Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrasının müdiri, professor Cəfər Quluzadə Modern.az saytının suallarını cavablandırıb. Onunla müsahibəni təqdim edirik.
– İlk sualımı belə qoyacağam. Tez-tez eşidirik ki, kainat nizamlıdır. Kainat həqiqətənmi nizamlıdır, yoxsa keşməkeşlə doludur, xaotikdir?
– Kainatda ümumi bir nizam var. Ancaq kainat heç zaman sabit deyil, sakit şəkildə bir yerdə durmur. Orada hər şey hərəkətdədir. Ulduzlar, ulduz topaları, qalaktikalar – hamısı hərəkətdədir. Kainat bütövlükdə genişlənməkdədir. Son zamanlara qədər belə güman edilirdi ki, kainatda genişlənmə zəifləyib. Amma son elmi araşdırmalar göstərib ki, genişlənmədə zəifləmə yoxdur.
– Bu genişlənmə nə zamana qədər davam edəcək? Bizi nə gözləyir?
– Çox mürəkkəb məsələdir. Buna birmənalı cavab vermək çətindir. İnsan zəkası kainatı müəyyən sərhədə qədər dərk edə bilir. Məsələn, biz sonsuzluq deyirik. Bəs sonsuzluq nədir?! Qeyri-müəyyənlik… Biz dünyanı, materiyanı müəyyən yerə qədər anlaya bilirik. Elm belədir ki, daim inkişafdadır. Dünən bilmədiyimiz bəzi məsələləri bu gün izah edə bilirik. Ancaq bütün məsələləri izah etmək qeyri-mümkündür.
– Təbiidir. Amma fərziyyə deyilən bir şey də var. O fərziyyələrlə kainatın, bizim yaşadığımız Yer planetinin taleyinin necə olacağını təxmin etmək mümkün deyil?
– Bayaq dedim ki, kainat genişlənir. Ola bilsin ki, elə bir dövr gələcək ki, həmin genişlənmə zəifləyəcək və sıxılma başlayacaq. Adi elementar zərrəciklər cazibə qüvvəsi ilə bir-birini cəzb edir. Amma onların cəzb etməsi müəyyən məsafəyə qədərdir. Bəlli bir yerə çatandan sonra cazibə qüvvəsi itələmə qüvvəsinə çevrilir. Bəlkə makroaləmdə də belə bir proses gedir. Amma bunlara tam cavab verə bilmirik.
– Kainatın yaranması ilə bağlı bir neçə fərziyyə var. Guya 13.5 milyard il öncə makroaləm həddindən artıq sıxılmış bir maddədən yaranıb. Heç ola bilərmi ki, məsələn, bir çay qaşığı boyda sıxılmış maddədən nəhəng bir aləm yaransın?
– Əvvəllər belə bir fikirlər var idi ki, kainat yarananda toz və qazla dolu olub. Və qazla tozun içərisində hərəkət edən kiçik hissəciklər yanındakıları yığa-yığa gedib, sonra göy cisimləri yaranıb. Bu, nəzəriyyə yox, fərziyyədir. Uzun müddət yaranmanı bu mexanizmlə izah edirdilər. Sonralar yeni nəzəriyyə ortaya çıxdı. Bildirildi ki, kainat əvvəldən çox sıx bir maddədə cəmləşib və böyük partlayış olub. Bununla da göy cisimləri əmələ gəlib. Bu da sübut olunmamış bir nəzəriyyədir. Ancaq bəzi şeyləri izah etmək olur. Dünyanın quruluşu haqqında əvvəllər Ptolomey nəzəriyyəsi var idi. O səhv idi, amma çox şeyi izah edə bilirdi. Ona görə də, o təlim 15 əsr yaşadı. Sonra isə elmin inkişafı nəticəsində aydın oldu ki, Ptolomeyin təlimi bəzi şeyləri izah edə bilmir.
Bu təlimdə deyilirdi ki, filan zaman Günəş tutulması olacaq. Amma əslində ümumi nəzəriyyə olaraq səhv idi. Buna baxmayaraq, burada daxili dəqiqlik o qədər böyük idi ki, səhv də olsa, çox hadisələri izah edirdi. İndi heliosentrizm nəzəriyyəsi var. Yəni Günəş sisteminin mərkəzində Günəş durur. Elmin inkişafı ilə əlaqədar sabah başqa nəzəriyyələr, fərziyyələr də meydana gələ bilər.
