AzTehsil.com
RU


Xəbərlər / Müəllim
01 iyun 2023
1 179


Çalışmanın yaş həddinə çatmış dəyərli müəllimlərə -HEKAYƏ




Kənddə uşaq da bilirdi ki,  Misirxan  müəllim arvadından, necə deyərlər, bir  balaca  çəkinir. Arvadı  da öz  doğmaca  xalası  qızı idi, gəncliyində  onu  Misirxan müəllimə,  necə  deyirlər,  zorla  pərçim eləmişdilər.

  Arvad  da  maşallah,  ətli-buddu  bir  qadınıydı, iri, köntöy  əlləri  vardı, çox qəribə  görünən  caydaq  kimi  də  qıçları. Bir  sözlə, bu arvad  görkəmcə  "güdül" birisi  idi, yəni  arıq, uzun. Hətta  onun  ayamalarından birinin  də  "hoqqar" olduğunu  bilirdim."  Hoqqar"ın  nə  demək olduğunu  hələ  indi  də  araşdırıram. Amma   Misirxan  müəllim sısqa,  başının  ortasının  tükü tökülmüş  tösmərək  bir adam  idi.Elə  də  yönlü  vid-fasonu  yox idi. 

 Kənddə  bir baməzə  Allahyar  var idi, özü də  poçtalyon işləyirdi. Misirxan  müəllimin  "ailədaxili işlərinə"  müdaxilə edib"  ona  şeir  də  həsr etmişdi:

  Qocalmışıq, ömür  keçib yarıdan,

Sən də mən günlüsən arvad sarıdan,

Gəl  boşayaq, alaq duldan, qarıdan,

Ömrümüz  ah-vayla keçir, Misirxan.

  Di gəl ki, Misirxan müəllim, necə  deyərlər,  riyaziyyatın  "anasını  ağladırdı"  və  özünə  güvənən  hər  hansı bir  riyaziyyat müəllimi  onunla  mübahisəyə girməkdən   çəkinirdi...

  Çox  səliqəsiz  geyinirdi,  köynəyinin  varatnıki  heç vaxt  sığallı  görünmürdü. Başı  toppuz  boyda  olan qalstuku  o  yöndəmsiz varatnikə  heç yaraşmırdı.

 Siqaret  çəkməkdən bığlarının  ortası  sapsarı idi, danışanda  bəzi  dişləri  elə laxlayırdı ki,  elə  bilirdin,  bu saat  ağzından  yerə düşəcək.

  İllik proqramını  da on  iki  vərəqli  bir  dəftərə yazmışdı  və  o  dəftər  ikiyə qatlanmış  şəkildə  həmişə qoltuq  cibində olurdu. 

Təbaşirlə  yazanda da  üst-başı, əli, hətta  üzü  belə  ağ toza  bürünürdü  və  Misirxan müəllimin  bundan məmnun olduğu  mimikasından  o dəqiqə  bilinirdi. Yəqin ki, gözünüzün  qabağında müasir  tələblərlə  uyğunlaşmayan  yaşlı müəllim  obrazı  canlandı  və sifətinizə  istehza  dolu təbəssüm  qondu,  eləmi?

  Misirxan  müəllimin  bağına girəndə adam sanki özünü cənnətdə hiss edirdi.Sıra ilə əkilmiş  meyvə ağacları bağa xüsusi  gözəllik verirdi, hələ evin  önündəki  rəngbərəng qızılgül  kolları  adamın könlünü oxşayırdı,ruhuna bir sərinlik gətirirdi.

 Utanmasaydım, ona Miçurin müəllim  deyərdim. Etdiyi cürbəcür  calaqlar  vasitəsilə qəribə  dadlı  və yaraşıqlı meyvələr  yetişdirdiyinə görə, o bu ada, həqiqətən də ,layiq idi.Hələ  həyətinin sol tərəfindəki bostanında cürbəcür  tərəvəz  məhsulları yetişdirirdi.

