Maraqlıdır, uzun illərdən bəri tədris olunan dərslik materiallarının mənbəyi göstərilmədiyi halda, opponentlərimiz təqdim etdiyimiz layihədə plagiat axtarır, nəinki öz həmkarları olan layihə müəlliflərini, həmçinin bu vaxtadək incimədikləri Təhsil Nazirliyini, peşəkarlıqlarına şübhə etmədikləri ekspert qruplarını, etik qaydaları aşaraq 37-ci ilin dili ilə xəyanətdə və anti-azərbaycançılıqda günahlandırır, kin-küdrətlərini, hirs və qəzəblərini boğa bilmirlər. Təbii ki, əks tərəfdə duran layihə iştirakçılarına qarşı qərəzsiz mövqe sərgiləmək, obyektivliyi, ədaləti qoruyub saxlamaq çətindir. Etik cəhətdən tenderə qoşulanlar belə qiymətləndirmədən könüllü olaraq çəkinib bu işi neytral mövqeyə malik institut yoldaşlarına həvalə etməli idilər. Bir qayda olaraq, opponent təqdim olunan iş haqqında öz rəyini 3 hissəyə ayırır: 1. işin təhlili, müsbət cəhətləri (lap bir, yarım cümlə də olsa); 2. iradlar; 3. təkliflər. Təəssüf ki, AMEA Tarix institutunun rəyində nə I, nə də III hissə var. Yəni doğrudanmı layihəyə daxil edilmiş üst-üstə 350 səhifəlik materialın arasında xoş sözə layiq bir parça yoxdur?
Opponentlər uzun illərdi tədrislə məşğul olan, dərsliklərin ekspertizasını həyata keçirən, müəllif komandaları ilə yaxşı tanış olan layihə müəlliflərini savadsız, düşmən adlandırırlar. Məmmədəli Hüseynovun xatirəsinə məqalələr yazanı ona qarşı sayğısızlıqda günahlandırır, "homo sapiens sapiens” (vergülsüz, iki dəfə: ağıllı ağıllı insan) ifadəsindəki təkrarı qüsur, səhv hesab edir, qədim dövlət qurumlarımızın yaranmasında İkiçayarası(Şumer) ilə mədəni-iqtisadi əlaqələrin təsirini həqarət sayır, erkən tayfalarımızın Şumerlə mal mübadiləsi aparmasını bilə-bilə "Şumer bazarına mal aparanlar” adlı ən uğurlu hesab etdiyimiz təsvirə belə kinayə ilə "bu şəklin nə mənası var” deyirlər… Hər işdə niyyətdən asılı olaraq düşmən tapmaq olar. Məsələn, hörmətli rəyçilərimizin məntiqi ilə çıxış edib soruşuruq: Dünya elmi ədəbiyyatında artıq "homo georgicus” (gürcü insanı) adını almış bir tapıntının Azərbaycanın tarix dərsliklərinə salınmasını təkid etməkdə məqsəd nədir? Bədxah qonşuların gündə bir əsər yazıb irsinə sahib çıxmaq istədikləri Aratta haqqında qısa mətnin dərsliyə salınmasına niyə belə kəskin etiraz edirsiniz? Müəlliflərdən bunun izahını tələb etmək məgər çətin idimi? Nəzərə çatdırırıq ki, "En-Merkar və Aratta hökmdarı” adlı Şumer əfsanəsinin ilk tədqiqatçısı C.Kramer, tanınmış alimimiz Y.Yusifov (xüsusilə: VDİ, 1987, № 1, s.19-40), onun ardınca T.Qamkrelidze, V.İvanov və b. Arattanı məhz qədim Azərbaycan torpaqlarında, Zaqros dağ silsiləsinin mərkəzində, Urmiya gölü hövzəsində lokallaşdırmışlar. Bu fikrə qarşı çıxanların bircə alibiləri olub: Qədim dünyada lacivərd (lazurit) qiymətli daşı Əfqanıstanda (Bədəxşanda) olmuşdur. Lakin bu mülahizə tərəfdarları nəzərdən qaçırırlar ki, kiçik Uruk şəhəri bu qədər uzaq məsafədə olan ölkəyə qoşun göndərə, oranı işğal edə bilməzdi. Azərbaycanda – Səhənd dağında hələ qədimdən lacivərd yataqlarının olması haqqında orta əsr mənbələrində məlumatlara rast gəlməyimiz Aratta ilə bağlı fikirimizə bir daha aydınlıq gətirmişdir.
Toxa əkinçiliyi” ilə bağlı rəydə səslənən fikirdə də səmimiyyəti görmürük. Bununla bağlı mübahisələri nəzərə alaraq mətndə belə əkinçiliyin Eneolit dövründə yaranmasından deyil, inkişafından bəhs etmişik. Hələ ki, aparılan tədqiqatlar Azərbaycan ərazisində hələlik toxa əkinçiliyinin Neolit dövründə yaranmasını təsdiq edəcək nümunələr verməmişdir. Toxaşəkilli daş alətlər, sürtgəclər və s. isə əsasən yabanı bitkilərin toplanması, əzilməsi, yumşaldılması üçün istifadə olunmuşdur.
Hörmətli həmkarlar fikir bildirməzdən əvvəl heç olmazsa, Tarix institutunun nəşrlərinə göz gəzdirərdilər. Bu zaman onlar rəy verdikləri və məsuliyyətsiz halda "plagiat” adlandırdıqları layihədən danışmazdan əvvəl nümunə gətirdikləri dərsliklərin haradan köçürüldüyünün fərqinə varardılar. Rəylərdən elə təəssürat yaranır ki, Tarix institutunun nəşrlərindən yalnız bu institutun əməkdaşları dərslik yazarkən bol-bol istifadə edə, istədikləri mənbəni, materialı olduğu kimi köçürə bilərlər. Başqalarının isə bu yöndə düşünməsinə belə tabu qoyulur. Etiraf edirik ki, kiçik bir qrupun bütöv bir institutun BDU-dakı həmkarkarı ilə birlikdə apardıqları təbliğat qarşısında müqavimət göstərməsi həqiqətən çətindir. Amma bu müzakirələr ölkəmizdə tarix dərsliklərinin yazılması yollarına, təcrübəsinə yenidən nəzər salmağın, onların nə dərəcədə etibarlı olduğunu, necə, nə şəkildə yazıldığını, materialların mənbələrini araşdırıb yeni yayım üsullarından istifadə etməklə təhsil ictimaiyyətinə çatdırmağın zəruriliyini ortaya çıxardı.
Tarix institutunun rəyində Azərbaycan tarixi layihəsindəki bəzi mövzuların mətnindəki parçaların digər dərsliklərdən götürüldüyü iddia olunur. Aşağıda həmin dərsliklərdə "oğurluğa məruz qalan” materialların özünün haradan köçürüldüyünə dair bir neçə əyani nümunə göstəririk.
Monqollar
Buradakı tərcümə səhvi də ("sənətkar kəndlilər içərisində” yox, ”sənətkarlar və kəndlilər arasında” olmalıdır) uzun illərdir ki, təkrarlanır.
Əliyev Təvəkkül Rəsul oğlu
Tarix üzrə fəlsəfə doktoru, AMEA Arxeologiya və
Etnoqrafiya İnstitutunun Çöl tədqiqatları sektorunun müdiri
X siniflər üçün "Azərbaycan tarixi və Ümumi tarix"
dərslik layihəsinin müəlliflərindən biri