Dəcəl, yoxsa hiperaktiv?– UŞAQLARINIZI TANIYIN!
Uşaqlar dedikdə dəcəl, şıltaq hərəkətləri ilə daim diqqət çəkən, bir yerdə durmayan, səs-küylü, yüksək enerjili varlıqlar gəlir gözlərimiz önünə.
Hər bir valideynin arzusudur ki, övladı həmişə gümrah, şən, enerjili və aktiv olsun. Amma normadan artıq olan bütün nəsnələrin zərərli olduğu da danılmaz həqiqətdir. O səbəbdən ki, bəzi uşaqlarda rast gəlinən həddindən ziyadə aktivlik tibb aləmində, diqqət əksikliyi və hiperaktivlik pozğunluğu kimi təsnif edilir. Təəssüf ki, məsələ ilə bağlı bilgisizlikdən əksər valideynlər uşaqlarının sağlığına zərərli qərarlar verirlər. Bəzən hiperaktivlik uşaq şıltaqlığı kimi dəyərləndirilir və qarşısının alınması üçün zamanında həkimə müraciət olunmur. Digər bir halda, nisbətən aktiv olan uşaqlara diqqət əksikliyi diaqnozu qoyulur və yanlış olaraq dərmanlarla müalicə ararılır.
Bəs, əslində aktiv uşaqla hiperaktiv uşağı fərqləndirən xüsusiyyətlər hansılardır?
Aztəhsil.com xəbər verir ki, ailem.az bununla bağlı mütəxəssislərin fikrini öyrənib.
Diqqət əskikliyi-hiperaktivlik pozğunluq məktəbəqədər və məktəb çağında olan uşaqlarda yaranan pozuntudur. Uşağın davranışlarını idarə etməsində və nəyəsə diqqət etməsində problem yaranır. Heç cür yerində dayanmayan, unutqan və sairə kimi xüsusiyyətlərlə xarakterizə edilən uşaqlardır. Diqqət əskikliyi - hiperaktivlik pozğunluq içində bir-birindən fərqlənən 2 pozuntunu saxlayır:
1.Diqqət əskikliyi
2.Hiperaktivlik
Statistik məlumatlara əsasən hər il dünyada uşaqların 70 faizi hiperaktiv doğulur. Araşdırmalar zamanı o da bəlli olub ki, problemli insanların da 50 faizi məhz hiperaktiv olanlardır.
"Diqqət əksikliyi hiperaktivlik hazırda valideynləri ən çox narahat edən problemlərdən biridir. Amma bəzi uşaqlarda həqiqətən bu problem olsa da, bəzilərində sadəcə hərəkətliliyin bir az yüksək formasıdır. Bir az çox oynayan, evi çox dağıdan uşağa hiperaktiv demək düzgün deyil. Çünki bu uşağın sadəcə enerjisi çoxdur və daim evdə olduğu üçün həmin enerjini sərf edə bilmir. Biz belə uşaqları bağçaya, idmana, müəyyən məşqlərə, dərnəklərə yönəldirik ki o enerjisini həmin yerlərdə daha rahat sərf etsin". Bu fikirləri mövzu ilə bağlı suallarımıza aydınlıq gətirən uşaq nevropatoloqu Rima İbadova səsləndirdi:
"Belə hallarda valideynlər səhv olaraq uşağın başı qarışması üçün bütün gün televiziya yaxud kompüter qarşısında oturdurlar. Bu isə tamamilə yanlış haldır. Çünki bu uşaqlarda gələcəkdə zəka problemlərinə gətirib çıxara bilər. Yaxşı olar ki, yuxarıda qeyd etdiyim kimi, uşaqları enerjilərini daha müsbət yöndə sərf edəcəyi məşğuliyyətlərə yönəltsinlər".
R.İbadova məlumat verdi ki bu xəstəlik bir çox halda genetikdir:
"Ümumilikdə isə yaranma səbəbləri müxtəlifdir. Məsələn ananın hamiləlik dönəmində, doğum zamanı üzləşdiyi problemlər uşaqlarda hiperaktivlik və diqqət dağınıqlığına səbəb ola bilər. Hamiləlik dönəmində ananın alkaqol, kokain, siqaretdən istifadə etməsi, anemiya, qalxanabənzər vəzin funksiyasının pozulması, yod əksikliyi, doğum zamanı uşağın çəkisinin azlığı, travmaya məruz qalması bu xəstəliyin yaranmasına rəvac verər.
