Ümumtəhsil məktəblərində istifadə olunan dərsliklərin keyfiyyəti ilə bağlı narazılıqlar yenidən alovlanmağa başlayıb. Bu ilin aprelində ölkə başçısının fərmanı ilə dərsliklərin monitorinqinin Təhsil Nazirliyindən alınıb TQDK-ya verilməsi cəmiyyətdə belə təəssürat yaratmışdı ki, nazirliyn qoltuğuna sığınmış nəşriyyatlar, heç olmasa, bu il özlərini yığışdıracaq, dərslik sahəsində bir irəliləyişə nail olacaqlar. Amma olmadı, daha doğrusu, ekspert Əlövsət Osmanlının "bu komandadan yaxşı bir şey gözləməyin” sözləri yenə də özünü doğrultdu. İnanmayan varsa, buyursun, həmişə salğarlı duruşu, sakit tonlu danışığı ilə seçilən hörmətli professorumuz Əjdər Ağayevin APA-ya verdiyi müsahibədəki həyəcan dolu fikirlərini diqqətlə oxusun: "Pedaqogikanın dərsliklərlə bağlı müəyyən tələbləri var, amma bəzi müəlliflər onlardan xəbərsizdir... Misal olaraq deyə bilərəm ki, 1-ci sinfin riyaziyyat dərsliyinin müəllifi Nayma Qəhrəmanova Politexnik Universitetini bitirib və ixtisasca mühəndisdir. Ona görə də onun hazırladığı dərslik tap-tapmacadır. Burada uşağın idrakını, şəxsiyyətini inkişaf etdirən heç bir amil yoxdur. Bu kitab nə şəxsiyyətyönümlüyə, nə də nəticəyönümlüyə xidmət edir. Dərsliyi bu cür hazırlamaq xəyanətdir”. Bir də xatırladıram, bu sözləri bütün ömrünü Azərbaycan təhsilinə həsr etmiş alim-pedaqoqumuz, Təhsil Şurasının sədri deyib.
Əgər "Riyaziyyat-1” dərsliyinin bu cür ortaya çıxarılması, doğrudan da, millətə və onun gələcəyinə xəyanətdirsə, onda bunu edənlər mütləq tapılıb üzə çıxarılmalı, ictimai qınaq obyektinə çevrilməlidirlər. Əlbəttə, dərsliklərin keyfiyyətindən söhbət düşəndə, təbii olaraq, ilk növbədə nazirlikdə oturan bir neçə dağıdıcı insan yada düşür. Bu personaların Azərbaycan təhsilinin başına açdığı oyunlar barədə kifayət qədər yazdığımdan onlara deyiləsi sözüm qalmayıb. İndi sözüm AMEA-nın Fizika İnstutunun direktoru akademik Çingiz Qacaradır. Yəqin deyəcəksiniz: Çingiz Qacar hara, ibtidai sinif dərsliyi hara? Elə məni düşündürən də budur! Amma di gəl, ağsaqqal akademikimiz ahıl çağında başını özünə tamamilə aid olmayan bu işə qoşub, daha doğrusu, Əjdər müəllimin "xəyanət” adlandırdığı "Riyaziyyat-1” dərsliyinə "elmi məsləhətçilik” edib. Həmin dərsliyin bir hissəsinin plagiat olduğunu üzə çıxarmış İlham Tumas və Anar Məcidzadəyə Publika.az-da akademikin verdiyi "ibrətamiz” cavabına diqqət yetirin: "Dərsliyin plagiat və ya hər hansı üsullarla hazırlanması əsas deyil. Uşaqlara lazım olub-olmamasından danışmaq lazımdır. Əgər kitab plagiatdırsa, onda İngiltərə, Almaniya, həmin kitabların müəllifi iddia qaldırmalıdır, axı sizin nəyinizə lazımdı? Bu məsələni azərbaycanlı deyəndə əsəbiləşirəm... Plagiatlıq xırda işlərdir”.
Bu, rəzalət deyil, bəs nədir? Dünyada elmi markamız olası bir institutun akademik titullu rəhbərinin milləti aşağılayan bu utancverici fikirlərini necə udmaq olar?! Necə yəni plagiat olub-olmaması əsas deyil? Bəs əsas nədir, hörmətli akademik?! Əsas oğrunun evə gətirib uşaqlarına yedirtdiyi haramdır?! Budurmu, ibtidai sinif uşağına aşıladığınız ağsaqqal akademik tərbiyəsi? Nəyə görə azərbaycanlılar oğurluğu görəndə susmalıdır? Çingiz müəllim, siz azərbaycanlılar oğurluqdan danışanda əsəbiləşirsinizsə, susanda ləzzətmi alırsınız? Sizə qətiyyən dəxli olmayan ibtidai sinif riyaziyyatına, pedaqogikaya başınızı qoşmaqda məqsədiniz elə bu imiş?
Bəlkə Çingiz müəllim rəhbərlik etdiyi institutun gənclərinə də məsləhətlər verir ki, "nəyə görə laboratoriyalarda əziyyət çəkirsiniz, gedin ingilislərdən, almanlardan, fransızılardan yağmalayın gətirin! Əsas plagiat deyil, 120-130 səhifəlik işdir, gətirin müdafiə eləyin, alim diplomu verək, gedin oğurluğunuzu davam elətdirin!” Hesab edirəm ki, əgər bu belə deyilsə, onda Fizika İnstitutunun Azərbaycan elminin inkişafı yolunda can qoymuş alimləri susmamalı və bu ləkəni üstümüzdən təmizləməkdə mətbuata dəstəkçi olmalıdırlar. Şəxsən biz akademikin bu müsahibəsini rus, ingilis, alman və fransız dillərinə tərcümə etdirərək Fizika İnstitutu ilə əlaqəsi olan dünyanın bütün elm mərkəzlərinə göndərmək fikrindəyik...