AzTehsil.com


Xəbərlər
17 avqust 2019
2 798


“Görmə məhdudiyyətli uşaqlar həssas olduqlarından dərsi daha yaxşı mənimsəyirlər”– İnternat məktəbindən REPORTAJ



“Görmə məhdudiyyətli uşaqlar həssas olduqlarından dərsi daha yaxşı mənimsəyirlər”– İnternat məktəbindən REPORTAJ

 

 
Allahın bizə bəxş etdiyi  nitq, davranış qabiliyyətlərinin  imkanlarından yararlır, danışırıq, deyirik, gülürük... Bir çox insan  bütün bunları hər hansı məhdudiyyətə uğramadan edir; üzünə təbəssüm qonanda da, kədərlənəndə də qüsursuz görünür belə adamlar... Amma... Necə böyük imkanlara sahib olduqlarının bəlkə də fərqində deyillər.

Çünki onlardan fərqli olaraq, bu imkanlardan yararlana bilməyən fiziki məhdudiyyətlilər də var:  daxili dünyalarından, ruhi ənginliklərində zənginliklər yatan, mənən bir çox insandan qüsursuz olanlarımız...

Onların bizlər kimi addımlamaq, bizlər kimi görmək imkanları demək olar, yoxdur. Bununla belə, gözəl istedad sahibi olan bu insanlar həyatın acı və şirinliyini duymaq qabiliyyətlərinə sahibdirlər.

Keçək mətləbə, söhbət görmə qabiliyyəti məhdud insanlardan gedir.

 Qısa məlumat

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbi 1936-cı ildən fəaliyyət göstərir. Məktəbin hazırkı binası 1961-ci ildə inşa olunub: 2006-cı ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən yenidənqurma və bərpa işlərindən sonra istifadəyə verilib. Burada hazırda 299 şagird təhsil alır. Onlardan 132-si daimi olaraq məktəbdə qalır.

"Müəllimlərin  80%-i görmə məhdudiyyətlidir”

İnternat məktəbinin direktoru İradə Əliyeva bildirir ki, 5 saylı Respublika xüsusi internat məktəbində ümumilikdə 128 nəfər çalışır. Bu heyətə fənn müəllimləri, tərbiyəçilər və texniki işçilər daxildir. Elə müəllimlərin  80%-i də görmə məhdudiyyətli insanlardır. Onların əksəriyyəti də elə bu məktəbin yetirmələridir, ali təhsil aldıqdan sonra öz doğma evlərinə geri qayıdıblar.  Evdə təhsil üçün ayrılan fənn müəllimləri də məhz məktəb müəllimlərindən seçilir və uyğun qrafik əsasında fəaliyyət göstərirlər.

İnternat məktəbində 299 şagird təhsil alır. Onların 14-ü evdə təhsilə cəlb edilib, qalan uşaqlar isə məktəbə gəlirlər. Məktəbdə bölgələrdən gələn uşaqlar üçün yataqxana da nəzərdə tutulub, onlar gecəni burada gecələyirlər. Hazırda 132 şagirdin qaldığı yataqxana ümumilikdə 135 nəfərlikdir, məktəb binasının III mərtəbəsində yerləşir. Gün ərzində 4 dəfə fasilə verilir, onların biri çay, üçü isə yemək fasiləsidir. Uşaqlar hər gün saat 15:00-dakı günorta yeməyindən sonra 15:30-a qədər fasilə edirlər. Bu fasilədən sonra şagirdlərə artıq ev tapşırıqları ilə işləmək üçün vaxt ayrılır. 17:30-da dərs başa çatır.  Daha sonra şagirdlər yenidən istirahət edir- musiqi ilə məşğul olur, vaxtlarını dərnəkdə səmərəli keçirirlər. 19:30-da şam yeməyi yeyilir, bundan sonra isə artıq sərbəstdirlər. Bu zaman onlar kitab oxuya, televizora baxa və müxtəlif oyunlar oynaya bilərlər. Baxmayaraq ki, bizim uşaqlar görmə məhdudiyyətlidirlər, amma onlar dünyada baş verən proseslərdən, yeniliklərdən, ölkə gündəmindən xəbərdardırlar”.