  Misirxan  müəllimin  işləri təkcə  bağ-bostan  işi ilə də yekunlaşmırdı. Yay aylarında özünə  məxsus otlaq sahəsindən  heyvanların qış tədarükü  üçün ot biçir, axşamlar boz eşşəyinə yükləyib həyətinə daşıyırdı. Bir sözlə, bu kişinin türklər demişkən  "on barmağında on mərifət"  var idi. 

Şəxsən, mən bir gənc müəllim olaraq Misirxan müəllimə qibtə edirdim. Yaşının bu vaxtında Diaqnostik Qiymətləndirmədə iştirak edərək  ixtisas suallarının hamısına  düzgün cavab yazmışdı, lakin kurikulum suallarının heç birinə də əl vurmamışdı. 

Bəlkə də,  indikilər  kimi əzbərləsəydi, yaza bilərdi,  amma Misirxan müəllim kurikuluma nifrət edirdi. Bu adı eşidəndə sifəti kömür kimi qaralır, dodaqaltı nə isə mızıldanırdı.Bəlkə də söyürdü, ya da qarğış edirdi.

Hər halda, Misirxan müəllimin kurikulum  deyilən "nəsnə"ni görməyə gözü yox idi.Amma onun hazırladığı şagirdlər qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticələr göstərirdilər və bu üzdən hələ ki, həm Təhsil Şöbəsində, həm də işlədiyi kollektivdə ona dəyib-dolaşan və ya güldən ağır bir söz deyən yox idi.

   Məktəb rəhbərliyi də dəyişmişdi. Cavan  bir  qız uşağını  məktəbə  direktor təyin  etmişdilər.  Guya müsabiqə yolu ilə təyin olunmuşdu bu məktəbə. Gəldiyi  ilk  günlərdə  görüntü  xatirinə  də  olsa, məktəbdə  nizam-intizam yaratmağa nail  olmuşdu.  

Özü də ixtisasca  riyaziyyat  müəllimi idi  və  dərs  bölgüsündə   özünə   11-ci sinfi  götürmüşdü. 5-ci  sinifdən  10-cu sinfə qədər  həmin sinfə Misirxan müəllim riyaziyyat fənnini  tədris  eləmişdi  və sözün əsl mənasında o sinifdə canını qoymuşdu. 

 Direktor xanım nədənsə  məhz 11-ci sinifdə dərs  deməyi  özü  üçün məqsədəuyğun  hesab etmişdi.  Bu isə Misirxan müəllimin heç ürəyincə olmamışdı və dərs bölgüsü elan olunanda etirazını bildirmışdi:

-Siz  hansı  əsasla  altı  il dərs  dediyim  sinfi  məndən alırsınız?

-İnciməyin,  Misirxan müəllim,  siz  yaşda  olan adam üçün o sinifdə dərs aparmaq  çətin olar.

  Bu  sözü eşidəndə sifəti kömür  kimi qaralmışdı, dodaqları səyriyən  kimi olmuşdu:

-Ay qızım,  40 ilin müəlliminin 11-ci sinifdə dərs keçə bilməyəcəyi  qənaətinə necə gəlmisən?

-Bilirsiniz,  müəllim,  rəhbərlik bizə gənc nəslə daha çox etimad etməyi,  onlara güvənməyi  tövsiyə  edib. Siz, əlbəttə,  vaxtında  üzərinizə düşən  vəzifəni  layiqincə yerinə yetirmisiniz,  buna görə də sizə təşəkkür edirik.

 Ancaq...

  Bu an Misirxan müəllimin simasındakı o üzüntünü bir ədəbiyyatçı gözü ilə seyr edirdim. Mənə elə gəlirdi ki, cavan  direktorun  bu  ikibaşlı sözləri  onun  həssas qəlbindəki  yaraların  üstünə duz  səpirdi və Misirxan müəllimin içini yavaş-yavaş yeyərək onu quruca skelet şəklinə  salmağa çalışırdı.

 Təsəvvür edirsiniz,  illərini, karyerasını təmənnasız olaraq təlim-tərbiyəyə həsr etmiş bir insanın qəlbini ondan  qat-qat  təcrübəsiz olan gənc bir xanım vəzifə səlahiyyətindən istifadə edib qırmağa  cəhd edirdi. Bu hisləri  yaşamaq çox üzücü idi.  Bəlkə də Misirxan müəllim xəlvət bir guşədə hönkür-hönkür ağlayıb ürəyini boşaltmaq istəyəcəkdi...

