AzTehsil.com


Xəbərlər / Ekspert
10 mart 2018
3 493


Azərbaycanda 40 min uşaq təhsil ala bilmir - Əlilliyi olan şəxslər harada oxumalıdır?



 

Bir çox ölkələrdə əlilliyi olan uşaqlar digərləri ilə birlikdə məktəbəqədər təhsil müəssisələrində, orta və ali məktəblərdə təhsil alırlar. Bu, cəmiyyətdə sosial bərabərliyə gətirib çıxaran, fiziki məhdudiyyətli uşaqların daha asan təhsil almasına şərait yaradan sistemdir.

Təhsildə əlliliyi olan şəxslərin cəmiyyətə məhz bu cür inteqrasiyasına inklüziv təhsil deyilir.

Xüsusi təhsil müəssisələri isə sağlamlıq imkanları məhdud olan şəxslərin təlim-tərbiyəsi, peşə hazırlığı, sağlamlığının mühafizəsi və bərpası üçün müvafiq şərait yaratmaq məqsədilə təşkil edilir. Və həmin müəssisələrdə təhsil alan şəxslər yalnız fiziki məhdudiyyətli olmalıdır.

Sağlamlıq imkanları məhdud şəxslər kimlərdir?

Xüsusi şərait yaradılmadan təhsil almasında çətinlik yaranan fiziki çatışmazlığı, əqli və ya psixi ləngimələri olan şəxs sağlamlıq imkanları məhdud şəxs hesab olunur. Əgər hansısa şəxsdə fiziki, əqli və ya psixi ləngimələr varsa, ona xüsusi təhsil verilməlidir.

Xüsusi təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla sağlamlıq imkanları məhdud olan şəxslərin sayı 100 nəfər və daha çox olduğu halda yaradılır.

Dövlət Statistika Komitəsindən AzEdu.az-a verilən məlumata əsasən, hal-hazırda Azərbaycanda sağlamlıq imkanları məhdud olan uşaqların sayı təxminən 60 min, xüsusi məktəb və xüsusi internat məktəblərinin sayı isə 16-dır.  Həmin məktəblərdə və sağlamlıq imkanları məhdud uşaqlar üçün təşkil edilmiş siniflərdə təhsil alan şagirdlər 6287 nəfər, 2017/2018-ci tədris ilinin əvvəlinə evdə təhsil alan şagirdlərin sayı isə 3702 nəfərdir.

Hazırda ölkəmizdə sağlamlıq imkanları məhdud olan uşaqların xüsusi müəssisələrə cəlb olunması aşağı səviyyədədir. Əksər mənbələrdə yerdə qalan 40 min uşağın təhsil almasında valideynlərinin marağı olmadığı göstərilsə də, onlar heç də bununla razılaşmırlar.

Saatlı rayonunda yaşayan Sadiq Buludov 2009-cu il təvəllüdlüdür. Apreldə 9 yaşı olacağı halda, o hələ də məktəbə getmir. Sadiqin anası Sevinc xanım deyir ki, nə qədər cəhd etsək də, eşitməsi ağır olduğu üçün məktəbə götürmürlər:

"Ara bir Sabirabadda yerləşən loqapetə aparırıq, amma ödənişli olduğu üçün davamlı müalicə götürə bilmirik. Hər dəfə məktəbdən, təhsil şöbəsindən müxtəlif fikirlər səsləndirirlər. Deyiblər ki, eşitmə - nitq qüsurlu olduğu üçün hökumət belə uşaqların orta məktəblərə getməsinə icazə vermir. Belə uşaqlar mütləq Bakıya getməlidir. Bizim imkanımız məhdud olduğundan Bakıya gəlib Sadiqə təhsil vermək isə mümkün deyil”.

Sadiq indi hərfləri və rəqəmləri tanıyır, amma sərbəst olaraq uzun cümlə qoşub danışa bilmir. Hərfləri həm Saatlı rayonundan Aynur müəllim, həm də valideynləri və Sabirabadda yerləşən loqapet mütəxəssisləri öyrədib.

Sevinc xanım əlavə edir ki, Saatlı rayon təhsil şöbəsindən bizi cürbəcür yollarla həmişə Bakıya yönəltməyə çalışırlar:

"Məsələ ilə bağlı dəfələrlə Saatlı rayon təhsil şöbəsinə müraciət etsək də, heç bir nəticə verməyib.  Heç birinin məktəbdən evə müəllim göndərmək və ya əlavə olaraq, problemli uşaqlar üçün sinif ayırıb müəllim cəlb etmək kimi fikirləri yoxdur.