"Görmə məhdudiyyətli insanlar daha həssas olduqlarından onların dərsi mənimsəməsi digərlərinə nisbətən rahat olur”

İradə xanım qeyd edir ki, hazırda evdə təhsilə cəlb edilən son sinif şagirdi də buraxılış imtahanında iştirak edib və testləri də uğurla cavablayıb:

"Siniflərimiz iki qismə ayrılıb – görməyənlər və zəif görənlər sinfi. Görməyənlər üçün Brayl əlifbası ilə yazılan xüsusi kitablar istifadəyə verilib. Zəif görənlər isə latın əlifbası ilə yazılan dərsliklərdən yararlanırlar. Ümumiyyətlə, bütün dərsliklərimiz - həm latın, həm də Brayl əlifbası ilə yazılanlar - kurikulum standartlarına uyğun tərtib edilib.

Bir şeyi də qeyd edim ki, Brayl əlifbası ilə çap edilən kitabları evə aparmağa icazə yoxdur. Lakin uşaqlar ev tapşırıqlarını məktəbdə hazırladıqdan sonra evlərinə asudə gedirlər. Onsuz da görmə məhdudiyyətli insanlar daha həssas olduqlarından onların dərsi mənimsəməsi də digərlərinə nisbətən rahat olur”.

Məktəbin ən yüksək qəbul göstəricisi – 555 bal

Məktəb rəhbərliyinin sözlərinə görə, məktəbin qəbul göstəriciləri yüksək olur: hər il məzunların təxminən, 80%-i orta ixtisas təhsili müəssisələrinə və ali məktəblərə qəbul olunurlar.

İradə xanım bildirir ki, məktəbin ən yüksək nəticə göstərən məzunu ötən tədris ilində ali məktəblərə qəbul imtahanında 555 bal toplayıb və Bakı Dövlət Universitetinə qəbul olunub:

"Bizim şagirdlərimiz adətən, tarix, Azərbaycan dili və ədəbiyyat, alman dili mütəxəssisləri, hüquqşünas kimi ixtisaslara istiqamətlənirlər. Amma çox az sayda olsa da, I qrup üzrə universitetə qəbul olunan abituriyentlərimiz olub. Musiqi ilə məşğul olan şagirdlərimizdən Azərbaycan Milli Konservatoriyasının tələbəsi adını qazananlar da var. Orada hazırda 5 məzunumuz oxuyur: ikisi tar, ikisi vokal, biri isə qarmon sinfində təhsil alırlar. Bu il üçün də iki şagirdimizi konservatoriyaya hazırlaşdırırq. İnanırıq ki, yüksək balla qəbul olunacaqlar, çünki çox bacarıqlı uşaqdırlar.

Bundan əlavə, bizim uşaqlar üçün Tibb Kolleci nəzdində masaj kursları açılıb. 5-6 illik kursun sonunda oradan məzun olanlar işlə təmin olunurlar. Bilirsiniz ki, fiziki məhdudiyyətli şəxslərin işlə təmin olunması çox vacibdir. Məhz bu baxımdan atılan bu addımı təqdirəlayiq hesab etmək olar”.

Gülnaz: "16 yaşım var, orta məktəbin X, musiqi məktəbinin isə IX sinfində oxuyuram. Pianino ixtisası üzrə təhsil alıram. Zövqümə uyğun gələn bütün musiqiləri sevirəm, istər xarici mahnılar olsun, istərsə də yerli bəstələr... Əsasən isə retro mahnıları sevirəm. Buranı bitirdikdən  sonra dilçi ixtisasına yiyələnməyi çox istəyirəm. İnşallah, alman dili üzrə mütəxəssis olaram”.

Naza: "IX sinifdə təhsil alıram. İnşallah, pionoçu-bəstəkar olmaq istəyirəm. Burda mənə pianinonu Əməkdar müəllim Aliyə Zeynalova öyrədib. Dərslərimiz  səhər 08:30-da  başlayır, 14:30-da isə bitir. Daha sonra isə musiqi ilə məşğul oluram. İxtisas üzrə solfecio, musiqi ədəbiyyatı keçir və müxtəlif əsərlər çalırıq. Azərbaycan musiqisini daha çox sevirəm. Hətta xarici nümunələri də  ifa edən zaman onları  milli musiqimizlə sintez edirəm. Bütün bunlarda mənə  müəllimim kömək etsə də, özüm öhdəsindən gəlməyə çalışıram. Pianino çalan  zaman bəzən  zümzümə də edirəm. Pianinodan, musiqidən həzz alıram”.