  Özümü saxlaya bilmədim:

-O sinif riyaziyyat təmayüllü sinifdir və 3 şagird rayon olimpiadasının qalibi olub.

-Çox yaxşı.

-Demək istəyirəm ki,  o sinifdə Misirxan müəllimin gərgin zəhməti var.

  Bu  söz sanki direktor xanlmın xoşuna gəlmədi:

-Müəllim, siz səlahiyyətinizə daxil olmayan məsələyə niyə münasibət  bildirirsiniz?

-Mən sizin diqqətinizə pedaqogikanın qanunlarını, təlimin xüsusiyyətlərini çatdırmaq istəyirəm.

-Yəni?

-Sizin yaş səbəbilə o sinfi Misirxan müəllimdən götürməyə nə haqqınız, nə də səlahiyyətiniz çatır.

  Qara tuş çəkilmiş kirpiklərini tez-tez qırpdı,  qırmızı pomada  çəkilmiş dodaqları anidən  büzüldü.

  Direktor xanımın 11-ci sinifdə işləri heç də yaxşı getmirdi. O sinfə mən özüm də dərs dediyimdən olub-bitənlərdən xəbərim var idi. Tənəffüslərdə  Misirxan müəllimin başına toplaşar,oni sual atəşinə tutardılar.

 Misirxan müəllim də  uşaqların sözünü yerə salmaz,  imkan dairəsində onların başa düşmədiklərini izah etməyə çalışardı. 

Hiss olunurdu ki, direktor xanımın biliyi şagirdləri qane etmir. Getdikcə həmin sinifdə davamiyyət  tamamilə  aşağı düşdü,  hətta elə günlər olurdu ki, heç bir nəfər də dərsə gəlmirdi. 

Təbii ki, riyaziyyat fənni üzrə Misirxan müəllimin yanına hazırlığa gedirdilər və Misirxan müəllim cani-dildən onlara elm öyrədirdi.

 Üzüyumşaq adam olduğundan heç vaxt uşaqdan hazırlıq pulu tələb etməzdi,  kimin ürəyi nə vaxt istəyirdi,  çox cüzi məbləği gətirib verərdilər.  Hətta iki uşağın da ailə vəziyyətini nəzərə alıb onlarln pulunu geri qaytarmışdı.

  65 yaşı tamam olmaq üzrə idi,  lakin o sevdiyi müəllimlik sənətindən ayrılmaq istəmirdi.  Öz üzərində çalışırdı,  "innovasiya" dedikləri bəzi  mənasız tədris üsullarını  öyrənməyə çalışırdı.  Ancaq  Misirxan müəllimə elə gəlirdi ki, öyrətməyin heç vaxt qəlibi və ya  çərçivəsi olmur,  necə və hansı  şəraitdə  öyrətməyi usta  pedaqoqlar  çox  yaxşı bilirlər.

  Direktor xanım 11-ci siniflə olan probleminin günahını məndə  görürdü. Hansı ki,  mən onlarla bir neçə dəfə söhbət edib direktorun tərəfini  saxlamışdım. Şagirdlərin təkcə onun  dərsi başa salmaq  qabiliyyətindən deyil,  həm də təkəbbüründən və  ədaslndan  narazı qaldıqlarını  müşahidə etmişdim.

  Bir  dəfə dərs zamanı məni kabinetinə çağırdı.  Ağlayırdı,  özü də hönkürə-hönkürə....

-Mən...sizə...nə ...pislik...eləmişəm...

-Nə olub?

-Şagirdləri  öyrədirsən, əleyhimə təbliğat aparırsan.

-Bunu kim deyir?

-Elə bilirsən,  heç nədən xəbərim yoxdur?  Kollektivin içində də mənə xəbər çatdıranlar var.

-"Şpionlar"ınız  sizə  düzgün məlimat  çatdırmayıblar.

