AzTehsil.com


Xəbərlər
19 fevral 2017
4 206


PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ



PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

 

Bəli, bizim canlı əfsanəmiz olan pedaqogikamızın patriarxını. Azərbaycan pedaqogikasında öz xüsusi dəsti-xətti, örnək göstəriləsi çox dəyərli nümunələri olan Hüseyn Əhmədov bizim ləyaqətli ziyalımız, pedaqogikamızın canlı əfsanəsi və patriarxıdır. Mətbuatda xəbər verildiyi kimi bu il keçmiş SSRİ məkanında tanınmış alim, Sovetlər birliyi dövründə 70 il ərzində Azərbaycandan SSRİ Pedaqoji Elmlər Akademiyasına seçilən cəmi 4 nəfər alimdən biri – sonuncusu olan pedaqoji elmlər doktoru, professor Hüseyn Əhmədovun elmi-pedaqoji fəaliyyətinin 70, anadan olmasının 90 illiyi tamam olmuşdur. 
 
Bu münasibətlə respublikamızın bir sıra tanınmış alimləri və akademikin yetirmələri mətbuat səhifələrində irihəcmli məqalələrlə çıxış edərək, yubilyarı təbrik etməkdə hələ də davam edirlər. Respublikamızın dəyərli ziyalıları ilə bərabər Rusiyanın bir sıra şəhərlərindən, ilk növbədə Moskvadan təbrik məktubları gəlməkdə davam edir.
 
Hüseyn Əhmədovun təhsildə olan misilsiz xidmətləri, daim yerli və xarici alimlər tərəfindən böyük minnətdarlıqla yüksək qiymətləndirilir. Elə bugünlərdə yubilyarın ünvanına daha üç məktub gəlmişdir. Əslində onlardan biri təbrik məktubu, ikisi isə mükafat-təbrikdir.
 
Təbrik məktubu Rusiya Dövlət Təhsil Akademiyasının prezidenti xanım Lyudmila Alekseyevna Verbitskayadan gəlib. Məlum olduğu kimi Hüseyn müəllim həmin Akademiyanın Azərbaycandan yeganə səlahiyyətli üzvüdür. Prezidentin təbrik məktubunda həmyerlimizin pedaqoji elmlərin inkişaf etdirilməsində böyük xidmətləri göstərilir. Həmyerlimizin fəal vətəndaşlıq mövqeyi, ən mürəkkəb elmi və ictimai-siyasi problemlərin həllində daim fərqləndiyi qeyd olunur. Təbrik məktubunda Hüseyn müəllim təcrübəli və nüfuzlu alim, istedadlı təşkilatçı olduğu, elmdə və təcrübədə prinsipiallıq, yenilikçi, elmi nəticələrdə obyektivlik, həmçinin mürəkkəb pedaqoji problemlərin həllində qənaətçilik mənafeyindən yanaşması ayrıca vurğulanır.
 
Prezident həmyerlimizin həyat yolunu pedaqoji elmlərə və Vətənə təmənnasız xidmət göstərməyin əyani nümunəsi hesab edir. Onun zəhmətsevərliliyini, görkəmli alimimizin beynəlxalq elmi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən çox saylı əsərlərin müəllifi olması, bütün bunların nəticəsində SSRİ PEA-nın müxbir üzvü seçilməsini və bu gün Rusiya Təhsil Akademiyasının xarici üzvü olmasını qeyd edir. 
 
Onun bu gün də özünün bütün gücünü, bütün çoxcəhətli intellektual potensialını vətənə xidmət etməsini təqdir edir. PTA-nın prezidentinin həmyerlimizin xidmətlərini, onun tanınmış alim olmasını, özünün elmi məktəbini yaratmasını yüksək qiymətləndirməsi bizlərdə fərəh hissi doğurur. Prezidentin təbrik məktubunu olduğu kimi aşağıda oxuculara təqdim edirik: (1 Prezidentin məktubunun şəkli)
 
Hüseyn müəllimə göndərilən iki təbrik-mükafatdan biri ayrıca diqqəti çəkir. Bu Rusiya hesablama palatasının mükafat Dumasının 08 iyul 2016-cı il tarixli qərarı ilə Hüseyn müəllimin "Rusiyanın Fəxri Qonağı” medalı ilə təltif edilməsi və ona bu medal ilə bərabər 116 saylı vəsiqənin göndərilməsidir.
 

PREZİDENT PEDAQOGİKAMIZIN PATRİARXINI TƏBRİK ETDİ

 

Haqqında bəhs etmək istədiyimiz üçüncü təbrik-mükafat Rusiyanın Azərbaycandakı səfirliyi tərəfindən təqdim edilən Fəxri Fərmandır. Orada Hüseyn müəllimin gənclərin ideya-mənəvi tərbiyəsi sahəsindəki böyük işləri və anadan olmasının 90 illiyi ilə əlaqədar mükafatlandırılması qeyd edilir. (2 Fərmanın şəkli)
 