Sadiq hələ uşaq olduğu üçün əlillik dərəcəsinə görə sosial yardım almır. Lakin mənə sosial təqaüd kimi aylıq 74 manat verirlər. O da eşitmə cihazının batareyasının pulunu ancaq ödəyir. Psixoloq, loqapet, nevropatoloqunun müalicələrini isə yoldaşım fəhlə işləyərək həll etməyə çalışır.

Sadiq də bütün uşaqlar kimi məktəbə getmək istəyir. Hər dəfə uşaqlar məktəbə gedəndə onlara qoşulmaq üçün cəhd edir”.

Təhsil mütəxəssisləri qeyd edirlər ki, həftədə yalnız 2-3 dəfə, 50 dəqiqə olmaqla loqapet dərsi bir uşağın təhsili üçün yetərli deyil. Kifayət qədər məlumatlı olmaq üçün hər bir uşaq orta məktəblərdəki kimi gün ərzində 4-5 saat dərslə məşğul olmalıdır. Mütəxəssislər təkcə loqapet təhsili ilə uşaqda ciddi irəliləyişin şahidi olmağı mümkün hesab etmirlər.

Sadiqin anası deyir ki, əsas problem yaradan məhz Saatlı rayon təhsil şöbəsidir.

"Onlar istəsələr ki, müəllim cəlb eləyərək təhsil versinlər, məktəb direktorları bir söz deyə bilməz. Direktorlar əmr quludur, təhsil şöbəsinə tabe olduqlarından onlara zidd çıxa bilməzlər”.

Bəs sağlamlıq imkanları məhdud olan şəxslərin təhsili qanunla necə tənzimlənir?

"Azərbaycan Respublikasının Təhsil haqqında” qanunun 29-cu maddəsinə əsasən, dövlətin təhsil sahəsində bir sıra vəzifələri vardır. Həmin vəzifələrdən biri valideynlərini itirən, internat tipli dövlət müəssisələrinə göndərilməsinə ehtiyacı olan, qəyyumu və ya himayəçisi olmayan, eyni zamanda sağlamlıq imkanları məhdud uşaqların müvafiq olaraq xüsusi təhsil müəssisəsinə göndərilməsini təmin etməkdir.

Hüquqşünas Anar Ramazanov AzEDU.az saytına açıqlamasında bildirib ki, maddi vəziyyətindən asılı olmayaraq, dövlət bütün istedadlı şəxslərin təhsilini davam etdirməsinə zəmanət verir: "Sağlamlıq imkanları məhdud olan uşaqların təhsili ilə bağlı danışarkən ilk öncə onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası hər bir vətəndaşın təhsil almaq hüququnu təsbit edir.  Konstitusiyamıza görə, dövlət pulsuz, icbari ümumi orta təhsil almaq hüququnu hər bir halda təmin etməlidir. Təhsil haqqında Azərbaycan Respublikasının qanununa əsasən, dövlətimiz irqindin, cinsindən, dinindən, sağlamlıq imkanlarından asılı olmayaraq hər bir vətəndaşa təhsil almaq üçün şərait yaradır və bununla bağlı  ayrı-seçkiliyə yol verilməsinə imkan vermir. Qanunvericiliyə görə, sağlamlıq imkanları məhdud şəxslərin təhsili  üçün xüsusi dövlət standartları müəyyən edilib. Ümumiyyətlə, sağlamlıq imkanları məhdud, uzun müddət müalicəyə ehtiyacı olan şəxslərin təhsili, müalicəsi və sosial adaptasiyasını nəzərdə tutan xüsusi ümumtəhsil proqramları mövcuddur.

Xüsusi təhsili həyata keçirən dövlət və bələdiyyə müəssisələri müvafiq olaraq dövlət və bələdiyyələrin vəsaitləri hesabına maliyyələşdirilir”.

Saatlı rayon Hacıqasımlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Aynur Cavid qızı deyib ki, məktəbdə təhsil alması mümkün olmayan 40 nəfər uşaq bu illər ərzində evdə təhsildən uzaqlaşdırılıb: "Səhv etməsəm, Azərbaycanın heç bir bölgəsində xüsusi təhsil verən məktəblər yoxdur. Belə məktəblər yalnız Bakı, Sumqayıt, Gəncə kimi iri şəhərlərdə var.