  Əslində  "şpionların" kim olduğunu  yaxşı bilirdim.  İkisi də qadın idi və belə hərəkətlərinin üstündə onlarla bir neçə dəfə mübahisəm də olmuşdu.

  Həmin o casus müəllimənin əri məktəbin təsərrüfat müdiri idi; yaltaqlıqda və yarınmaqda  heç də arvadından  geri qalmırdı. Ərli-arvadlı  ikisinin  də peşəsi  rəhbərliyin  qılığına girib  onun-bunun  torbasını tikmək,  böhtan  və  şər atmaqdan  ibarət  idi.

-Elə bilirsiz,  mən  burada daimi  qalacam?Məni  bura müvəqqəti  göndəriblər.

-Hələ bir az təcrübə yığın də.

-Məni  rayon  mərkəzindəki ən  komfortlu  məktəbə direktor  təyin  edəcəklər.  Çox  da  gözüm  uçmur  sizin bu  məktəbdən  ötrü.

  Sanki  mənə  acıq verirdi,  yuxarıda  adamı  olduğunu açıq-aydın  hiss  etdirirdi.

-Sizə uğurlar,  amma  mənim haqqımda  o cür fikirləşməyin.

-Siz  mənə  qarşı  təbliğat aparırsınız.

-Siz  qadınsınız,  sizinlə  şəxsi   səviyyədə  mübarizə aparmağı  şəxsiyyətimə sığışdlrmaram.  Ancaq  siz düz  iş  görmədiniz.

-Neyləmişəm ki?

-Siz  ömrünü-gününü  təlim-tərbiyə  yolunda  şam  kimi əridən  bir  fədakarın  qəlbini qırdınız,  qüruruna  toxundunuz.

-Mən  onun  rahatlığı üçün......

-Xeyr,  eqonuz və  təkəbbürünüz  üçün  Misirxan  müəllimin  xətrinə dəydiniz.

   Bir  müddət  susdu,  gözləri də doluxsunmuşdu. Mən,  əlbəttə,  bu  xanımın işıqlı,  mərhəmətli  və duyğusal   tərəflərinin olduğunu  anlamağa başlayırdım. Hiss edirdim ki,  o,  Misirxan  müəllimə  qarşı etdiyi  bu  mənfur  hərəkətinin  fərqindədir.  Axı Misirxan  müəllim  də  gənc həmkarları  kimi  hər  gün gündəlik  yazırdı,  açıq dərslər  təşkil  edirdi,  bir sözlə,  müasir  tələblərə uyğunlaşmağa çalışırdı.  

Savadına  və  tədris bacarığına  isə söz ola bilməzdi.  Bəs  onda "yaşlanıbsa,  keyfiyyətli  dərs keçə bilməz"  tendensiyası hardan  və  kimlər   tərəfindən formalaşdırılmışdı?  Nə yazıqlar  olsun ki,  gənc direktorumuz  da  əvvəlcədən  belə  düşünürdü və  səhv etdiyinin  fərqinə varacağının  fərqində  idim.

  Daha  heç bir kəlmə də danışmadıq  və  mən  ondan icazə  alıb sinfə qayıtdım.

  Ertəsi  gün  dərslər bitdikdən  sonra  kollektiv iclası  olacağı  barədə məlumat verildi.  Ürəyimə dammışdı  ki,  sanki  bu iclasda  gözlənilməz  bir hadisə  baş verəcək, hamımızın  təəccübünə  və marağına  səbəb  olacaq anlar  yaşayacağıq.

Həmin  iclasda  direktor  Misirxan  müəllimi  65  yaşı  münasibətilə  səmimi  qəlbdən  təbrik  etdi  və  bütün  kollektiv  adından öz  təşəkkürünü  bildirdi.

-Təəssüflər  olsun  ki,  bizim  Misirxan  müəllim  kimi  bir  pedaqoqla  sabahdan  etibarən  yollarımız  ayrılır.  Rayon  Təhsil  Şöbəsi  hörmətli  Misirxan  müəllimin  təqaüdə  göndərilməsi  barədə  qərar  qəbul  etmişdir. Əziz  Misirxan  müəllim,  məktəbimizin  kollektivi  sizin  xidmətinizi  heç  vaxt  unutmayacaq.

