Azərbaycanın zəngin təhsil təcrübəsindən faydalanmaq niyyətindəyik
“Bir millət, iki dövlət” şüarını artıq mənimsəmişik, bundan qürur duyuruq. Amma bizə düşən borc bu qüruru gələcək nəsillərə, övladlarımıza, nəvələrimizə də dəyər, miras olaraq qoymaqdır.
AzTehsil.com- n əldə etdiyi məlumata görə bu fikirləri Bakı Türk Anadolu liseyinin yeni binasının açılış mərasimində Türkiyənin milli təhsil naziri Yusuf Tekin deyib.
O bildirib ki, bu gün burada açılışını etdiyimiz məktəb bu dostluq əlaqələrinə ciddi şəkildə töhfə verəcək:
“Yaşadığımız dövr təhsili dünyada çox fərqli bir mərhələyə gətirib çıxarıb. Hər sahədə olduğu kimi, təhsil sahəsində də çox sürətli dəyişikliklər, transformasiyalar baş verir. Bu dəyişiklikləri qaçırmamaq və zamanında uyğunlaşmaq üçün Türkiyə və Azərbaycanın təhsildə əldə etdiyi nailiyyətləri, gəldiyi mərhələni paylaşması olduqca önəmlidir”.
“Biz burada Türkiyə Cümhuriyyəti olaraq son illərdə təhsil sahəsində qazandığımız təcrübəni qardaş ölkə Azərbaycanla paylaşmaq, eyni zamanda Azərbaycanın zəngin təhsil təcrübəsindən faydalanmaq niyyətindəyik”, – deyə nazir vurğulayıb.
O əlavə edib ki, ötən il Türkiyədə məktəbəqədərdən 12-ci sinifə qədər bütün təhsil proqramları yenilənib və bu prosesdə Türk dünyası ilə əlaqələrin kurikulumlara inteqrasiyası əsas prioritetlərdən biri olub. Artıq dərsliklərdə “Orta Asiya” əvəzinə “Türküstan” ifadəsinə üstünlük verilir.