Mən bir uşaq üçün evdə təhsil verməyə gedirdim. Sonra o uşaqla bərabər, 90 uşaqdan 40 uşağın evdə təhsilə yararsız olduğu qərarına gəldilər. Bu ilin yanvarına qədər məktəbə getməyib evdə təhsil alanlar, yanvardan sonra məktəbə bərpa olundular.

Evlərinə tədris üçün getdiyim uşaq isə məktəbdə heç nə öyrənə bilmir, nə qədər səy göstərsək də, nəticə vermir. Həm də səhhəti ilə əlaqədar mütəmadi olaraq dərslərdə iştirak etmir

Amma məktəbə getmək istəyən bir neçə fiziki məhdudiyyətli uşağı cəhdlərinə baxmayaraq, məktəbə hələ də qəbul etmirlər”.

Gülnarə Pənahova uzun illərini fiziki məhdudiyyətli şəxslərin cəmiyyətdə birmənalı qarşılanması üçün sərf edib. Müxtəlif tədbirlərdə iştirak edən təlimçi Gülnarə Pənahovanın da oğlu da sağlamlıq imkanları məhdud şəxsdir. Oğlunun artıq 23 yaşı var. Anası deyir ki, o evdə təhsillə təmin olunaraq orta təhsilə yiyələnib. Gülnarə Pənahovanın sözlərinə görə, bu problemin yeganə həlli yolu inklüziv təhsilin ölkədə oturuşmasındadır:

"Bir neçə il əvvəl inklüziv təhsil haqqında qanun layihəsi hazırlanıb, təqdim olunmuşdu. Bu ayrıca qanun olaraq qəbul olunmasa da, "Təhsil haqqında” qanuna bir bölmə kimi əlavə olunmalıdır. Artıq əlilliyi olan uşaqların təhsil hüququ tətbiq olunmalıdır.

Belə uşaqlar rayonlarda guya, xüsusi təhsilə cəlb olunurlar. Amma bu o demək deyil ki, onlar doğurdan da səviyyəli, keyfiyyətli təhsillə təmin edilirlər. Sağlamlıq imkanları məhdud bu uşaqlar rayonlarda təhsildən yayınırlar. Və mənim bildiyim qədəri ilə, böləgələrdəki valideynləri evdə təhsil qane etmir”.

A.Ramazanov bildirib ki, evdə təhsil müvafiq təhsil müəssisəsinin pedaqoji işçiləri vasitəsilə həyata keçirilir:

"Xüsusi vurğulamaq istəyirəm ki, sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında Azərbaycan Respublikasının 5 iyun 2001-ci il tarixli qanunu da qüvvədədir.

Qanunda eyni zamanda evdə təhsillə bağlı da müddəalar nəzərdə tutulub. Xüsusi məktəblərdə təhsil ala bilməyən şəxslərin təhsili evlərdə təşkil edilir. Evdə təhsil almağa imkan verən xəstəliklərin siyahısı Nazirlər Kabinetinin 10 may 2003-cü il tarixli qərarı ilə müəyyən olunub.

Evdə fərdi qaydada təhsil alan şagirdlər müvafiq təhsil müəssisənə xəstəxanaların, poliklinikaların, dispanserlərin təqdim etdiyi sənədlər əsasında rayon-şəhər psixoloji tibbi qərarı ilə qəbul olunurlar. Evdə fərdi təhsil ümumtəhsil məktəblərinə cari ilin 1 sentyabrına qədər 6 yaşı tamam olan, xüsusi məktəblərdə isə 7 yaşı tamam olan və səlahiyyətlərinə görə ümumtəhsil məktəblərində oxuya bilməyən uşaqlar cəlb olunur”.

Sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil almaq qaydasının təsdiq edilməsi ilə bağlı Nazirlər Kabinetinin 29 may 2002-ci tarixli qərarı mövcuddur.