Göy cisimləri də adi insanlar kimidir. Onlar yaşayırlar, qocalırlar və məhv olurlar. Misal üçün ulduzlar. Onlar müəyyən bir inkişaf mərhələsi keçirlər. Sonra isə onlar qara dəliyə keçirlər. Qara dəlik onların ölməyi deməkdir. Hər bir ulduzu tarazlıqda saxlayan iki qüvvə var. Təzyiq qüvvəsi onu genişləndirməyə çalışır. Cazibə qüvvəsi isə sıxmağa çalışır. Ulduzun enerjisi şüalanma nəticəsində müəyyən qədər itir. Onun şüalanması zəifləyəndə təzyiq də zəifləyir. Bu zaman qravitasiya üstün gəlir. Sıxılma zamanı temperatur artır. Daha sonra isə yenidən genişlənir. Ona görə də müəyyən qədər ulduz sıxılıb-genişlənir. Ancaq elə bir məqam çatır ki, ulduz bu mərhələdə üst qatını saxlaya bilmir. Böyük bir kütlə, ulduzun üst qabğı kainata atılır. Bu, bir neçə dəfə olduqdan sonra ulduzun kütləsi azalır, şüalanması zəifləyir. Qravitasiya qüvvələrinə cavab verə bilmir. Ulduz kəskin sıxılır. O qədər sıxılır ki, oradan kvantlar çıxa bilmir. İndi elə ulduzlar var ki, onların radiusu 10 kilometrə çatır. Yəni onlarda qravitasiya o qədər artır ki, onun şüalanmasını görmək mümkün olmur. Biz isə ulduzları şüalanmasına görə müşahidə edə bilirik. Şüalanma olmayanda onu görmürük, deyirik ki, o qara dəlikdir.
– Məşhur alim Stiven Houkinq deyir ki, qara dəliklər bizi udsa, yeni bir aləmə keçid edə bilərik. Necə də maraqlıdır!
– Bəli. Houkinq bildirir ki, qara dəliklər yeni bir dünyaya yol deməkdir. Qara dəlik qalaktikaları cəzb edə bilməz.
Çünki orada milyonlarla ulduz var. Ayrı-ayrı cisimləri isə cəzb edə bilər.
– Ancaq mən bildiyimə görə, qara dəliklər də sadəcə bir versiyadır.
– Qara dəlik odur ki, ulduz kəskin sıxılır və şüalanması olmur. Bu, artıq demək olar ki, təsdiq olunub. Göy cisimlərinin hərəkətinə görə onlara başqa kütlənin təsiri göstərməsini tapmaq olar. Houkinqin son fikirlərinə görə, qara dəlik alternativ kainata yoldur. Bu isə fərziyyədir. Alimlər yavaş-yavaş hər şeyi izah etməyə çalışırlar. Amma ilkin təkanı dəqiq deyə bilmirlər. Yəni, ilk başlanğıcın necə olmasını bilmirik.
– Elm ilk anı araşdırmağa çalışır. Din adamları isə ən yaxşı halda sadəyə qaçaraq, ilk təkanın ali bir şüur – Allah tərəfindən olduğunu deyir. Elə dinlər də ilk təkanın uca bir varlığın iradəsi ilə baş verdiyini vurğulayır. Siz də belə düşünürsünüz?
– Açığını deyim ki, idealist deyiləm, materialistəm. Düzdür, müəyyən şeylərə riayət edirik, bu, ata-babamızdan qalan mirasdır. Ancaq təbiət etibarı ilə materialistəm. Dünyanı idarə edən qüvvə ümumdünya cazibə qüvvəsidir. Bununla çox şeyi izah etmək olar. Fərz edək ki, dinlərin dediyi kimi kainatı Allah yaradıb. O zaman sual olunur: bəs Allahı kim yaradıb? İlkin təkan məsələsinə görə haqlı olaraq bu sual yaranır. Bütün hər şey, o cümlədən kainat da təsadüfən yaranıb. Burada yaradıcı axtarmağa ehtiyac yoxdur.