  Gözaltı  Misirxan  müəllimi  süzürdüm.  Kömür  kimi  qaralmış,  bədəni  sanki  bir  az  da  büzüşmüşdü.  Direktor  sözünü  bitirdikdən  sonra  sakitcə  ayağa  qalxıb heç  kimə  bir  söz  demədən   bayıra  çıxdı.  

  Müəllimlər  otağına  lal  bir  sükut  hopmuşdu.  Mənim  isə  əsəbdən  beynim  uğuldayırdı,  həm  də  alnımı  isti  bir  hərarət  basmışdı.  Mən  RTŞ  deyilən  bir  qurumun  biganəliyinə  məəttəl  qalmışdım,  direktor  xanımın  onunla  yenidən  müqavilə  bağlamamağı  mənə  çox  qəribə  və  şübhəli  gəlirdi.

 Üzümü  qeyzlə  direktora  tutdum:

-Misirxan  müəllimin  müqaviləsini  heç  olmasa,  bir  illiyə  uzatmaq  olmazdı?

-RTŞ  icazə  vermir.

 Daha  özümü  saxlaya  bilmədim:

-Amma  siz  istəsəydiniz,  ya  da  o  rüşvət  versəydi,  saxlayardılar,  eləmi?

- Daha o  mənlik  deyil.

 Yalan  danışdığını  bu  rəsmi  cavabdan  hiss  elədim.

 Amma  əlimdən  nə  gəlirdi  ki...Bir  onu  bilirdim  ki,  məktəb  onun  yoxluğundan  çox  şey  itirəcək.  Əlbəttə,  insan  əvəzedilməz  deyil  və  Misirxan  müəllimi  əvəz  edə  biləcək  gənc  və  istedadlı  kadrlar  onun  davamçıları  olaraq  fəaliyyətə  başlayacaqlar.

  Lakin  Misirxan  müəllim  kimi  pedaqoqları  65  yaşı  tamam  olar-olmaz  tez-tələsik  təqaüdə  göndərmək  düzgün  qərar  deyildi. Ən  azından  ona  bir  il  də  möhlət  verilməli  idi.  Mən  yüz  faiz  əmin  idim,  Misirxan  müəllim  hiss  etsəydi,  daha  tədrisə  töhfə  verə  bilmir,  özü  üzüsulu  məktəbdən gedəcəkdi.

  Səhər  saatın  zəngi çalınanda  tələsik  oyanıb paltarını  geyindi,  mətbəxə yönəlib  çaydanı  qazın üstünə  qoydu.  Birdən yadına  düşdü ki,  daha  onun məktəblik  bir  işi yoxdur,  daha  doğrusu,  məktəbin onunla  daha  heç  bir  işi yoxdur.  Bütün  bədəni sustalmış  halda  çarpayıya çökdü,  adəti  üzrə  gözlərini ucqar  bir  nöqtəyə  zilləyib bir  neçə  dəqiqə  hərəkətsiz dayandı.  Sonra  durub  həyət-bacanı   dolandı,  qoyun-quzuya  baş çəkdi,  itə yal  hazırladı.  Ancaq  yenə də  özünü  ələ  ala  bilmirdi,  bir  yerdə  dayanmayıb həyətboyu  var-gəl  edirdi. Sanki  onun  qollarına  yeni bir  güc, dizlərinə  təpər gəlmişdi.  Hələ  beyni əvvəlkindən  də  sürətli işləməyə başlamışdı. 

 Təsəllini  isə  yanına  hazırlığa  gələn  uşaqlarla məşğul  olmaqda görürdü. Artıq  hazırlığa  gələn uşaqların  da  ayağı  bir-bir kəsilməyə  başlamışdı. Hər səhər  məktəbin  yanına qədər  gələr,  bir az aralıda dayanıb  ora  gəlib-gedənləri seyr  edər,  zəng  vurulanda isə  yazıq-yazıq  geri  dönüb evinə  qayıdardı....

