq tərbiyəsinin mühüm komponentlərindən biri də intizamlıdır. İntizam tərbiyəsi əxlaq tərbiyəsinin qiymətli, əhəmiyyətli və vacib keyfiyyətidir. Belə ki, intizam insanın bütün fəaliyyətinin ilk göstəricisidir.
Ona görə də hələ tərbiyənin ilk mərhələsində onun səmərəli şəkildə formalaşmasına ciddi fikir verilir. İntizam yaşından asılı olmayaraq hər kəsin özünün–özünə rəhbərliyi, fəaliyyətinin şüurlu istiqamətidir.
Humanizm mühüm əxlaqi keyfiyyətdir. Bu, başqa insanlara, onların əməyi, fəaliyyəti, şəxsiyyətinə hörmət üzərində qurulur. Şəxsiyyətin hərtərəfli inkişafı şərtlərindən biri də humanistlikdir. Humanizm dedikdə həm də başqa insanların xoşbəxtliyi uğrunda mübarizə, onların istedad, bacarıq və yaradıjclıq qabiliyyətlərinin üzə çıxarılması, inkişafı üçün şərait yaratmaq, insanlar arasında səmimi münasibətlər yaratmaq da başa düşülür. Humanist münasibətlər bütün insanlara ictimai mövqeyindən asılı olmayaraq bərabər hüquqlu şəxslər kimi baxmaq: insanların ehtiyaclarına diqqətli olub onlara kömək etmək: insanların qəlbinə dəyməmək – onlara qarşı diqqətli olmaq; başqalarını anlamaq, başa düşmək bacarığı və hövsələsi; zəifləri müdafiəyə hazır olmaq və s. daxildir. Bu münasibətlər insanların bütün həyat boyunca onlara aşılanmalıdır. Humanizmin əsasını başqalarına hörmət və qayğıkeşliklə yanaşmaq təşkil edir.
Başqalarına hörmətlə yanaşan insanlarda isə özündən razılıq, başqalarına yuxarıdan aşağı baxma münasibətləri olmur, onlar yüksək ünsiyyət mədəniyyətinə malik olurlar.
Başqalarını incitməmək, təhqir etməmək, onlar üçün arzu olunmaz vəziyyət yaratmamağa əsaslanan diqqətlilik insanlara əmək sevərlilik kimi yanaşma özü insanı yuxarıda qeyd edilən şəkildə hərəkət etməyə məcbur edir.
Dözümlülük və genişürəklilik insanlarda başqalarının zəif cəhətlərini, çətinliklərini başa düşərək onları bağışlamaq haqqında pis fikrə düşməmək münasibətləri formalaşdırılır. Bura həmçinin başqalarının çətinliklərini vaxtında görüb hiss edərək ona imkan dairəsndə kömək etmək, heç olmazsa dərdinə şərik olmaq da daxildir. Bu münasibətlər insanlarda kiçik yaşlarından formalaşdırılmalıdır, əks halda onlarda başqalarına, onları əhatə edən insanlara qarşı etinasızlıq və qəddarlıq yarana bilər.
Humanizmin mühüm tərkib hissələrindən biri də zəifləri müdafiə etməkdir. Bu uşaqlarda kiçik yaşlarından başlanır və əvvəlcə heyvanları, bitkiləri qoruma, göcalara, analara kömək formalarından başlayaraq getdigcə mürəkkəbləşən işlər şəklində aparılır. Humanist münasibətlər tərbiyənin digər tərkib hissələri kimi sistemli təlim-tərbiyə müəssisələrində paralel şəkildə həmçinin təhsil müddəti bitdikdən sonra müxtəlif müəssisə və təşkilatlarda da aparılır. Yaşlı insanlar və gənclərlə tərbiyənin bu sahəsində işlər mədəniyyət müəssisələrində, pedaqoji gerçəkliyin digər sahələrində daha geniş şəkildə aparılır. İdarə və müəssisələrdə ayrı-ayrı tədbirlərin tərkibində verilir. Məsələn, mədəniyyət və ya ayrı-ayrı fəaliyyət sahələrində başqa xalqlara, millətlərə zorakılıq (həmin dövrdə real şəkildə mövcud olan) aktlarına qarşı etiraz tədbirlərində, xəstələrə, qaçqın və köçkünlərə,
valideyinsizlərə kimsəsiz qocalara kömək və yardım formalarında və digər şəkildə həyata keçirilir.
Gülnar.




Загрузка...