Doğumdan sonrakı dönəmdə normal qidalanmayan uşaqlar, dəmir, yağ turşusu əksikliyi, uşağın özündə qalxanabənzər vəzin funksiyasının pzğunluğu, epilepsiya, beyin travması və sair olan uşaqlarda diqqət əksikliyi sindromunun olma halı yüksəkdir".
Həkim bildirir ki, adıçəkilən sindromdan əziyyət çəkən uşaqlar müəyyən əlamətləri ilə digər uşaqlardan fərqlənirlər:
"Əsasən bu sindromdan əziyyət çəkənlər yerində oturrmağa güclük çəkir, çox danışır, diqqətini bir şeyə yönəldə bilmirlər. Unutqan olurlar, tez-tez əşyalarını itirirlər. Sual verəndə, yaxud oyun zamanı öz sıralarını gözləməyi sevmirlər. Kimsə danışanda araya girirlər. Körpə dönəmlərində bu sindrom qidalanmada, yatmaqla bağlı, ayaqyoluna öyrətmə problemləri ilə özünü büruzə verir. Belə uşaqlarda çox yeyərək doymamaq, evdə olan qardaş bacıya qısqanclıq, zarafat edəndə götürməmək və ağlamaq, nəyisə kiminsə inadına etmək, aqressivlik, yalan söyləmək kimi hallar da müşahidə olunur. Bu hallara rast gələn valideynlər mütləq həkimə müraciət etməlidirlər ki, problem zamanında aradan qaldırılsın".
"Həqiqətən xəstə uşaqlarda bu üç əlamətlə özünü göstərir. Diqqət əksikliyi, hiperaktivlik və impulsivlik. Bəzən olur ki, uşaqda mikroelement, sink, dəmir çatışmazlığı olarsa həmin elementləri verməklə problemi aradan qaldırmaq olur. Bəzən isə həkim nəzarəti altında xüsusi kimyəvi dərmanlar təyin olunur. Burada ilk növbədə xəstəliyə səbəb olan amillər araşdırılır və həmin səbəb müalicə olunur. Sadəcə simptom kimi özünü göstərdiyi halda onun da müalicəsi üçün dərmanlar var"- deyə nevropatoloq söylədi.
Mütəxəssis valideynləri bu məsələdə diqqətli olmağa çağırdı:
"Bu simtom bəzi psixoloyi testlərlə dəyərləndirilir. Həmçinin uşaq mütləq nevropatoloq nəzarətindən keçməlidir ki, bu onda patoloji diqqət əksikliyi hiperaktivlikdir, yoxsa sadəcə uşağın enerji çoxluğudur".
Psixoloq Vəfa Rəşidova söyləyir ki, müəyyən psixoloji amillər hiperaktivliyi yaradan səbəblərdəndir:
"Hiperaktivlik 18 yaşa qədər korreksiya oluna bilər. Zamanında müalicə olunmasa bu insanda ömür boyu problemə çevrilir.
Çox vaxt valideynlər övladlarında olan diqqət əksikliyini sadəcə dəcəllik kimi başa düşürlər. Onları yanlış davranışları ilə əlaqədar danlayır, hirslənirlər. Qəti şəkildə həmin uşaqlarla bu cür davranmaq olmaz. Əksinə onlarla daha mülayim davranmaq, zamanlarının boş keçməməsi üçün daim hansısa məşğuliyyət növünə yönləndirmək lazımdır. Hiperaktiv uşaqların su ilə, qum ilə oynamaları, üzmələri, şəkil çəkmələri çox faydalıdır. O cümlədən açıq havada keçirəcəkləri bütün zaman onların xeyrinədir".
V.Rəşidova bildirir ki, hiperaktiv uşaqlarda ünsiyyət problemi olmur amma tezliklə həmin ünsiyyətdən sıxılırlar:
"Bir növ onların həyatları alayarımçıq olur. Bir kitabı axıra qədər oxuyub qurtara bilmirlər. Hətta özləri verdikləri sualın cavabına axıra qədər dözüb qulaq asmağı bacarmırlar. Əgər müəyyən yaş dövrünə qədər müalicə olunmazlarsa bu natamam davranışlar onları bir ömür boyu təqib edir. Müəyyən bir peşə sahibi ola bilmir, daim iş yerlərini dəyişirlər. Hətta onların sevgi münasibətləri, quracaqları ailə həyatı da uzun sürməyərək, natamamlıqla sonlanır".