   Heç  bir il keçməmişdi,  kəndə   xəbər  yayıldı ki,  Misirxan  müəllimin  beynində  bədxassəli  şiş tapılıb,  yorğan-döşəkdən  qalxa bilmir.  Bir gecə onu yoluxmağa getdim. Gördüyüm  mənzərədən necə  sarsıldımsa,  bir müddət  özümə  gələ bilmədim,  sanki xəyal görürdüm.  Büzüşüb  yumağa dönmüşdü, sifəti saralmış,  gözləri  çuxura düşmüşdü,  işartısını güclə sezirdin. Ağrıdan  gözlərini güclə  açırdı,  hətta  nəfəs almağı  belə  normal deyildi.

  Onu bu  vəziyyətdə  görəndə istər-istəməz  boğazımda bir qəhər  düyünləndi,  gözlərim doldu,  dodaqlarım səyriməyə   başladı.  Baş ucunda  əyləşib  damarları görünən  taxta  kimi  əllərini ovcuma  aldım,  əhvalını soruşdum.  

Göz qapaqlarını güclə  aralayıb  sifətimə baxdı,  heç  nə  demədən əlini  təəssüflə  yellədi,  sanki "görmürsən,  nə gündəyəm?"  demək  istəyirdi.  Artıq  hiss edirdim ki,  Musirxan müəllimin  ömrünün bitməsinə  sayılı günlər,  bəlkə  də  sayılı  saatlar qalıb.

 Ovqatım  çox təlx oldu,  mənə  elə  gəlirdi ki,  heç olmasa,  Musirxan müəllimi müqavilə  ilə  bir neçə il də məktəbdə  saxlamaq olardı. Axı  o,  mükəmməl riyaziyyatçı idi  və  işinin öhdəsindən də  layiqincə  gəlirdi.

   Səhərə yaxın keçinmişdi. Bu  xəbəri  eşidəndə  on birinci  sinifdə  dərsdə idim. Sinfə  bir anlıq  lal sükut çökdü, elə bil, bu  sükunətdə mənim   başım gicəllənirdi, onun  ölümündə  özümü də  təqsirkar  sayırdım. 

 Ola bilsin,  mən bu  düşüncələrimdə  ifrata  varırdım ki,  bu da  mənim ədəbiyyatçı  olmağımdan  irəli  gəlirdi. Romantik düşüncələr  ruhuma  hakim kəsildiyindən,  bəlkə  də  əsl reallığı  və  ya  qəzavü-qədər deyilən  bir  həyat  qanununu yaddan  çıxarmışdım. Ancaq mənə  nədənsə  elə  gəlirdi ki,  ona  qarşı  olan etinasızlıq  Misirxan müəllimin  ömrünü  bir  qədər  də qısaltmışdı...

Mən Misirxan müəllimi məktəbdə gün keçirib  söz gəzdirməklə məşğul  olan, gənclərin potensialına  dodaq  büzüb onların  inkişafına  mane olan,  rəhbərliyə yaltaqlanaraq  ona-buna torba  tikməklə  məşğul  olan Ema  kimi  yaşlı  müəllimlərə tay  tuta bilməzdim.

 Misirxan müəllim  sözün  əsl mənasında  öz  peşəsinin fədaisi  idi  və  belə müəllimlərin  qədrini  hansısa  güclü "arxası",  "daydayısı", "adamı" və s. olan gənc direktor xanım və bəylər,  nə yazıq ki,  dərk eləmirdilər. Mən  əmin idim və  buna  yüz  faiz  inanırdım ki,  Misirxan  müəllim yaşlaşdığını və yorulduğunu hiss  edib  özü istefa ərizəsini yazacaqdı.  Direktor xanım da and-aman edirdi ki,  təhsil şöbəsində  ona  çox  təzyiq ediblərmiş ki,  65 yaşı  tamam olmuş şəxsləri bir gün  də  məktəbdə  saxlamaq  olmaz.

   Dəfn  mərasimində kollektiv  olaraq iştirak etdik. Eltonu  isə  kiridə bilmirdik, yazıq  uşaq,  elə bil  öz doğma atasını itirmişdi.

