İnternat məktəbində bayram şənliyi keçirilib
Təhsil Nazirliyinin təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.
Təhsil Nazirliyi əməkdaşlarının və KİV təmsilçilərinin iştirak etdiyi şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya, milli və xarici rəqslər, səhnəciklər nümayiş olunub.
Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər.
Sonra internat məktəbinin şagirdlərinə Təhsil Nazirliyi tərəfindən bayram hədiyyələri təqdim olunub.
Media nümayəndələrinə məlumat verilib ki, valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 2 nömrəli ümumi orta internat məktəbi 1937-ci ildən 6 nömrəli uşaq evi, 1985-1986-cı tədris ilindən isə internat məktəbi olaraq fəaliyyət göstərib. İnternat məktəbində aparılan əsaslı təmir və yenidənqurma işləri 2016-cı ildə başa çatdırılıb. Məktəbdə 11 sinif otağı, 5 fənn kabineti, 2 laboratoriya və 1 informatika otağı vardır. İnternat məktəbində rəsm dərnəyi və şagirdlərdən ibarət nəfəsli orkestr fəaliyyət göstərir.
Hazırda internat məktəbində valideyn himayəsindən məhrum olmuş 210 uşaq yaşayır. Onların təlim-tərbiyəsi ilə 36 pedaqoq məşğul olur.