Bu qərar özəl bağçaların açılmasına çətinlik yaradıb
Hal-hazırda Azərbaycanda 1-5 yaş arası uşaq sayı 650 000 (altı yüz əlli min) civarındadır və onların yalnız 120 000 (yüz iyimi mini) dövlət uşaq bağçalarında təhsil alır. Bundan əlavə, özəl uşaq bağçaları, məktəbəqədər hazırlıq və ictimai əsaslı təlim qrupları da vardır. Buna baxmayaraq, uşaqların cəmi 35 faizi məktəbəqədər təhsilə cəlb olunur. Halbuki ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasına uyğun olaraq bu hədəf 50 faiz, BMT-nın qlobal hədəflərə uyğun olaraq isə bu 90 faiz olmalıdır.
AzTehsil.com- n əldə etdiyi məlumata görə xəbər verir ki, bu barədə “Təhsil haqqında” və “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin müzakirəsi zamanı deputat Fariz İsmayılov bildirib.
Deputat qeyd edib ki, ölkəmizdə özəl bağçalar və dövlət-özəl tərəfdaşlığı üçün çox geniş imkan və fürsətlər vardır.
"Lakin əsas çətinliklərdən biri tikinti qaydalarıdır, daha doğrusunu desək, Nazirlər Kabinetinin 171 saylı qərarıdır ki, burada məktəbəqədər təhsil müəssisələrinin tikinti qaydalarında normativ qaydalar və lisenziya verilməsi tənzimlənir. Buradakı qaydalar və tələblər müasir dövrün xüsusilə Bakının müasir urbanistikasına uyğun gəlmir və bu da öz növbəsində özəl bağçaların yaradılmasında çətinlik yaradır".
F. İsmayılov əlavə edib ki, 171 saylı qərar köhnə sovet dövrü normativlərinə əsaslanır, müasir tələblərə cavab vermir. Qərarda yalnız bir tip uşaq bağçası nəzərdə tutulur, bu da sahibkarlara uyğun şərait yaratmır.
"Normativlərin dəyişdirilməsi və beynəlxalq təcrübəyə uyğunlaşdırılmasına ehtiyac var, 2014 – 2024-cü illərdə tətbiq olunan vergi güzəştləri özəl bağçaların artımına səbəb olub (50-dən 155-ə). Güzəşt müddətinin uzadılmaması bu inkişafın qarşısını alır. Vergi güzəştlərinin bərpası və təşviqi tövsiyə olunur. Beləliklə, bu qaydaların yenidən baxılmasını məqsədəuyğun hesab edirəm və düşürəm ki, bu ölkəmizdə məktəbəqədər təhsil müəssisələrinin inkişafına dəstək olacaqdır".