AzTehsil.com


Xəbərlər / Psixoloq / Valideyn
05 dekabr 2017
4 140


Uşaqlarla davranış tərzi - "Niyə yox, necə?"



Uşaqlarla davranış tərzi - "Niyə yox, necə?"

Gənc ana və ataların şikayət etdiyi məqamlardan biri də uşaqla dil tapa bilməmələridir. Doğrudur, uşağın "dili” asan deyil, axı onlar uşaqdırlar, qavrama, düşüncə sarıdan hələ beyinləri ağ bir vərəqdir. O vərəqi necə yazmağa başlasan, davamı da yazdığına uyğun gələcək.

 

Valideynlərin ən çox şikayət etdikləri nələrdir?

 

"Mənim övladım çox kürdür, yemək yedizdirmək üçün saatlarla nazını çəkirəm, yat deyirsən yatmır, heç bir oyuncağa məhəl qoymur, acıqlanan kimi ağlayır, olmaz dedinsə qışqırıb-bağrır və s.” Yəqin ki, tanış ifadələrdir.

 

Gərək unutmayaq ki, uşaqlarla onların yaşına uyğun davranmaq çox mühüm şərtlərdən biridir. Hər yaş dövrünə görə uşaqların sahib olduqları özəllikləri bilmədikdən sonra, onlarla davranışda daha çox yanlışlığa yol vermiş olarıq. Ən vacibi isə, etdiyi hərəkətlərin bir problemmi, yoxsa yaşına uyğun davranış tərzi olduğunu ayrıd etməkdə çətinlik çəkərik.

 

Məsələn, qorxu hamımız üçün istənilməyən bir davranış formasıdır. Bəlli yaş dövrünə uyğun qorxuların olması isə normal hal sayılır. Uşaqlarda gördüyümüz davranışın problem davranış olaraq qəbul edilməsi üçün digər bir meyar isə davranışın tez-rez təkrar olunmasıdır. Məsələn, 3 yaşından sonra uşaqlarda əsəbilik və təcavüzkarlıq təbii bir davranışdır. Ancaq uşaq aqressiv və əsəbi ikən ətrafına zərər verirsə, bu hərəkəti etdiyi zaman gözü heç bir şey görmürsə və hərəkətləri tez-tez təkrarlanırsa, problem davranışdır.

 

Uşaqların davranış problemləri cinsiyyətinə görə də müzakirə olunmalı və araşdırılmalıdır. Oğlan uşaqlarının qız uşaqlarına nisbətən aqressiv olmaları, qız uşaqlarının oğlan uşaqlarına nisbətən daha çox qorxmaları normal sayılarkən, bunun tam əksi davamlı olan davranışlar müşahidə edildiyində diqqətdə saxlanılmalıdır. Uşaqlar, adətən, bir stress vəziyyətindən qaçmaq üçün problem davranışlar nümayiş etdirərlər.

 

Problem davranış isə iki cür olur: daxilə vurma və xaricə büruzə vermə. Barmaq əmmə daxilə doğru, təcavüzkarlıq xaricə doğru bir problem davranışdır. Yuxarıda qeyd etdiyim kimi, uşaqlarda inadcıllıq da valideynlərin şikayət etdiyi problemlərdən biridir. Uşaqlar, xüsusilə, 2-4 yaş aralığındadırsa, inadkar xasiyyətləri ilə ailələri bezdirə bilərlər.