Fəxri Fərman Azərbaycandakı rus-Azərbaycan əməkdaşlığının rəhbəri V. Denis tərəfindən imzalanmışdır. Fəxri Fərman bu günlərdə "Maarifçi” adlı qısa metrajlı sənədli filmin təqdimatı zamanı təqdim edildi. "Maarifçi” filmi Bakının Qobustan rayonun Mərəzə kənd məktəbinin 150 illiyinə həsr edilmişdir. Film Hüseyn müəllimin evində, onun sənədləri, Azərbaycan və rus dillərində nəşr etdirdiyi çox saylı məqalələri əsasında çəkilmişdir. Filmin rəsmi məsləhətçisi Hüseyn müəllimin özüdür. Tanınmış məktəb tarixçisi olan Hüseyn müəllim vaxtı ilə dövlət arxivlərindən əldə etdiyi rəsmi sənədlər əsasında hələ keçən əsrin 60-cı illərində "Bakinnskiy raboçiy” qəzetində iri həcmli məqalə ilə çıxış etmiş, bu məktəbin yaranma tarixini və onun ilk müəllimi-gələcəyin məşhur maarifçisi, ilk dəfə səs üsulu ilə hazırlamış "Vətən dili” dərsliyinin müəllifi, Qori seminariyasının Azərbaycan şöbəsinin ilk rəhbəri olmuş A.O. Çernyayevskinin xidmətlərini yüksək qiymətləndirmişdir. Hüseyn müəllim bu dərsliyi ərəb əlifbasından müasir latın qrafikinə çevirərək onu 2007-ci ildə yenidən çap etdirərək oxucuların ixtiyarına vermişdir.
 
Göstərilən filmin təqdimatında Hüseyn müəllimin çıxışı məndə ona qarşı böyük hüsn rəğbət yaratdı. Bundan ilhamlanaraq mən də "Pedaqogikamızın əsl və canlı əfsanəsi” mövzusunda yazını yazmağa həvəs oyatdı. Həmin yazımı buraya əlavə edərək, çox dəyərli oxuculara çatdırmağı özümə borc bildim.
 
"Pedaqogikanın (humanist pedaqogikanın) canlı əfsanəsi … Çox hörmətli həmkarlarım, Sizə bir fikrimi bildirmək istərdim… Əminəm ki, məni düzgün anlayacaqsınız…xaricdəki "əfsanə”ni görməkdənsə, öncə öz yanımızda, tam gözümüzün önündə olan mükəmməl, əsl Canlı Əfsanəmizi- akademik Hüseyn Əhmədovu görmək lazım. Təbii ki, bunun üçün mükəmməl düşüncə, mükəmməl baxış və güclü savad tələb olunur… Əsasən ən önəmlisi odur ki, daxildən istək gələ… yetər ki, pedaqogikanın məğzini və anlayışını dərk edəsən… Bəlkə o zaman bizlər öz evimizdə, öz məkanımızda, əhatəmizdə lap yanımızda olan əsl canlı əfsanəmizi görüb, onu dinləyib, dəyərləndirə bilək… Cənablar, çalışın Azərbaycanın canlı əfsanələri ilə görüşün, əsl canlı ensiklopediyadır onlar. Bunu yazmaqda məni vadar edən dünənki tədbirdə akademikimiz, çox dəyərli ziyalımız Hüseyn müəllim Əhmədovun çıxışı oldu. 13 noyabr 2016-cı il tarixində Rusiya informasiya və mədəniyyəti mərkəzində A. O. Çernyayevskinin adını daşıyan məktəbin 150 illiyi münasibəti ilə hazırlanmış sənədli filmin təqdimatı keçirilmişdir. Həmin təqdimat zamanı akademik Hüseyn Əhmədovun çox dəyərli fikiləri və çox gərəkli məlumatları məni valeh elədi… 
 
Hüseyn müəllimin savadına, alicənab və yaddaşına heyran qaldım… Tanrı sizə möhkəm can sağlığı versin! Onun hər kəlməsi həqiqətən də bir dəryadır, bir kitabdır, bir elmi əsərdir… Hər cümləsi Qızıl hərflərlə yazılası kəlamlardır! Hüseyn Əhmədov nəinki Azərbaycanın, dünya pedaqogikasının əsl canlı əfsanəsidir… Kənardakıları – xaricdən yüksək qonorarla bizim müəllimlərin qarşısına çıxardıb məcbur dinlətdirməkdənsə, elə öz dəyərli ziyalılarımızı dinləsək daha yaxşı olmazdımı? Həmin ziyalılarımızdan biri də çox hörmətli Vidadi Xəlilovdur. Mən tam əminəm ki, bizim əsl ziyalılarımızdan, pedqogikanın canlı əfsanəsi olan müəllimlərimizdən öyrənəcəyimiz, ibrət və əsl nümunə götürə biləcəyimiz hələ çox, lap çox alacağımız bilik və dəyərlərimiz var! Öz dəyərli pedaqoqlarımızı tanıyaq ki, mükəmməllilik və kamillik yolundan kənara çıxmayaq.” Mənbə: http://www.almazhasret.com/?p=4475#more-4475
 
Sonda dəyərli ziyalımız olan Hüseyn müəllimə, Azərbaycan xalqının milli təhsil və zəngin pedaqoji ideyalarının tədqiqi sahəsində yeni-yeni uğurlar və möhkəm can sağlığı arzulayıram.
 
Azərbaycan Respublikasının Əməkdar müəllimi Almaz Həsrət



Загрузка...