"Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi barədə
"Elm haqqında” Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli 271-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 9 avqust tarixli 1009 nömrəli Fərmanının 1.3-cü, "Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 16 yanvar tarixli 994 nömrəli Sərəncamının 2.3-cü bəndlərinin və "Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 iyun tarixli 1471 nömrəli Fərmanının 3-cü hissəsinin icrasını təmin etmək məqsədilə "Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının 2-ci hissəsinin dördüncü abzasını və "Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 5.10-cu bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyası
qərara alır:
1. "Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası” təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasının (hissə 75) təsdiq edilməsi haqqında” 1997-ci il 29 mart tarixli 16-4/3 nömrəli Kollegiya qərarının 1-ci hissəsi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr edilməsi barədə” 1999-cu il 28 oktyabr tarixli 22-4 nömrəli, "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) dəyişikliklər edilməsi haqqında” 2004-cü il 14 iyul tarixli 9-6 nömrəli, "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr edilməsi haqqında” 2005-ci il 10 may tarixli 7 nömrəli, "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr edilməsi haqqında” 2006-cı il 22 iyun tarixli 8 nömrəli, "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr edilməsi haqqında” 2007-ci il 10 avqust tarixli 12-2 nömrəli, "Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına (hissə 75) əlavələr edilməsi haqqında” 2009-cu il 01 dekabr 9 nömrəli Kollegiya qərarları ləğv edilsin.
3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının Hüquq şöbəsinə (G.İsgəndərova) tapşırılsın ki, bu Qərarın qəbul edildiyi gündən 3 (üç) gün müddətində Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim olunmasını təmin etsin.
4. Ümumi şöbəyə (L.Abdullayeva) tapşırılsın ki, bu Qərarın Azərbaycan Respublikasının Təhsil Nazirliyinə çatdırılmasını təmin etsin.
5. Bu Qərarın icrasına nəzarət nazir müavini İ. İsayevə həvalə edilsin.
Kollegiyanın sədri Səlim Müslümov
Ümumtəhsil məktəblərində müəllimin əmək funksiyası
Əmək funksiyası. Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edir. Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırılmasını, onların müstəqil həyata və əmək fəaliyyətinə hazırlanmasını təmin edir. Tədris edilən fənnin spesifik xüsusiyyətləri nəzərə alınmaqla şagirdlərlə təlim məşğələləri aparır. Təlim prosesində müxtəlif formalardan, üsullardan, metodlardan, təlim strategiyalarından istifadə edir. Keçdiyi fənn üzrə tədris materiallarını planlaşdırır, tədris proqramlarının yerinə yetirilməsini, bütün şagirdlərin dövlət standartları səviyyəsində mənimsəməsini təmin edir.
Tədris etdiyi fənnə dair sinifdənkənar tədbirlər üzrə iş aparır. Şagirdlərin valideynləri, yaxud onları əvəz edən şəxslərlə müntəzəm əlaqə saxlayır. Tədris intizamına riayət edilməsini və məşğələlərə davamiyyət rejiminə əməl olunmasını təmin edir. Tədris avadanlıqlarından istifadə zamanı təhlükəsizlik texnikası və sanitariya tələblərinin yerinə yetirilməsinə nəzarət edir. Metodbirləşmələrin fəaliyyətində və həyata keçirilən digər metodik işlərin təşkilində iştirak edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsinə yönəldilən təkliflər irəli sürür, müntəzəm surətdə özünün peşə ixtisasını yüksəltməyə çalışır.
Bilməlidir: "Təhsil haqqında” və "Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını;
Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı;
pedaqoji, elmi-metodik və təşkilati məsələlərin həlli çərçivəsində fənlərin ümumi nəzəri əsaslarını; pedaqogika və psixologiya elminin son nailiyyətlərini, fizioloji inkişafı, tədris metodikasını, tərbiyə işlərinin metodikasını;
İnformasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini;
fənn üzrə təlimin məzmunu və təşkili prinsiplərini;
tədris kabinetlərinin və yardımçı binaların avadanlıqlarla təchiz olunmasına qoyulan tələbləri;
əmək qanunvericiliyini; əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını.
Ödəniş dərəcələrinə ixtisas tələbləri:
8-ci dərəcə: pedaqoji orta ixtisas təhsilli, əmək stajına tələb qoyulmadan;
9-cu dərəcə: pedaqoji orta ixtisas təhsilli, 3 ildən 5 ilədək pedaqoji stajı olan və ya orta ixtisas təhsilini fərqlənmə diplomu ilə bitirən;
10-cu dərəcə: orta ixtisas təhsili, 5 ildən 10 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, əmək stajına tələb qoyulmadan;
11-ci dərəcə: orta ixtisas təhsili, 10 ildən 15 ilədək pedaqoji staj; ali pedaqoji təhsil, 3 ildən 8 ilədək pedaqoji staj və ya ali təhsili fərqlənmə diplomu ilə bitirən;
12-ci dərəcə: orta ixtisas təhsili, 15 ildən az olmayaraq pedaqoji staj; ali pedaqoji təhsil, 8 ildən 13 ilədək pedaqoji staj;
13-cü dərəcə: ali pedaqoji təhsil, 13 ildən 18 ilədək pedaqoji staj;
14-cü dərəcə: ali pedaqoji təhsil, 18 ildən çox pedaqoji staj;