– Baş verənlərin, yaradılışların arxasında ali bir şüurun durmadığını iddia edirsiniz. Yaxşı, bəs bu gün də kainatda nələrsə öz-özünə yaranırmı?
– Bəli. Ulduzlar, planetlər bu gün də yaranır. Hamısı təbii proseslərdir. Onlar da insan kimi yaranır, qocalır və ölür. Bircə fərq ondan ibarətdir ki, ulduzların yaşı milyon, milyard ildir. Bəzən sual edirlər ki, ulduzun yaranma prosesini niyə görmürük? Halbuki, bu çox böyük zamandır. Söhbət milyard illərdən gedir. Biz milyon illərdir mövcud olan ulduzlara cavan ulduzlar deyirik. Onu spektrinə görə təyin edirlər. Ulduz üst qatını, kütləsini kainata səpələyəndə deyirlər ki, yeni ulduzlar yaranır. Ancaq həmin göy cisimlərinin milyard yaşı var.
– Kainatda hər hansı genişmiqyaslı kataklizmlər gözlənilirmi?
– Günəş sistemi çox dinamikdir. Hər bir planetin öz yolu var. Ümumi qanunlarla o yolla gedirlər. Hamısının yolu, sürəti, periodu məlumdur. Buna baxmayaraq kataklizmlər gözlənilir. Bu, mütləq olacaq. Günəş üst qabığını atsa, yəni partlasa, Yer bir neçə saniyə ərzində əriyər və Yox olar. Belə hadisə gözlənilə bilər. Digər tərəfdən Günəşin özünün yaşı məhduddur. Təxmini hesablamalara görə Günəş 10 üstü 11 il də yaşaya bilər. Dəqiq bilinir ki, Günəş əbədi deyil. Günəş şüalandıra-şüalandıra axırda yox olacaq. Günəşin şüalanması kəskin azalsa, Yerdə 7-8 metr qalınlığında buz təbəqəsi əmələ gələcək. Amma bu hadisələrin nə zaman olacağını deyə bilmərik.
– Albert Eynşteyn cazibə qüvvəsi deyilən bir şeyin əslində, kainat-zamanda bükülmələr olduğunu bildirirdi. İndi hansı doğrudur? Cazibə qüvvəsi, yoxsa əyilmə-bükülmələr?
– Nyutonun qanunları çox mükəmməldir. Elm aləmində, xüsusilə fizikada Nyuton zirvəsinə çatan ikinci bir alim olmayıb. Eynşteyn sadəcə olaraq Nyutonun dediklərinə düzəlişlər verib. Eynşteyn Nyutonun qravitasiya qanununu təkmilləşdirib. Nyuton hər şeyin təməlini qoyub. Onun həyatı da maraqlıdır. Təsəvvür edin, 85 il yaşayıb, amma evlənməyib.
Heç kimlə mübahisə və müzakirə etməyib. Tək oturub, gecə-gündüz işləyib. Ümumdünya cazibə qanunu çox mükəmməldir. Cazibə istənilən 2 cisim arasında baş verir.
– Mənim rastıma belə bir yazı çıxmışdı, orada bildirilirdi ki, kvant fizikası materializmi elmi cəhətdən puça çıxarır. İndi nə qənaətə gələk?
– Kvant fizikası ənənəvi fizikadan fərqlənir. Ənənəvi fizikada deyilir ki, filan cisim var, onun trayektoriyası, sürəti məlumdur. Biz hesablaya bilərik ki, o cisim, məsələn, 2 aydan sonra harada olacaq. Kvant fizikası isə məsələni başqa cür qoyur. Deyilir ki, filan cismin fəzanın müəyyən yerində olmaq ehtimalı bir belədir. Yəni ehtimalla danışır. Kvant fizikasında trayektoriya anlayışı yoxdur. Bilinmir ki, hər hansı bir cisim 5 saatdan sonra harada olacaq. Kvant mexanikası materializmlə heç bir ziddiyyət təşkil etmir.
– Ümumiyyətlə, çox eşidirik ki, materializm özünü doğrultmadığına görə, tarixin arxivinə gömülüb. Siz isə hələ də materializmi müdafiə edirsiniz.