  Çiynimi cənazənin altına verəndə,sanki özümdə bir yüngüllük hiss etdim.Elə bir yüngüllük ki,o ruhumu oxşamaqla bərabər mənə qəribə bir təsəlli verirdi.O şagird ki,müəlliminin yükünü həm həqiqi,həm də mənəvi daşıya bilirsə,demək,o çox xoşbəxt adamdır və ölənə qədər də o yük onun çiyinləri və ruhu üzərində olmalıdır.

   Direktor xanımı da rayonumuzun  mərkəzində yerləşən  ən  "bərkgedən" məktəblərin  birinə  direktor təyin  etmişdilər,  hətta  söz gəzirdi ki, onu  tezliklə  Bakı məktəblərinin  birinə  direktor təyin  edəcəklər.

  Düzü,  onu  hansı istedadına  və  ya  bacarığına o cür  məktəbə  direktor  təyin  etmişdilər,  hələ də mənə çatmamışdı. Çünki  o xanımın  bizim  məktəbimizdəki  cəmi  iki  illik  fəaliyyəti  dövründə  keyfiyyət   göstəricisi bir qədər aşağı düşmüşdü,  müəllimlər  də  ondan razı deyildilər,  elə  də  dərin savadı  yox  idi...

   Misirxan  müəllimin əyləşdiyi  stulda  heç kim ürək edib  oturmurdu. O yer sanki  mənim  vücudumun sızlayan  bir  hissəsi  idi,  ağrısı  mənə  əzab verirdi. Hər  dəfə  ora  baxanda başım  gicəllənir,  qulaqlarımda  əcaib  bir uğultu  səslənirdi.  Ancaq qəribə  bir  hiss  məni  o yerdə  keçib  əyləşməyə məcbur  edirdi,  sanki  orada gözləmədiyim  bir  sürprizlə qarşılaşağımı  mənə  işarə edirdi.  

Axır ki,  canımı  dişimə  tutub  o stula yaxınlaşdım,  qeyri-ixtiyari onun  şkafının  siyirməsini çəkdim  və gözüm  üstünü toz  basmış  qalın  bir  dəftərə  sataşdı.  Əllərim əsə-əsə  üstünün  tozunu üfürüb  vərəqləməyə başladım.  Bu müəllimlərin   "gündəlik"  adlandırdıqları "cari planlaşdırma"   nümunəsi  idi. 

 Misirxan müəllim  candərdi də  olsa ,  sən demə,  hər gün  gündəlik yazırmış. Hətta  xatirimə  də gəldi:

-Misirxan  müəllim,  "zauç"un dediyinə  görə,  gündəlik yazmırsınız?  Səbəbini bilmək  olar?

-O nə olan şeydir?

-O olan şeydir ki,  sən  hər gün  sinifdə  tədrisə  aid hansı  işləri  görəcəyini  orada  qeyd edirsən.

-Amma  mən  axşamdan hansı  sinifdə  hansı  işi görəcəyimi  müəyyən  edib hazırlaşıram.

-Hamı  necə,  siz  də  elə. Hər gün  gündəlik yazmalısınız,  vəssalam!

  Direktor  xanımın  bu  ədalı sözlərindən  sifəti pörtmüşdü,  xəcalətli duruma  düşmüşdü, lakin söz  güləşdirməmişdi.

  Bax  həmin  o  dəftərdə Misirxan  müəllim  gündəlik dərsinin  planını  metodik vəsaitdən   köçürərək  qeydlər aparmışdı.  Əslində  o qeydlər  Musirxan  müəllimin keçirdiyi  əzabları,  düşdüyü aciz  durum,  mənəvi iztirabları  idi,  hərflərə hoparaq  cümlələr  şəklində  orada  əks  olunmuşdu...

  Qeyri-ixtiyari  dizlərim qatlandı  və  onun  stuluna çökdüm.  Mən  də  özümü onun  qarşısında  günahkar hiss edirdim.  Ancaq səbəbini bilmirdim...