Şagirdlər məktəbdə musiqi məşğuliyyətindən əlavə, müxtəlif əl işləri düzəldir, gildən fərqli qablar, fiqurlar hazırlayır, gəlinciklər tikirlər. Məktəbdə iki müəllim var ki, onlar könüllü şəkildə uşaqlarla məşğul olur,  bildiklərini şagirdlərlə bölüşürlər.

Məktəb rəhbərliyindən tutmuş, tərbiyəçilərə, könüllü müəllimlərə qədər burada hər kəsin bir istəyi var: bütün şagirdlərin bacarıqlarını kəşf etmək. Çünki, onların fikrincə, şagirdi gələcəyə hazırlamaq məhz müəllimlərin, məktəbin vəzifəsidir. 

İnternat məktəbinin könüllüləri...

Görmə məhdudiyyətlilərdən Leyla Əliyevaya gəlincik hədiyyəsi

Qeyd etdiyimiz könüllü müəllimlərdən biri Fərəh Əliyevadır. Azərbaycan Rəssamlar İttifaqının üzvi olan Fərəh xanım artıq iki ildir ki, 5 saylı internat məktəbində görmə məhdudiyyətli uşaqlarla məşğul olur. Onlara müxtəlif materiallardan gəlinciklər düzəltməyi öyrədən bu könüllü müəllim şagirdlərinin sevimlisidir. Qeyd edir ki,  burada təhsil alan, onun məşğul olduğu uşaqlar olduqca nəzakətli və səmimidirlər:

"Bacarıqlı uşaqlar çoxdur. Ümumiyyətlə uşaqlarla işləməyi çox sevirəm. O qədər səmimi və nəzakətlidirlər ki... İnanmazsınız... Bura özüm könüllü işləmək üçün müraciət etmişəm. Həftədə iki dəfə bura gəlib uşaqlarla məşğul olmaq mənə zövq verir.

Zaman-zaman hazırladığımız əl işlərinin sərgisi də keçirilir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da məktəbimizi ziyarət edib, əl işləri ilə tanış olub. Hətta Leyla xanım əl işlərindən birini götürüb, xatirə kimi Heydər Əliyev Fonduna aparıb.

Buradakı uşaqların gözləri zəif görür, amma bu, onlara qətiyyən əngəl deyil. İnanın ki, mən onların bu işdə sırf gözlərinə görə xüsusi bir çətinik çəkdiklərinin şahidi olmamışam”.

Fərəh Əliyeva çox istəyir ki, uşaqlar milli obrazlarda gəlinciklər düzəltsinlər.

"Amma indiki uşaqlar müasir obrazlar yaratmağa çox həvəslidirlər. Dəbli, son dəbə uyğun müasir gəlinciklər hazırlayırlar. Əl işlərini hazırlamaq üçün biz gildən, məftildən, akril boyalardan, parçalardan istifadə edirik. Hətta bəzən lazımsız hesab etdiyimiz materiallardan da yararlanırıq. Salfetkadan, butulkadan və s.

Gəlinciklərin hazırlanması üçün lazım olan materialların hamısı məktəb tərəfindən qarşılanır. Uşaqlar bir gəlinciyi 2-3 aya düzəldirlər. Bütün əl işləri individualdır, çünki hər kəs öz istəyinə, zövqünə görə hazırlayır. Bura çox ürəklə, sevə-sevə gəlirəm. Bir şeyi də qeyd edim ki, mən onları çox istədiyim kimi onlar da məni çox istəyirlər”.

Heykəltaraş Tamerlan Mirzəliyevlə də həmsöhbət olduq.  O deyir ki, hər gün bu uşaqların nəsə öyrənməsi və onların bacarığını, istedadını üzə çıxara bilmək çox xoşdu:

"Vaxt edib həftədə iki dəfə internat məktəbinə gəlirəm. Uşaqlarla məşğul olub öz bildiklərimi onlarla bölüşürəm. Bildiklərimi onlara öyrətmək mənim üçün çox maraqlıdır. Hər gün bu uşaqların nəsə öyrənməsi və onların bacarığını, istedadını üzə çıxara bilmək çox xoşdur. Sanki axtarışdayıq... Axtarış nəticəsində həqiqətən istedadlı uşaqları üzə çıxara bilirik. Onlara istiqamət verməkdən zövq alıram. Uşaqlar öyrəndikcə həyata baxışları da dəyişir.