– Materializm bu gün də yaşayır. Həmişə də yaşayacaq. Materializm olanı deyir. İdealizm deyir ki, mən bunu görürəmsə, deməli həmin cisim var. Materializm isə deyir ki, mən bunu görsəm də, görməsəm də, o var. Düz deyir. Yəni mən koramsa, o cisim yoxdur?!
– Qısacası, siz ateizmi də müdafiə edirsiniz. İçinizdə bir qorxu yoxdur?
– Qətiyyən.
– Neçə yaşınız var?
– 80.
– Adətən insanlar yaşa dolanda dinə gəlirlər. Sizdə niyə belə olmayıb, maraqlıdır?
– Mən yaşlansam da, dinə meyllənməmişəm. Mən kiçik yaşlarımda dini elmlərdən xəbərim olmayanda çox şeyə inanırdım. Amma onları öyrəndikcə, dinə olan inamım azaldı.
– Quranı da oxumusunuz?
– Bəli. Mən peyğəmbərlərin çoxu haqqında məlumatlıyam. 124 min peyğəmbərdən 5 vacib peyğəmbər olub. Onların hamısı haqqında oxumuşam. Bu gün çox din xadimi elə bilir ki, birinci Adəm peyğəmbər olub. Xeyr, 5 vacib peyğəmbər bunlardır: Nuh peyğəmbər, İbrahim peyğəmbər, Musa peyğəmbər, İsa peyğəmbər və Məhəmməd peyğəmbər.
Çox qəribədir. Biz Quranı oxuyuruq. Orada yazılır ki, İbrahim peyğəmbər oğlu İsmayılı qurban kəsməyə aparır. Amma Tövratda yazılır ki, İshaqı aparır. O da, bu da Allahın kitabı adlandırılır. İndi hansına inanaq?
Digər tərəfdən Quranın axırıncı ilahi kitab olduğunu deyirlər. Həm də Məhəmməd peyğəmbərin axırıncı peyğəmbər olduğunu. Mən buna da inanmıram. Hesab edirəm ki, dünya inkişaf etdikcə, dövr dəyişdikcə, başqa bir dinə də ehtiyac yaranacaq. İslam dininə niyə ehtiyac yaranmışdı? Çünki ərəb cəmiyyətində çox böyük problemlər var idi.
– Quranda kainatın genişlənməsi haqqında ayə var. Yaxşı, 7-ci əsrdə bunu hardan bilirdilər? Burada da ilahi mesaj görə bilmirsiniz?
– Birincisi onu deyim ki, Qurandan əvvəlki kitablarda da belə fikirlər var. Bir var elm, bir də var təlim. Məsələn, 90 yaşlı qadının yanında bir şeyi səhv tutsan deyər: "Gözlə, düşər”. Amma o əşyanın niyə düşdüyünü bilmir. O, mexanizmi, cazibə qüvvəsini bilmir. Lakin həyati təcrübədə görüb ki, bu, belədir. İndi deyirlər ki, Nizami Gəncəvi cazibə qanunu bilirdi. Çünki Nizaminin əsərlərində guya cazibədən söhbət gedib. Halbuki, Nizaminin yazdıqlarının cazibə qanunu ilə əlaqəsi yoxdur. Dünya yaranandan hamı bilir ki, cazibə var. Amma onun qanunu yox idi. Bu qanunu Nyuton verdi.
Kainatın genişlənməsinin Quranda yazılmasına gəlincə! Quran meydana gələndə o dövrə qədərki biliklər orada öz əksini tapıb. Onu da deyim ki, Məhəmməd peyğəmbər qeyri-adi insan olub.
İndi adam var ki, seyfin içini görür. Elə şahmatçı var ki, 50 gedişdən sonra nə olacağını bilir. Mənim yadıma gəlir, 5 yaşında bir rus uşaq riyaziyyatı bilirdi. Bunlar, fitri istedaddır. Bu da ümumi qanunlardan kənara çıxmalardır. Məsələn, milyarddan birində qeyri-adi qabiliyyətə olur.