 

Xüsusilə 3 yaşındakı uşaqlarda tərslik ən yüksək nöqtədədir. Uşaq mənliyini hiss etdikcə, şəxsiyyətini dərk etdikcə "mən varam” demək üçün dikbaşlıq edər. Uşağın müstəqil qərar alması, şəxsiyyətini sərbəst şəkildə ortaya qoyması üçün passiv deyil, aktiv olması üçün az səviyyədə inadkar olması lazımdır. Ancaq inadkarlıq bəzən çox olmaqla yanaşı uşağa və ailəyə zərər verə bilər. Ailələrə düşən isə uşağa qarşı çox israr etməmək, alternativlər təqdim etmək, şəxsiyyətini dərk etməsi və həmçinin ifşası üçün fürsət verməkdir. Bu xüsusiyyət məktəb yaşına qədər davam edər, ictimai qaydalara uyğunlaşdıqca ciddi bir şəkildə azalır. Uşaqlarla yaşanan problemlərdən biri də yuxu problemidir. Bu uşağın inkişafına mənfi təsir göstərəcəkdir.

 

Bəzən "yerin quru, kefin yerində, qarının tox, niyə yatmırsan? – deyə söylədiyimiz zaman unutmayaq ki, biz də yuxu problemləri yaşayırıq. Əvvəlcə uşağın fiziki müayinəsi aparılmalıdır. Fiziki heç bir problem yoxsa, uşağın yuxu saatları, yatmadan yediyi yeməklər, yatağa uzananda düşündükləri, qorxuları və s. yuxusunu poza biləcək bütün amillər nəzərdən keçirilməlidir. Rast gəlinən problrmlərdən biri də dırnaq yeməkdir. Dırnaq yemə uşaqlarda ən tez 4 yaşında başlayan və 5-10 yaş aralığında, cinsiyyət ayrı-seçkiliyi olmadan görünən bir davranışdır. Dırnaq yemə davranışı çox uzun müddər davam edə bilən problem davranış növüdür.

 

Xüsusilə, yetkinlik dövrünün yeniyetmələrinin təxminən 50 faizi dırnaq yeyir. Bu hal çox orta yetkinlik dönəmində azalmağa başlayır. Son yetkinlik dövründə isə, ümumiyyətlə, ortadan qalxır. Amma istisna hallar var ki, 30 yaşından sonra da dırnaq yemə davranışına rast gəlinə bilər. Yuxarıda sadalanan bütün bu problemlərin öhdəsindən gəlmək üçün ilk öncə səbirli olmaq, sonra isə mütəxəssis məsləhətlərinə əməl etmək lazımdır.

 

Bunlar aşağıdakılardır:


1- Övladınızın iç dünyasına girin, onu dinləməyi bacarın. Onun duygularını kəşf etməyə çalışın.


2- Xoş üzlü və anlayışlı olmağa çalışın.


3- "Niyə?” sualı əvəzinə, "necə?” sualını verməyə çalışın. Məsələn, övladınız təsadüfən hansısa bir əşyanı, qabı salıb sındırmışsa, ona əsəbi formada: "Niyə sındırdın?” əvəzinə, çox mülayimcəsinə: "Balam, sən bunu necə oldu sındırdın?” demək daha uyğundur. Çünki bu sualla siz onun düşüncə gücünün inkişafına yardımçı olmuş olacaqsınız. Onun vəziyyətdən çıxış yolunu tapmasına şərait yaradacaqsınız.


4- Övladınızla ünsiyyət yaratdığınızda onun dediyi sözlərin ardıcıllığına, hansı duyğu və emosiya ilə çatdırmaq istədiyinə diqqət verin.


5- Mülayim olmaqla yanaşı, bəzi məqamlarda "olmaz” sözünü də deyə bilmənizə özünüz şərait yaradın.


6- Övladınızı başqasının uşağını misal gətirməklə alçaltmağa qəti yol verməyin. Onun sizin üçün özəl olduğunu hiss etdirin.


7- Ən əsası problem meydana gətirəcək davranışların kökünü tapmağa çalışın.


8- Etdiyi səhvləri üzünə vurmaqdansa, onlara daha yaxın olmağa çalışın.


9- Qarşılıqsız sevin, sevginizi hərəkətlərinizlə bildirməklə yanaşı dilinizə də gətirin.


10- Övladınızı evdə olan problemlərin həlinə cəlb edin, onlara ailənin bir üzvü olduqlarını hiss etdirin.




Загрузка...