Eyni zamanda, bir şeyi qeyd edim ki, uşaqların yaradıcılıq qabiliyyətləri bir-birindən fərqlidir. Bəzən sakit uşaqlar olur ki, işə çox qarışmır, kənardan durub izləyir. Elə uşaqların hazırladıqları kompazisiyada bütün bunlar – onların gizli tərəfləri təzahür edir. Mən də çalışıram, onlara diqqət edim ki, özləri sərbəst işləyə bilsinlər. Gərək uşaqlar yaradıcılıqlarına səmərəli vaxt ayırsınlar ki, bütün potensiallarını ortaya qoymağa nail olsunlar.

Uşaqlar hazırda 3 istiqamətdə-heykəltaraşlıq, dulusçuluq və ağacoyma sahələrində məşğul olurlar.  Hər 3 sahə üzrə işləyən uşaqlar çoxdur, amma hər biri əsasən ayrı-ayrılıqda bir sahə üzrə istiqamətlənirlər. Misal üçün, hansısa ağacoyma üzrə, digəri dulusçuluq üzrə və s. Belə olan halda onları sərbəst buraxıram, görürəm ki, filan uşaq ancaq ağacoymaya və s digər birinə meyillənir. Onda bilirəm ki, artıq həmin şagirdə mane olmaq lazım deyil. Əgər şagird o sahədə özünü tapırsa, deməli daha uğurlu işlər hazırlaya bilər”.

Gördüyümüz kimi, bu internat məktəbində nə qədər istedadlı, qabiliyyətli, savadlı uşaqlarımız var. Fiziki məhdudiyyətli olmalarına baxmayaraq, Azərbaycanı, xalqımızı, mədəniyyətimizi təmsil edirlər....
AzEdu.az  



Загрузка...
Həmçinin oxuyun:
Leyla Əliyeva internat məktəbində - FOTOLAR

Leyla Əliyeva internat məktəbində - FOTOLAR

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

İnternat məktəbində bayram şənliyi keçirilib

İnternat məktəbində bayram şənliyi keçirilib

İnternat məktəbinə mediatur təşkil edilib

İnternat məktəbinə mediatur təşkil edilib

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Fərqli uşaqların müəllimi: “Əvvəl oturub-durmağı da bacarmırdı, sonra...” - FOTOLAR

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Birinci vitse-prezident uşaq bağçası və təhsil müəssisələrindəki şəraitlə tanış olub

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?

Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Mehriban Əliyeva 113 saylı tam orta məktəbin təmiri ilə bağlı göstəriş verdi

Amerika bu uşaqları unutmadı - 1 milyon müəllim hazırlayır

Amerika bu uşaqları unutmadı - 1 milyon müəllim hazırlayır

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

"Hər bir məktəblinin şəxsi gigiyenası ailəsindən və özündən asılıdır”

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Mehriban Əliyeva yeni məktəb binasının açılışında - FOTOLAR

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Çətin uşaqlar və onlarla aparılan işin əsasları

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Təhsildəki problemləri ibtidai sinif müəllimlərinin üzərinə atmağı düzgün saymıram !

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

Şagirdləri tətildən sonra dərsə necə alışdırmaq olar?

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Dərs ilinin ilk günü ağlayan birincilər - Məktəbdə onlarla necə davranmaq lazımdır?

Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında

Mehriban Əliyeva Musiqi Məktəbinin yeni binasının açılışında

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Ucqar kənd müəllimi - “Burada ilk dəfə eşitdiyim ad-soyadları deyə bilmirdim”

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib -  Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Bəzi məktəblərdə bütün fənnlər ləğv edilib - Finlandiya təhsili haqda BİLMƏDİKLƏRİNİZ + FOTOLAR

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Böyüklərin uşaqlardan öyrənəcəkləri

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR

Uşağınızı məktəbə belə hazırlayın – PSİXOLOQ YOLLARI GÖSTƏRİR