Quran da meydana gələn dövrdə müəyyən elmi fikirlər var idi. Qurandakı bəzi şeylər də özündən əvvəlki elmi biliklərdən əxz olunanlardır. Çox eşidirik ki, Quran Allah tərəfindən göndərilmiş müqəddəs bir kitabdır. Amma mən hesab edirəm ki, Quran Məhəmməd peyğəmbərin ağlının, zəkasının məhsuludur. Məhəmməd peyğəmbərin beyninə qeyri-adi fikirlər gəlirdi. O isə elə bilirdi ki, bu, ilahidən belə deyilir. Bir sözlə, həqiqətən də qeyri-adi, istedadlı adamlar var. Mənim özümdə də bir qabiliyyət var.
– Pauza verdiniz. O, nə qabiliyyətdir?
– Yuxuda gördüyüm reallaşır. Tələbə vaxtı imtahanla bağlı çox narahatlıq keçirəndə gecə yuxuda sualımın nə olduğunu görürdüm. Sabah gedib bileti çəkəndə görürdüm ki, yuxuda gördüyüm sual düşüb. Bu yaxınlarda yuxuda gördüm ki, rəhmətlik atamla böyük qardaşım yanıma gəlib. Mən düşündüm ki, onlar rəhmətə gedibsə, yanıma necə gəlir?! Sonra bunlar yox oldular. Onların izi ilə getdim və gördüm ki, qaranlıq yerdə büzüşüb durublar. Qardaşımdan soruşdum: "Ay qardaş, niyə gəlmişdiniz, niyə getdiniz”. Cavabı belə oldu: "Gəlmişdik bacım Mələyi aparaq. Ancaq aparası olmadıq”.
Səhər durdum. Yuxumu qarışdırdığıma görə rayona zəng etdim. Dedilər ki, salamatçılıqdır.
Buna baxmayaraq yenə həmin yuxunu gördüm. Səhər durub qərara gəldim ki, rayona getməliyəm. Sən demə, mənim bacım Mələk, onun iki oğlu, nəvəsi yol qəzasına düşüblər. Hamısı yaralıdır, onları Gəncəyə aparıblar. O biri qardaşım xəstəxanaya gedib. Görüb ki, Mələk orda yoxdur. Deyib ki, burada bir qadın da olmalı idi. Cavab veriblər ki, rəhmətə gedib. Bacımı qanın içində bir kənara qoyublarmış. Qardaşım da həkimlərə hirslənib ki, bacımı niyə üzü qanlı bir kənara qoyublar. Gedib qadınlardan birinə hörmət edib və deyib ki, heç olmasa bacımın üzünü təmizləsinlər. Təmizləyəndə görüblər ki, Mələk ölməyib, nəfəsi gəlir.
Fikir verin! Mənə yuxuda demişdilər: "Aparmağa gəlmişdik, aparası olmadıq”. Mələk bacım bu gün də yaşayır.
– Maraqlıdır. Bəs bu informasiya sizə hardan verilir? Kainatın özündən?
– Hesab edirəm ki, kainatdan. Kainatda sonsuz sayda dalğalar var. Biz o dalğaların müəyyənlərini qəbul edə bilirik. O dalğalar müəyyən formada gəlib beynə çatanda beyində qıcıqlanmanı yaradır, insanda fikirlər oyanır.
– Elmlə dinin həmişə mübarizəsi olub. Din bir çox halda elmə kobud şəkildə müdaxilə edir. Buna baxmayaraq, bir çox din xadimi bildirir ki, dinlə elm vəhdətdir. Ümumiyyətlə dinlə elmin qarşı-qarşıya qoyulması düzgündürmü?
– Din elmə zərbə vuran bir qüvvədir. Elmin qabağını alan, inkişafı ləngidən dindir. Əslində insanlar özləri də dini düzgün başa düşmürlər. Məhəmməd peyğəmbər hədislərində deyir ki, elm harda varsa, onun ardınca gedin. O, Quranda hər şeyin olduğunu demir. Lakin bizim din adamlarının hamısı deyir ki, Quranda hər şey var.
Bilirsiniz ki, bizdə Bakı İslam Universiteti var. Ora getmişdim. Dedim ki, gətirin tədris planınıza baxım. Baxdım. Bir dənə də dünyəvi elm keçmirlər. Eləcə Quran, "Yasin” oxumaq əzbərlədirlər. Adını da universitet qoyublar. Mən Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadəyə də, onun müavini, həmin universitetin rektoru Hacı Sabir Həsənliyə də etirazımı bildirdim. Dedim ki, ayıbdır. Bildirdim ki, adını universitet qoyublar, amma bir dənə də dünyəvi elm yoxdur. Canlı ünsiyyət zamanı birbaşa özlərinə dedim.