Bu qərara əsasən, sağlamlıq imkanları məhdud şəxslərin xüsusi təhsil almaları xüsusi təhsil müəssisələrində, xüsusi təhsil bölmələrində və xüsusi şərait yaradılan ümumtəyinatlı təhsil müəssisələrində həyata keçirilməsini nəzərdə tutur. Sağlamlıq imkanları məhdud karlar və zəif eşidənlər, korlar və zəif görənlər, ağır nitq qüsuru olanlar, dayaq – hərəkət aparatının funksiyaları pozulanlar, əqli cəhətdən geri qalanlar, emosional iradi sahədə və davranışlarında nəzərə çarpan ağır pozuntular olanlar, psixi inkişafın ləngliyi ilə əlaqədar təlimdə çətinlik çəkənlər, mürəkkəb çatızmazlığı olanlar tam dövlət təminatındadırlar.

Milli Məclisin deputatı Asim Mollazadə hesab edir ki, bu sahədə ciddi işlər görülməlidir: "Bununla bağlı Azərbaycanda ciddi işlər görülməlidir. Məsələnin həlli üçün mütəxəssislər və maliyyə resursları lazımdır. Təhsil Nazirliyi bölgələrdə xüsusi təhsili həyata keçirən məktəblərin sayını mütləq şəkildə artırmalıdır”.

Bütün bunlara nəzərən belə qərara gəlmək mümkündür ki, problemin kökündə Azərbaycanın bölgələrində məhz xüsusi təhsil verən müəssisələrin çatışmazlığı dayanır. İnklüziv təhsilin zəif inkişaf etdiyi bir ölkədə bu problemin həlli üçün ciddi tədbirlərin görülməsi zəruridir.

Qanunvericiliyə əsasən, sağlamlıq imkanları məhdud şəxslərin pulsuz xüsusi təhsil alması üçün çəkilən xərclər tabelik baxımından Təhsil Nazirliyi və rayon - şəhər təhsil şöbələri tərəfindən ödənilir.

Birbaşa Təhsil Nazirliyinin məsuliyyətində olan bu məsələnin aradan qaldırılması xüsusi təhsil verən məktəb şəbəkəsinin genişləndirilməsi ilə mümkün ola bilər.Nəzrin Cavid//



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Azərbaycanda evdə təhsil alan nə qədər əlil uşaq var? - Nazirlik AÇIQLADI

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Bu hal onların sosial müdafiəsini gücləndirir - Əlilliyi olan uşaqlar üçün...

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) - onların hüquq və vəzifələri

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Psixoloji-tibbi-pedaqoji komissiya barədə ƏSASNAMƏ

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Sağlamlıq imkanları məhdud şəxslərlə bağlı Dövlət Proqramı təsdiqləndi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli Respublika xüsusi internat məktəbi

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Leyla Əliyeva:-"sağlamlıq imkanları məhdud olan məktbəlilər həmişə diqqət və qayğıda saxlanılmalıdır"

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Təhsil Nazirliyi sağlamlıq imkanları məhdud şagirdlərin siyahısını DİM-ə təqdim edəcək

Sual:Evdə təhsil necə təşkil olunur?

Sual:Evdə təhsil necə təşkil olunur?

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında   AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Psixoloji-tibbi pedaqoji komissiya barədə  Əsasnamə

Psixoloji-tibbi pedaqoji komissiya barədə Əsasnamə

Baş nazirdən təhsillə bağlı yeni - SƏRƏNCAM

Baş nazirdən təhsillə bağlı yeni - SƏRƏNCAM

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin  tipləri və növləri

TEST 2 Direktor olmaq istəyənlər üçün Təhsil müəssisələrinin tipləri və növləri

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

Azərbaycanda internat məktəblərinin bazasında gimnaziyalar yaradılıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

604 uşağın internata düşməsinin qarşısı alınıb

Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama

Bu təhsil sisteminin ləğvi ilə bağlı yayılan məlumata - Rəsmi açıqlama

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

Bu il 250 əlil peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilib

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

MÜƏLLİMLƏR ÜÇÜN ÖDƏNİŞSİZ TƏLİM :Nitq qüsürü olun uşaqlarla bağlı..

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sumqayıtdan bir qrup müəllim prezident İlham Əliyevə müraciət ünvanlayıb

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil)  HAQQINDA

Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) HAQQINDA

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Sağlamlıq imkanları məhdud gənclər üçün peşə kursları üzrə növbəti imtahan

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

Qənirə Paşayeva əlillərin ödənişli ali təhsildən azad edilməsini istədi

1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

1-5 yaşlı uşaqların 14,2 faizi məktəbəqədər təhsil müəssisələrində tərbiyə alır

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici

Son illər ərzində şagirdlərin sayıt artıb ya azalıb?statistik göstərici