  İmtahan yolu ilə birillik müqavilə ilə müvəqqəti olaraq məktəbimizə direktor təyin olunmuşdum.  İlk  işim  Misirxan  müəllimin  stulunun  arxasındakı  divara   öz əlimlə  asdığım  ona  həsr  olunmuş  bir  lövhə   oldu.  Həmin  lövhənin  ən  yuxarı  hissəsində  onun  iri  portreti,  içərisində isə  onun  hələ  sovet  dönəmində  aldığı  medal ,  fəxri  fərman  və  təşəkkürnamələr  asılmışdı. 

 Sözsüz  ki,  lövhənin  ən  görkəmli  yerində  Misirxan  müəllimin  gündəliyi,  yəni  cari  planlaşdırma  dəftəri  yerləşdirilmişdi.  O dəftər  təkcə  mənim  üçün  deyil,  bütün  kollektivin  dəyərli  əmanətinə  çevrilmək  üzrə  idi  və  hər  dəfə  ona  gözüm  sataşanda  bir  az  da  yüngülləşirdim. 

Artıq  kollektivimizin  çox  hissəsini  gənc  müəllimlər  təşkil  edirdi  və  onlar  ilk  iş  günlərində  həmin  lövhənin  önündə  təntənəli  müəllim  andı  içmişdilər.  Misirxan  müəllim  kimi  təhsil  fədaisini  özləri  üçün  örnək  seçmişdilər.  

Məktəbimizin  nəticəsi  xeyli  yaxşılaşmışdı,  çünki  Misirxan  müəllimizin  ruhu   daim  bizə  dua  edirdi...(Son)

Zamin Təhməzov




Загрузка...
Həmçinin oxuyun:
Prezident bir qrup təhsil işçisini təltif etdi - SİYAHI

Prezident bir qrup təhsil işçisini təltif etdi - SİYAHI

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Prezident təhsil işçilərini təltif edib – SİYAHI

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

Daha bir kitabda biabırçılıq! Nigar Koroğluya: “Kişisənsə, İstanbula gəlib məni…”

"Yeganə xalqıq  müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

"Yeganə xalqıq müəllimə pul veririk ki, uşağıma qiymət yaz"

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

Con Steynbekin “Xrizantemlər” hekayəsi və gender bərabərliyi

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

BDU-nun professoru: “Quran Məhəmməd peyğəmbərin öz zəkasının məhsuludur”

“Şam kimi yanan ömür”

“Şam kimi yanan ömür”

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

Fazil Mustafadan maraqlı açıqlamalar: Təhsil siyasətini dəyişib, təhsili ideologiyadan azad etmək lazımdır.

ƏMR  № F 223-   Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması  presudurları barədə

ƏMR № F 223- Çalışma həddinə çatmış müəllimlərlə müddətli əmək müqavilələrinin bağlanması presudurları barədə

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Kurikulumun tələbləri dərsliklərdə necə reallaşdırılır

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Keyfiyyətsiz dərsliklər üçün cavabdehlik yoxdur- Təhsilalanları qane edirmi?

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Nadir İsrafilov: “Kənddə müəllim işləməyə xüsusi sevgim, marağım var idi”

Çox maraqlı və zəngin təhsil yolu.

Çox maraqlı və zəngin təhsil yolu.

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

KİŞİNİN HƏYAT YOLDAŞINDA BƏYƏNDİYİ 98 KEYFİYYƏT

Kəlbəcərdə itkin düşən müəllimin acı həyat hekayəsi - FOTO

Kəlbəcərdə itkin düşən müəllimin acı həyat hekayəsi - FOTO

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

ON YAŞLI ANA - Şəhriyyə Qəzənfərqızı

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

Uşaq və gənclər arasında “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” adlı Beynəlxalq Yaradıcılıq Müsabiqəsinin təltifetmə mərasimi keçirilib

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"Tələbələr müəllimlərin güzgüsüdür, yaxşı müəllimi tələbəsi həmişə axtarır, tələbənin adi bir sözlə təbriki müəllim üçün dünyadır"

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

Ucqar kəndin gənc müəllimi - “Üçaylıq körpəmi ağlaya-ağlaya qoyub dərsə tələsirdim”

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

ALDP sədri Ceyhun Bayramova açıq məktub yazıb

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib

Prezident Bakıda Hərbi Qənimətlər Parkının açılışında iştirak edib