– Allahşükür Paşazadə sizə nə dedi?
– Dedilər ki, guya, dünyəvi elmləri keçmək üçün imkan yoxdur. Mən isə dedim: "Gəlin, pulsuz, həftədə bir dəfə elm haqqında tələbələrə dərs deyim”. Razı olmadılar. Onlara lazımdır ki, pul yığmaq üçün tələbələrə "Yasin” oxumağı öyrətsinlər. Həmin tələbələri qəbiristanlıqlara paylayırlar, qrafik tuturlar.
Məsələ çox mürəkkəbdir. İnsanlar anadan olandan onların şüurları dinin təsirinə düşür. Mənim bəzi tələbələrim başını bağlamağa başlamışdı. Mən isə məsləhət verəndən sonra onlar başlarını açdılar. Xoşluqla başa saldım ki, bu, gerilikdir. Onlar da məni başa düşdülər.
Hər dərsimdə tələbələrə deyirəm ki, elm üstündür, ona, onun gəldiyi nəticələrə inanmaq lazımdır.
– Siz də alimsiniz. Bəs niyə sizin kimilər ortaya konkret bir elmi nəticə qoya bilmirsiniz?
– Bizdə öz alimlərimizə qiymət vermirlər. Axşama qədər televiziyalarda şou proqramları olur. Başlayırlar, müğənnilər filan paltarı geydi, filanını çıxardı. Bunlar kimə lazımdır?!
Görürsən ki, anons verirlər ki, Gülyanağın övladı ilə arası dəyib. Amma görün bir akademikin ailəsindən xəbər verirlərmi? Bir küçə müğənnisinin yubileyini keçirirlər. Bir alimin isə yubileyini televiziyada göstərmirlər. Hamısı bəladır.
Bir gün məni bir verilişə çağırmışdılar. Novruz bayramı haqqında elmi fikirləri dedim. Novruz bayramının elmi əsaslarını mən ortaya çıxarmışam. 1984-cü ildə "Bahar nə zaman başlayır” adlı böyük elmi məqaləm çap olunub. Mən orada sübut etmişəm ki, Novruz dini bayram deyil, elmi hadisədir.
Mən verilişdə də bunları danışdım. Biri də durub dedi ki, Novruz bayramında bir quş coşub, qan təzyiqi artıb, onun dimdiyi partlayıb. Sonra qan fışqırıb, bu qandan musiqi yaranıb. Bu adam dəlidir də. Quşun ən möhkəm yeri onun dimdiyidir. Təzyiqdən döş qəfəsi, başı partlaya bilər. İndi təsəvvür edin. Həmin verilişdə o adam deyəni verdilər, mən deyənləri isə yox. Elçin adlı diplomu olmayan, elmdən xəbəri olmayan birinin dedikləri televiziya və tamaşaçılar üçün daha maraqlı gəlir. Camaat üçün elm maraqlı deyil.
– Akademik Vasim Məmmədəliyevin çıxışlarına qulaq asmısınız?
– Vasim Məmmədəliyev prorektor olan zaman onun bir çıxışına qulaq asmışdım. Gördüm ki, bir şeyi düzgün izah etmir. Sabahısı gün onun yanına getdim. Quranda bir şey var ki, guya göyün 7 qatı var. Vasim Məmmədəliyevi bir az tərifləyəndən sonra 7 qat məsələsinə toxundum. Dedim ki, Vasim müəllim 7 qatın nə olduğunu bilirsiniz? Dedim ki, o zaman 7 göy cismi məlum idi. Qurandakı da onlara işarədir. Bu dediyim Vasim Məmmədəliyevin ağlına batdı.
Sonra dedi: "Çox xahiş edirəm. Həftənin 3-cü günləri gəl. Qurandakı bəzi məsələlərə izah vermək üçün sizinlə məsləhətləşim”.
Vasim müəllim, savadlı adamdır. Quranı, ərəb dilini mükəmməl bilir. Amma mən elmə inanıram.
Söhbətləşdi: Aqşin KƏRİMOV
kanalaz.tv